BALIQÇILIQ
BALIQÇILIQ
Bir yanı Ağrı dağına, bir yanı Başkeçid yaylalarına söykənən bu qədim diyardan Kür, Posxov, Anaxatır kimi ulu çaylar axır. Türklər bu çaylardan canar, loko, mursa adlandırdıqları qiymətli balıqlar tutarlarmış. Balıqçılıqda tor və qırmaqdan istifadə edilərmiş. Qırmaqla balığı iki üsulla tutarlarmış. Birincisi, qanca adlanan qırmağı nazik ipə bağlayıb, ucuna soxulcan (ciya, ciyaqalə) və ya başqa bir şey taxar, qırmaqdan 20-30 sm. aralı saman çöpü bağlayıb qırmağı suya atar və gözləyərdilər.
İkinci üsul olta adlanırmış.
Bu üsulla balıq tutan zaman on metrə qədərlik qalın kəndirə, ucunda qırmaqlar olan çoxlu iplər bağlayar, kəndirin bir ucunu sahilə bərkidər, digərinə daş bağlayıb suya atarlarmış. Olta gecə səhərəcən qalar, səhər gəlib onu yoxlayarlarmış...