ƏYLƏNCƏLƏR
ƏYLƏNCƏLƏR
Axısqada ən gözəl el adətlərindən biri də «yığnax» olmuşdur. – Yazda bir neçə yaxın kəndin adamı toplaşıb bir aylığa dağa «tamaşaya çıxardılar», «yığnax» vaxtı çalğı çalınar, cəng tutular, el-oba şənlənərdi. Dağa mayın 7-dən (Comuşqıran fırtınasından) sonra çıxar, bir aya qədər qalıb, biçin vaxtı kəndlərə enərdilər. Ən səfalı «yığnax» yerləri Persat, Xoroz, Abastuman yaylaqları imiş.
Uzun qış gecələri, işin az olduğu süst mövsümlərdə Axısqa türkləri həyatlarını şirin söhbətlər və rəngarəng əyləncələrlə rövnəqləndirmişlər.
Türk qocaları adi qış söhbətlərindən əlavə, o dövrdə el arasında geniş yayılmış sıra türküsü, sıra oyunu, sıra masalı, deyişmələr, fincan-üzük, süpürgə seyri deyilən əyləncələri də yaxşı xatırlayırlar.
Bu əyləncələri keçirmək üçün qadın və kişilər, çocuqlar hər axşam bir evə yığılarmış. Çox vaxt yemək-içmək verilməzmiş, süfrədə adətən müxtəlif çərəzlər, şirni, subörəgi olarmış.
Axısqa şəhərində əhali arasında yayılmış (uşaqlar və böyüklər) müxtəlif oyunların (əqli, hərəkətli, topla, şarla, çubuqla, aşıqla, iplə və s.) zənginliyi müşahidəçilərdə xüsusi maraq doğurmuşdur (bax: İ. Stepanov. Tiflis quberniyasının Axısqa şəhərində oyunlar // SMOMPK, 1886, 5-ci buraxılış, s. 209-229)