COĞRAFİYA
COĞRAFİYA
Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı.
Əlim çatmaz, ünüm yetməz,
Dal-budaqda narım qaldı.
«Koroğlu»dan
Xalqı xalq edən əsas amillərdən biri coğrafi-təbii mühitdir. Hər bir xalqın varlığı, etnik siması bir çox cəhətdən mühitlə təyin olunur; təbii şərait xalqın şüurunu və mədəniyyətini özünəməxsus çalarlarla zənginləşdirir, etnos daxilində müxtəlif etnoqrafik qrupların yaranmasında başlıca zəmin olur.
Coğrafi mühitlə etnosun bağlılığı çoxcəhətli prosesdir: mühit etnosa, etnos da öz mühitinə təsir edir. Bu qarşılıqlı təsir nəticəsində təbii mühit mədəni mühitə, yəni yurda çevrilir. Müxtəlif xalqlarda mifik, dini, estetik təsəvvürlərin, tarixi amillərin təsiri ilə ana yurdun ideal coğrafi mənzərəsi, özünəməxsus yaxın – uzaq, iç – dişarı, aşağı – yuxarı, sağ – sol, geniş – dar, düz – qırımlı kimi qarşıqoymalar formalaşır. Bundan başqa, coğrafi yurd mənzərəsi daha gerçək anlayışların – kənd, şəhər, məhəllə, hətta müxtəlif tikililərin, yol, miqrasiya axınları istiqamətinin, qonşu mühitin də təsirinə məruz qalır.
Vətənin coğrafiyası ilə bağlı təsəvvürlər milli şüur və psixologiyada həkk olunur və yer adlarında, etnik frazemlərdə, folklorda, xalq mənəviyyatında və məişətdə, təsərrüfat formalarında təsbitlənir.
Axısqa türklərində Vətən məfhumu, Vətənin coğrafi mənzərəsi, ana yurd obrazı xüsusilə müqəddəs və rəmzi, ən əsas mənəvi anlamdır. Sürgün illərində, qürbətdə Vətən sözü, vətənin coğrafiyası ilə bağlı örnəklər ən ülvi və dəruni hisslərlə bağlanmış, türkləri bir xalq kimi qoruyan, yaşadan, gələcəyə yönəldən ideala çevrilmişdir.
Heç bir türk adi danışıqda doğma yerlərin adlarını konkretləşdirmir – Vətən, bizim dərə deyir. – Doğma yurdu nəzərə gətirməmək istəyindən doğan bu kövrək yasaq nə qədər mifik əskilərə gedib çıxır! – Demək olar ki, hər bir türk çocuğu nağıla çevrilmiş o yerlərin – Azqur, Adıgün, Axısqa, Varxan, Abastuman, Axılkələk, Zediban, Dersel, eləcə də onlara qardaş olan Ağbaba, Göyçə, Ağbulaq, Borçalı, Başkeçid, Qarayazı, Qaraçöp, Batum, Qars, Ərdəhan, Bayazid, Ərzurum obalarının doğmalığını, nadir təbiətinin gözəlliyini bütün ruhuyla hiss edir…
BU FƏSLİN BÖLMƏLƏRİ:
YURDUN SINIRLARI VƏ ƏRAZİSİ
TƏBII ŞƏRAİT VƏ İQLİM
MƏSKƏNLƏR
MAHALIN İÇ DÜNYASI
DIŞARI ALƏMLƏ ƏLAQƏLƏR