AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Adıgün Teatrı


Prof. Dr. Abbas Hacıyev

Adıgün türk teatrı

(Abbas Hacıyev. Tiflis Azərbaycan və Adıgün türk teatrı.
Bakı, "Borçalı", 2006. 32 s. - S.21-31)

Gürcüstan tarixən çoxmillətli ölkə olmuşdur. Burada neçə-neçə xalqın nümayəndəsi yaşamış, mədəniyyətlər çarpazlaşmış, müxtəlif dillərdə kitablar, jurnallar və qəzetlər nəşr edilmiş, bənzərsiz tərtibatlarda fasiləsiz tamaşalar göstərilmişdir. Ən qədim dövrlərdən türklər Borçalıda, Gürcüstanın digər bölgələrində, kütləvi sürgünlərə - ötən əsrin 40-cı illərinə qədər Axısqa türkləri isə Adıgün, Axırkələk, Abastuman, Laqodexi, Batum və digər dağüstü və dağətəyi regionlarda yaşamışlar. Axısqa türkləri doğulduqları, boya-başa çatdıqları yerlərdə ulu əcdadlarının yurdlarında güclü təsərrüfat, güclü milli mədəniyyət yaratmışdılar. Ayrı-ayn rayonlarda türk dilində kitablar, qəzetlər çap olunmuş, 1934-cü ildə isə Adıgündə milli türk teatrı açılmışdır1.

Adıgün türk teatrının rəhbərliyi və rejissorluğu Gürcüstanın Əməkdar artisti İbrahim İsfahanlıya tapşırılmışdı. Ona görə ki, İbrahim İsfahanlı dönə-dönə Gürcüstanın türk xalqları yaşayan rayonlarında olmuş, müxtəlif səpgili əsərlərə bədii quruluş vermiş, ayrı- ayrı rollarda oynamış, həmişə tamaşaçı hörməti qazanmışdı. O, Axıska türklərinin psixologiyasını, yaşayışını, adət-ənənələrini ağız ədəbiyyatını dərindən, yaradıcı öyrənmişdi. Bədii mətni seçəndə, ona tərtibat verəndə, aktiyorlara rol tapşıranda İbrahim İsfahanlı zövqü, ümumi istək və marağı nəzərə almışdır. Məşqlərə, aktiyorlanın geyiminə, səhnə tərtibatına ciddi fikir vermişdir. O, demişdir: "Səhnənin hökmü, gücü ağıla gəlməzdir. Səhnədən hamı səni eşidir. Sözünü oradan sərrast de"2.

Tiflis Azərbaycan teatrından Adıgün Türk teatrına - daimi işə çox təcrübəli, həyatın və səhnənin çətin sınaqlarından çıxan, həmişə mürəkkəb psixoloji rollarda oynayan, tamaşaçıların böyük rəğbətini qazanan sənətkarlar - Əsəd Xəlilov, İsmayıl Ələkbərov, Nurəddin Rzayev, Rzabala Rzayev, Firudin Məmmədov, Ş.Ərdahanlı, Xədicə Əliyeva, Kubra Cəfərova, Sadıq Məmmədov, Qara Nəzərli, Yusif Ələkbərov, Məmmədhüseyn Bəxtiyarlı, Məmmədbağır Məmmədov, Nadir Novruzov və başqaları göndərilmişdi.

Adıgün Türk teatrının geniş, müasir pafoslu və cəlbedici repertuarı var idi. Bu teatrın özünəməxsusluğuna teatr kollektivinin yaradıcılıq imkanlarının genişliyinə "Adıgün kolxozçusu" qəzeti inam hissi oyatmış, tamaşaçılara teatrın repertuarı haqqında vaxtaşm məlumat vermişdir: Adıgün türk teatrı "Xalq artisti İbrahim İsfahanlının rəhbərliyi altında 1936-37-ci illər rnövsümünü "Hacı Qara" tamaşası ilə açılacaq"dır. Növbəti tamaşalar: "Kef içində" və "Sona" yeni quraluşda3.

Teatr öncə .türklər yaşayan şəhər və kəndlərdə siyasi-mədəni təbliğat aparmış, vətənə, xalqa ve milli torpağa bağlılıq hisslərini gücləndirmişdir. Avropa, türk, rus, Azərbaycan və gürcü klassiklərinin əsərlərini təzə quruluşda, zəngin dekorasiya ilə tamaşaya qoymuşdur. Xüsusi, müasir tələbə cavab verə bilən binası, geniş məşq otaqları olmasa da, Adıgün Türk teatrı tamaşadan tamaşaya nüfuz qazanmış, 1935-ci ildən onun istiqamətini müasirlik, milli bədii mündəricə şərtləndirmiş, Zaqafqaziyada böyük bədii təsirli bir teatr kimi tanınmışdır. Buna görə də Adıgün Türk teatrını ziyalılar, fəhlə və kəndlilər - "her yerdə böyük səmimiyyət, qardaşlıq məhəbbəti ilə qarşılamışlar". Tamaşa göstərmək üçün teatr tez-tez Tiflisə, Batuma və Borçalıya, Axırkələk, Laqodexi, Aspindza və Qarayazıya, Azərbaycanın Gürcüstana yaxın rayonlarına dəvət olunmuşdur. 1936-cı ildə Adıgün Türk teatrı Borçalıya, Lüksemburq (indiki Bolnisi) və Qarayazıya qastrola çıxmışdır. Artistlər on üç gün (7 oktyabrdan 20 oktyabradək) Borçalıda qalmış, kəndlərdə - Sarvanda, Qaçağan, Sadaxlı, Kürüstü Kəpənəkçi, Qızılhacılı və Kirəç Muğanlıda "Hamlet", "Qaçaqlar", "Hind qızı", "Altun qala", "Kef içində", "Köhnə Türkiyə", “Hacı Qara", "Sona", "Almas", "Sevil", "Platon Kreçet" və "Volkovların ailəsi" əsərlərini göstərmişlər4.

Borçalıların səhnə əsərlərinə baxmaq, bədii tərtibatı və aktiyor oyununu qiymətləndirə bilmək ənənələri var idi. Onlar on doqquzuncu yüzilliyin son rübündə Tiflisdə Tiflis Azər-baycan teatrının tamaşalarına az baxmamışdılar. Tiflis Azərbaycan teatrı da xalqın tələbini, səhnəyə marağını nəzərə almış, tez-tez Borçalıda qastrol tamaşaları göstərmişdir. Buna görə də borçalılar Adıgün Türk teatrının, onun tamaşalarını duymuş, aktiyorların oyunlarına qızğın maraq göstərmişlər. Rayon qəzeti, Bakı və Tiflis Azərbaycan mətbuatı tamaşalarının gedişini izləmiş, "Altun qala", "Hind qızı", "Hamlet", "Qaçaqlar" və "Sona"nın bədii tərtibatını, 'bu əsərlərdə aktiyorların oyunlarını yüksək qiymətləndirmişlər5

Lüksemburq (Bolnisi) ve Qarayazıda Adıgün Türk teatrının repertuarı dəyişməmişdi. Artistlər bu regionlarda daha çox səhnə əsərlərindən parçalar göstərmiş, konsertlər vermiş, monoloqlar və satirik-yumoristik şerlər söyləmişlər. Bir də, nəzərdə tutulmalıdır ki, Adıgün Türk teatrı Tiflis və Borçalı ədəbi-mədəni mühitlərindən təcrid olunmuş halda fəaliyyət göstərməmişdir. Borçalılar, Tiflis Azərbaycan teatrı və Tiflisdə yaşayan ziyalılar Adıgün Türk teatrına hər baxımdan kömək etmişlər; belə bir qayğı da təsirsiz qalmamış, teatr dinamik inkişaf axarına düşmüşdür. Buna görə də Adıgün Türk teatrının Tiflis qastrolu daha məzmunlu olmuş, şəhərin müxtəlif dilli sənət adamlarında və səhnəsəvərlərdə canlı maraq doğurmuşdur. Geniş repertuarlı qastrol 3 dekabr 1936-cı ildə başlamış, "26-lar teatrı"nın səhnəsi Ş.Şaxovun üç pərdəli "Altun qala" pyesi ilə açılmışdır. Əsəri türk dilinə borçalı türkü, jurnalist, yazıçı-dramaturq Rza Şahvələd tərcümə etmişdir. Rza Şahvələd Borçalı Mahalının Qızılhacılı kəndində anadan olmuş, onun fəaliyyətinin böyük bir dövrü Tiflis ədəbi mühiti ilə bağlı idi. O, dönə-dönə Adıgünə getmiş, həm öz əsərlərinin, həm də digər sənətkarların dramlarının səhnə təfsirinə baxmış, onların haqqında dəyərli məqalələr yazmışdır.

Teatrın yaradıcılarından biri - Rza Şahvələd deyirdi ki, Adıgün türk teatrı nə Adıgündə, nə də qonşu rayonların kənd və qəsəbələrində dinləyicisiz qalmamış, onun repertuarına maraq tamaşadan-tamaşaya artmışdır. Çünki bu teatr həm öyrətmiş, həm də öyrənmişdir. Və bu sənət ocağı yalnız Adıgündə deyil, Gürcüstanın azərbaycanlılar yaşayan çoxminli rayonlarında böyük nüfuz, "şöhrət qazanmışdır"6

Gürcüstanda "çox böyük məna və əhəmiyyəti" olan Adıgün türk teatrı çoxcəhətli fəaliyyət göstərmişdir. Teatr mövsümü qurtaranda onun artistləri dəstələrə bölünmüş, kənd, qəsəbə və şəhərlərdə xırda səhnələr, pyeslərdən parçalar göstərmiş, konsertlər vermişlər. Teatr ancaq 1935-ci ildə "rayonun 30 böyük kəndində və mühüm nöqtələrində 70-dən ziyada tamaşa vermiş, bədii çıxışlarda bulunmuşdur"7.

Tiflis Azərbaycan teatrı mövsümdən-mövsümə Adıgün türk teatrı ile əlaqəsini dərinləşdirmiş, ehtiyac duyulanda buraya özünün təcrübəli aktiyorlarını köməyə göndərmişdir. EIə 1935-ci ildə "Otello", "Şeyx Sənan", "Od gəlini", "Sevil", "Almas", "Namus", "Sona" və başqa əsərlər Adıgündə Abbas Qurbanov, Əli Zeynalov, Nvard Əlixanova və Əli Bayramovun iştirakı ilə tamaşaya qoyulmuşdur8.

Rza Şahvələdlə işgüzar məsləhətləşmələrdən sonra "Altun qala"ya orijinal səhnə tərtibatını İbrahim İsfahanlı vermişdi. Rollar Adıgün Türk teatrının ən bacarıqlı, ən təcrübəli, türk ədəbi dilində sərbəst danışan aktiyorlarına - İ.İsfahanlı, Nəcibə xanım, Ə, Xəlilov, İ.Ələkbərov, S.Məmmədov, A.Kapalov, İsmayıl Həqqi, Ş.Ərdahanlı, N.Behbudova və başqalarına tapşırlmışdı. Elə bu pyesin çox uğurlu tamaşasından sonra Rza Şahvələd Adıgün Türk teatrının bədii rəhbəri təyin edilmişdir.

"Altun qala”nın tamaşası ilə maraqlananların sayı-hesabı yox idi. Çünki bu pyesin məzmunu Axısqa türklərinin həyatından, onların tarixi qəhrəmanlıq mübarizəsindən götürülmüşdü. Səhnə açılanda qala - Altun qala bütün əzəməti, milli möhtəşəmliyi ilə görünmüş, insanda güclü qəhrəmanlıq hissi, insanpervərlik duyğuları oyatmışdır. Tamaşada əsas rolu - Əli Sııltah surətini İbrahim İsfahanlı aparmışdır. Tamaşadan sonra İbrabim İsfahanlı demişdir: "Əli Sultan mənim bu vaxta qədər oynamış olduğum rolların bir neçəsini çıxdıqdan sonra, demək olar ki, ən çətinlərindən biridir".

Əli Sultan mürəkkəb xarakterli psixoloji obraz olmuş, milli cizgilərinin, hərəkət və münasibətlərinin özünəməxsusluğu ilə fərqlənmişdir. O, varlığında türklərə xas olan keyfiyyətləri - məğrurluğu, mübarizliyi, fikir və düşüncə genişliyini, inam və əqidə bütövlüyünü cəmləşdirmişdir. İbrahim İsfahanlı Əli Sultan surətini təbii, inam və təmkinlə yaratmış, Altun qala bütün gəlişlərdə vətənpərvərlik, qəhrəmanlıq, sarsılmamazlıq timsalı kimi ümumiləşmişdir.

1936-cı il, Tiflis qastrolunda "Altun qala"ya, "Hamlet", "Qaçaqlar", "Hind qızı", "Sevil", "Almas" ve "Sona" əsərlərinə bədii tərtibatı İbrahim İsfahanlı vermişdi: Tiflis qastrolunda İ. İsfahanlı, K.Cəfərova, X.Əliyeva, Q.Nəzərli, Nəcibə xamm, Ə.Xəlilov, İ..Ələkbərov, S.Məmmədov, Y.Ələkbərov, X.Rüstəmli, İ.Qarayev və N.Rzayev tamaşaların hamısında rol aparmışlar. Tiflisdə Adıgün türk teatrı böyük uğur qazanmış, dinləyicilərin xahişi ilə bəzi tamaşalar təkrar olunmuşdur. Çünki İbrahim İsfahanlı bədii mətnləri dərindən duymuş, onlara yaradıcı səhnə həyatı verə bilmişdi. O, Tiflis və Adıgün teatr mühitində istedadlı, bənzərsiz üslublu rejissor-aktiyor kimi tanınmışdı. Bunların nəticəsidir ki, 1937-ci ildə Adıgün türk teatrı Axalsixidə dinləyicilərdən hərtərəfli qayğı görmüş, burada cəlbedici tərtibatlarda on iki ("Qaçaqlar", "Hacı Qara", "Şeyx Sənan", "Altun - qala", "Hamlet", "1905-ci ildə", "Kef içində", "Volkovlar ailəsi", "Platon Kreçet", "Sona", "Hind qızı"...) göstərmişdir9.

Tiflis Azərbaycan teatrı Zaqafqaziyanın ən qədim, ən zəngin ənənəli teatrlarından biri idi. Bu teatr yeni tipli, yeni mündəricəli aktiyorlar nəslinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Tiflis Azərbaycan teatrı 1917-ci ilə qədər Türkiyənin müxtəlif bölgələrində tez-tez geniş fıkir tutumlu və mürəkkəb tərtibatlı əsərlərlə qastrolda olmuşdur. Tiflis teatrının aktiyorları türk heyatını, türk yaşayışını, türk adət-ənənəsini, türk mənəvi-psixoloji aləmini hərtərəfli mə-nimsəmişdilər. Adıgün teatrının rəhbəri və rejissoru İbrahim İsfahanlı da neçə-neçə qüdrətli aktiyorla bərabər Türkiyə qastrollarının fəal iştirakçısı və türk istəkli rejissoru idi. Lakin İbrahim İsfahanlı bəzən təsirə düşmüş, klassik və müasir Azərbaycan dramlarının sujetində dəyişiklik aparmış, onlara təzə hadisə və əhvalatlar, monoloq və mükalimələr artırmış, xoşuna gəlməyən şəkil və pərdələri ixtisar etmişdir; xüsusən Adıgün Türk teatrında onun milli səhnə əsərlərinə sərbəst münasibəti xeyli dərinləşmişdir. O, nəinki "Od gəlini", "Şeyx Senan", "Almas", "Sevil" və "Yaşar"ı, hətta, 1935-ci ilin sentyabrında Adıgündə M.F.Axundovun tamaşaya qoyulan "Hacı Qara" pyesini "artırıb-eksiltmiş", ona "özündən yeni bir pərdə" əlavə etmişdir. Bu pərdə də sabiq mahal rəisi yüzbaşıları əhalidən rüşvət almağa məcbur etmiş, ad bayramını rüşvət hesabına keçirmişdir. "Bəylər isə, guya rüşvətxorluğa qarşı müqavimət göstərmişlər", "daha sonra qaçaqçılıq etməyə mahal rəisindən icazə almışlar", "rəsmi kağızlarla qaçaqmal getirməyə getmişlər" və "beləliklə, Hacı Qaranı tora salmışlar"10.

Adıgün Türk teatrı nə Adıgündə, nə də rayonlarda dinləyicisiz qalmamış, onun repertuarına maraq tamaşadan-tamaşaya artmışdır. Çünki bu teatr "həm öyrənmiş, həm də öy-rətmişdi". Və bu sənət ocağı müxtəlifdilli xalqlar arasında təbii nüfuz qazanmışdır11.

Adıgün Türk teatnnda ya İbrahim İsfahanlı, ya da Tiflis Azərbaycan teatrmdan dəvət olunan sənətkarlar xeyli əsərə təzə səhnə tərtibatı vermiş, bəzən bir rol bir neçə artistə tap-şırılmışdır. Buna görə də "Adıgün kolxozçusu" qəzeti arabir məşqləri aparılan əsərləri təhlil etmiş, sanki azsavadlı dinləyiciləri tamaşaları, tamaşaların ideya-bədii mahiyyətini, aktiyorların oyununu dərkə hazırlamaq istəmişdir12. Bütövlükdə teatrın nailiyyətlərini yaymaq, aktiyor oyununa maraq yaratmaq, dəyərli repertuar uğrunda mübarizə aparmaq "Adıgün kolxozçusu" qəzetinin məqsəd və amalı idi. Rza Şahvələdin "Sona" adlı əsəri keçən il yeni quruluşla səhnəyə qoyulmuşdur.

"Sona" kolxozçuların yaşayışından götürülmüş orijinal bir əsərdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu quruluşu "İbrahim İsfahanlı" öhdəsinə alaraq, formalizm və naturalizm elementlərindən uzaqlaşmaq üçün nəzər-diqqəti realizmə vermişdir... Adıgün Türk kolxoz-sovxoz teatrının əhəmiyyəti ondadır ki, az bir müddət içərisində iki orijinal əsər meydana çıxarmışdır.

"Sona" əsərini ... əməkçi kütle içərisində təfsilat ilə göstərmək üçün əsərin müəllifı Rza Şahvələd və quruluşçu, respublika xalq aktiyoru İbrahim İsfahanlı yoldaşlar pyes üzərində dərindən çalışmaqla, bu il (1935-ci il - A.H) fevral ayında yeni quruluşda tamaşaya qoyacaqlar. "Sona" pyesini yeni quruluşda "tamaşaya qoymaq uğrunda quruluşçu İsfahanlı yoldaş bütün varlığı ilə çalışmağı öhdəsinə almaqla bərabər, tamaşada özü də iştirak edəcəkdir"13.

Adıgün Türk teatrı kollektivinin razılığı ile Tiflisdə "Sona" pyesini tamaşaya aktiyor-rejissor Ə.Şahsabahlı hazırlamışdı. Ə.Şahsabahlının quruluşunu peşəkar səhnə ustaları, tamaşa-çılar və səhnə həvəskarları bəyənmişdilər. İbrahim İsfahanlı da məzmunu müasir həyatdan, kəndlilərin ailə-məişət qayğılarından, onların güclü təsərrüfat uğrunda mübarizələrindən götürülən bu pyesə orijinal quruluş vermişdi və tamaşalarına Tiflis artislərinin ifasında baxmışdı. Lakin İbrahim İsfahanlının "Sona" əsərinə verdiyi tərtibat Ə.Şahsabahlmın quruluşuna oxşamamışdı. Ə.Şahsabahlının rejissorluğunda "Sona"nın ideya-məzmunu realist axarda ifadə olunmuşdu. İbrahim İsfahanlı isə pyesin bədii mündəricəsini, dramaturq amalım lirik-romantik yöndə açmağa çalışmışdır.

"Sona" Rza Şahvələdin ilk səhnə əsəri idi. Adıgün Türk teatrı bu əsəri müxtəlif regionlarda böyük uğurla, tez-tez tamaşaya qoyurdu. Burada müasir dinamik təsərrüfat uğrunda mübarizə, cildini, iş üsulunu dəyişən sinfi düşməni daxildən sarsıtmaq, ifşa etmək arzusu hərəkət və münasibətdə, düşüncə və davranışda, mənəviyyat və xarakterdə ifadə olunmuş və dramatik konflikt təbii yaranmışdı. Surətlər - Sona, Abdulla, Aslan, Mürsəl kişi, Dərviş, Həlim kişi və Dastan ağır həyat sınağından çıxarılmışdı. Sonanın Həlim kişinin iyrənc mühitindən gəlnələnməsi, yeni dünyanın romantik müxtəlifliyinə qoşulub, onun ahəngini tuta bilməsi bədii məntiqdə əsaslandırılmışdır. Bütövlükdə "Sona" pyesinə "Almas", "Yaşar" və "Həyat" əsər-lərinin qüvvetli təsiri qabarıq nəzərə çarpmışdır. Rejissor-aktiyor İbrahim İsfahanlı bunları nəzərə almış. "Sona"ın Adıgün Türk teatrında tamaşaya çox məzmunlu, çox zəngin dekorasiya ile hazırlamışdı. Buna görə də "Sona" Tiflis, Batum, Borçalı, Başkeçid, Aspindza, Laqodexi və Qarayazıda, habelə Azərbaycanın bəzi rayonlarında İbrahim İsfahanlının bədii tərtibatında dönə-dönə tamaşaya qoyulmuşdur. Sonralar, .İbrahim İsfahanlının "Hamlet", "Hind qızı", "Altun qala", "Otello", "Qaçaqlar" və "Almas" əsərlərinə verdiyi yeni tərtibatlar da təsir oyatmış, orijinallığı ilə fərqlənmişdir.

Adıgün Türk teatrı ümumxalq məhəbbəti qazanmış, dünyanın ayrı-ayrı klasiklərinin mürəkkəb sujetli, çətin tərtibatlı əsərlərini müasir istiqamətdə tamaşaya qoya bilən yeni şənət ocağı idi. Bu teatr vətənpərvər ideyalar yaymış, insanlarda yeni fikir və düşüncə oyatmış, tamaşa göstərmək üçün "hər yerdən dəvətnamələr almışdır". Türkdilli xalqlar Adıgün Türk teatrını sevmiş, adıgünlülər - Xədicə Əliyeva, Museyib Sultanov, İslam Dualidze və başqaları səhnəyə xalq arasından gelmişlər. Amma istək nə qədər böyük, nə qədər təbii olsa da, Adıgün Türk teatrı nə Türkiyəyə, nə də Orta Asiyaya-Türk məmləkətlərinə qastrola gedə bilməmişdir.

İldən-ilə Adıgün Türk teatrının repertuarı zənginləşmiş, aktiyorların sənət peşəkarlığı artmışdır. Bunlara baxmayaraq, heç bir əsas, real səbəb olmadan 1937-ci ilin ortalarında Adıgün Türk teatrı Tiflisə köçürülmüş və "Adıgün Səyyar Kolxoz - Sovxoz Türk teatrı" adlandınlmışdır14. Ancaq teatr Tiflisdə ilk nüfuzunu, özünəməxsus ənənələrini saxlaya bilməmiş, bir neçə tamaşa göstərəndən sonra fəaliyyətini həmişəlik dayandırmışdır.

Adıgün Türk Teatrı Tiflise təsadüfi köçürülməmişdi. Bu, teatrı bağlamağa, türkləri Gürcüstandan kütləvi sürgün etməyə hazırlığın ən səciyyəvi əlaməti, başlanğıcı idi. Adıgün Türk Səyyar-Kolxoz Türk teatrı çox tez, birdən-birə bağlanmış, 1944-cü ilin noyabrında isə 150 minə yaxın Axısqa türkü vətənsiz, evsiz-eşiksiz, 200-dən çox kənd sahibsiz qalmışdır; hətta, ön cəbhədə .vuruşan 40 min türk gənci bu prosesdən – özlərinin vətənsiz qaldıqlarından sonralar xəbər tutmuşlar. Nə Türkiyə, nə Azərbaycan, nə də Borçalı türkləri qan qardaşlarına - Axısqa türklərinə kömək edə bilməmişlər. Lakin bunlar, görünməmiş faciə, saysız-hesabsız qurbanlar Axısqa türklərinin əzmini, milli qürurunu qıra, onların vətənpərvərlik hisslərini zəiflədə bilməmişdir. Bəlkə qəriblik hissi - sürgün türkləri mübarizləşdirmiş, daxilən zənginləşdirmiş, hər günahsız türk məzarından neçə-neçə türk "cücərmiş" və onlar öz varlığında Adıgün Türk teatrının vətənpərvərlik və milli-qəhrəmanlıq ənənələrini yaşatmışlar.

                    İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

 1.
Əsgər. Teatn sosializm quruluşu xidmətində. Tiflis, 1932, s.34

 2. Adıgün kolxozçusu" qəzeti, 1937, 20 yanvar

 3. "Adıgün kolxozçusu" qəzeti, 1937, 30 yanvar

 4. Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. Bakı, 1984, s.139.

 5. "Yeni kənd" qəzeti, 1931, 1 yanvar

 6. "Yeni.kənd" qəzeti, 1937, 21 mart

 7. "Qızıl rəncbər" qəzeti, 1935, 28 may

 8. "Qızıl rəncbər" qəzeti, 1935, 6 iyun

 9. "Adıgün kolxozçusu" qəzeti, 1930, 30 yanvar

 10. "Yeni kənd" qəzeti, 1935, 4 sentyabr

 11. "Yenikənd" qəzeti, 1936, 18 aprel

 12. "Qızıl rəncbər" qəzeti, 1935, 28 may

 13. "Adıgün kolxozçusu" qəzeti, 1937, 30 yanvar

 14. "Yeni kənd" qəzeti, 1937, 15 iyun.

 



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol