AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

AXISQA MAHALININ İÇ DÜNYASI

AXISQA MAHALININ  İÇ  DÜNYASI

 

 

Eyni köklü, eyni ruhlu və eyni dilli insanlar birləşərək xalq yaratdıqları kimi, ayrı-ayrı məskənlər də birlikdə çoğrafi-mədəni mahalı təşkil edirlər. Mahal canlı bir varlıq kimi müxtəlif obaların, elatların, uruğların, oymaqların birliyindən yaranır. Öz daxili aləmi ilə seçilən hər bir mahal oranın insanları üçün ana yurd, kiçik vətəndir. Axısqa mahalını da türklər belə doğma yurd, ana vətən kimi sevirlər. Və Vətən hesab etdikləri Axısqa-Axılkələk mahalı turklər üçün bütövdür, ümumidir, parçalanmaz yurddur.

Mesxet-Cavaxet mahalının daxili mədəni-iqtisadi dünyası buradakı bütün türk, gürçü və urum məskənlərinin birliyindən, ümumi güzəranından, bağlılığından yaranırmış. Türklər Azqursuz Borjomu, Xerosuz Qomoronu, Varxansız Uraveli, Axısqasız Adıgünü, Kikinetsiz Xarcamı təsəvvür etmirlər. Əski etnik xüsusiyyətlərə uyğun olaraq, bir çox kəndlər bir-birilə əkizdir, yə'ni ən'ənəvi cüt quruluşa malikdir: Yuxarı Oşora, Aşağı Oşora, Yuxarı Entel, Aşağı Entel... Ümumiyyətlə, bu ulu mahalı təbii şərait iki şərti hissəyə bölüb: yuxarı və aşağı kəndlərə. Bu bölgü yalnız təbii-coğrafi deyil, müəyyən etnoqrafik və dil çalarları ilə də əsaslanır. Aşağı kəndlərlə yuxarıların dialekt fərqləri əsasən s ş (istiyirux iştiyirux), e ə (emi əmi) kimi əvəzlənmələrdə təzahür edir. Türk ədəbi dilinə ən yaxın şivə Axısqa Azqur şivəsidir.

Yuxarılarda həyat tərzi də aşağılara nisbətən daha konservativdir.

Aşağı kəndlərə adətən Azqur, Temlala, Sakunet, Sinuban, Tisel və sairə aid edilir. Ən yuxarı kənd Xerodur. Xerodan güney tərəfə artıq Koblıyan, Posxov bölgələri gəlir ki, bunlar da Türkiyədədir. Xerodan başqa, Adıgün, Varxan, Qomoro, Uravel, Toloş, Cağsman da yuxarı kəndlərdən sayılır.

Mahalın əsas mərkəzləri Axısqa, Adıgün, Abastuman, Azqur, Axılkələk olsa da, hər kəndin öz yeri, öz ad-sanı olub.

Ən çox zarafat şaka (yerennük) sevən xerolulardır. Caxsmanın qızları çox işləkdir, Kexvan öz halvası, Azqur bağları, Abastuman çərmukləri (şəfalı mineral su) ilə məşhurdur. Qomorolular açıqürəkli, smadalılar şirindilli olur.

Xırtız və Azqur kəndləri hazırcavablıqda bir-birləri ilə həmişə rəqabət apararlarmış. Bu yerlərdə, eləcə də Borçalıda belə bir söz var: şoşi (şoşu, şorşax), yə'ni acgöz adam. Tut təzə dəyəndə hücum çəkən quşlara da şoşi quşlar deyərlər. Xırtızda isə böyük tut bağları var imiş və tut dəyəndə xırtızlılar işi-gücu atıb, tutu quşlardan qoruyarmış. Daha çox «şəhərliləşmiş» azqurlular da tut məsələsinə görə Xırtızı ələ salırlarmış. Və belə söyləyirlər ki, bir dəfə bir şoşi quş ağzında bir tut Xırtızdan uçub Azqura gəlir. Elə onun dalınca da xırtızlılar özlərini yetirir və təngnəfəs azqurlulardan soruşurlar ki, bəs, şoşi görmədizmi, tut aparmış?!

Xırtız camaatı da, əksinə, azqurluların «şəhərləşməsinə», təzə «firəng» libaslarına, ədalarına gülürmüş. Və xırtızlıların atmacalarından biri Matos xocanın da dilinə düşüb:

 

 

Azqur ağaları palto geyinmiş,

Əgdürmiş papaği, faytona binmiş,

Eşitdim Ramazan üç günə enmiş,

Ömər Əfəndi qoymiş əhdi-peymana.

 

Diribaşlılığı və baməzəliliyi ilə seçilən azqurlulara «Molla Nəsrəd­din» də sataşıb: «Axılkələk bəyləri Azğur bəylərinə baxıb Azğurun ca­maat məktəbinə iki yüz qəpik ehsan elədilər. Duyduğumuza görə camaat məktəblərinə veriləcək pulları köylülərə dağıdıb məktəbi yıxmağa çalı­şan­lara cənab Pobedonosov cəhənnəmin «zəqqum» ağacının meyvəsin­dən hədiyyə göndərəcəkdir» («Molla Nəsrəddin», 1 iyul 1907, № 24, s. 3).

Pulate kəndi haqqında isə el arasında belə bir söz gəzir: «pulatelilər savuq söbəyə sarılur». Deyilənə görə, Pulatedən bir nəfər şəhərdən soba alır və örtülü arabaya qoyub kəndə gətirir. Yolda soyuq duşür və həmin adam üşüyür. Buna görə də sobanı qalayır, borusunu da pəncərədən çıxarır, sobanı qucaqlayıb yuxulayır. Kəndə çatana kimi soba sönür, amma o adam ayılmır. Camaat arabanın qapısını açır, görür ki, pulateli soyuq sobaya sarılıb yatır...

Bə'zi kəndlər barəsində də müxtəlif sözlər, məsəllər var. Bir qrup kənd el dilinə belə duşüb: Kikinetin kiri, Saxanın catxısı (şor), Xarcamın kəli, Varxanın varı... Kikinetlilərə Aranlar, Xarcama kəl Xarcam deyərlərmiş.

Sabzara cəmi 6 tütünlük köy olub, hətta indi də bir sabzaralı başqasını görəndə deyir ki, şukür allaha, 6 idik, 7 olduq:

Altı tütün Sabzara,

Yem tökərim qazlara,

Qazlar yemi yemədə,

Mən baxarım qızlara.

Zedibanlılar haqqında deyirlər ki, onlar «qoşat uzadır». Qoşat ev damına düzülən tirlərə deyilir. Belə söyləyirlər ki, zedibanlılar ev tikərkən dam tirləri (qoşat) qısa gəlir. Zediban ustaları eşidibmiş ki, tiri uzatmaq olur. Amma bilmirlərmiş ki, bunun uçün tirlərə calaq vermək lazımdır. Tiri endirib iki ucuna öküz bağlayır və öküzləri vurmağa başlayırlar ki, qoşat (tir) üzansın. Ha vururlar, qoşat uzanmır. O qədər vururlar ki, axırda öküzlər ölur...

Axısqa, Abastuman, Azqur, Adıgün öz gözəl qızları, nazlı-qəmzəli xanımları ilə seçilirmiş:


Bu dərənin uzuni,

Kıramadım buzuni,

Aldım Azqur qızıni,

Çekəmədim nazıni.

 

Dağıstan dağ yeridür,

Gürcustan bağ yeridür,

Adıgönün qızlari

Xormanın bol yeridür.

 

Gəmi gəlür yanaşur,

İnsan sorup tanışur,

Adıgönün qızların

Görən gözlər qamaşur.

 

Gəmi gəlür arali,

İçi doli yarali,

Elə bir yar səvmişim,

Abastuman marali.

 

Xalburum dalda kaldi,

Gözüm yollarda kaldi,

Andır qalsin Axısxayi,

Nişanlım orda kaldi.


 

Ümumiyyətlə, Axısqanın demək olar ki, bütün kəndləri hərəsi bir şeylə məşhur imiş. İndi əski türk kəndlərinin əhalisi müxtəlif  ölkələrə səpələnsələr , eyni ruh, eyni duyğular, eyni münasibətlər onları birləş­dirir. İndiyədək hər bir türkdənqoca, gənc, çocuqdan haralı olduğunu soruşduqda, qədim kəndin adını çəkir. Axısqa türklərinin ağsaqqal-ağbirçəkləri indiyədək doğma yurdun, vətəndə keçən günlərin xatirəsiylə yaşayır, bu xatirələri müqəddəs əmanət kimi cavanlara ötürürlər

* * *

Zəki insan, müdrik ağsaqqal, incə yumorlu söz xiridarı Məhəmməd Mamaxov Axısqa elinin tarixi, mədəni həyatı, təsərrüfatı haqqında saatlarla danışardı. 1980-ci illərin axırı – 90-cı illərdə Bakıda Akademik Dram Teatrın yanındakı qonaqpərvər evlərində Məhəmməd əmi, xanımı Fatimə xala və oğlu, gözəl musiqiçi Faiqlə söhbətlər bizi ayrı bir aləmə salardı. Keçən əsrin əvvəllərində Azqurda dünyaya göz açmış Məhəmməd əmi gəncliyində ictimai işlərdə çalışıb, 20-ci illərin əvvəllərindən komsomol sahəsində işləyib, 1927-1929-da Axısqada «uyezd komsomolunda» inspektor olub. 1929-cü ildə 24-25 yaşında Bakıya oxumağa gəlib. Xatırlayırdı ki, həmin dövrdə Mövlud Bayraq­darov da Adıgündə komsomol olub. Komsomol həmkarlarından Musa­yev, Baxşi Muradovu yada salırdı. 1925-27-də teatr truppasında da iştirak edib. Söyləyirdi ki, Tiflisdən İsfahanlı Adıgünə səhnəni tərtib etməyə gəlmişdi, dekorasiya yaratdı, teatrı qurdu, qardaşım Ömər rejissorluq edərdi, «Məşədi İbad», «Arşın mal alan» səhnələşdirilmişdi. Qurgeldən Ramiz bəy Qaplanov teatrda iştirak edirdi, Rəhim, Bəhri də teatrda idi.

Fatimə xalanın atası Loman ağa (məşhur şəxs Ədəmin oğlu – Ədəmov, Ədhəmov) xalq hərəkatının başçılarındanmiş, sonradan Türkiyəyə gedib. Azqur yanındakı Aqara kəndində Ömər Faiqin bağını yaxşı xatırlayırdı.

İnkişaf etmiş kənd olan Azqurun ziyalılarından Məhəmməd Zəki (Azqur imamının oğlu) İstambulda oxumuşdu, müəllimlik edirdi, islam tarixindən dərs deyirdi. Bakıda məqaləsi çap olunmuşdu – insanlar arasında münasibətlərin məhəbbətdən gəlməsini yazırmış, sonradan belə fikirlərinə görə təqib olundu və 30-cu illərdə tutuldu. Abbas Mirzə Azərbaycandan gəlmişdi, türk dili dərsi deyirdi.

Hökumət məktəbləri gürcücə etmək istəyib, məktəblər açılıb, amma gedən olmayıb. Axısqada Gürcüstanın türk müəllimləri üçün kurslar fəaliyyət göstərərdi. Fürqət xanım Qızlar məktəbi açmışdı. Qəzetlər türkcə və gürcücə çıxırdı. Hökumət işləri türk, gürcü və rüsca aparılırdı. Axısqadan yuxarıda xalis gürcü kəndləri yox idi. Axısqada Əhmədiyyə camesinə cümə namazına yığışardılar, buradakı Xasbaxçada gəzintilər olardı, klub işləyirdi. Dağ döşündə olan Axısqanın şərqində Posxov çayı, qərbindən Koblıyan çayı axırdı. Qalada hərbçilər yerləşmişdi. Tədricən türklər vəzifələrdə artmışdı, komsomol və partiya bir binada yerləşirdi.

Axısqada axır vaxtlar kartof zavodu açmışdılar, nişasta istehsal edirdilər. Kirəcxana işləyirdi. Azqurda Kürün iki sahilində came vardı, Həppənə məhləsindən yuxarıda, Hacı Əhmədin məzarında gecələr işıq yanarmış, eyilər məzarındanmış. Ulu cami saabli yer idi, ora gecə gedəni, xüsusən uşaqları «rüzgar vurur», «ərişür»müş (xəstələnirmiş), «nusxa» (dua) yazdırıb yerə basdırar, birini də ərişük olanın boynundan asar, ərişük olan yerə şərbət səpərdilər. Şəhidlər məzarlığında davalarda ölənlər dəfn olunmuşdu. Ərənlər-əvliyalar türbəsi də müqəddəs yermiş. Həppənə məhləsində imkanlılar yaşarmış – «həp bənəm, bənədür» deməkdir. Azqurda 3 ümumi furun olub, kərsəndə xəmir yoğurub, ətməgi tavada bişməyə qoyarmışlar (çıpraq da qoyulurdu), kürəklə çıxarılırdı. Çarşı – meydanda cəng tutar, dügün keçirərdilər. Həyətyanı bağlar az olub, çünki Azqurda torpaq az idi, burada qadınlar işə getməzdi. Çərmük hamamı (yerdən çıxan isti mineral bulaq, üstə koma tikilir, cürbəcür otlar tökülür, uşağı olmayanlar, başqa xəstələr bir-neçə gün otururdu), çubuq hamamı vardı. Ruqet dağı, Çayqara (soyuq çeşmə) görməli yerlər idi. Zedibana gedən yolda Qıldıqara qalası yaxınlığında müqəddəs ağac vardı, rəngli ip bağlayardılar. Axısqa-Azqur tərəflərin əhalisi əsasən əkinçilik, sənətkarlıq, ticarətlə məşğul olurdu. Tarlalar və bağlar kənddən kənarda idi. Taxıl, arpa, kartof, lazut (qarğıdalı), şalğam, carxala (çuğundur), pimpila (qırmızı bibər), xiyar, laxana (kələm), patlican (pamidor), qara patlican (badımcan), soğan, pörçükli (kök), tərəvəz yetişdirilirdi. Sapan, tapan, cilğa, tırpan kimi alətlərdən istifadə edilirdi. Azqurun alması, armudu (tavrucul, nanəzir), cancuru (gavalı) məşhur idi. Kartofu, armudu, şalğamı, çuğunduru dərin quyuda saxlardılar. Qoyun, keçi, inək, öküz, camış saxlanılarmış, pin-hinlər toyuqla doluymuş. May-iyunda mal-qoyunu «yoza» çıxarardılar, sürülər sentyabrda qayıdardı. Əvvəllər sürüyə daimi naxırçı baxarmış. İnsanlar ailəliklə də yaylağa gedər, kox (koma), dəyə qurardılar. Naxırçı çöldə ətməgini «quda»ya (davarcıq, qoyun dərisindən motal kimi) qoyardı. Peynir, yağ, qaymaq duzəldilərmiş. Ən yaxşı pendir Saxanda çıxarmış, xüsusən «çeçil peyniri». Balığı qanca (çəngəl) və olta ilə tutardılar. Canar, loko, mursa kimi balıqlar olardı. Ovçular da çox idi, Məhəmməd dədənin əmisi Bəhlul (ləqəbi Kiçik) da yaxşı ovçu imiş, «Berdanka»sı varmış, ceyran, sığın, dağ keçisi, dovşan vururmuş. Azqurdan aşağıda Borjomda Böyük knyazın, «namestnik»in bağı vardı, orda çoxlu ov vardı. Tutdan, qızılcuqdan (zoğal), cancurdan pəstil düzəldilirdi – meyvə əzilir, süzəkdən süzülür, «qurka»sı (tumu) atılır, qaynadılır, un vurulur, maye taxta üstündə qurudulur, buçaqla aralanırmış. Kömə, bəkməz, duzlamalar düzəldilər, ətdən sucuq, basdurma, kavurma hazırlanarmış. Azqurun əhalisi savadlı, qabaqcıl, məlumatlı olub. Həmişə türklüyünü saxlayıb və indi sürgündə də azqurlu ziyalılar vətən mücadiləsini davam etdirirlər. Dünyamızdan köçmüş Məhəmməd əminin xatirələri, düşüncələri çox idi, hamısını söyləyə bilmədi, ancaq təsəllimiz odur ki,  Axısqa musiqisinə xidmətlər göstərmiş oğlu Faiq Azqurlu atasının adını yaşadır.

 

***

Abastumanlı Hacıgillərdən Katib Aslan oğlu Aslanov (Saatlı rayonunun Varxan kəndində yaşayır, söhbət 1990-cı ilin aprelində yazılıb) doğma kəndini belə xatırlayır: təxminən 200 tütün (ev) olan Abastumanın ətraflarında Fındıq dağı, Didmağali dağı, Sarıqıze yaylası, Xoroz dağı, Persat dağı var idi. Bizim taxıma hazırda Hüseynov, Akifov, İbrahimov, Aslanov familləri daxildir. Abastuman çayının iki qolu kənd yaxınlığında Çatalsuda birləşərdi. Kənd çevrəsində Aşağı Tolekə, Qusxana, Qarasu meşələri vardı, meşədən gələnləri abeşik (meşəbəyi) yoxlardı. Kəndin səfalı bağçaları Gülbaxça, Aşağki bağça, Meydanlar bağçasi məşhurdu. Pisara, Xerekler, Gürgənə, Dərə tarlasi, Kövün alti,  Meydanlar, Melislər əkin yerləri imiş. Melislərdə həm də palıdlıq vardı. Kəndin yerləşdiyi Dorux yamaclarından puvar axar, puvar yanında came və mədrəsə yerləşərdi (30-cu illərdə ləğv olunub). Kənd ətrafındakı Qüzey (sıldırım kölgəsi), Sekirə sırtı (təpə), Yaruk qaya (İbrahimin ziyarətgah olan türbəsi bu qayada imiş), Çayın bayıri (dik yol qırağı), Qavaxli baxça, Küknəlli dərə puvari (qotura dərman) görməli yerlərdi. Əhalisi türk olan kəndin Qavaxlibaxça məhəlləsində molokanlar yaşayırdı. Abastumanın müalicəvi mineral hamamı, Aqobil və Qanobildə xəstəxanalar vardı. Kənddə Kirarmudxana (kərpic bişirilən yer), qəssabxana (heyvan kəsilən yer), bazar vardı. Qədim Qusxananın qalası, Melisin qalası, Qəssabxana qalası əzəmətiylə seçilirdi. Müxtəlif peşələr yayılıbmış: Mehrigillər xarratlıqla, Qaxgillər və Ciftçigillər heyvandarlıqla, Saracoğulları ticarətlə, Hacıgillər mollalıqla məşğul olurmuş, lakin əsas iş əkinçilik imiş. Kənddə taxıl, kartof, lobya, kələm, alma, armud, xiyar və s. yetişdirilirdi. Əkinçilikdə tırpan (dəryaz), çapa (kətmən), sapan (mala), kütən, arona (kotan növü), kəsər, tapan (ağır mala), gəmi (vəl), sel (çöldən buğda gətirməyə iki təkərli böyük araba) və s. istifadə olunardı. Heyvandarlıqla bağlı anbar (yaz anbarı, taxıl yığmağa), axor (heyvan saxlanan yer: xərək, sanasxal – peyin yığılan yer, közmək – zibil atmağa pəncərədən ibarətmiş), mərək (ələf yığılan örtülü yer), boqa (heyvana arpa verilən yer) kimi vasitələrdən istifadə olunurdu. Dəyirman daşına xaro, taxıl tökdürənə şeytan deyirdilər. Abastumanda Ağzıqara Rəhil, Zarxoş Qafur, Qanli Aslan, Qurd Cələm, Dınbıl Xəlil, Tilos Xəlil, Zıbıl Məhlüd, Qokro Xəlil, Mukle Fəzli kimi ləqəbli adamlar vardı. Katib kişi Abastumanda baş vermiş belə bir əhvalat xatırlayır: «Bağrat adında kolxoz sədri oliyer. Bir gün qeybətdən bezib qariləri fermaya yığer ki, qeybət olmasın. Bir-iki gün keçir, bir gün fermada boqa (axor) qırıliyer. Qarilər diyer – «boqa qırıldi, boqa qırıldi». Fermanın bu başından o başına çatana kimi söz «Bağrat qırıldi»yə çevriler. Qarilər qapıyi döyerlər ki, açın, Bağrat qırıldi. Qapıni açerlər, doğrudan da görerlər ki, Bağrat ölüb».

 

***

Varxan kəndində 1906-cı ildə anadan olmuş Dəstə nənə 38 yaşında vətəndən çıxıb. 1930-dan partiya üzvü olmuş Dəstə nənə 1990-cı ildə 84 yaşında doğma yurddakı Paşa puvarı, Savux puvar, Taxtalı puvar, Məhrəm Dədənin puvarı, Hüseyn Dədənin puvarı, Xoros dağı, Abioğlu dağı, Persat dağı, Abastuman yaylası, Almanın suyu (yatax yeri), Dörtdaş degirman dərəsi, Sabzara dərəsi, Qaramanoğlu tarlası, Zaden tarlası, Datvet meşəsi, Alçalıq bağı, Arazindo çərmüyü, Dərvişün çayırı, Dərvişin puvarı kimi yerləri, gecələr mum yanan eyilərdən Naçar Xoca məzarını, Qaratuban ziyarətgahını, qədim qalanı, Nədim, Balabek, Niyaz pəhləvanların şücaətini yaxşı xatırlayırdı. Bizimlə söhbətini Dəstə nənə «Dəryalar mürəkkəb olsa, yazılmaz bənim dərdim» sözləriylə bitirmişdi.

 

* * *

Buğligillərdən Günəş Müzəffərova (qız nəsli Çolaxgillər) 1920-ci ildə Varxanda dünyaya göz açıb. Gəlinliyindən 6 il sonra sürgün olunan sözlü-söhbətli Günəş nənə doğma yurdundakı Abioğlu, Xoros dağlarını, Çillər qışlasını, Savux puvarı, Xeveşen puvarını, Çərmügün hamamlarını (Abastumanda), Aqobil şəfaxanasını, Datvet meşələrini, Zaden, Cuhud, Nazo tarlalarını, Xurşudun yatağını, Gülbaxçanı xatırlayır. Hasan Xoca, Nəsrəddin Xoca türbələrini, Xurşudun yatağındakı altına adamlar yığılan müqəddəs küknarı yada salır.

«Varxan Gülbaxçasından Kərəm gəlib keçmiş, keşiş qızi verməmiş», Kərəm:

 

İrmax kənarında əsbab yuyanlar,

Yuyub-yuyub gül dalına qoyanlar,

Bənim Əslim bunnan keçdi, gördünmi?

 

söyləmişdir deyir. Sinəsi sözlə dolu Günəş nənə dərdini şer, mani, nəğmələrlə bölüşərdi:

 

Qaladan-qalaya şahan uçurdum,

Ahinən-vahinən ömür keçirdüm,

Şəkər əzub yara şərbət içirdüm,

Allah, qismət et, gedem vətənə.

 

Laz oğlini Lazistanda vurdilər,

Vurdilər kanadıni kırdilər,

Yol üstündə məzarıni qurdilər,

Gələn-gedən Laz oğlidür dedilər.

 

Günəş nənə Vətən nişanəsi kimi toyunda söylənən gəlin türküsünü xatirində saxlamışdı:

 

 

 


Qız balanın hali böylə,

Ata-ana duva eylə,

Getsən, qızım, şirin söylə.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.

 

Qardaş bağladi belini,

Gəlin degişdi elini,

Xeyr et gələn yerini.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.

 

Həm qaradur gözün-qaşun,

Axıtma gözündən yaşun,

Baban da var, həm qardaşun,

Qərib olmaz sənin başun.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.

 

Bağında açsın qızılgül,

Səyr etsin dalında bülbül,

Allah, səni başacan güldür.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.

 

Gedən yer xeyir olsun,

Ruzi-qismətnən dolsun,

İlk görkinən başa varsun.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.

 

Altunnan otursun təxtin,

Ata-yurdini buraxdin,

Oxşamasın bənə bəxtin.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.

 

Allah muradan yetirsün,

Gəlin tərbiyə gətirsün,

Əv xalxıni yola vərsün.

Gedən yerdə yucalasın,

Ata-ana duva eylər,

Bir yastuxda qocalasın.


***

Saatlının Fətəli kəndində yaşayan Kuşogillərdən Gülcan Süleyman qızı (1910), Hemidağagillərdən Şişə Məhəmməd qızı (1930), Husogil­lərdən Qayat Rəhman qızı (1924), Üzeyirlərdən Alisultan Məmmədov (1924), Coşğundədəgillərdən Anşa İsmayıl qızının (1918) doğma kəndləri Pulate haqqında xatirələrindən bəlli olur ki, bu ulu türk yurdu Saburtağ dağı, Samasada dağı, Qarapuvar dağı, Persat dağı, Yalbuz dağı, Baxacax dağı, Aşağıki yayla, Yuxarıki yayla ilə əhatələnibmişKənd Naçikev buzxanası (buzlu mağara), Pulate çərmüyü, Axaşen çərmüyü, Sabiyet dərə çərmüyü, Coç puvarı, Qara puvar, Cüt puvar, Süd puvar, Gülbaxçanın puvarı, Nəsüret puvarı, Dibsiz göl, Cazi gölü ilə məşhurmuş.

Kənd ətrafında Axaşenlər, Qostamalar, Qırıxlar, Nariya, Qıraclar, Çololar, Nakordalalar, Cuvari, Gülbaxça, Varazan, Cami, Sukuletlər tarlaları varmış. Pulate ətraf kəndlərin sakinləri Şəhidlər məzarlığına, Qəriblər məzarlığına, eyilərdən Əhmədağa türbəsinə, Aşağki məhlə məzarlığına, mum yanan Sukuletlər türbəliyinə, Molla Məhlud türbəsinə, əvliya Abdul dədə türbəsinə, Lazistanlı Xoca türbəsinə, Zazola türbəsinə sitayiş edərmiş. Kəndin Molla Şəmməd, Molla Əhməd, Molla Məqsud, Aşıq Molla Məhəmməd kimi xocaları varmış. Sınıxçı Əhməd, Misli əmi kəndin təbibləriymiş. Qostama, Hamzula, Nakan, Nadqur, Axaşen meşələri, Gülbaxçalar, Qamabaxçalar, Çəyürməbaxçası, Ardmulbaxça kəndin bərəkəti-gözəlliyi idi. Nanəzir, nənə, gügüm, ağırça, güz, qızıl kimi armud növləri, şərbətə, qoderzə pantaları, alçası, alması, kirəzi hər yerdə məşhurmuş. Ecazkar Cazi gölündən su gətirib kəpçəxatun oxuyar, suyu yerə səpər, yağış yağdırarlarmış. Dibsiz göldə camışlar arabayla batıbmış. Sınıxçı Əhmədi hökumət yoxlamaq istəyib, balqabaq, boranını tikə-tikə  qırıb kisəyə qoymuşlar, o, üstdən düzüb. Qırılmış şabalıdı corab içində düzüb. Axaşen çərmüyündə Lek ağacına niyyətlilər ip bağlar, saselə, çamaja, qosxur kimi otlarla müalicə olunarlarmış. Çocuqlar Hocora, Qotsi, Tula, Qazıx, Qospoda, Qayışvurdi kimi oyunlar oynarmış. Pulatedə qədim rəvayətlər, əski türk islam inancları qorunub saxlanıbmış.

* * *

Saatlının Varxan kəndində yaşayan Kikinetli Şamil Bürhən oğlu Əzizov (1918-ci il təvəllüdlü, müharibə  iştirakçısı) doğulduğu Kikinet kəndini belə xatırlayır: köyümüzdə 200-ə qədər tütün vardı. Kənd ətrafında Hökançala, İsitmə qayası, Böyük qaya, Kirəzli çayırlığı kimi səfalı yerlər olub. Böyük qaya puvarında çimərdilər. Kənd camaatı əsasən əkinçiliklə məşğul idi. İsitmə qayasındakı Qaraağaca isitmə tutanda al parça, qaytan bağlayardılar. Şehidlər, Qəriblər məzarlıqları olub. Xerxem adlı yerdə Qərib məzarlığına yağmurda cümə günü kitab açıb, qurban kəsdikləri (2 öküz, 5 erkək, cəmi 7 qurban), qurbanı üç kəndə böldükləri yadındadır. Bundan sonra yağmur kəsib. Mövludda halva bişirərdilər, Ramazanda musiqi çalınar, rəqs edər, cəng tutar, güləşərdilər. Qurban bayramında 7 adama 2 yaşlı bir cöngə və ya bir ailəyə bir qoyun kəsərmişlər. Novruz da qeyd olunarmış, amma Yılbaşı sonradan çıxıb. Valideynlərin borcu ev yapıb oğulu ayırmaqmış, ev yapılmasa oğul evləndirməzdilər. Ev təməlinə qurban kəsilərmiş. Şamil baba «Qarışdım orduya» şerini də əsgərlik yadigarı kimi söylədi.

 

                                         ***

Kikinetli Toromangillərdən Qafur Hüseynovun (1934) sinəsi də doğma yurdla bağlı xatirələrlə, şer, rəvayət, dastanlarla doludur. Qədim türk yurdu Kikinetdəki Düzçayır, Kokroxana, Qaragöl, Sabadur çayırı, came, Qərib məzarlığı, qara sevdalı aşıqların sözü-söhbəti Qafur kişinin yaxşı yadındadır. Kikinetli Cavad, Entelli Bədəl ana, Qorqisimdalı Abbas, Xeveşenli Ali Sultan, Sakunetli Məhəmməd kimi pəhləvanlar, igidlərlə bağlı çoxlu rəvayətlər danışır. «Məhəmməd-Qızxatun», «Qara səvdə», Sümmaninin, Şenliyin, Qaracaoğlanın bir çox şerlərini  1989-1990-cı illərdə bizə Qafur kişi söyləyib.

* * *

Adıgün rayonunun Laşe kəndindən olan Mollagillərdən Gülxanım Binəli qızı Aslanova doğma kəndində 400-ə qədər tütün və ətrafında Nağumar puvari, Ramazan puvari, Sabiyet dərə puvari (qaşıntıya dərman olan soyuq bulaq), Satarınbaşi çayırlığı, Qırıx tarla, Abora tarlasi, Rukeşə zəmisi, Mindora tarlasi, Potora tarlası olduğunu söyləyirdi. Eyilər məzarlığına qurban  kəsilərmiş. Gülxanım nənə Pulate çərmüyünü (mədə xəstəliyinə, qaşıntıya, qotura əlac olan isti bulaq), Entel ziyarətgahını, Sinisdə sütli ziyarətgahı (südü olmayan analar üçün) da yaxşı xatırlayır. Kəndin çevrəsində neqo gülü (sancıya dərman), saleka otu (yara, çibana, ciciloba – itdirsəyinə dərman), cincar (gicitkan), ğalo otu (böyrək, mədə ağrılarına əlac) kimi şəfalı bitkilər, diya (həm də mədəyə dərman), ciyançola, ğme, qazayağı, pampara (yemlik), sataso, açikela, gəlinbar­mağı, çəmən (ot adı), kondar, pitna (nanə), telpəncəri kimi yeməli otlar bitərmiş. Beg, fasela, çoçila, qorda, qabaq, nənə armud sortları, paşa, söbə, urset almaları, lazut (qarğıdalı), taxıl, kartof və s. yetişdirilərmiş.

Kənddən Verasiya (avara), Xınzır (qaba), Sokak süpürgəsi, Sürünti (gəzəyən), Quduzdi böcek kimi ləqəblər də xatirələrdə qalıb. Eləcə də «Xaçonun xançarı var!» (özündən razı), «La dedi də, lo demədi» (tərs), «Cil dibindən çıxan cil (alaq) olur», «Zəmhəridə – çiyələk» (yersiz iş), «Acıyan gedər, qıcıyan gəlir», «Beş keçili kürd kimi nə otiriyen», «Xorasanda xali toxuniyer, nə enini biliyer, nə uzununi», «Yavanluxda yağli qaşux», «Yağ daşanda kəpçənin bahasi olmaz», «Toya çıxıb it zunzulli oyniyerlər» kimi onlarla sözlər, yüzlərlə manilər, fallar, masallar və yuxuya çevrilən şirinli-acılı xatirələr, doğma dağların, çəmənlərin ətri, suların sərinliyi qalıb…

* * *

Saatlıda yaşayan Tosogillərdən Səddi Əşrəfov (1918 təvəllüd) doğma Çela kəndinin səfalı, bərəkətli olduğunu, kəndin Artnaldağ, Naomardağla əhatələndiyini, Cuvallar sırtı, Pantnar bağı, Acartuba tarlası, Cırknal çayırı kimi mənzərəli yerlərin göz oxşadığını, Toxuz gözəl puvari (9 yerdən axan su), Gügümpatladan puvar, Qara puvardan cənnət suyu axdı­ğını söyləyir. Kənddəki Əvliya Molla Əşrəf türbəsində mum yanarmış. Kəndin pəhləvanı Qanbar kişi o qədər güclüymüş ki, öküz, camışla çəkişərmiş. Comuşqıran fırtınasından sonra, mayısın 7-dən el-oba dağa «yığnaxa» - tamaşaya çıxar, çalğı çalınar, cəng tutular, məclis qurularmış.

 

***

Xerolu Poteləgillərdən Məlik dədə (1906 təvəllüd, Saatlıda Şirinbekdə yaşayırdı) danışırdı ki, Xmıroğulları bəgi sultandan hüccət gətirib kəndlərində came tikdirmişdi, Xmıroğulları camesi adlanırdı, bu hüccətə görə sultanlar bizdən xərac almazdı. Xeroda 40 övliya yatan türbəlik vardı. Məlik dədə Xeronun aşıq yurdu olduğunu söyləyirdi. Özü də Sümmani və Şenliyin deyişməsini, Türk marşını, Yunus İmrənin, Qaracaoğlanın, Şenliyin əsərlərini şövqlə ifa edirdi, bir çox tarixi əhvalatlar, dini rəvayətlər bilirdi.

 

***

Qocalar söyləyirdi ki, Axılkələk və Boqdanovka (indiki Ninosminda) ecazkar Pərvanə gölü, Xançala gölü, Tuman gölü, Madatana gölü, Böyük və Kiçik Abul dağları, Samsar dağı, Madatana dağı, mağaraları, qalaları, xüsusən Koroğlu qalası ilə məşhur idi.

 

*** 

Adıgün, Suxul kəndləri məşhur ədib, tərcüməçi Fridrix Martin fon Bodenştedtin xatirində qalıb. Mirzə Şəfi Adıgünlü Ömər Əfəndini özündən sonra ən böyük şair hesab etmiş, «mən olmasam, sənin müəllimin o olmalıdır» deyərək, Bodenştedtə onunla görüşməyi məsləhət bilmişdir. Axılkələk, Abastuman, Aspindza, Axalsixdən keçmiş Bodenştedt ruslardan sonra türklərin çox hissəsinin bu gözəl yerləri tərk etdiyini və onların yerini Türkiyədən gəlmiş ermənilərin tutduğunu yazır. Kəndlərin, xüsusən Suxulun gözəlliyindən, məscidlərindən danışır. Adıgünlü Ömər Əfəndi ilə görüşünü, ustalığına, müdrikliyinə heyran qaldığı ev sahibinin qonaqpərvərliyini, onunla şerləşməsini, əfəndinin ona atasının və babasının şerləri toplanmış dəftəri, zərif tütün kisəsi hədiyyə etdiyini nəql edir (Adıgünlü Ömər Əfəndi // «Ana yurdum» qəzeti, 1998, kasım, № 4).

***

 

Vətəndən uzaqda türkləri birləşdirən əsas bir amil də elə doğma mahalın daxili aləmi ilə bağlı belə rəvayətlər, xatirələr, lətifələr, deyimlər, türkülər, şerlər, manilərdir. 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol