MADDİ MƏDƏNİYYƏT
MADDİ MƏDƏNİYYƏT
Bostan əkili qaldi,
Çəpər çəkili qaldi,
Çox diləklər dilədim,
O da töküli qaldi.
Türk manisi
Axısqa türklərinin maddi mədəniyyətinin öyrənilməsi böyük çətinliklərlə bağlıdır. Vətəndən uzaqlarda türklərin ənənəvi yaşayış tərzi, əmək vərdişləri xeyli dəyişilmişdir. Təbii ki, qürbətdə hər şeydən çətini xalqın təsərrüfat və məişət özünəməxsusluğunu saxlamaq olmuşdur. Əzablı yollarda, vətəndən uzaqlarda, özgə mühitdə əski söz və nəğmələri ürəyin dərinliklərində birtəhər saxlamaq olardı, – məişət və təsərrüfat fərdiliyini qorumaq isə daha müşgül idi. Amma bunsuz xalq xalq olmazdı və bəlkə də şüurla qavranılması imkansız olan daxili bir hiss milli məişəti, bütövlükdə maddi mədəniyyəti qoruyub saxladı. Türklərin maddi mədəniyyəti qarşılaşdıqları xalqlardan çox şey qazansa da, heç nə itirmədi, silinmədi. Yeni təsərrüfat şəraitində türklər əski əmək vərdişlərini, doğma mətbəxi, ailədə əmək bölgüsünü, əməyə və həyata ən'ənəvi münasibətlərini etnik yaddaşlarında qoruyub saxlaya bildilər. Bu zəhmətkeş xalq nəinki yeni təsərrüfat üsullarını mənimsədi, hətta böyük əmək qəhrəmanlıqları göstərdi; şoran torpaqlara həyat verən Axısqa türklərindən çoxlu əmək qabaqcılları, səmərələşdiricilər yetişdi. Türklər indi də yüksək səviyyədə bağçılıq, bostançılıq, maldarlıqla məşğuldurlar, tək Qazaxıstanda fermerlərin dörddə biri Axısqa türküdür.
BU FƏSLİN BÖLMƏLƏRİ:
Əkinçilik
Bostançılıq
Bağçılıq
Maldarlıq
Balıqçılıq
Sənətkarlıq
Sənaye və ticarət
Ev
Mətbəx.
Geyim