AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Arif Əmrahoğlu

 
Arif Əmrahoğlu

Bir dostumuz var idi – Arif Əmrahoğlu... 1954-cü ildə Borçalının Ağqula kəndində anadan olmuşdu, orta məktəbi Ləmbəli kəndində bitirmiş, ADU-nun filologiya fakültəsində təhsil almışdı. Azərbaycan Yazıçılar Birliyinin katibi, Bakı Dövlət Universitetinin müəllimi idi. Yurdunu, xalqını, dövlətini saf bir məhəbbətlə sevirdi. Vəfatından bir qədər əvvəl hörmətli Anar müəllimin dəvəti ilə Ahıska türklərinə həsr olunmuş televiziya verilişində iştirak etmişdik. Həmin gün Ahıska türklərinin tanınmış ədiblərinin Azərbaycan Yazarlar Birliyinə qəbul edilməsini təklif etdim. Görkəmli yazıçımız Anar müəllim təklifi dəstəklədi. Arif Birliyin katibi kimi bu məsələnin həlli üçün böyük zəhmət çəkdi. Təəssüf ki, ömür vəfa etmədi, vəfatından az sonra Ahıska yazarlarından Cabir Xalid, Nurəddin Sasiyev, Həmdi Eyvazov, Sabircan Cəlilov, Təzəgül Cəvdətova, Şəmşir Şimşəkoğlu, Adəm Əliyev Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edildi. Ahıskaya, Borçalıya xidməti olmuş Arifin əziz xatirəsini bir daha anmaq üçün "Hamı üçün yaxşı - Arif Əmrahoğlu" adlı topluda dərc olunmuş bu yazımı yurddaşlarımıza təqdim edirəm. 

Asif Hacılı
 
 
 
Ahıska türklərinə həsr olunmuş verilişin çəkilişində
AYB, 2014, yaz

 
Saflıq və bütövlük örnəyi

Arif Əmrahoğlunu itirdik! – Böyük, əvəzolunmaz itkidir. – Ancaq Arifin haqqında keçmişdə, xatirələrlə danışmaq çətindir. Arifin dünyamızdan getdiyinə inanmaq çətindir. Otuz illik dostluğumuz dövründə Arifi həmişə şux, məğrur, sanballı, nikbin görmüşdüm. Həmişə çöhrəsində təbəssüm, sözündə qətiyyət vardı. Arif cavanlığından bir səbat və dəyanət nümunəsi idi. Əqidəsi, sözü və əməli bir olan insanlardan idi. Elmində də, fəaliyyətində də, vətəndaşlığında da, dostluğunda da.
Ariflə tanışlığım 1977-ci ildən başlayıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuduğumuz dövrdən – Arif beşinci, mən birinci kursda oxuyurdum. Fakültəmizdə filologiyamızın klassikləri dərs deyirdi, tələbə çevrəmizin də əsas söhbəti ədəbiyyatşünaslıq, dilçilik, folklor, türkologiya idi. Arif sonuncu kursda oxumasına və artıq elmi nüfuz sahibi olmasına baxmayaraq, hamımızla dost, simsar, təvazökar idi. Hər bir fikrimizə, yaşımızdan gələn fantastik ideyalara maraq və hörmətlə yanaşırdı. Heç kimi birbaşa tənqid etmirdi, ehmalca, həvəsdən salmadan, həssaslıqla düz səmtə yönəldirdi. Bildiklərini, oxuduqlarını, fikirlərini səxavətlə paylaşırdı.
Arif ədəbiyyatşünaslığın aktual, milli filologiyamız üçün yeni sahələri ilə maraqlanır və dostlarını da buna istiqamətləndirirdi. “Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)” mövzusunda namizədlik dissertasiyası və “Nəsrin poetikası (XIX əsrin II yarısı)” adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda yeni bir söz oldu – təhkiyə problemi, mifopoetik elementlər, arxetiplər, müəllif məsələsi klassik nəsr materialında ilk dəfə ciddi elmi təhlilini tapdı. Bu anlayışların nəzəri aspektləri ümumiləşdirildi və sonrakı bir çox təhlillərə zəmin yaratdı. Arifin “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” kimi kitabları da fikir, müşahidə, qənaət baxımından yeniliyi, dəyəri ilə seçilir. İndiki elmi-ədəbi reallıqlarla müqayisədə sayca elə də çox kitabı dərc olunmayıb. Ancaq çap olunmuş kitabları tarixdə qalacaq, istifadə olunacaq dəyərli və ciddi əsərlərdir.
Arif Əmrahoğlu ədəbi tənqid, tərcümə, ədəbi əlaqələr sahəsində də mahir mütəxəssis, söz sahibi idi. Bakıda və Moskvada çıxan bir sıra kitabların tərtibatçısı, tərcüməçisi kimi böyük zəhməti olub. Ədəbi-tənqidi məqalələrindən başqa, bir sıra tədbirlərin təşkilatçısı, aparıcısı kimi də müasir ədəbi prosesə sanballı xidmətləri var.
Yazıçılar Birliyinin katibi işlədiyi dövrdə qayğısını heç kimdən əsirgəmirdi. Maraqlıdır ki, onu ədəbi prosesimizin bütün nəsilləri, fərqli məktəblərin və cərəyanların nümayəndələri qəbul edib sözünə güvənirdi. Çünki prinsipiallığına və obyektivliyinə, səmimiyyətinə inanırdılar. Arif sözə böyük dəyər verən təmənnasız adam idi və əsl söz sahiblərini də ürək genişliyi ilə qiymətləndirirdi.
Arif həm də ustad müəllim idi, müəllimliyə vaxtı az qalsa da peşəkarlığı, humanizmi, qədirbilənliyi ilə tələbələrinin dərin məhəbbət və hörmətini qazanmışdı. Eləcə də həmkarlarının, qələm yoldaşlarının, dostlarının. Sənətə sədaqəti qədər də dostluğa, yurduna, xalqına, dövlətinə sadiq idi. Əqidə və məslək sahibi idi. Saflıq və bütövlük örnəyi idi.
Məşğul olduğu bütün sahələrdə – elm, təşkilatçılıq, müəllimlik – məsuliyyəti ilə seçilirdi. Arif bütün işlərinə köklü, dərindən yanaşırdı, yükü çiyinlərinə alırdı. Arifin bir mühüm xüsusiyyəti də, daim ədəbi mühitin içində, katib kimi isə mərkəzində olmasına baxmayaraq, bütün dövrlərdə ədəbi intriqalardan uzaqlığı, bunların fövqündə durması idi. Xarakterinə bir ağayanalıq və bütövlük, təmkin və alicənablıq xas idi. Bu onun həm insani münasibətlərində, həm fəaliyyətində aşkarlanırdı. Çünki saf və təmənnasız idi. Arif mənliyinə, davranışına, xarakterinə görə, əslində, maarifçilik dövrünə xas klassik Azərbaycan ziyalısı idi. Şəxsiyyəti, səviyyəsi, əqidəsi və mənəviyyatı ilə örnək idi.
Arif yurdunu, vətənini, xalqını, dövlətini təmənnasız və saf bir məhəbbətlə sevirdi. İctimai-ideoloji məsələlərdə sağlam və məntiqli mövqeyi olan adam idi. 1980-ci illərin axırları - 1990-cı illərin əvvəllərində respublikamızda, eləcə də Qərbi Azərbaycanda və Borçalıda baş verən ağır proseslərə həssaslıqla və peşəkar reaksiya verirdi. Borçalıda milli maarif və mədəniyyətin qorunmasına çalışırdı. Türk dünyası, bütöv Azərbaycan anlayışları onun üçün üstün dəyərlər idi. Vəfatından bir qədər əvvəl televiziyada hörmətli Anar müəllimlə Ahıska türklərinə həsr olunmuş verilişdə iştirak etmişdik. Arif Ahıska türklərinin mədəniyyətinin də əsl bilicisi kimi fikirlərini söylədi, proqnozlarını verdi. Bu, məncə, onun belə geniş televiziya proqramında son iştirakı oldu.
Arif Əmrahoğlunu itirdik! – Əsərləri qaldı, yaddaşlarda yaşayan söhbətləri, xeyirxah əməlləri qaldı, nurlu çöhrəsi qaldı. Arif dünya səviyyəli alim idi və çox dəyərli əsərlər yaza bilərdi və yazacaqdı da – ömür vəfa etmədi. Biz bu yazılacaq əsərləri itirdik! İstedadlı ədibimiz bir çox fikir və mülahizələrini, yazacağı sətirləri özü ilə apardı.
Təsəllimiz budur ki, Arifin vəfalı tələbələri, məsləkdaşları, onun əsərlərindən, söhbətlərindən bəhrələnmiş qələm yoldaşları var. Gözəl ailəsi, vəfalı dostları var. Nəhayət, ömrünü həsr etdiyi ədəbiyyatımız var – Arifi əbədiyyətə qovuşduran amillər bunlardır.
Allah əziz dostumuza rəhmət eləsin, ruhu şad olsun.
Asif Hacılı
2014


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol