AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Valeh Hacılar

Valeh Hacılar

Bir alimimiz var idi – professor Valeh Hacılar, 1951-ci ildə Borçalının Darbaz kəndində dünyaya gəmişdi, Bakıda ali təhsil almışdı, Tiflisdə İlya Çavçavadze adına Dövlət Pedaqoji Universitetində dərs deyirdi. Görkəmli folklorçu və ədəbiyyatşünas, Borçalı və Ahıska folklorunun toplayıcısı, mahir tərcüməçi və zərif ruhlu şair, Azərbaycan və Gürcüstan Yazıçılar Birliklərinin üzvü, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri idi. Ahıska xalq yaradıcılığının öyrənilməsində böyük zəhməti olan alimlərimizdən idi. Amansız əcəl yaradıcılığının gur çağında əlimizdən aldı, öz vəsiyyətinə uyğun olaraq dünyaya gəldiyi Darbaz kəndində canı qədər sevdiyi doğma torpağa tapşırıldı. Əziz dostum Valehin unudulmaz xatirəsinə həsr etdiyim, 2010-cu ilin martında Tiflisdə “Varlıq” qəzetində çap olunmuş bu yazını Ahıskaşünaslıqda haqqı olan cəfakeş alimimizi bütün türk sevdalılarının tanıması və xatirəsini yaşatması diləyilə təqdim edirəm.  
Asif Hacılı





“Millət deyə alışıb, Vətən deyə ölərmiş...”
 
Tiflisdən gələn xəbər məni sarsıtdı – əziz dostum, vətənpərvər eloğlum, böyük alim, şair, ziyalı Valeh müəllim dünyasını dəyişib. Uzun müddətdir səhhəti pozulsa da, əməlisaleh, nurlu qardaşıma, məsləkdaşıma, həmkarıma taleyin rəhm edəcəyinə ümid edirdim. Zəngləşirdim, xəbərləşirdim və Valeh müəllimdən heç vaxt xəstəliyindən giley eşitmirdim. İndi yaxşıyam deyirdi. Bütün həyatı, fəaliyyəti boyu olduğu kimi, taleyin bu sınağına da əyilmədi, sınmadı, qələmini yerə qoymadı. Onun qələmi, zəkası, biliyi isə nəinki elmimiz, bütövlükdə milli mənliyimiz, milli özünüdərkimiz üçün fövqəl əhəmiyyətli idi.
Valeh müəllim Borçalını Borçalıda tədqiq edən tək-tük alimlərdən idi. Həyatını türk dünyasının bəlli olmayan mənəvi sərvətlərinə, türk-gürcü dostluğunun elə də bilinməyən səhifələrinə, folklorumuzun yalnız onun aşkarlayıb üzə çıxardığı zənginliklərinə, ulu türk soyu qarapapaqların tarixinə, mədəniyyətinə həsr etmişdi. Onun tədqiqatlarının əsas dəyərlərindən biri folklorumuzu kəndbəkənd gəzib topladığı canlı materiallar əsasında araşdırması idi. Valeh müəllim Azərbaycan, Gürcüstan, Türkiyə arxivlərindən də ona qədər heç kimin əl belə vurmadığı sənədləri ilk dəfə aşkarlayıb tədqiq etmişdi. Borçalı, Axısqa folkloru, türkcə yazan gürcü aşıq və şairlərinin yaradıcılığı, azərbaycanlıların və gürcülərin ədəbi-mədəni əlaqələri və tale qardaşlığı, qarapapaq elinin mədəniyyət və qəhrəmanlıq tarixi, xalq yaradıcılığının bədii özəllikləri və bir çox digər mühüm mətləblər Valeh müəllimin elmi yaradıcılığının əsas mövzularından idi. Qarapapaq qaçaqçılıq mövzusunu elmi gündəmə ilk dəfə Valeh müəllim gətirdi, azərbaycanlıların və gürcülərin azadlıq, şərəf və ləyaqət mücadiləsində iştirak etmiş Borçalı qəhrəmanlarının, xüsusən, Mehralı Bəyin fəaliyyətini ilk dəfə o tədqiq etdi. Xalqlarımızın – azərbaycanlıların və gürcülərin – tarix boyu yaratdığı ortaq mənəvi dəyərləri, tarixi dostluğu sistemli şəkildə ilk dəfə o tədqiq etdi.
Valeh müəllimin elmi irsi olduqca zəngin və dəyərli, fundamental və perspektivlidir. Onun əsərləri indən belə dərindən öyrənilməli, nəşr və təbliğ edilməli, eilmi nailiyyətləri davam etdirilməlidir. Və bu ağır itkidə təsəlli verən bir məqam var ki, bütöv insan olan Valeh müəllim ləyaqətli övladlar böyüdüb. Oğlu Fəxri bu gün gənc alimlərimizin ən istedadlılarından biridir və şərəflə atasının elmi məktəbini davam etdirir. Digər oğlu Namiq Gürcüstanda türk mədəniyyətini, teatrını yaşadan istedadlı sənətkarlarımızdandır. Sağ ol, Valeh müəllim, yurdunu da, elmi məktəbini də layiqli varislərə etibar etmisən. Ancaq onu da deyim ki, sənin elmi-mənəvi varisin tək Fəxri və Namiq deyil. Yüzlərlə tələbən, aspirant və dissertantın, yetişdirdiyin gənc həmkarların, ümumən, tariximizə, folklorumuza maraq göstərənlər sənin yolunu davam etdirəcək. Bəli, professor Valeh Hacılar həm də gözəl müəllim idi. Bütün pedaqoji fəaliyyətini Tiflisdə Azərbaycan filologiyasının yaşamasına, mütəxəssis hazırlığına həsr emişdi. Onu böyük məmnuniyyətlə Bakının istənilən universiteti işə qəbul edərdi, ancaq Valeh müəllim ən çətin dövrlərdə belə yurdunu, doğma fakültəsini tərk etmədi. Buna görə də sənə minnətdarıq, Valeh müəllim, sən Borçalı mədəni mühitini, Azərbaycan-gürcü dostluğunu gerçək yaşadan nadir ziyalılardansan, bir eloğlun kimi sənə minnətdaram.
Valeh müəllim həm də incə qəlbli şair idi, əsərləri xalq müdrikliyindən, eləcə də klassik poeziyamızdan qaynaqlanırdı, həssas qəlbini ifadə edirdi. Şeirləri də vətənpərvərlik, vətəndaşlıq ruhuyla yoğrulmuşdu, hər kəlməsi vətən, millət eşqindən xəbər verirdi. Poeziyasında da, elmində də, həyatda olduğu kimi, təmənnasız idi, təvazökar idi. Valeh müəllim dost qədri bilən idi, həmkar uğuruna sevinən idi, münasibətində dürüst idi, ürəyi geniş idi, əqidəli, mərd, məğrur idi. Yaradıcılıq eşqiylə yanan idi, ideyaları tükənməz idi. Bir kitab fikirləşmişdik – “Borçalı folkloru”, müəyyən materiallar da toplamışdıq, heyf əcəl imkan vermədi Valeh müəllimə bu işi birlikdə başa çatdırmağa, ancaq çatdıracağıq, övladları, əzizlərim, şəxsiyyətlərindən qürur duyduğum Fəxri və Namiqlə birlikdə.
Valeh müəllimin əsas arzusu, istəyi Gürcüstanı və Azərbaycanı firavan, abad, qüdrətli, əbədi dost və qardaş ölkələr kimi görmək idi. Bir alim, şair, tərcüməçi, Gürcüstan-Azərbaycan Ziyalılar Birliyinin sədri, hər iki ölkədə nüfuz sahibi olan şəxsiyyət kimi bütün fəliyyəti də bu amala xidmət edirdi. Əməyinə Gürcüstan, Azərbaycan, Türkiyədə böyük dəyər verilmiş, fəxri adlar, mükafatlar almışdı. Ancaq əsas mükafatı yazdığı əsərlər, oxucularının sevgi və diqqəti, hər iki ölkənin eilmi-ədəbi ictimaiyyətinin hörməti, eloğlularının minnətdarlığı, həqiqi dostlarının sədaqəti və övladlarının ləyaqəti oldu.
Valeh müəllim bu gün bizimlə cismən yoxdur, ancaq onun nurlu çöhrəsi, əsərləri, əməlləri yaşayacaq. Bu yazının başlığındakı sətir Valeh müəllimin şeirindəndir, həmin əsərdən bir bəndi də vermək istərdim:
 
Ərənlər, ər igidlər
Kəlmə-kəlmə süzülüb,
Sətir-sətir düzülüb,
Kitab-kitab yazılıb
Yenidən dirilərmiş.
 

Valeh müəllim! Sən də kəlmələrinlə, sətirlərinlə, kitablarınla yaşayacaqsan. Əsl alim, əsl şair, əsl ərən, ər igid idin, haqq dərgahına halal əməllərinlə, saf ruhunla getdin, xatirən həmişə qəlbimizdə olacaq, axıra çatdıra bilmədiyin amalların gerçəkləşəcək, ruhun şad olsun, Valeh müəllim!
Asif Hacılı
2010



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol