YAŞAYIŞ MƏSKƏNLƏRİ

YAŞAYIŞ   MƏSKƏNLƏRİ

 

Yurd  tək təbiət deyil, həm də insan məskənidir. İnsan məskəni ev, dam-daş, küçə, kənd, qəsəbə, şəhər, əkin yeri, bağ, bostan, dəyirman, mərasim tikililəri deməkdir.

Axısqa türklərinin yaşayış durumu və məskənləri sərt dağ şəraitindən doğmuşdur. Aran yerlərin gen-bol kəndlərindən fərqli olaraq, yararlı tor­paq­ların qıt ölduğu dağ məskənləri ərazicə yığcam olur. Dağ relyefində məskənlər eninə, üfqi müstəvidə deyil, şaquli istiqamətdə, dağ yamacı boyu pilləvari şəkildə, əyri-üyrü, darısqal küçələr boyu yerləşərmiş. Türk qocaları xatırlayır ki, Azqur küçələrində iki atlı yan-yana gedəndə yol darlıq edərmiş. Dağ məskənlərində bə'zən evlər bir-birinə o qədər sıx qısılarmış ki, əvvəllər pəncərəni də çox vaxt evin damından açarlarmış. Və belə pəncərəyə sözbazlar «tülkülü pəncərə» deyərmiş.

Dağlara sığınan, bərəkətli vadilərə açılan, pillə-pillə yüksələn, iti dağ çayı sahilində qərar tutan türk obalarının xüsusi səfası, təkraredilməz mənzərəsi var imiş. Sərt dağ şəraiti, kəndlərin yığcamlığı, evlərin sıx qonşuluğu xalqın psixologiyasında bir-birinə inam, el birliyi, müsafirlik hisslərinin vüs'ətlənməsinin mənbələrindən idi.

Türk kəndlərinin təbii gözəlliyini, insanlarının mə'nəvi saflığını 1932-ci ildən bir müddət Adıgündə dərs demiş qocaman müəllim, el ağsaqqalı Şərif Sultanov yaxşı təsvir etmişdir: «Doğrudan da, Adıgün dünyanın cənnəti, ucsuz-bucaqsız meyvə bağları, dağlarının döşləri yaşıl şam meşəsi, soyuq sulu çeşmələr, sağlam bədənli, mehriban, əməksevər insanlar, çadralı növrəstə qızlar, ismətli gəlinlər, ağbirçək nurani qadınlar (türklər qadına qarı deyirlər. Ş.S.) mənə xoş tə'sir bağışlamışdı. Sanki başqa bir aləmə düşmüşdüm. Bu yerin adamları oğurluq, əyrilik bilməz­dilər. Qapılarda qıfıl, pəncərələrdə dəmir barmaqlıqlar, həyətlərində çəpər, hasar görmədim. Olduqca qonaqpərvərdilər. Kəndlərə gedərkən qabağa gələr, «müsafirimiz olun» deyərdilər»  (Bax:  Şərif Sultanov. O illərin ağır yaddaşı. //«Sovet Gürcüstanı», 23 yanvar 1990-cı il.)

Hər bir türk məskəninin mərkəzində və ya başqa görkəmli yerində came və çarşi (meydan) yerləşərmiş. Böyük kəndlərdə bir neçə, məsələn, Azqurda üç çame olub. Axısqada Əhmədiyyə camesi, Zedibanda Baratli came, Xeroda Xmıroğulları camesi kimi bir çox məscidlər sultanın xüsusi fərmanı (hüccəti) ilə tikilibmiş. Ude çamesi üzərindəki yazıdan bu məscidin 1338-ci ildə tikildiyi mə'lum olur.

Aşağı kəndlərdə çox vaxt çayxana-qəhvəxana, yeməkxanalar, bazar olarmış. Dağlıq hissədə kənd içində bağ-bostan olmazmış. Hər kənddən arx axar, çox vaxt kənd içində və ya ətrafında bulaq olarmış. Bə'zi bulaqlar şəfalı imiş və azarlılar hər yerdən onlara pənah gətirirmiş. Şəfalı bulaqlar üzərində müalicə üçün çərmük hamamı, çubuq hamamı, türbələr, hücrələr qurularmış.

Türk kəndlərinin hər məhləsində ümumi toplanış yeri, digər ictimai yerlər, o cümlədən ümumi məhlə furunu olarmış.

Axısqa obaları öz alınmaz qalaları ilə də məşhurmuş, xüsusən də Axısqa, Caksu, Axılkələk, Zanav, Azqur, Xırtız qalaları, Qomoro yaxınlığındakı Altun qala, Axılkələkdəki Koroğlu qalası ilə... Axılkələkdəki Koroğlu qalası əzəməti ilə hələ qədimdən diqqəti cəlb edib; bax: İ.P. Rostomov. Axılkələk qəzasında arxeoloji abidələr // SMOMPK, 1898, 25-ci buraxılış, s. 1-130. Müəllif abidələri erməniləşdirməyə və gürcüləşdirməyə çalışsa da, Koroğlu qalası, digər abidələr, eləcə də qədim qıpçaqların xristian məbədlərinin ümumtürk arxitekturası bu zəngin mədəniyyətin türklərə aid olduğunu sübut edir. Eyni qərəzli ermənipərəst münasibət SMOMPK-un 1891-ci il 11-ci buraxılışında (s.182-209) Axılkələk qəzasının bəzi kəndləri haqqında çıxmış məqalələrdə də izlənilir.

Türklərin yaddaşında Vətənin xatiratı kimi qədim xarabalıqlar peglər də qalıb. Peglərə heç kim toxunmaz, xalq onları müqəddəs yer kimi qoruyarmış (bu haqda bir qədər sonra danışacağıq).

Türk evləri əsasən daşdan «ləpik» qara sal daşlardan və «xıbar» (çaylaq) daşından tikilirmiş. Meşələrin çox olduğu ətəklərdə ağacdan da geniş istifadə edilirmiş.

Təbii şəraitin tə'sirini məskənlərin demoqrafik tutumunda da sezmək olar. Yaşayış şəraitinin çətin olduğu yuxarı kəndlərə nisbətən aşağılarda əhali daha çox imiş.  Sürgünə yaxın Azqurda 600-700 ev (tütün) olduğu halda, yuxarı kəndlərdə evlərin sayı az imiş:

Pulate – təxminən 200, Zanav 250, Xeveşen 100, Abastuman 200, Xero 150, Utkusuban 60, Saxan 300, Zediban 200, Çeçla 200, Muxe 250, Cela  80, Adıgün 350, Qortuban 200, Sixisuban 50 tütündən ibarət imiş (ümumi demoqrafik vəziyyət haqqında əvvəlki fəsildə danışmışdıq).

Türk məskənləri haqqında bir çox manilər, türkülər, şe'rlər, xatirələr gözəl təəssürat yaradır. Bu baxımdan, manilər daha maraqlıdır. Bir çox manilər sanki süjetli-nəqli prinsiplə qurulub və gözlərimiz önündə kənd peyzajını və məişətini, adi güzəranı, sakit günləri, məhrəm anları tə'sirli bədii səhnələrlə canlandırır:

 


Pənçərədən baxiyer,           

Almış məndil toxiyer,

Kız, sənin gözəllügin

Bunda bəni yaxiyer.

Su gəlür lülə-lülə,

Yar gəlür gülə-gülə,

Əlində ipək məndil,

Tərini silə-silə.

 

Furun üstünə furun,

Doyun, komşular, doyun,

Yar üstünə yar səvmiş,       

Bənə bir çarə  bulun.


 

Mesxet-Cavaxetdə 300-dən çox türk şəhəri, qəsəbə və kəndi olub: Axısqa, Aspinza, Adıgün, Azqur, Apiyet, Axaşen, Arzine, Apseri, Aqara, Amxer, Abastuman, Ani, Aqobil, Anda, Abi, Arcul, Ardax, Alanza, Axsiya, Azmana, Avsxar, Aralı, Alça, Axılkələk, Badela, Bağdad, Bolacur, Bolazul, Boqa, Blorza, Bəzirxana, Bazmeret, Borcom, Bennara, Varxan, Vale, Vaşlob, Varnet, Van, Qaratuban, Qortuban, Qoyundərə, Qağvi, Qoders, Qulalis, Qoquli, Qolsuda, Qovet, Qarta, Ququnasri, Qorqul, Qorza, Qomoro, Qurgel, Ququnavur, Quratuban, Dersel, Damkal, Dabaniya, Donet, Daşlı Qışla, Dodeş, Aşağı Entel, Yuxarı Entel, Erkota, Əzgüdə, Ərdəhan, Böyük Zanav, Küçük Zanav, Zarzin, Zazala, Zarumali, Zarzma,  Zir, Zigilə, Zeqan, Zediban, Zedeqav, İcaret, İncqola, İndusa, Kortox, Kexvan, Korotox, Kobliyan, Kaxaret, Kılde, Kikinet, Kasaraul, Laşe, Levis, Lelvan, Mivital, Marqistan, Miraştak, Murakval, Marse, Moxe, Marel, Muqaret, Nakurdev,  Niyala, Nəmniyavur, Okam, Yuxarı Oşora, Aşağı Oşora, Oral, Orçoşan, Paraxa, Parexəz, Pərvanə, Pulate, Posxov, Papoli, Pamaç, Pelvan, Persal, Rabat, Sanqur, Saqam, Samqur, Sabonet, Suret, Sorzet, Sarı, Saxan, Sarbastuban, Sarıqıze, Saxtev, Sakunet, Sabzara, Silvan, Sirə, Sivri, Silvan, Sixisuban, Səvirmə, Siminda, Siniban, Sinis, Sıqara, Böyük Smada, Küçük Smada, Sür, Sulis, Tatanis, Toloş, Toba, Təzəköy, Tümük, Tekrut, Temlala, Tisel, Tutacuvar, Ude, Utqusuban, Unçal, Uravel, Yengiköy, Xero, Xona (Hona), Xarcam, Xırtız, Xuro, Xeveşen, Çala, Çeçla, Çixicuban, Çisey, Çarol, Çıxeli, Çörxey, Çurçut, Cüntəli, Çursutal, Caksu, Colda, Cela, Caksma, Cüntəy, Şolavər, Şokay, Şurda...

 

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19797 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=