EV
EV
Vətən – ilk növbədə ata ocağıdır, ana hərarətilə isinən, ərgən oğullarla şenlənən doğma evdir. Türk oğlu üçün dunyada iki müqəddəs sınır var: ana yurdun sərhədləri və ata evinin kandarı. Vətənin ruhu, gözəlliyi, bakirəliyi, səfası, xeyir-bərəkəti evdə cəmləşir; Vətən evdə sevilir və dərk olunur, Vətən övladı evdə böyüyür və tərbiyələnir. Və ev sadəcə insan sığınacağı, maddi güzəran yeri olmur. Evdə xalqın dünya duyumu, mifik təfəkkürü, əxlaqi dəyərləri, təsərrüfat özünəməxsusluğu və həm də yaradıcılıq dühası çulğaşır; ev xalqın maddi mədəniyyəti ilə bərabər, mənəvi aləminin də ortaq məhsulu olur. Evin astanasından içəri adlayan, sanki vətən qapılarından keçir və min illərlə təşəkkül tapmış hikmət və işıq dünyasına düşür.
Axısqa mahalında evlər Qafqazın dağətəyi zonası uçün səciyyəvi olan prinsiplə tikilirmiş. XIX əsrin axırı – XX əsrin əvvəllərində burada, qədim türk yurdlarından nəş'ət edən və butün Qafqazın dağlıq yerləri üçün səciyyəvi olan ev tipi –taxtapuşlu evlər yayılıbmış.
Axısqa türkləri bu evlərin əsasən dəhlizli növünü tikirlərmiş. Bundan əlavə, yastı damlı, çardaqlı, dəhlizsiz evlərə də rast gəlinirmiş.
Qübbəvari taxtapuşu olan evlər çox vaxt təpənin yalında tikilər və evin arxa, bə'zən də yan divarları yarıyadək torpağa gömülərmiş. Belə evi tikərkən əvvəlcə yerə qıraqlardan dörd və içəridən iki dayaq basdırar, taxtapuş örtüyü bu dayaqlar üzərində qurar, sonra divarları hörərlərmiş (yastı örtük və çardaq isə divarlara dayanarmış).
Divarlar daşdan gillə hörülər, torpaq döşəmə şirələnərmiş. «Tülkülü» adlanan pəncərə qübbəvari tavanın ortasından, ya da qırağından açılarmış.
Evin daxili avadanlığı əsasən sandıq, döşək-palaz, cecim, yastıq-mitəkkədən ibarət olarmış. Buxarı evin başında – divarda tikilər, ocaq isə otağın ortasında qurular, üstdən zənçirlə qazan asılarmış. Divarlarda dolablar, tərəkələr quraşdırılardı. Bə'zən bir, bə'zən bütün otaqlarda divarboyu səkü (taxt) olarmış (səkü indi də demək olar ki, bütün türk evlərində var). Bə'zən döşək-palazı yığmaq üçün taxtadan xüsusi yer (döşəklüx) düzəldilərmiş. Adamlar səküdə yatarlarmış.
Yeməyi də səküdə, bardaşlama oturaraq, sufra adlanan kiçik miz üstündə yeyərlərmiş.
Evi işıqlandırmaq üçün əvvəllər şamdan, Bakı nefti yayıldıqdan sonra, 1880-ci illərdən başlayaraq, ağ neftlə yanan şüşəsiz tənəkə lampalardan istifadə edilib (A.D. Andronikov. Opisanie 3-qo, Uravelğskoqo, poliüeyskoqo uçastka Axalüixskoqo uezda Tiflisskoy qubernii // Zapiski Kavkazskoqo Otdela Russkoqo Qeoqrafiçeskoqo Obhestva, Tiflis, 1894, k. XVI, s. 280-281).
XIX əsrin axırlarından türklərin evtikmə mədəniyyətində böyük dəyişikliklər baş verib: evlər yerüstü və ikimərtəbəli olub, yaşayış otaqlarının sayı artıb, təsərrüfat tikililəri azalıb və qırağa çıxarılıb, pəncərələr divarlarda açılıb, taxta döşəmə və tavan, kirəmit dam, eyvanlar yaranıb.
Son illərdə Axısqa türklərinin tikdiyi evlər müasir tiplidir.
Ən'ənəvi cəhətlər isə – evdə ağsaqqala ən hörmətli yer ayrılması, müasir otaqlarla bərabər, əski üslubda bəzədilmiş (döşəkçələr, mindər, mitəkkə, xalı-palaz) səkülü otağın olması, evin şərti olaraq kişi-qadın hissələrinə ayrılması və sairədir.
Axısqa türklərinin əski dövrdə və indi işlətdikləri əsas ev avadanlığı bunlardır: mindər, oturqax mindəri, yastux, zanduk, yorğan, döşək, boyaynasi, söbə, buxari, xali, kilim, sufra, peşkir (dəsmal), səkü, cecim, palas, xasır, məndil, dolap, tərək, alaça (palaz), sapli, ibrıx, aş taliki, çay taliki, ləngər, furun, sac, tandur, kersan, ustura, maxas, anaxtar, tərəkə, dolab, mitəkkə, döşəklux, peşkun, kaşux, biçaq, küp, səbət, maşa, ləmpə, darax, çatal, kilim…