AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

BAYRAMLAR - MƏRASİMLƏR


BAYRAMLAR  VƏ  DİNİ  MƏRASİMLƏR

 

Axısqa turklərinin həyatını Novruz, Yılbaşı, Xıdırəlləz, Mövlud, Rəcəb, Qurban, Ramazan,  kimi bayramlar, «yığnax», «sıra türküsi», «sıra oyuni», «sıra masali», «fincan-yüzük», «süpürgə seyri» adlanan əyləncələr, aşıq məclisləri, nağıl gecələri süsləmişdir.

Qocalar Aşurada kişmiş, fəsəli, qarğıdalıdan bişirilən «əşürə»ni, Mövlud şərbətini və halvasını  xatırlayır (bu mərasimlərdə ət, yağ, yumurta işlədilmir), kiçik toy kimi keçirilən sünnət vaxtı al foşilərlə (kələğayılarla) bəzədilmiş qoçlardan danışır, həzin Novruz gecələrinin sevincini unutmurlar.

Ən çox sevilən bayram Ramazan bayramıdır. Orucluğu yekunlaşdıran Ramazan indi böyük el şənliyi kimi keçirilir. Son illərdə Sabirabad Saatlıdakı turklər Ramazan bayramına Adıgün kolxozuna toplaşır, musiqi, cəng, rəqs, mahnılar, şe'rlər bu el şənliyinə gözəllik verir.

Ramazan bayramında turkcə əski dualar da səslənir. Sabirabadın keçmiş Tinglik sovxozunda yaşayan Çurçutolu Molla Muxtəsim Kərəmovun dilindən 1990- ilin aprelində yazıya aldığımız Ramazan dualarından bir neçə bənd:           

 


İlahi, diləruz hər an,

Ayırma imani bizdən,

Təmənnamız budur səndən,

Ğəm günündə sən şad eylə.

Bu Ramazan izzətinə,

Leylayi-qədr hürmətinə,

Ol Rəsulun şəfqətinə

Günahlardan azad eylə.

 

Sən bilirsün halımızi,

Azad eylə tənimizi,

Yaxma bizim canımızi,

Lütfünlə sən azad eylə.


Türklər indi də Ramazana qədər orucluğun hər gecəsi bir evə «iftar açmağa» yığılırlar. İftar gecələri ümumi söhbətlər olur, çətin məsələlər həll edilir, namaz qılınır, dualar oxunur. Orucluğun ilk 15 günü iftar açanda Mərhəba qəsidələri söylənilir:

 

Mübarək Ramazan gəldi,

Məscidlər nur ilə töldi,

Məvləm bizə kərəm qıldi,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Bu ay ildə bir kəz gəlür,

 Qədrini muminlər bilur,

Neçə canlar erməz olur,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Yaxışursün dinimizə,

Rəhmət verdin qəlbimizə.

Misəfir gəldin yanımıza,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Rəhmət ayi gəldi bizə,

Safa saldi qəlbimizə,

Səni dutmax farzdur bizə

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Muminlərin şanli güni,

İslamların bayram dügüni,

Münafiqlər sevməz səni,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Gök yüzündə səf-səf olur mələklər,

Safasından dönər çarxi fələklər,

Bu ay qəbul olur cümlə diləklər,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Bu ay cənnət qapılari açulur,

Mumin münəfiqdən saçulur,

Tərəzi qılanlara hüllə biçilur,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

İzzətinən gəldin bizə,

Rəhmət olsun cümləmizə,

Bəşərətdur haqqın bizə,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

 

Bizim hurmətimiz sənə

Qovuşdurur huri ğılmana.

Allah nəsib etsin gənə,

Mərhaba, ya şəhri-ramazan, mərhaba!

           

            Son on beş gündə isə Ramazana əlvida deyilir:

                                              


İlahi dinləyən canlar,

Bu aya izzət qılanlar,

Əməldə zakir olanlar,

Gedər oldum bən, əlvəda!

 

 

Ramazanı gəldim sizə,

Vuquf oldum halıniza,

Həp nur oldum qəlbinizə,

Gedər oldum bən, əlvəda!

 

 

Günahınız arzu eylən,

Təvbəyi nəsüh eylən,

Bənim yolumi gözlən

Gedər oldum bən, əlvəda!

 

Enişlədi şindi yolmuz,

Açılmaz ğəmdən qəlbimiz,

Arşu-əlada turağımız,

Gedər oldum bən, əlvəda!

Onaltidən enişləruz,

Davadadur həm əlimiz,

Tutanlara, oxuyana səbəb yazaruz,

Gedər oldum bən, əlvəda!

 

Şindi getməkdədur işim,

Bin dört yüzə yetdi yaşım,

Rüküdə səcdədə başım,

Gedər oldum bən, əlvəda!

 

Günbəgün yüküm doşrulür,

Asilər axlin şaşurur,

Canıni narda buşurur,

Gedər oldum bən, əlvəda!

 

Xalqımız cani yazdan,

On bir aya qıldi sultan,

Məğfirət ayi ramazan,

Gedər oldum bən, əlvəda!

Vəlhəmdulillahi rəbbil aləminə amin!


 

            Başqa bir Ramazan duası:

 


İlahi, diləruz səndən,

Səhvumuzi qəbul eylə,

Hifz eylə məhşərdə,

Ol zamanda rəfiq eylə.

 

Nəsib qıl səvmun qabuli,

Buyurdun ki əssəvmili,

Biz cileyin asi quli,

Şanan layıq azad eylə.

 

Asi dəftərinə qoyma,

Məğfirət olmayanlardan qılma,

Cəhənnəm narına qoyma,

Ol gün bizə ehsan eylə.

 

Bu ramazan izzət ayi,

Müminlərin rəhmət ayi,

gözəl məğfirət ayi,

Rabbım, sən məğfirət eylə.

Yarabbi, sən nəsib eylə,

Bizlərə muyəssər eylə,

Ramazani razi eylə,

O qullardan bizi eylə.

 

Zərrə-curmum xuda bilur,

Yenə xoş lutfunlən surdur,

Cənnət əhlinə hurilər verur,

Bizi cənnət əhli eylə.

 

Hər kim bu duaya amin diya,

Cənnət taamından yiya,

Nəsib eylə kəvsər suya,

O qullardan bizi eylə.

 

Kim edər bu duaya irşad,

Rabbım sən rahınla eylə küşad,

Cənnət libasına gurşad,

Şanan layıx nəsib eylə.


 

Ramazan bayramı ilə Qurban bayramı arasındakı yetmiş gün ərzində türklərdə toy edilmir. Qurban bayramında hər ailə bir qoyun ya yeddi ailə birlikdə bir cöngə qurban kəsib nəzir paylayır.

Türklər Yılbaşı, Mövlud, Novruz bayramlarını da xüsusi qeyd edirlər.

Yılbaşında ilk evə girəni arpa üstə oturdurlar ki, il bərəkətli olsun. Evə erkək heyvan gətirirlər, ayağı uğurlu adamı dəvət edirlər.

Mövludda hamıya Mövlud şərbəti paylanır, qəsidələr oxunur. Tinglik sovxozundan Ruqiyyə Osman qızından 1990- ildə yazıya aldığımız «Mövlud şərbəti duası»:

 


Gəl içəlim qana-qana,

Şifadur məvlüd şərbəti,

Zikir edəlim dönə-dönə,

Şifadur məvlüd şərbəti.

Bənzər cənnət şərbətinə,

Gözəldur məvlüd şərbəti.

 

Əşk ataşına yanalım,

Şəmi-pərvanə dönəlim,

Müminlər için qanalım,

Şifadur məvlüd şərbəti.

 

Zikir edin ismi xudayi,

Çağurun bəyi gədəyi,

Edin safi bədəyi,

Davadur məvlüd şərbəti.

 

 

Bizə haxdan rəhmət durur,

Rəsuldan şəfat durur.

Həvzi kəvsər ləzətidur

Şifadur məvlüd şərbəti.

 

Bəsirət gözi açulur

İsmi haqqi ilə içilur.

Bunda min minafiq saçulur

Şifadur məvlüd şərbəti.

 

Bu dunya beyvəfə, xali

Haxli olan neynər ani

İstəyən dərdə dərmani

Şifadur məvlüd şərbəti.

 

Əziz, hörmətli bir gündur

İslama bayram, dügündür

Minafiq bundan məhrumdur

Şifadur məvlüd şərbəti,

Gözəldur məvlüd şərbəti.


 

Bütün bayramlarda türklər qocaların yanına gedib ehtiramlarını bildirirlər. Bayramlar elləşenliklə birgə keçirilir.

Axısqa türkləri bütün bu sürgün illərində din-imanı yüksək tutaraq mömin bəndələr kimi yaşamışlar. İslam insanların tərbiyəsində böyük rol oynamışdır. Dini mərasimlərlə bağlı ilahilər, dualar tərbiyəvi əhəmiyyət daşıyır, yüksək mənəvi keyfiyyətlər aşılayır,günahların etirafına, tövbəyə çağırır. Möminlərə oxunan tərbiyəvi didaktik qoşmalardan biri belədir:

 


Sabax oldi başın qaldur,

İki əlin suya taldur,

Qəsd et şeytani öldür,

Oyan, mumin, sabax oldi.

 

Sabax oldi qaxmazmisin,

Sən allahdan qorxmazmisin,

Laini tərk etməzmisin,

Oyan, mumin, sabax oldi.

 

Sabax oldi ötər quşlar,

Mumin olan xeyir işlər,

Səcdəyə gəlür ağaclar,

Oyan, mumin, sabax oldi.

 

Muminin gözi yaşlidur,

Axirət yoli taşlidur,

Cəhənnəm ağzi dişlidur,

Oyan, mumin, sabax oldi.

 

 

 

Namaz üstünə olan dastan:

 

Yaradana et niyazi,

Allah sevməz beynamazi.

Üç günlüx fani dünyada,

Sıdxi candan qıl namazi.

 

Namazi əldən qoymiyasın,

Sən şeytana uymiyasın,

Cəhənnəmdə qalmiyasın,

Sıdxi candan qıl namazi.

 

Namaz günəhi yiturur,

Namaz cənnətə götürür,

Namaz murada yerirur,

Sıdxi dildan qıl namazi.

 

Ol xudaya şükür eylə,

O dünyaya fikir eylə,

Qurani çox zikir eylə,

Sıdxi dildan qıl namazi.

Xeyir işlə əllərinnən,

Quran oxi dillərinnən,

Qonuş kamil qullarinən,

Sıdxi candan qıl namazi.

 

Qılarsın sabax namazi,

Dildən buraxma ixlasi,

Əzbər et əyatəl gürüm,

Sıdxi candan qıl namazi.

 

Qıl əvləyi xoş olasın,

Cənnətdə uçar quş olasın,

Hurilərə olasin,

Sıdxi candan qıl namazi.

 

Mubarək abdasi duzəlt,

İkindi vaxtıni gözət,

Ol subhana et niyazi,

Sıdxi candan qıl namazi.

 

Axşam namazindan qaçma,

Cəhənnəm qapısın açma,

Xulusi qəlbindən atma,

Sıdxi candan qıl namazi.

 

Yasin namazini qılarsın,

Cənnətə sən yol bularsın,

İki cahanda gülərsin,

Sıdxi candan qıl namazi.


 

Zəmanədən şikayət, günahların etirafı, imanın zəifləməsinə, cahilliyə etiraz:

 


Bu xalqın rahati getdi,

Cihanın mehnəti artdı,

Zalımlar aləmi tutdi,

Zaman axır zaman oldi.

 

Beglər başlarlar zülümə,

Rəqəbət qalmadi dünyada,

Fikir et həp daim ağla,

Zaman axır zaman oldi.

 

Vaizlər söyləməz toğri,

Dili toğri, içi əgri,

Zanarsın xeyri şər uğri,

Zaman axır zaman oldi.

 

Oğul ata sözün tutmaz,

Qız ana yoluna getməz,

Zülümdə meyvələr bitməz,

Zaman axır zaman oldi.

 

 

Namazdan xalq osandilər,

Bu dünyaya inandilər,

Bu fənə baği sandilər

Zaman axır zaman oldi.

 

Duvaya turmaz qaçarlar,

Zanarsın quşdur uçarlar.

Qalur çarasi keçərlər,

Zaman axır zaman oldi.

 

Şikayəti dinləməz hakim,

Necə olur deməz höküm,

Xeyirsizdur dari zülüm,

Zaman axır zaman oldi.

 

Bərəkət kalmadi kərdə,

Həqiqət qalmadi yerdə,

Zülüm artdi camu yerdə,

Zaman axır zaman oldi.

 

 

İmamların çoği cahil,

Sələvət bilməyən kəhil,

Gəh məmur almaği qafil,

Zaman axır zaman oldi.

 

Aləmətlər olub zahir,

Kimi hər haradan mayil,

Erişdi aləmə zair,

Zaman axır zaman oldi.

 

Gəlür bir gün əcəl sənə,

Görüb qalasın tanə,

Sakın bakma şuna buna,

Zaman axır zaman oldi.

 

Ağla, ey sadiq, ağla,

Dərdilə ürəgin dağla,

Çürük işlərin saxla,

Zaman axır zaman oldi.


 

Ulu tanrının böyüklüyünə sığınmaq, ondan imdad diləmək, töv­­kar­lıq:

 


Bu canım cafa gedər,

Hesab güni gəlib yetər,

Təmənamız budur səndən,

Allah, mədəd eylə bizə.

 

Cənazəmi qaldurunca,

İrax yola göndərincə,

Əl edin qəbrə qoyuncə,

Allah, mədəd eylə bizə.

 

İki sahil gələ ondan,

Sorulacax sual bəndən,

Dil tutulub lal olanda,

Allah, mədəd eylə bizə.

 

Cavab verib qürtülünca,

Qəbir pir-nur olunca,

Cənnətdən çoxi gəlincə,

Allah, mədəd eylə bizə.

 

 

Ali divan qurulanda,

Xeyirlə şər soruləndə,

Dəftər ilə veriləndə,

Allah, mədəd eylə bizə.

 

Sırata binib gedincə,

Yeddi yerdə suval edincə,

Cəvab verib cənnətə gedincə,

Allah, mədəd eylə bizə.

Həşum Nəşuri olunca,

Tərəzi-mizəm qurulunca,

Səbəblər açır gəlincə,

Allah, mədəd eylə bizə.

 

Varuban Cənnətə girmək,

Cənnət güllərini dərmək,

Təmənnamız budur səndən,

Allah, nəsib eylə bizə.

 

Fayilətun-ayilət fayilət,

Ver Məhəmməd Mustafaya sələvət.


 

Axısqa türklərinin dini-fəlsəfi məzmunlu qəsidələri, ilahiləri də çoxdur. Onlardan Aslan şairin bir ilahisini təqdim edirik:

 


 

 

Əzəl yox idux, yaratdın bizi,

İlim əta eyləyib oxutdun bizi,

Qəlbimizdə daim Allah sözi,

Anın hörmətiçün bağışla bizi.

 

Topraxdan xalq etdin bizi,

Yenə toprağ etdin ol tənimizi,

Cənnətdən əlayə qoy canımızı,

Anın hörmətinə bağışla bizi.

 

Şükür olsun, misliman yaratdın bizi,

Qəlbim içrə təsdiq etdim səni,

Özümə haqq bildim çəni-sübhani,

Ol gözəl adına bağışla bizi.

 

Günahımız çoxdur, af et cani,

Gözümi açıb tanıdıb səni,

Bulürüm, yaratdın bütün cahani,

Anın hörmətinə bağışla bizi.

 

Nerədən qəlbimə saldın bu sözi,

Adama can verdin, cəsəd, həm iki gözi,

Qurana yığışmış o gözəl yazi,

Anın hörmətiçün bağışla bizi.

 

Adami xalq etdin əziz topraqdan,

Ona ilm verdin yeşil yapraqdan,

Hava hilləsinən çıxdı cənnətdən,

Onun hörmətiçün bağışla bizi.

 

İbrahim Allahi haxlinən buldi,

Xoş iqrar eyləyib misliman oldi,

Gökdə mələklərin xoşuna gəldi,

Onun hörmətiçün bağışla bizi.

 

Davud peyğəmbərə gökdən bin sabur,

İdris Suleymana məhirlə Davud,

İmdada yerişdi Həzrəti Xızır,

Onun hörmətiçün bağışla bizi.

 

 

Musa inanmışdi əsasına,

Firavun qərq oldi Nil dəryəsinə,

Mələklər gəlmişdi tamaşasına,

Onun hörmətinə bağışla bizi.

 

Məryəm namazıni mələklər qıldi,

Ol İsa qəvmindən fərəqət oldi,

Çıxdi gög yüzünə məkənin buldi,

Onun hörmətiçün bağışla bizi.

 

Axır zaman oldi, toğdi Mustafa,

Bütün cahan oldi nurilə səfa,

Kafirlər əlindən çox çəkdi cəfa,

Onun hörmətiçün bağışla bəni.

 

Binbir ismin vardur, yoxdur gülşanım,

Kamala yetirdün, buldum imanın,

Yetürdün nemətə çəni sübhani,

Verduğun nemətə bağışla bizi.

 

Səfil Aslandur bu sözi yazan,

Camidə oxunur Xütbəylə əzən,

Eşitdi möminlər gəldi ramazan,

Ramazan ayına bağışla bizi.

 

Bu ayda qapanur cəhənnəm qapisi,

Cənnətdə yapılur mömin yapısi,

Oroc tutanların görür həppisi,

Tutulan oroca bağışla bizi.

 

Uzun günlər tutdux orocumuzi,

Taci taxdan sürdüx biz yüzümüzi,

Fədlinə baxışla günahımızi,

Ol əziz aylara bağışla bizi.

 

Yetişdi bayramlar, qıldux namazi,

Qal bağlayıb haqqa etdux niyazi,

Məzlum qullarunux, ol bizdən razi,

Ol əziz günlərə bağışla bizi.

 

Müəzzin nida etdi bizi, səflər düzüldi,

Silindi günahlar, səbəb yazıldı,

Xütbə oxur imam, qəlblər saz oldi,

Oxunan xütbəyə bağışla bizi.

 

Xütbə tamam oldi, oxundi Quran,

Eşitdi möminlər, buldilər iman,

Sənə mütih oldux, sahibi zaman,

Oxunan Qurana bağışla bizi.

 

Şükür olsun Allaha, borci əda etdux,

Saralıb möminlərlə əl-ələ tutdux,

Bir-birin çağırıb ziyarət etdux,

Ol nazi nemətə bağışla bizi.

 

Aslan aşıx ol Allahın adına,

Genə bir söz gəldi bənim yadıma,

Çağırdım sübhani, gəl imdadıma,

Ol gözəl adına bağışla bizi.



Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol