AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Usta Mürtez

Ahiskali Şair Usta Mürtez

// Bizim Ahıska, Yaz 2018, 51. sayı






Asif Hacılı
Ahıskalı Şair Usta Mürtez



Ahıska türklərinin ünlü şairi Usta Mürtəz (Molla Mürtəz) – Hacıgillərdən Mürtəz Turanşah oğlu – 1890-cı ildə Adıgün mahalının Rabat bölgəsinin Arzne kəndində anadan olub. Həyatının 54 ilini vətənində keçirən Mürtəz Dədə 1944-cü ildə ailəsi ilə Özbəkistana sürgün edilib, Bulunqur bölgəsində yerləşib. Müxtəlif işlərdə çalışıb, ustalıq – bənnalıq, dülgərlik edib.
Keçən əsrin 50-ci illərində həmkəndliləri ilə birlikdə Azərbaycana köçərək Saatlıda Fətəlikənddə məskunlaşmış və ömrünün sonuna qədər burada yaşamışdır. Azərbaycanda yaşadığı dövrdə də ustalıq edib, deyilənə görə 60-dan çox ev tikib, təməlindən başlayaraq, bütün işləri özü tamamlayıb.
İslam dinini, ilahiyyatı dərindən bilib, şəriət qaydalarına əməl edib. Bir çox insanlara duaları ilə şəfa vermiş, sürgün cəfasından könlü sınıq insanlar onun nəsihətləri ilə sıxıntılardan qurtularaq təskinlik tapmışdır. Buna görə Mürtəzə həm də Molla Mürtəz deyə müraciət edirlərmiş. El arasında “nüfüsü keskindür”, yəni hörməti dərindir deyə tanınan ağsaqqallardan olan Mürtəz Dədə bir çoxlarının müşküllərini həll etmişdir.
Müdrik ağsaqqal, üləma, söz sərrafı olan Usta Mürtəz həmyerlilərinə əlindən gələn yardımı əsirgəməyib. Çox insana mənəvi dayaq olub. El arasında nüfuz sahibi olan Usta Mürtəz şairlyi, ağsaqqallığı, dini bilgiləri, eləcə də mahir ustalığı ilə məşhurlaşıb. Türk folklorunun mahir bilicisi olub.
Baməzə söhbətləri, hazırcavablığı, zarafatları ilə seçilib. Biliyinə, imanına görə el arasında Molla Mürtəz, ağsaqqal müdrikliyinə görə Mürtəz Dədə, mahir ustalığına görə isə Usta Mürtəz kimi tanınıb. Bədii əsərlərində isə özünü Usta Mürtəz kimi təqdim edir.
Usta Mürtəz ömrünün sonlarına qədər bədii yaradıcılıqla məşğul olmuşdur. Fitri istedadı olan şair bir çox şeirlərini, fikirlərini bədahətən deyərmiş. Ahıska türklərinin tanınmış ziyalısı Mirzə Misliyev söyləyir ki, Usta Mürtəz “şeirlərini necə xatırlayırsan” sualına belə cavab verərdi:
– Yaradan Allahdur, bizə qaliyer onlari yazmax, oxumax, elin söz mülkünə hədiya etmax. Allah ki, ilham veriyer, sözlər də axıb gəliyer, yaz, saxla.
Qəlbi Tanrı eşqi və Vətən həsrətilə çırpınan ağsaqqal şair 1992-ci ildə vəfat edib.
Usta Mürtəzin bədii yaradıcılığı onun doğma yurdunun tarixindən və xalqının taleyindən qaynaqlanır. Şairirin doğulub böyüdüyü, nisbətən kiçik kənd olan Arzne türk ruhunun və əxlaqının dərin kök saldığı, saz-söz sənətinin geniş yayıldığı, əski türk rəvayətlərinin, inanclarının qorunduğu qədim yurdlarımızdandır. Molla Mürtəz zəngin mənəvi və coğrafi mühitdə formalaşıb, fitri istedadı ilə söz sənətinə, dini biliyə yiyələnib, ustad şair və müdrik ağsaqqal kimi tarixə düşüb.
Şairin yaradıcılığı türk klassik poeziyası və xalq şeiri ənənəsinin vəhdəti ilə seçilir. Əsərlərinin böyük bir qismində dini motivlər, Quran-i-Kərim və digər səmavi kitablardan gələn hikmət, fəlsəfi mətləblər, həyatın mənası, tale, qismət, ölüm, ədəb, mərifət, halallıq, hikmət kimi anlayışlar mühüm yer tutur. Mütəfəkkir şair dünyanı müdrikcəsinə qavrayır, haqdan gələn qismətə inanır, taleyin hökmünü əzmlə qəbul edir:

Haqdan gəldi əmir bizə,
Söylən, anam ağlamasın,
Amanatım budur sizə,
Söylən, anam ağlamasın.

Ağlayıb yaxmasın bəni,
Davaçiyim məhşər güni,
Əgər sorarsa oğluni,
Söylən, anam ağlamasın.

Qarışmasın haqq işinə,
Ağular qatmasın aşına,
Ağlarsa kəndi başına,
Söylən, anam ağlamasın.

İman əhli olan şair otuz üç bəndlik “Söyliyem” şeirində dünyanın yaradılışı, həyatın mənası, haqq və ədalət, günah və cəza, qiyamət günü haqqında danışır və insanları tövbəyə, ali dəyərlərə səsləyir, müasirlərinin bəzən haqq yolundan sapmasından şikayətlənir:

Tövbə qılın, qardaşlar, günahdan çıxın,
Həp gücüz çatduxca, salavat oxun,
Əcəlin çıxmasi gəlmişdür yaxın,
Bir gözi kor bed sifatdan söyliyem.

Cahillər aqillərə hörmət bilmədi,
Tərk oldi namaz, kimsə qılmadi,
Əski oxumişlərdən kimsə qalmadi,
Yesir qalan salavatdan söyliyem.
Sonsuz iztirablar, çəkdiyi acılar, çıxılmaz tuzaqlar, xalqın sürgün iztirabları Usta Mürtəzi bəzən bədbinləşdirmiş, tənhalıq, çarəsizlik düşüncələrinə gətirib çıxarmışdır:
Ağlamaxdan getdi çeşmim qarasi,
Heç sağalmaz belə oxlar yarasi,
Bin təbib cəm olsa, yoxdur çarəsi,
Olmaz dərdə, qəm-hicrana düşərsin.

Şairin yaradıcılığında soydaşlarının yaşadığı milli faciə – sürgün faciəsi də əsas mövzulardan biridir. Şair “Yetişdi (1944, 14 noyabr sürgünü)”, “Könül (Sürgün günlərindən xatirə)”, “Ağlarım”, “Ağlasın”, “Hani?”, “Dayan, könü”, “Dastani Balabek”, “Bənim” kimi şeirlərində yurdsuzluq, haqsızlıq, kimsəsizlik, qürbətlərdə başa gələn acılardan ürək ağrısıyla danışır. Bu kimi şeirlərdə 1944-cü il sürgünü həm tarixi hadisələrin xronologiyası baxımından, həm də bu faciənin insanlara vurduğu fiziki əzablar və mənəvi iztirablar baxımından təsvir olunur:

Tarixin min üç yüz altmış üçündə
Məzlum dünya bir şivana yetişdi,
Sürgün oldux bir gecənin içində,
Fiğan düşdi, əl-əşana yetişdi.

Əl-əsmana düşdi gəlinlər, qızlar,
Ağlaşur camahat, cümləsi sızlar,
Əlvida etdux o vaxıt bizlər,
O sədamiz hər cahana yetişdi.

Ahıl çağında sürgünün bütün ağrı-acılarını yaşamış Usta Mürtəz milli fəlakətin xalqın taleyinə, mədəniyyətinə, varlığına, şəxsi həyatına vurduğu zərbələri ürək yanğısıyla yaşayır, haqsızlıqdan şikayətlənir:

Usta Mürtəz, düşdüx veran çöllərə,
Dastan oldux dildən dillərə,
Bulbul kimi tolanurux güllərə,
Bir quri şaxına qonar ağlarım.

Sürgün hər bir ailəyə, insana fəlakət gətirmiş, qohumlar, dostlar ayrılmış, tellər qırılmışdır:

Unudulmaz aci vardur canımda,
Görüb söylədüğüm ərənlər hani?
Qohum-qardaş, kimsə yoxdu yanımda,
Sağımda-solumda duranlar hani?

Lakin faciəli günlər, əzablar şairin ruhunu sarsıtmır. Xalqının taleyinə yazılmış acılar, soydaşlarının iztirabları, qarşılaşdığı zülm və haqsızlıqlar şairi bədbinləşdirmir, insanlığa və qurtuluşa inamını söndürmür. Usta Mürtəz bəşəriyyəti haqqa çağırır, insanlığa səadət arzulayır, qadir Mövladan “qışı” əvəzləyəcək “bahar” diləyir:

Qədir mövləm, budur səndən diləgim,
İstərim yaz olsun qışi dünyanın,
Üç ay yazdur, üç ay qış, üç ay güz,
Əzəli bahardur başi dünyanın.

Taleyin keşməkeşlərinə baxmayaraq Usta Mürtəz həyatı boyu insani hisslərə, mərhəmət və rəhm kimi anlayışlara sadiq qalır və oxucularını da buna səsləyir. Şairin bir çox nəsihətamiz şeirlərində ədəb, mərifət, rəhm kimi mənəvi-əxlaqi dəyərlər tərənnüm olunur, zülm, xəyanət, yamanlıq, nəfs inkar edilir:

Zati-könül, bəndən sənə nəsihət,
Demə dövlətim var, malım yaxşidür.
Asılsız adamla qılma ünsiyyət
Zanma bu dünyada zalım yaxşidür.

Məclisə varanda uzunçi olma,
İncidib qonşini, kimsəyi sögmə,
Gücüm vardur deyib yetimi dögmə,
Ögünüb demə ki qolum yaxşidür.

Usta Mürtəz Haqdan iştər dərdini,
Hər adam görəcax ölüm dadıni.
Bir kişi ki, yaman qılur adıni,
Yaman addan ona ölüm yaxşidür.

Dini-fəlsəf, tarixi, mənəvi şeirlər müəllifi olan şair el arasında incə zarafatları, eyhamlı kəlamları və satirik şeirləri ilə də məşhur olub.
Usta Mürtəzin incə yumorlu və tikanlı satirik şeirlərində həyatda rastlaşdığı müxtəlif olaylara, xarakterlərə, hadisələrə ironik, bəzən satirik münasibət bildirilir. Onun bəzi şeirlərində el-obada görüb-eşitdiyi məzələi hadisələr incə yumorl, saf gülüşlə təsvir olunur.
Mürtəzin şeir həsr etdiyi belə məzəli əhvalatlardan birini 1980-ci illərin axırlarında Saatlıda Fətəlikənddə (həmin dövrlərdə M.F.Axundov adına kolxoz) orta məktəb müəllimi işləyən Məhəmməd Dursunov bizə söyləmişdi:
- Bir dəfə maşında ot gətirəndə maşına ataş alışdı, ot yanmaya başladı, bizimsə xəbərimiz yoxdur. Arxadan “Jiquli” (sovet dönəminin avtosu) gəliyer, çatammiyerlər ki, desinlər ot yaniyer. O gəliyer, biz yol vermirux, qaçıyerux. Elə düşünüyorux ki, bu milisdir (sovet dövrü polisi), bizi tutub cerima edacax. Bir təvür "Jiquli" irəlilədi və saxladi. Bizə işmar etdi ki, ot yaniyer. Biz çıxdux ki, maşın üsti tütünə qatlanmuş, yaniyer. Sürən də Zedibanlı oğlandur, adi Köşəlidür. Bir təvür otun ataşını söndirdux. Maşın alovlana-alovlana Gümüş kanala gəldux çatdux. Su səpdux, söndirdux. Bu xəbər çatiyer Mürtəz Dədəyə. Aldi görax, Mürtəz Dədə nasıl vəsf etdi buni:

Zediban qariyəli (kövlu) Təməlin oğli,
Bəsmələsiz döşəkdən çıxan Köşəli,
Onunçun gəlmiyer işlərin toğri,
Sol ayağın şalvara taxan Köşəli.

Nasıl edax kötülərin məthini,
Bilirüm aslıni, tanrı zatıni,
Sən ki yakdın Məhəmmədin otuni,
Qomşi ocağıni yıxan Köşəli.

O ki bənziyersin ağacların zortuna,
Canım qurban olsun yigitlərin qartına,
Yüz manat xərclatdın maşın bortuna,
Paraya da panço taxan Köşəli.

Siz kimi cəhillər maşın qədrin bilməz,
Dövran sürüb əsla səfa da qılmaz,
Zəhmət çəkər, zəhmət haqqın alamaz,
Hökmət maşının yaxan Köşəli.

Usta Mürtəzdi sözlərini qanduran,
Tapulmadi maşinayi söndürən,
Od salıban maşinayi yaxdıran
İdaradan da yüziağ çıxan Köşəli.

Usta Mürtəz öz satirik şeirlərində ictimai, bəzən siyasi məsələlərə də toxunurdu. Bu şeirlərdən biri “Mürtəzin Mövlüdə ərizəsi” adlanır. Bu şeir Ahıska türklərinin öndər tarixi şəxsiyyəti, ahıskalıların Özbəkistandan Azərbaycana gəlişinin təşəbbüskarlarından biri, Saatlı rayonunda məşhur “Adıgün” kolxozunun yaradıcısı və sədri, Sosialist Əməyi Qəhrəmanı Mövlud Bayraqdarova ünvanlanıb. Şeir gerçək hadisə ilə bağlıdır: kənddə taxıl anbarının tikintisi üçün daş lazım olur, ancaq məsələ heç cür həll olunmur. Axırda Usta Mürtəz şeirlə yazdığı yumorlu ərizə ilə Mövlud Bayraqdarova müraciət edir:

Bir riça qıldım sənə,
Qoyma bəni yana-yana,
Bir az taş lazım oldi,
Sən bülürsün, Mövlüd tayi.

Əl-ayağın öpəçağım,
Biraz hisa qalaçağım,
Xalx anbari yapacağım,
Sən bülürsün, Mövlüd tayi.

Oxudum da əmir bayi,
Sənsin xəzinələr tayi,
Çox yalvardım, həzim tayi,
Sən bülürsün, Mövlüd tayi.

Yaşa, Mövlud tayi, yaşa,
Hər niyatın dönsün xoşa,
Taxıli yedurdux quşa,
Yazuğun gəlsin, Mövlüd tayi.

Usta Mürtəz gəldi sizə,
Tez olsun qalmasın güzə,
Bir maşin olsa, yetər bizə,
Sən bülürsün, Mövlüd tayi.

...İslam dinini dərindən bilən, fəlsəfi məzmunlu şeirlər yazan, soydaşlarına ağsaqqallıq edən, mahir usta kimi tanınan Usta Mürtəzin dilindən belə bir rəvayət danışılır ki, yuxuda ərənlər əlindən badə içirmiş, ancaq yuxudan qəfil oyadıldığına görə badə yarımçıq qalıb. Bu məqam onun əsərlərində də əks olunub:

Cənnətdən qulağma gəldi bir sədə,
Çağırın Mürtəzi, qalmasin yada,
Ərənlər əlindən nuş etdim badə,
Bəndə olan kərəmətdən söyliyem.

Tale Usta Mürtəzin ərənlər badəsini, sürgün isə arzularını yarımçıq qoydu. Yazıb yarada biləcəkləri ilə müqayisədə çox az əsəri var, – yurd həsrətilə qovrulan şairin ilhamını sanki amansız fələk cilovladı.
Təəssüf ki, yaratdıqları da vaxtında yazıya köçürülməmiş, yaddaşlarda az bir qismi qalmışdır. Usta Mürtəzin 1980-ci illərin ortalarından bu vaxta qədər cəmi 20 şeirini toplayıb çap etdirə bilmişik. 2015-ci ildə isə Bakıda onun həyat və yaradıcılığına həsr olunmuş “Ahıskalı şair Usta Mürtez” adlı kitabımız dərc olunub. Əminik ki, onun əsərləri bunlardan qat-qat çoxdur, yaddaşlarda, əlyazmalarda qorunub saxlanır. Bu məqalənin istedadlı şair Usta Mürtəzin zəngin yaradıcılığına maraq oyadacığına və yeni əsərlərinin toplanıb nəşr ediləcəynə ümid edirik.











Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol