SƏNƏTKARLIQ
SƏNƏTKARLIQ
Axısqa mahalı hələ paşalıq dövründən öz kamil sənətkarları ilə şöhrət tapıbmış. XIX əsrdə Axısqada zərgərlik və tikmə işləri xüsusilə inkişaf edir. Axısqa zərkeşlərinin düzəltdiyi şəbəkəli qızıl və gümüş bəzəklər, məxmər və mahud üzərində tikmələr bütün Qafqazda məşhurlaşır. Axısqanın qızıl və gümüş sinəbəndləri (majar), mahmudiyələr, pipanur, küfələr, kəmərlər, gəlinlərin başa qoyduğu zərli-bəzəkli qatxalar əsl sənət dəyəri olan əsərlər kimi hər yerə yayılır. Axısqa mahalında çoxlu çəkməçi, dərzi, dülgər, dəmirçi də varmış. Axısqa gözəl kəmər ustaları ilə məşhur olub. Kəmərlərdə, ümumən xalq sənətində istifadə olunan naxışlar, rəmzlər bütün Qafqaza xas türk əlamətləri ilə seçilib (bax: İ.İ.Meşşaninov. Zaqafqaziyanın kəmər nişanları // SMOMPK, 1915, 44-cü buraxılış, s. 195-232). XIX əsrin ortalarında zərgərlik və tikmə işi xüsusilə yüksək səviyyəyə qalxır, bu sənətlərlə yüzlərlə ailə məşğul olur. XIX yüzilin axırlarına doğru zadəganlar arasında Avropa dəbinin və libasının yayılmağa başlaması ilə tədricən ən'ənəvi zərgərlik və tikmə məhsuluna tələbat da azalır. Fabrik məhsullarının axını da el sənətini sarsıdır. Beləliklə, tədricən Axısqa sənətkarlarının bazarı kasadlaşır, köhnə peşələr aradan çıxır (Bax: SMOMPK, 1891, 11-ci buraxılış, s 211).
Müasir dövrdə tikmə sənəti xeyli dərəcədə bərpa olunmuşdur. Demək olar, hər türk evində toxumalar, tikmələr var. Bunlardan cehizlik, bəzək kimi və məişətdə istifadə olunur, bir çoxu sənət dəyərlidir.