ƏKİNÇİLİK
ƏKİNÇİLİK
Qədim əkinçilik diyarı olan Axısqa mahalında dağətəyi əkinçilik daha çox inkişaf etmişdi. Sıldırım qayalar belində, sərt yamaclarda şırımlar salmış, arxlar açmış zəhmətsevər türklər dağ əkinçiliyinin bütün sirlərinə yiyələnmişdi. Türklərin vətəndə yetirdiyi bol taxıl, tərəvəz, meyvə nəinki yerli əhalinin tələbatını ödəyir, həm də müəyyən ticarət əhəmiyyətinə malik olurmuş.
Taxıl məhsullarından ən çox buğda, arpa, qarğıdalı əkilib-becərilərmiş. Kətan, pərinc, mərci, noxud, darı da əsas məhsullardanmış.
Axısqa türklərinin qədim əkinçilər olduğunu ilk növbədə onların istifadə etdiyi əmək alətləri sübut edir. Bu alətlərin özü də, adları da ümumtürk əkinçilik mədəniyyətinə tamamilə doğmadır.
Axısqa – Axılkələk bölgələrində türk əkinçilərinin istifadə etdiyi əsas əmək alətləri – sapan, tapan, cilğa, çapa, tırpan, kerendi, kəsər, burçak, kazma, tırmık, kılınc, dirgən, dönməcə, sürgü, oraq, sırma, kavrama, kafes, yaba, bel, kürək, kütən, dögen və sairədir. Əkinçiliklə bağlı başqa terminlər – ciftçi, harman, herik, anbar, çuval, kuyi, xalbur, küleş, əleg, kotan, gəmi, sel kimi adlar da Anadolu və Azərbaycanın hər yerində işlənən ümumtürk anlayışlarından xəbər verir. Bu anlayışların qədimliyi onların folklorda geniş yer alması ilə də təsbitlənir (məsələn, «Sapanla çapa dünyayi bəslər»).
Dağ yamaclarının, sərt gədiklərin, çənli bellərin torpaq qatı nazik və dözümsüz olduğundan Axısqada herik əkinçiliyindən istifadə edilərmiş. – Eyni sahədə taxıl əkinləri bostançılıqla növbələnərmiş. Darı, buğda, arpa torpağın şirəsini sorub taqətdən saldıqda həmin yerdə bostan bitkiləri əkilər, ya da heriyə buraxılmış sahədən otlaq kimi istifadə edilərmiş.
Əkin sahələrini əsasən, ikiağızlı dəmir gavahınlı kotan növü – cilğa ilə şumlayarlarmış (arona, kütən adlanan kotan növləri də varmış). Toxumu heybələrlə sinədə gəzdirib əllə səpərlərmiş. Səpindən sonra şırımları çapa-çırpıdan düzəldilmiş sapanla və ya daha ağır mala növü – tapanla hamarlayar, toxumları örtərlərmiş.
Taxılı və otu biçmək üçün işlədilən alətlər isə – oraq, tırpan, kafesli tırpan, kerendi, sırma, kavrama adlanır. Torpağın səpinə hazırlanmasında, başqa işlərdə çapa (toxa növü), toxa, dırmıx, sürgü (dırmıq növü), kazma, burçak, kılıcdan istifadə edilərmiş.
Məhsul biçilib yığıldıqdan sonra dərzlər bağlanar və döyülmək üçün sel adlanan ikitəkərli böyük arabayla tarladan xırmana daşınıb gətirilərmiş. Xırmanda taxılı ata qoşulmuş yüngül ağac vəl (dögen) və ya altına daşlar düzülmüş ağır vəl (gəmi) ilə döyərlərmiş.
Taxıl, kartof, çuğundur, turp, meyvə xüsusi quyularda, anbarlarda, küplərdə, səbətlərdə saxlanılarmış.
Təbii şəraitə görə Axısqada tarixən çəltik (pirinc), üzüm yetişdirilməyib. Son dövrlərdə burada müəyyən aşağı yerlərdə üzüm yetişdirilir, 300 h. qədər üzümlük salınıb.
Sovetlər dövründə axısqalılar da kollektiv təsərrüfata keçmişlər, 30-cu illərin axırlarına kollektivləşmə 75 % başa çatmışdır. Axısqa – Axılkələk sürgünə qədər Gürcüstanın əsas əkinçilik, heyvandarlıq, bağçılıq, balçılıq mərkəzi olmuşdur. Zəhmətsevər türklər sürgündən sonra düşdükləri yerlərdə də kənd təsərrüfatının inkişafına böyük töhfələr vermişlər. Hətta Fərqanədən sonra türklərin köçməsiylə kənd təsərrüfatının xeyli gerilədiyini görən Özbəkistan Nazirlər Sovetinin sədri Qeyrət Qədirov «türkləri əvəz edən yoxdur» deyərək, pambıqçılığın məhz türklərin hesabına 600 min tondan 3 milyona çatdığını bildirmiş, türkləri qaytarmaq üçün 1989-cu ildə Özbəkistan rəhbərliyi nümayəndələri Azərbaycana gəlmiş, Şamaxıda türklərlə görüşmüşlər.
Azərbaycanda da M.Bayraqdarovun, M.Cəlilovun, R.Bayraqdarovun, A.Bayraqdarovun, G.Murtazovun və b. başçılıq etdiyi kolxozlar, digər təsərrüfatlar həmişə ən qabaqcıl yerlərdə olmuş, türklər hətta şoran torpaqlarda ən yüksək məhsul götürmüşlər.