AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

Güləhməd Şahin


Güləhməd Şahin

Bir şairimiz var idi – Güləhməd Şahin, sənədlərdə Güləhməd Şərəf oğlu Kuçiyev... Əslən Ahıska mahalının Koblıyan (Altunqala) bölgəsinin (indiki Adıgün rayonunun) Pulate kəndindən idi. 1955-ci ildə Özbəkistanda anadan olmuş, 1959-cu ildə ailəsi ilə Azərbaycana köçmüş, Saatlı rayonunun Fətəlikəndində məskunlaşmışdı. 1971-ci ildə Fətəlikənd məktəbini bitirib təhsilini Bakıda davam etmiş, iqtisadçı ixtisasına yiyələnmişdi. Müxtəlif sahələrdə çalışmışdı. Həm də şeir yazırdı. Xain xəstəlik onu qəfil yaxaladı, bu fani dünyanı tərk etdi, əbədiyyətə qovuşdu. Bizə şeirləri qaldı, şeirlərdə səslənən duyğuları, düşüncələri, arzuları, vətən həsrəti qaldı... Ölümündən bir qədər əvvəl “Bəxtimə düşən ömür” kitabının əlyazmasını gətirib oxumağımı, fikir bildirməyimi istəmişdi. Oxuyub rəy yazmışdım, gözəl əsərlər yazdığını demişdim və rəyi də vermişdim Güləhmədə. Kitab çıxdı, ancaq Güləhməd xəstələndi, bu yazı qald. İndi həmin rəyi bəzi əlavələrlə dəyərli oxucularımıza təqdim edirəm. Bir də Güləhmədin yadigar olaraq mənə ünvanladığı “Asif müəllim” şeirini və Saatlıda Adıgün kəndində ünlü alim Yunus Zeyrək və Güləhmədlə çəkdirdiyimiz şəkli. Bu yaxında həmin məqalə Türkiyədə Yunus Bəyin "Bizim Ahıska" dərgisində də çap olundu. Həmin məqaləyə aşağıdakı linkdən keçid edib oxuya bilərsiniz. Əziz qardaşımız Yunus Bəy nə yazıq ki bu gün xəstəliklə mücadilə aparır, yastığı yüngül olsun, Allah şəfasını versin... Güləhməd qardaşımızın ruhu şad olsun...
Asif Hacılı

"Bizim Ahıska" dergisində çap olunmuş məqalə: Garipliğin Şiiri Yahut Gülahmet Şahin’in Şiir Dünyası // Bizim Ahiska, sonbahar, 2017, sayı 48

                                                                                                                         
 
     
Bir  şairimiz var idi - Güləhməd Şahin
Türk dünyasının cənnət guşələrindən və zəngin mədəniyyət mərkəzlərindən olan Ahıska yörəsi ən qədim vaxtlardan şeir-sənət yurdu kimi tanınıb. Bu torpaqlarda Aşıq İrfani, Aşıq Gülali, Aşıq Qərib, Xasta Hasan, Aşıq Şenlik, Aşıq Öməriy, Aşıq Nuru, Aşıq Üzeyir Fəqiri, Aşıq Zülali, Aşıq Əmrahi, Aşıq Məhəmməd Səfili kimi istedadlı sənətkarlar saz çalıb söz söyləmişlər. 1944-cü ildə sovet rejimi tərəfindən öz doğma yurdlarından sürüldükdən sonra milli mətbuatdan, məktəbdən, ərazi birliyindən məhrum olan Ahıska türkləri xalq sənətini, milli musiqini, poeziyanı, adət-ənənələri, dini etiqadı, türk kimliyini qoruyub saxlamışlar.
Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın müxtəlif bölgələrində məskunlaşmış Ahıska türklərinin milli ruhunu, birliyini qoruyan, onları vətənə bağlayan əsas amil məhz xalq sənətidir. Ahıska folklorunda və ədəbiyyatında bizim çağda, qəriblikdə yaranmış əsərlər çoxdur. Son illərdə ulu ustadların sənətini yeni nəsil davam etdirir. Mürtəz dədə, Zarzimalı Aslan, Cabir Xalidov, Əli Paşa Veysəloğlu, Fəhlül, Zeynul Yektay, Şimşək Sürgün Kaxaretli, Güləhməd Şahin, Şahismayıl Adıgünlü, İlyas İdrisov, Mehyar Əhmədoğlu kimi el şairlərinin altun kəlmələri xalqı birləşdirir və bir millət kimi yaşadır.
       Azərbaycanda Ahıska türklərinin bir çox istedadlı ədibləri yaşayıb yaradır, Saatlı rayonunda hörmətli müəllim, ziyalı Fəzli Əşrəfovun rəhbərliyi ilə Ahıska türklərinin Yazarlar Birliyi fəaliyyət göstərir. Bizim təqdimatımızla və görkəmli yazıçı Anarın dəstəyi ilə 2016-cı ildə Ahıska türklərinin yazıçı və şairlərindən Cabir Xalid, Nurəddin Sasıyev, Sabircan Cəlilov, Həmdi Eyvazov, Təzəgül Cövdətova, Şimşək Şimşəkov Azərbaycan Yazarlar Birliyinə üzv seçilmişlər.
      Axısxa türklərinin çağdaş poeziyasının istedadlı nümayəndələrindən biri şair Güləhməd Şahindir. Əsli Ahıska mahalının Koblıyan (Altunqala) bölgəsinin (indiki Adıgün rayonunun) Pulate kəndindən olan Güləhməd Şərəf oğlu Kuçiyev 1955-ci ildə Özbəkistanda anadan olmuş, 1959-cu ildə ailəsi ilə Azərbaycana köçmüş, Saatlı rayonunun Fətəlikəndində məskunlaşmışdır. 1971-ci ildə Fətəlikənd məktəbini bitirən Güləhməd təhsilini Bakıda davam etdirmiş, iqtisadçı ixtisasına yiyələnmişdir. Müxtəlif sahələrdə çalışmışdır. Bədii yaradıcılığa hələ məktəb dövründən başlayan Güləhməd Şahin “Bir qüvvət ver, ilahi”, “Bəxtimə düşən ömür” adlı kitabların, bir çox poema və şeirlərin müəllifidir. Qeyd edək ki, Güləhməd də yuxarıda qeyd etdiyim şair dostları ilə birlikdə Azərbaycan Yazarlar Birliyinə üzv seçiləcəkdi, ancaq vaxtsız əcəl onu imkan vermədi, qəfil xəstəlikdən vəfat etdi.
        Güləhmədlə tanışlığım 1980-ci illərin ortalarına təsadüf edir. Fətəlikənddə folklor ekspedisiyalarım zamanı evində qalmış, qonağı olmuşam. Əsl türk müsafirliyini gördüyüm Güləhməd kəndlə tanışlığım, folklor toplanmasında mənə böyük kömək göstərmişdi. Evlərində qaldığım zaman axşam söhbətlərində vətən, xalqın taleyi, yurda dönüş mücadiləsindən danışardıq. Belə söhbətlərin birindən sonra səhəri gün Güləhməd gecə sabaha qədər yazdığı “Qalmadi” şeirini oxudu, sonradan bu şeiri 1992-ci ildə “Qəribəm bu vətəndə” kitabında dərc etdim:

Bu dünyaya qərib gəldüx gedarux,
Söyləməyə dastanımız qalmadi,
Qürbət eldə çadırlara yatarux,
Əkməyə heç bostanımız qalmadi. –

bəndiylə başlayan ”Qalmadi” şeiri belə bitir:

Düz yolumuz əgriləndi, buruldi,
Həsrət oxi yürəgimdən vuruldi,
Güləhməd də bu dünyadan yoruldi,
Yazmağa heç havasımız qalmadı.

       Vətən-yurd sevgisi ilə dolu bu şeirin belə sonluğu məni sarsıtdı və “Güləhməd, həvəsini itirmə və yorulma, əksinə, yaz, qoy hamı bu dərddən agah olsun” dedim. Şükür ki, təbiətən çox nikbin insan olan Güləhməd yaradıcılığına davam etdi, poemaları, şeirləri Azərbaycan, Türkiyə mətbuatında dərc olundu, əsərləri janr və məzmunca zənginləşdi, kitabları çap olundu.
   Güləhmədlə belə söhbətlərimizdən biri də Azərbaycanda səfərdə olan türkiyəli dostumuz və həmkarımız, görkəmli ahıskaşünas, gözəl şair, türk sevdalısı Yunus Zeyrəklə birlikdə Saatlı rayonunun Adıgün kəndində ahıskalıların toplaşdığı tədbir zamanı oldu. Güləhmədlə, Yunus Bəylə o gün ürək dolusu danışdıq, xaəyalən bütün türk dünyasını dolaşdıq. Yunus Bəy də, təəssüf ki, xəstəliklə mücadilədədir, türk dünyasının bu böyük şəxsiyyətinə, Ahıska tarixinin, kültürünün yorulmaz tədqiqatçısına, “Bizm Ahıska” dərgisinin yaradıcısına və cəfakeşinə Uca Allahdan şəfa diləyirəm.
  Güləhməd Şahinin “Tənhalıq”, “Bəxtimə düşən ömür”, “İki varlıq, “Ömür qatarı” kimi poemalarında, xalq yaradıcılığı və müasir poetik üslubda olan lirik şeirlərində, müxtəlif məzmunlu qəzəlləri məzmunca çox rəngarəngdir – həyatın mənası, dünyanın sirri-müəmması, tale-qədərin hökmü, xəyal və gerçəyin təzadı, sevgi və həsrət, məyusluq və xiffət, kədər və çaşqınlıq, inam və əzm.
      Lakin bütün bu müxtəliflik bir məhvər ətrafında birləşir – vətən dərdi, qürbət acısı, qəriblik ovqatı və sönməz yurd sevgisi, mücadiləyə çağırış. Güləhməd şeirlərində özüylə tək olanda da, tənhalıqda da, fərdi insani duyğularını yaşayanda da bütün bunların təməlində onun qara sevdası – həmvətənlərinin 70 ildir ağrısından qovrulduğu yurd həsrəti, qəriblik duyğuları durur. Güləhməd sevgidən, məhəbbətdən bəhs edəndə də qəribdir, təbiəti, insani gözəllikləri vəsf edəndə də qəribdir, tale və qədər, həyat və ölüm, insan və toplum barədə düşüncələrində də qəribdir, bir sözlə, “bəxtinə düşən ömür” yaşantılarında qəribdir.
Ahıskanın bütün məskənləri Güləhməd üçün doğma yurd yeridir, vətəndir. Bu sıradan onun babalarının məzarları qalmış, ecazkar təbiəti, əlçatmaz qalaları, müqəddəs türbələri, nurani xocaları, Koblıyanlı Çərkəzoğlu, Aşıq Məhəmməd Səfili kimi ünlü şairləri ilə məşhur olan Koblıyan-Altunqala bölgəsi və Pulate kəndi Güləhmədin yaradıcılığında daim xüsusi kədərlə anılan, həsrəti çəkilən məkandır:

Sən nerdəsin, Pulatenin puvari,
Qana-qana bir içeydim sulari,
Qaranluxlar tutdi bizim yolları
Baxmağa heç sağ-solumuz qalmadi.

     Vətən dərdindən, fərdi ömür yolunun və milli taleyin acılarından doğan bu xiffət və həsrət bəzən xəyalları puça çıxan, nağılına çatmayan bir çocuq çaşqınlığında ifadə olunur:

Çox öyünmə, dəli könül,
Daha noğul bişən deyil.
Gözlədiyin üç almadan
Heç biri də düşən deyil.

     Bəzənsə fərdi və milli taleyin amansızlığı müəllifi faciəli ümidsizliyə salır:

Baş daşımda bir yazı yaz:
“Görmədi bir çiçəkli yaz”.
Qardaş, mənim qəbrimi qaz,
Öldüm sızlaya-sızlaya.

     Lakin şair bu faciəli çevrədə qapanmır, ümidsizlik inam və mübarizliklə əvəzlənir. Güləhməd çaşqınlıqdan, ümidsizlikdən qurtuluşu, ilk növbədə, öz müsəlman ruhunda, uca Allaha inamında və həm də öz türk varlığında, xalqının müdrik qüdrətində tapır:

Sanki bir qəflətdən oyandı canım,
Əlləri səmaya boylandı canım,
Bir şəfqət nuruna boyandı canım,
Sonunda şəfaət versin Allahım,
Hər şeyə qadirsin, birsin, Allahım!

     Sürgün acılarını ləyaqət və şərəflə, milli və dini kimliyini, dilini qoruyaraq keçirən doğma xalqından qürur duyan Güləhmədin “Halal olsun, millətim!” şeirində isə belə deyir:

Zaman-zaman fələklərin
zindanında çox döyüldü,
Üzülmədi.
Quzğunların caynağında
daşdan-daşa çox atıldı,
Əzilmədi.
Ömrü-günü daşa döndü,
xəzan vurdu yarpağını
Tökülmədi.
Suya həsrət ağac kimi
qurusa da bükülmədi...

      Beləliklə, şair öz daxili gücünü Uca Tanrıya olan inamından, xalqının müdrikliyindən, həmvətənlərinin dönməz iradəsindən, yurd sevgisindən alır, - öz soydaşları kimi Güləhməd doğma Vətəni ali dəyər, hər şeydən üstün bir məqsəd, amal kimi tərənnüm edir. Güləhmədin şeirlərində də fəlsəfi kədər, taleyin acıları, xiffət və nisgil vətən sevgisi qarşısında geri çəkilir. Şairin əsərləri, qəriblik poeziyası, lirik kədərin dərinliyinə baxmayaraq, xalq ruhunun əbədiliyini, yurda dönüşün labüdlüyünü, gələcəyə inamın sarsılmazlığını təsdiqləyir.
Bu yolun yolçusu olan Güləhməd son nəfəsində də Vətən həsrəti çəkdi, yurd sevdası ilə fani dünyadan getdi, əbədiyyətə qovuşdu. Son görüşümüz ölümündən bir qədər əvvəl olmuşdu, Bakıya “Bəxtimə düşən ömür” kitabını gətirmişdi, mən də o kitabı oxudum, çapa məsləhət bildim və kitab çap olundu. Güləhməd mənə ünvanladığı bir şeir də yazıb gətirmişdi, həmin şeirdə belə bir bənd var:

Darıxma, bu millətin suları durulacaq
Bir gün bu millətin qandalları qırılacaq
Zalımdan, zülümkardan haqq-hesab sorulacaq
Oyanıb bu millətin mərdi, Asif müəllim!

     Allah incə qəlbli şairimiz Güləhmədə rəhmət eləsin və dua edək ki, onun bu istəkləri həyata keçsin. Millətimizi oyadanlar da Güləhməd kimi mərd vətənpərvərlər, istedadlı şairlər, alimlər, ziyalılardır. Güləhmədin əsərləri Ahıska türklərinin bugünkü duyğularını, ovqatını ifadə edir. Bu əsərlər haqqında çox danışmaq olar. Lakin mühakimələri oxucuların öhdəsinə buraxaraq, bir məsələ ilə sözü bitirmək istərdim. Dünyanın hər yerində Ahıska türklərinin istedadlı şair və nasirləri, eləcə də musiqiçiləri, rəssamları, alimləri var. Bir çox ölkələrə səpələnmiş, müxtəlf yerlərdə, müxtəlf dillərdə təhsil alan və çalışan, qəlblərində yurd sevgisi, millət eşqi şölələnən bu istedadlı insanların mənəvi qayğıya böyük ehtiyacı var. İnanmaq istərdik ki, Ahıska türklərnin istedadlı sənətkarlarının əsərləri işıq üzü görəcək, mənəvi dünyaları sürgün dövrünün cəfaları içində bundan sonra da yaşayacaq...

 
Güləhməd Şahin

Asif müəllim
Dözülməz əzablara, bu çətin sınaqlara
Mərdliklə sinə gərdi Asif müəllim.
Keçdi bütün sınaqdan, alnı açıq, üzü ağ,
Zəhmətin bəhrəsini gördü Asif müəllim.

Baxmadı ki sonu nə keçilməz gədiklərin,
Önündə sipər oldu bütün çətinliklərin.
Oxuduqca tarixin Axısxa türklərinin, 
Görünməz tərəflərini gördü Asif müəllim.

Sənə uğurlar olsun nurlu səyahət üçün, 
Sənə təşəkkür olsun dosta sədaqət üçün. 
Gördüyün bütün işlər bu qərib millət üçün
Dəryadan çıxarılmış dürdü Asif müəllim.

Alnımızda yazısı var yetmiş illik həsrətin, 
Sonunda sabah olur hər qaranlıq zülmətin ,
Nə qədər ki sənin təki dostu var bu millətin, 
Bir gün sona çatacaq dərdi, Asif müəllim.

Darıxma, bu millətin suları durulacaq, 
Bir gün bu millətin qandalları qırılacaq, 
Zalımdan, zülümkardan haqq-hesab sorulacaq,
Oyanıb bu millətin mərdi, Asif müəllim.

Bu həyat başdan-başa tapmacadır, nağıldır,
Kiminə acı zəhər, kiminəsə noğuldur.
Axısxa türklərinə ən şərəfli oğuldur,
Ərənlərin içində ərdi Asif müəllim.
28 may 2014-cü il


















Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol