AXISQA MAHALININ SINIRLARI VƏ ƏRAZİSİ
AXISQA MAHALININ SINIRLARI VƏ ƏRAZİSİ
Axısqa mahalı Çıldır yörəsindən, Kürün yuxarı axarı və Çorox çayı hövzəsindən başlayaraq, Mesxet-Cavaxet dağ silsiləsi boyunca Borçalıya qədər uzanır. Bu mahal qüzeydə Borjoma, güneydə Çıldır düzünə, doğuda Borçalıya, batıda Acar elinə söykənir.
Məlumdur ki, coğrafi-təbii və təsərrüfat-iqtisadi baxımdan Qafqaz ərazisi dağlıq, dağətəyi və düzən zonalarına bölünür. Mesxet-Cavaxet mahalı bütövlükdə cənubi Qafqazın dağətəyi zonasına aiddir, lakin bu dağətəyi mahal özü də üç hissədən: dağlıq, yayla və qismən də düzənlik hissələrindən ibarətdir.
Qafqazın cənub-qərbində, Kiçik Qafqaz dağlarında yerləşən tarixi Axısqa vilayəti iki hissəni – Axısqa, Aspinza və Adıgün rayonlarından ibarət Mesxet (Axısqa-Əcərə) sıra dağlarını və Axılkələk, Ninosminda (keçmiş Boqdanovka rayonu) rayonlarının aid olduğu Cavaxet sıra dağlarını əhatə edir.
Aydındır ki, Axısqanın coğrafi sınırları yalnız təbii sərhədlər deyil, ilk növbədə mədəni əhatə və əlaqələr deməkdir. Axısqanın sərhədləri elədir ki, bu el Anadolu və Qafqaz mədəniyyətlərinin xüsusiyyətlərini özündə cəmləşdirmiş və bu ətraf mühitdən də qidalanmışdır. Buna görə də doğma coğrafi mühitsiz Axısqa türkləri özünəməxsus etnoqrafik qrup kimi tarixdən silinə bilər.