TOY MƏEASİMİ
TOY MƏRASİMİ
Toy – Axısqa türklərinin qəribçilik həyatının ən şirin sevinci, bəzəyi, ən mutlu anlarıdır. Türklərin ən həzin hissləri, ən xəfif duyğuları toyda gerçəkləşir, el öz yaşarılığını, həyat nurunun əbədiliyini toyda anır, xalq qayğılardan, acılardan toyda qurtulur, sonsuz səadətə, xoş fikirlərə toyda rəvac verilir.
Axısqa türklərinin toy mərasiminin aşağıdakı mərhələləri var.
* * *
1. Qız saraflamax və bəgənmax
Müasir türklərin ailə münasibətləri tamamilə demokratik ruhludur. Hər şeyin başlanğıcı bir oğlanın bir qızı sevib-sevilməsindən başlayır. Könülsüz ailə qurmağı türklər pisləyir və qəbul etmirlər, bu barədə söhbət düşəndə adətən belə bir məsəl işlədirlər:
– Könülsüz səvmənin gözsüz oğli olur.
Oğlan bir qızı sevdikdən və qızın da ona biganə olmadığını bildikdən sonra bir yolla bu xəbəri valideynlərinə çatdırır. Və bundan sonra valideynlər qızı «saraflayır», yə'ni öyrənir, soraqlayırlar. Bütün Şərq aləmində olduğu kimi, valideynlərin rəyi nəzərə alınır, beşik-kərtmə adətinə də rast gəlinir. Valideynlər də qızı öyrənib bəyənirlərsə, evlənmə mərasiminin ikinci mərhələsi – elçilik başlayır...
* * *
2. Elçilux
Elçilik adətən iyi gün sayılan cümə axşamına salınır. Oğlanın valideynləri, oğlan özü bu işdə iştirak etmir. Üç-dörd yaxın adam yığışıb «allah-allah»la qız evinə gəlir. Elçilər gəldikdən sonra özünü bilməməzliyə vuran qız adamı süfrə açır, lakin oğlanın dəstəsi yeməyə əl vurmur. Və qız yiyəsi «anlayır» ki, bunlar nə məsələyə gəliblər. Ümumi söhbətdən sonra elçilər mətləbə keçirlər:
– Biz sizin qapıza xeyir işnen gəldux. Günlərimiz hər gun də belə xeyirli keçsin. Allahın əmri, peyğəmbərin qəlbi ilə sizin qız Fatimeni bizim oğlan Əhmədə almaq istiyirux.
Qız atası adətən belə çavab verir:
– Biz indi sizin niyetize karşu deyilik də. Ama hələ qızımız cəyuldur. Bən hələ köçurməyəcəm.
Yaxud da – «Böyük kardeşini əvərsək, sonra bunu köçurərik», «Əmisi gəlsin, məsləhətləşək, onsuz iş yapmarık» və sairə bu kimi bəhanələr gətirirlər.
Oğlan adamı:
– Düşünün-daşının, sonra yenə gəlirux, – deyib gedir.
Beləcə, hörmətli olsun deyə, elçiləri iki-üç dəfə gəlib-getməyə məcbur edirlər.
Bu əsnada qız adamı, əgər ehtiyac varsa, oğlan haqqında mə'lumat toplayır.
Nəhayət, elçilərin növbəti gəlişində tərəflər əgər razılaşırlarsa, «iqrara gəliyer»lərsə, onda elə həmin məclisdəcə «şərbət içmax» günü tə'yn edilir.
* * *
3. Şərbət içmax
Yenə da cumə axşamı oğlanın beş-altı nəfər yaxın qohumu («cigər-əqrəbələri») yığışıb gəlir, süfrə açılır (içki olmur), ümumi tanışlıq, söhbətlə bərabər, bə'zi cari məsələlər həll olunur, o cümlədən nişan günü seçilir. Bəzi kövlərdə bu mərasimdən əvvəl kiçik nişan – «Beh dəyişmək» olur, qız evinə cüt sayda hədiyyələr (üzük, yaylıq, parça, corab, şirniyyat) aparılır, qız evi də oğlan adamlarına hədiyyələr, o cümlədən qızın toxuduğu corablar verir (bu mərasim çox yerdə «nişan degişmax»la eynidir).
* * *
4. Gəlin görməyə getmax
Şərbətdən sonra toy gününə qədər hər həftənin cümə axşamı oğlan adamı, o cümlədən ata-anası gəlini görməyə gedirlər.
Gəlini görməyə gəlmiş qaynana-qaynata, digər qohumlar qız evinə gəlib əyləşir, «iyi urbasını» geyib bəzənmiş gəlin onlardan qaçır, gözə görünmür. Oğlan tərəf deyir:
– Gəlsin gəlinimizi görax. Bizə gəlinimiz xizmət etsin. Baxax gəlin misafir karşulamağa nə töyürdür?
Gəlin «sükutla gəlir», gəlib qaynata-qaynanasının önündə tə'zim edir («təmənna aliyer»). Sonra qaynana-qaynata:
– Eyvallah, gəlinimiz! – deyib gəlinə xoş arzularını bildirirlər. Əski dövrdə gəlin «təmənna aldıqdan» sonra bir muddət durub, sonra başqa otağa keçərmiş. İndi isə qalıb təzə qohumlarına xidmət edir.
Qohumlar bir-birilə «konuşuyor», süfrə açılır, gəlinə «yuz görümçə» adlanan hədiyyələr verilir. Hədiyyələr adətən «şal, foşi, qaftanlıq, qaftan və para»dan ibarət olur.
Nəhayət, məclis qurtarır, qohumlar bir-birinə «safa-xoş» eləyir, oğlan adamları:
– Allah-amanat etdux! – deyib gedir.
Bu «yüz görmə» mərasimi toya qədər hər çümə axşamı təkrar olunur. Həftəlik «yüz görmə»lərdən əlavə, əgər bayram olsa, gəlinə bayramlıq bəxşiş də aparılır.
* * *
5. Nişan degişmax və urba göturmax
Nişan mərasimi kiçik toy kimi keçirilir, davul-zurna çalınır, böyük süfrə açılır. Əskidə bə'zi yerlərdə nişana yalnız kişilər gedərdi, indi isə kişi-qadın birlikdə gedir. Bə'zi yerlərdə nişan zamanı qız evinə yalnız qızıl bəzəklər, taxıncaqlar gətirilir, paltar isə sonradan aparılır və nişandan sonrakı bu paltar aparmaq mərasiminə «urba götürmax» («paltar aparmax») deyilir. Lakin əksər yerlərdə nişan – urba bir olur, son vaxtlar isə bə'zən toyla eyni gündə keçirilir.
«Nişan dəgişmax» həqiqətən də dəyiş-düyüş şəklində keçirilir. Oğlan tərəf qıza aldıqlarını qız tərəfə, qız tərəf isə oğlana aldıqlarını oğlan adamına verir dəyişdirirlər. Qız tərəf oğlana üst geyəcək şeyləri və nişan üzüyu verir, oğlan adamı isə qıza nişan üzükləri, qaftanlıqlar, tavşalı, müxtəlif taxıncaqlar – boncuk, majar (qızıl pullardan düzəldilmiş sinəbənd), beşbirli majar, küfə (sırğa), bilərzük, mahmudiyə və gümüş kəmər hədiyyə edir. Qız anasına «süd haqqı», ev adamına hədiyyələr verilir. Bu mərasimdə qız evinin seçdiyi vəkil iştirak edir. Oğlan adamlarına da hədiyyələr verilir.
* * *
6. Kəsim kəsmək
Nişanlanandan sonra cümə axşamlarından birində oğlan adamı, yəni atası, kirvəsi, bir ağsaqqal qız evinə toy gününü bəlli etməyə («anıxlamağa») və toy şərtlərini kəsməyə – «kəsim kəsməyə» gəlir. Süfrə açılır, toy məsələləri həll olunur. Qız tərəfdən atası, ağsaqqallar və vəkil iştirak edir.
* * *
7. Toy şərtləri iki hissəlidir: başlıq və toy xərçi
Toy xərci və ya bazarlıq əskidən para, qoyun, yağ, düyü, mal və sairədən ibarət olurdu. «Xərc götürmə» günü yemək-içmək hazırlanır, qonaqlıq verilir.
Başlıq və ya süd haqqı el adətidir və ümumi qanun kimi qorunur. Başlıq verilməsini türklər belə əsaslandırır ki, valideynlər qız böyüdür və onu başqasına verir, eyni zamanda qıza cehiz hazırlayır. Buna görə də başlıq qız adamına qalmır, – gənclərə ev qurmağa xərclənir.
Mənbələrdən mə'lum olur ki, XIX əsrin 80-ci illərində başlıq 15-20 ədəd doqquzluq lirə imiş; qız tərəf buna və əlavə ata puluna cehiz hazırlayırmış. Axılkələk obalarında cehizə sandıq, yorğan-döşək, xalı, palaz, ibrığ, başqa qab-qacaq daxil imiş. Axısqa tərəflərdə isə varlı ailələr çehiz olaraq qıza bir neçə qızıl üzük, taxıncaqlar, döşək, corab, şal, qaftan, yəməni, yorğan-döşək, mis qablar, palaz, xalı, sandıq – cəmi 60-150 manat dəyərində mal verirmiş. Bunların çox hissəsi başlıq və «yüzgörümçə»lər hesabına alınırmış. Açarıstanda başlıq beş inək dəyərində olurmuş. (Bax: A.D.Andronikov. Opisanie 3-qo, Uravelğskoqo, poliüeyskoqo uçastka Axalüixskoqo uezda Tiflisskoy qubernii // ZKORQO, Tiflis, 1894, k. XVI, str. 28; A.Frenkelğ. Oçerki Çuruk-su i Batuma. Tiflis, 1879, s. 21).
Müasir dövrdə başlıq və toy xərçi bir-birinə qarışıb, yəni qız adamına müəyyən həcmdə pul verilir, daha ayrıça toy xərci bağışlanmır.
Bə'zən başlıq ümumiyyətlə alınmır, oğlan tərəfdən yalnız ana hədiyyəsi qəbul edilir. Toy paltarı tikmək üçün gəlinin qaynanası qız evinə dərzi gətirir, hədiyyə verir və parçanı kəsdirir.
Türklərdə zorla qız qaçırmağa («qız qapmaq») çox nadir hallarda rast gəlinir, müasir dövrdə isə belə hallar demək olar ki, olmur.
Əski adətə görə, oğlan qızın başından şalını, ya məndilini qapıb qaçardısa, o qız onunku sayılar, daha başqası o qızı istəməzdi. Təbii ki, bu adətin də arxasında qarşılıqlı gizli sevgi durardı. Və bu hərəkətlə oğlan əslində öz sevgilisini mümkün rəqiblərdən qoruyardı. İndi bu adət aradan çıxıb.
* * *
8. Də'vət
Toydan bir-lki həftə irəli «təklifçi» – də'vətçi – kənd çamaatını toya də'vət edir. Hər kəndin daimi «təklifçi»si var və hamını toya o çağırır. Hər çağırılan evdən bu peşəkar təklifçiylə müəyyən bəxşiş (para, şirniyyat, basdurma, suçuq, meyvə...) verilir, mübarəkdarlıq edilir.
* * *
9. Xına yaxdi
«Xına yaxmaq» üçün oğlan tərəfdən bir neçə qadın qız evinə gəlir, özləri ilə toyluq həna, şirniyyat, çərəz xonçaları, hədiyyələr gətirirlər. Hənanı əsasən yengə, bəzən cavan qız hazırlayır, onlara da hədiyyə verilir. Gəlinin əllərinə xınanı da yengə yaxır, oğlana da xına göndərilir. Sonra mərasimdəki qohum-qonşu, rəfiqələrin də əllərinə xına yaxılır.
«Xına yaxdi» mərasimi manilər və türkülərlə süslənir. Bu mani və türkülərin çoxu qəmli olur, ata eviylə ayrılıq motivləri səslənir, çox vaxt gəlin xəfif-xəfif ağlayır.
Xına gecəsi oxunan «Köçəcək qız» türkülərindən biri belədir:
Ağır-ağır əv süpürdüm,
Şimdi koydum, gediyerim,
Ağır-ağır süfrə kurdum,
Şimdi koydum, gediyerim,
Halal edin, anam-babam,
Şimdi koydum, gediyerim.
Ağır-ağır urba geydim,
Şimdi koydum, gediyerim,
Şen olasın, babam evi,
Şimdi koydum, gediyerim.
Halal edin, anam-babam,
Şimdi koydum, gediyerim.
Başqa bir həzin türküdə belə söylənilir:
Duz kabıni duzsuz koydun,
Anacıyın kızsız koydun,
Baba evin issiz koydun,
Gəlin, xınan mübarək olsun!
Atlandi keçdi eşigi,
Sofrada kaldi kaşıği,
Baba öynin yaraşıqi,
Gəlin, xınan mubarək olsun!
Binər atın iyisinə,
Çıkar yolun kıyısına
Selam söylən dayisinə,
Gəlin, xınan mubarək olsun!
Xına gecələrində türk ellərinin butün bölgələrində dillər əzbəri olan
Gəlinə bax, gəlinə,
Xına yakmış əlinə,
Gəlin durmuş gediyor,
Güvəyinin əvinə.
kimi gözəl manilər də səslənir.
...Xına gecəsi oğlan evində də şənlik-qonaqlıqla qeyd olunur.
* * *
10. Məsləhət aşı
Toydan bir gün öncə axşamüstü qohumlar «məsləhət aşı»na toplaşır. Məsləhət aşında toy məşvərəti keçirilir, iş bölünür, «səbzi, kartopi doğraniyer», «cigər-əqrəbə»yə, dost-aşnaya, qonum-qonşuya tapşırıqlar verilir.
Məsləhət aşı həm oğlan, həm də qız evində keçirilir.
* * *
11. Gəlin çıxarmax və gətirmax
Məsləhət aşının ertəsi günü («xeyirlisinnən cümləmizi toylara ulaşdırsun») toy şənliyi başlanır. Sabah tezdən qazanlar asılır, gündüz gəlib-gedənlərə yemək verilir. Oğlan evində də, qız evində də «əvlə» (öylə) qazanları qurulur, qonaqlara yemək verilir.
İkindi olmamış, günorta vaxtı, qız evinə davul-zurna ilə «atlilar» (adətə görə, qırx «atlı») yönəlir. İndi qız evinə maşınlarla, o cümlədən qadınlarla birlikdə gedilsə də, qız gətirməyə gedən bu dəstəyə yenə də «atlilar» deyilir.
Gəlin tərəfdə «atlilar»a xüsusi süfrə açılır, davul-zurna çalınır, şənlik başlayır. Atlılar qız evinə gələndə gəlin qonşulardan birinin evində «gizlənir», oğlanın yengəsi, qonşular axtarıb gəlini tapır. Gəlinin qaynatası davul-zurnayla həmin evə gəlir, ev yiyəsi qaynatadan xələt («qapı basdı») alıb onu içəri buraxır. Adi paltarda olan gəlinin «gizləndiyi» evdə «şahbəzəkli» – şirniyyat, çərəz, meyvə ilə bəzədilmiş, sağdıcının düzəltdiyi cüt toxuma dəsmal asılan iydə budağı olur. Gəlini şahbəzəkli (Borçalıda «şah») ilə birlikdə ata evinə gətirirlər, yengələr gəlini geyindirir və «başını bəzəyir».
Qadınlar evə keçir, gəlini araya çıxarır, «urba» açılır, yə'ni pal-paltar, bər-bəzək nümayiş etdirilir. Qonaq gəlmiş qadınlar da «urbaya qatılıyer», yə'ni şirinlik para verirlər.
Sonra isə qaynata, böyük qardaş içəri girir ki, gəlini çıxarsınlar.
Bu arada «çərəz oynadiler», yə'ni gəlinin kiçik bacısı içində çərəz, şirni olan, şamlar yanan xonça əlində oynayır.
Bundan sonra gəlinin qardaşı onun belini bağlayır. Gəlinin belini bağlayarkən qardaşı «bağlanmiyer» deyir, oğlan tərəf ona pul verir və bağlatdırır. Çərəz oynadan qıza da pul verilir. Gəlinin bir qardaşına da sandıq açdırılır, o da «açilmiyer» deyib bəxşiş qazanır.
Daha sonra yengələr gəlinin belinə ətmək qoyub şalla bağlayırlar ki, gəlinliyi ruzulu olsun. Yengənin hazırladığı halva gəlinin başı üzərində kəsilib paylanır. Atlılara toxunma dəsmal və corab verilir.
Axırda qaynata yaxınlaşır və gəlini dişarı çıxarır. Bu zaman çalğıçılar və müğənni «Gəlin çıxarma türküsu» ifa edir:
Gedin anama söyləyin,
Bənə ağlasın.
Kardaş gəlsin, gediyerim,
Belim bağlasın.
Çok yedim nazı-ne'mətin,
Şen babam evi,
Şimdi də tökdüm gediyerim,
Kal, babam evi.
Gəlin qaxmiş ağır-ağır,
Çıxıb gediyer,
Əvdə kalan karib ana
Fəryad ediyer.
Bu türkü hamını kövrəldir, bir an durduqdan sonra, nəhayət, gəlini əskidə ata-arabaya, indi maşına mindirirlər. Bu vaxt oğlan və qız tərəfdən iki gənc güləşməyə başlayır, qaynata onlara pul verib razı edir.
Qız tərəfin adamı da «atlilar»a qoşulur və oğlangilə tərəf yola düşürlər. Yol boyu cavanlar yolu kəsir, qaynatadan «ya xarclux, ya xasım (pəhləvan)» tələb edir, pul alıb dəstəni buraxırlar,
Bə'zi yerlərdə gəlinin qabağını qoçla kəsərlər – gəlin, gucü çatarsa, qoçu maşına salıb özüylə aparar, ya da bəy atası qoçun pulunu verər, yolu açdırar. Yolda atlılara yengənin hazırladığı kətə paylanır.
Qızı aparan dəstədən irəli üç-dörd nəfər atlı «xəbərçilər» çıxır, əllərində qız tərəfin verdiyi bəzəkli «müjdə yastığı», iki bıçağa sancılmış ətmək, toyuq (ya ət) oğlan evinə müjdəyə tələsirlər. Birinci çatıb oğlan evinə xəbər gətirənə də, o birilərə də hədiyyə verilir.
Gəlin dəstəsi gəlib çatır, oğlanın həyətinə yaxınlaşıb darvazanın yanında durur. Öz əqrəbasından olan «məqərlər» adlı yaxın adamları – qardaşı, əmioğlu-dayıoğlusu gəlib izin verməmiş gəlin maşından düşmür. Məqər gəlir, öküz tələb edir, öküzün qulağını çərtib qan çıxarandan sonra gəlinin maşından enməsinə icazə verir. Bu öküz gəlinə hədiyyə olur. Məqər nəyin qulağını kəssə, gəlinə verilir.
Gəlini maşından evə salanda bəy, sağduci və solduci damda, eyvanda, hasarda, bir sözlə, uca yerdə olur. Solduci və bəyin əlləri kəlağayı ilə bağlı olur, boyunlarına qırmızı kəlağayı bağlanır, sağdıc torbadan gəlinin başına pul, buğda, çərəz, şirni səpir. Sonra bəy və sağduci-solduci yerə enmək istəyəndə gəlinin dəstəsiylə gəlmiş oğlan uşağı nərdivanı alır, damadından (bəydən) pul almamış nərdivanı yerinə qoymur. Bu oğlanın əlində «küçük cama yastux» (qulaq yasdığı) olur, bu yasdıq üçün də bəydən pul alınır. Bəy və solduc həyətdəkilərin məzəli hərəkətlərinə gülməməlidir, gülsələr cərimə verməlidirlər. Gəlin evə girməmiş damdan düşürlər, onları tutan olsa, ona da cərimə verirlər. Bu zaman sağduc onları «qoruyur».
Gəlin qapıdan evə girəndə qurban kəsilir, gəlinin əlini bala batırırlar, gəlin balı qapı çərçivəsinin yuxarı hissəsinə sürtür. Astana qabağında saxsı qab qoyurlar, gəlin ayaqqabıyla onu da qırır, arxası üstə olan hisli qazanı ayağıyla basır.
Bu arada çalğı davam edir. Müğənni gəlinə «xoş gəldin» söyləyir:
Gəlin deyər ana-ana,
Sözi deyər yana-yana.
Qaynanandır sənə ana,
Gəlin, xoş gəldin, xoş gəldin.
(Ağlama, gəlin, ağlama, sızlama, gəlin, sızlama).
Gəlin deyər baba-baba,
Sözi deyər qaba-qaba.
Qaynatandır sənə baba ,
Gəlin, xoş gəldin, xoş gəldin.
Gəlin deyər baci-baci,
Yaşı tökər aci-aci.
Görümündür sənə baci,
Gəlin, xoş gəldin, xoş gəldin.
Gəlin deyər qardaş-qardaş,
Sözü deyər yavaş-yavaş.
Qayınağan sənə qardaş,
Gəlin, xoş gəldin, xoş gəldin.
Yengə, xoş gəldin, xoş gəldin.
Gəlini evə saldıqdan sonra o bir küncdə ayaq ustə durur, qaynata icazə verməmiş oturmur. Qaynata iki-üç dəfə gəlindən oturmağını xahiş edir, lakin gəlin oturmur. Axırda qaynata bir bəxşiş boyun olur və gəlin onun üçün bəzənmiş otaqda qırmızı pərdə arxasında əyləşir.
Gəlin evə girdikdən sonra dişarıda «Sağduci – solduci türküsi» deyilir:
Aşıq sözüni başlasın,
Düşmənlər işini boşlasın,
Mövlam sizi çift saxlasın,
Ağa güvəgi, bəg sağduci.
Yuca-yuca yucalasuz,
Padişahdan tac alasuz,
Bir yastuxda qocalasuz,
Ağa güvəgi, bəg sağduci.
Dunyanın bulunmaz uci,
Mövlam də vərməsin aci,
Olasun başumun taci,
Ağa güvəgi, bəg sağduci.
Gəlin içəri girəndə bəy və sağduc-solduc dişarıda olur, sonra qonşu evlərdən birində gözləyirlər.
Gəlinin yaxın qohumlarından olan məqərlər (çavan oğlanlar) bir otaqda oturub yeyib-içirlər. Eniştələrinin (bəyin) sağduci-solducisi onlara xidmət edir və məqərlər, el adətinə görə, onları mümkün qədər çox buyurmağa, əziyyətə salmağa çalışırlar (qaz, davar, qoyun kəsdirir və sairə şeylər istəyirlər). Sağduci-solduci məqərlərin bütün tələblərinə əməl etməlidir.
Toy şənliyi davam edir, davul-zurna çalınır, halaylar, Əcərə xorumi, Topali, Turk marşi oynanılır. Bu arada «Toboş nənə» adlanan məzəli oyun oynanılır – qadın paltarı geymiş məsxərəçi kişi (Toboş nənə) xalqı əyləndirir. Bəylə gəlin mağarda iştirak etmir.
* * *
12. Güvəgiyə vermax
Güvəgiyə vermək vaxtı gələndə oğlanı sağduci-solduci ilə birgə evə gətirirlər. Bu zaman solducun əlində onun bəy üçün bəzədiyi «şah», sağducun əlində isə yanan lopa olur. Sonra «şah»lar yengələrə verilir. Yengələr, oğlanın anası, sağduci və solduci bəy və gəlini güvəgiyə – xüsusi bəzənmiş gəlin otağına daxil edirlər. Gəlin və bəy güvəgiyə girəndə çalışırlar ki, bir-birinin ayağını bassınlar, – inama görə, kim birinci ayaq bassa, ailədə onun sözü keçəcək.
Güvəgi otağında gəlin taxtına bir oğlan çocuğu qoyurlar ki, gəlinin oğlu olsun. Otağa daxil olan gəlin çocuğu qucağına alır və öpür.
Sonra bəy və gəlinə bir sini (ləngər) yemək, şirni gətirirlər. Sinidə şamlar yanır.
Qohumlar eniştə və gəlinə alqış edir, səadət diləyir və çıxırlar.
Axısqa türklərinin əski adətinə görə, ilk geçə bəy gəlinə yaxınlaşmamalıdır, ilk gecə – söhbət, bir-birinə uyuşma gecəsi olmalıdır.
Dişarıda toy bütün geçəni səhərəcən davam edir...
* * *
13. Duvağaçımi (yüzaçımi)
Güvəginin ertəsi gun yenə qazanlar qurulur, davul-zurna çalınır, şenlik toplanır. Oğlan şenliyə çıxır, qız qalır otaqda. Toy meydanının mərkəzinə şal sərilir. Yengələr hamı toplaşdıqdan sonra gəlini davul-zurnayla çıxarır, ortaya gətirirlər.
İki yengəsinin arasında ortaya çıxmış gəlin şenliyə «təmənna aliyer» –tə'zim edir. Yenə də gəlinin üzu örtüklü olur.
Sağduci əlində iki xənçər və ya bıçaq meydana çıxır, xəncərləri yuxarı qaldırır, çalğı kəsilir. Sağduci camaata muraciət edir:
– Xanım nənələr, xanım bibilər, gəlinin dilinimi kesax, lisanınimi?
Yerdən kimi «dilini», kimi də «lisanıni» (yə'ni danışığını) deyir.
Sağduci gəlinin başında – qatxanın üstündə olan qatlı şalı xəncərlə qaldırıb qoyur. Bu mərəkə üç dəfə təkrar edilir.
Axırda yengələr gəlinin duvağını açırlar – tavşalını gözlərinə qədər qaldırırlar, bundan sonra gəlin üzü açıq qalır, bir qədər durduqdan sonra otağına ötürülür.
Şənlik davam edir, məclis qızışır, aşıqlar meydana girir...
Nəhayət, toy məclisi tükənir, xalq dağılır, bəy evində qızın məqərləri, yengələr qalır. Onlar gəlin otağını bəzəyir, cehizi yerbəyer edir, axırda gəlinə hədiyyələrini verib gedirlər. Qız tərəfindən yalnız yengə qalır. Ertəsi gun yengə gəlinin «yuz ağluğinin şahitliyini ediyer» və ata evinə «yüz ağluği» müjdəsini aparır.
* * *
14. Üzgördi (eniştəlüğə getmax)
Toydan iki gün sonra sağdüci, eniştə (bəy), eniştənin yaxın qohumları və dostları gəlin evinə «üzgördüyə» («eniştəliyə») gedirlər.
Eniştəliyin məqsədi bəyin qaynata evi ilə tanışlığıdır.
Eniştə bütün məçlisi «təkdiz» (bir dizi ustə) oturur, qız evindən hər otağa girənin ayağına qalxır...
* * *
15. Ayaqdöndi
Toydan iki-üç həftə sonra oğlan tərəfi gəlini də götürüb təkrar qız atasıgilə gedirlər. Bu məclisə qədər qızın valideynləri eniştə evinə gedə bilmir.
Ayaqdöndüdən sonra adi gediş-gəliş və müstəqil ailə həyatı başlayır.
Toydan sonra gəlin bir müddət qaynatasının yanında səs çıxarıb söz söyləmir («lisan kəsmək» budur). Qədimdə gəlin özü qaynana olandan sonra, indi isə adətən iki-üç ildən sonra danişmağa başlayır, onda da çox sakit səslə. Mesxet ərazisində gəlinin ilk aylar yaşlı qohumlarla danışmaması keçən əsrə aid mənbələrdə də qeyd olunub (A.D.Andronikov. Opisanie 3-qo, Uravelğskoqo, poliüeyskoqo uçastka Axalüixskoqo uezda Tiflisskoy qubernii // ZKORQO. Tiflis, 1894, k. XVI, s. 49). Qadınların ünsiyyət üçün istifadə etdiyi xüsusi «əl dili» haqqında irəlidə danışacağıq (bax: «Etiket» bölməsi).
Aydındır ki, belə böyük toy mərasiminin əsas məqsədi xoşbəxt ailə həyatı qurmaq, əmin-aman, firavan yaşamaqdır. Və dediyimiz kimi, Axısqa türklərinin ailələri el adətiylə, böyüyə hörmət, uşağa qayğı, qadına, kişiyə ehtiram əsasında qurulur, boşanma hallarına rast gəlinmir. Lakin bütün dünyada olduğu kimi, axısqalılar da bəzən gəlindən şikayətlənir, ara-sıra gəlini danlayırlar da:
Ala gözlü nazli dilbər,
Evindən xəbərin varmi,
Dörd yanında baxça söyüd,
Gülündən xəbərin varmi?
Al tavşala burunursun,
Aynik-kirşan çalunursun,
Məhlə-məhlə surunursun,
Evindən xəbərin varmi?
Al askerin sadasi var,
Dəryaların adasi var,
Nazli yarın qadasi var,
Nazli yardan xəbərin varmi?
Qeyd edək ki, türklərin toy adətləri gürcülərə və digər qonşu xalqlara da təsir etmiş, bəzi gürcü etnik qruplarının toyları tamamilə türk-müsəlman qaydasında keçirilmişdir. N. Derjavinin 1902-ci ildə göstərdiyi kimi, Kartveli toy adətlərinin əksəriyyəti müsəlmanlardan keçmədir: kəbində molla iştirak etməsə də Quran oxunur, bu mərasimdə gəlinlə bəy iştirak etmir, toy mərhələləri türk toyuna uyğun gəlir (N. Derjavin. Batumi ətrafında yaşayan müsəlman quriyalıların toyu // SMOMPK, 1902, 30-cu buraxılış, s. 161-176.).