GEYİM
GEYİM
XIX əsrdə və XX əsrin əvvəllərində Axısqa türklərinin geyimi ən'ənəvi türk-Qafqaz geyimi tipologiyasına daxil imiş. Kişilər – yaxası qaytanla bağlanan köynək, şalvar, arxalıq, yapıncı, kürk geyər, gümüş (yun, ipək, dəri) kəmər bağlar, başa dəri papaq, başlıq, fəs qoyarlarmış. Fəsə çox vaxt qırmızı və ya yaşıl çalma dolanarmış. Çoxa, arxalıq əsasən göy, boz rəngdə olarmış. Acar və Kobulet türklərinin yuxarıdan enli, büzmə şalvarlarından fərqli olaraq, Axısqa türklərində dar şalvar dəb imiş və müasirlər bunu Azərbaycan türklərinin geyiminə oxşadırlarmış (Bax: A.D.Andronikov. Opisanie 3-qo, Uravelğskoqo, poliüeyskoqo uçastka Axalüixskoqo uezda Tiflisskoy qubernii // ZKORQO, Tiflis, 1894; k. XVI, s. 90-91; S. Makalatiya. Mesxet-Cavaxeti. Tbilisi, 1938, s. 89-91). Turk kişilərinin ən'ənəvi geyiminin əsas bir ünsurü də yelək (və ya zubon) adlandırılan canlıq – jilet olmuşdur. Yelək muasir pencəklərin altından da geyilir.
Qadınlar nəbati naxışlarla bəzənmiş al don, göy rəngli önlük geyər, gümüş belbağı bağlayardılar. Qızlar başını şal, tavşalı, ləçəkli şal, ərli qadınlar isə həm də qatxa (altun pullarla bəzənmiş araqçın növü) ilə örtərmiş. Qadınlar bu libasın üstundən Axısqa türklərinin ehram adlandırdıqları bəyaz çadraya burunərmiş. Mesxet-Cavaxet bölgələrində, eləcə də Acarıstan, Kobulet, Şəvşət, Kaxet, Kartli, İmereti, Quriya, Meqreliya adlandırılan yerlərdə nəinki türk, hətta gürcü, digər xaçpərəst qadınları da uzun müddət çadrada gəziblər. Ümumiyyətlə, başqa etnoqrafik örnəklərdə olduğu kimi, gürcü geyiminin də çox hissəsi turklərdən götürülüb. Kaxet çarları və aznaurlar (gürcü zadəganları) «qızılbaş üslubunda» gödəkçə geyər, çalma bağlarmış. İmeretdə, digər yerlərdə də türk qaftanları, «qızılbaş qiyafəsi» gurcülərin əsas libası imiş (Bax: N.Q.Volkova. Stateynıe spiski russkix posolğstv XVI–XVII vv. kak gtnoqrafiçeskiy istoçnik // Kavkazskiy gtnoqrafiçeskiy sbornik, VI, M., 1976, s. 279-281). Gürcü geyiminə orta əsrlərdə xüsusilə güclənən türk tə'siri son günlərə qədər öz nüfuzunu saxlayıb.
XX əsrin əvvəllərində yuxarı kəndlərdə kişilər qara satindən, qolları yarıqlı üst paltarı, çoxa, arxalıq geyir, qadınlar əsasən ən'ənəvi libasda qalırlarmış. 20-ci illərdən türklərin geyimində əsaslı dəyişikliklər baş verir – ilk növbədə Axısqa, Adıgün, Azqurda («Azqur ağaları palto geyinmiş...») qalife şalvar, frenc, gimnastyorka, furajka ortaya çıxır. Qadınlar uzun, düz, ensiz qollu paltarlara keçir. Ən'ənəvi bəzəklər (qatxa, majar, mahmudiyə, pipanur, urubiya, küfə, belbax) isə saxlanır.
1926-cı ildə Valedə toxuculuq sexinin açılması ilə ən'ənəvi yun, ipək və keçə materiallarına yeni çit parçalar, təzə ipək növləri, satin və sairə əlavə olunur. 30-cu illərdən fabrik məhsulları yayılır. Axısqada emalatxanaların, peşəkar ustaların, müxtəlif millətlərin nümayəndələrindən olan sənətkarların sayı artır:
Altun yüzük barmaq üçün
ver ləzgiyə yapıla,
Bir qat urba bayram üçün
ver tərziyə tikilə.
Təbii ki, Axısqa türklərinin geyimində sosial-sinfi fərqlər də nəzərə çarpırmış. Bu fərqlərə istehzalı işarə, onların parodiyası da folklorda geniş yer alıb:
Şarvari – şaldan,
Oxçuri* – qıldan,
Saxınin* yoldan
Ağa gəliyer.
Axısqa türklərinin geyiminə aid əsas terminlər: kondura, çarux, şarvar, gömlək, çoxa, arxalux, yelək (zubon), ehram, qaftan, don, xələt, ətək, kürk, yapıncı, qurşaq, kəmər, belbağı, şal, tavşali, ləçək, peştamal, tuman, dizdon, başmaq, qatxa, çalma, fəs, papax, küfə, pirpirə, majar, mahmudiyə, pipanur, urubiya...