AVRASİYADA VƏ QAFQAZDA TÜRKLÜYÜN TARİXİNDƏN
AVRASİYADA VƏ QAFQAZDA TÜRKLÜYÜN TARİXİNDƏN
Minilliklər boyu Avrasiyanın hegemon toplumu olmuş türklərin kimliyi təmasda olduqları xalqları daim düşündürmüşdür. Türklər kimdir? – sualına çeşidli cavablar olsa da hər yerdə və həmişə onların mərdliyi və şücaəti, ərdəmliyi və adilliyi təsdiqlənmişdir. Gerçəyə göz yummayanlar türklərin sahib olduqları sonsuz ərazilərə abadlıq, hökm etdikləri xalqlara əminlik, cəmiyyətə rifah, insanlara ləyaqət gətirən millət olduğunu qəbul etmişlər. Basılmaz qüdrəti, sönməz azadlıq duyğusu, alicənablığı və sədaqəti ilə türklər çinliləri, ərəbləri, farsları, yunanları, slavyanları heyrətləndirmiş, tanrı tərəfindən seçilmiş toplum adlandırılmışlar. Dünyanın ən böyük səltənətlərini qurmuş, özündən sayca dəfələrlə çox xalqları barış və ədalətdə birləşdirmiş, tarixi yaratmış türk qüdrətinin mənbəyinin türk insanının ruhunda, qəlbindəki ilahi yanğıda, saf xislətində olduğu heç kimə sirr olmamışdır. Buna görə də bu güdrəti qavramaq istəyənlər türk fəlsəfəsini və əxlaqını, türk mənəviyyatını və təfəkkürünü, türk psixologiyasını anlamağa çalışmışlar. Ölümü şərəfsizlikdən üstün tutan, alçalmayan və alçaltmayan, dünyanı hiylə və qaba zorla yox, daxili gücüylə fəth edən türklərin böyüklüyü düşmənləri şaşırtmışdır. Türklər tarixdə, fəth olunanların sevinc və çiçəklə qarşıladığı yeganə fateh xalq olmuşlar. Basdıqlarını kəsməmiş, kiçikləri ucaltmış, didişənləri barışdırmış, bölünmüşləri bütövləşdirmiş, dağılmışları dövlətə çevirmişlər.
Ancaq Avrasiya taleyində həlledici roluna baxmayaraq, türklərin etnik şüurunu, milli simasını və mədəniyyətini səciyyələndirən keyfiyyətlər indiyədək yetərli öyrənilməyib. Ortaq mənşədən gələn və türk birliyinin, türk tərəqqisinin, türk gələcəyinin təməli olan etnopsixoloji özgürlük haqqında bəzi ümumi mülahizələr, ötəri araşdırmalar olsa da məqsədyönlü və sistemli tədqiqlər yox dərəcəsindədir. Buna görə də türk psixologiyasının və təfəkkürünün etnik müəyyənliyi, türk həyat tərzi və mədəniyyətinin genetik kodu haqqında mövcud mülahizələrin, xüsusən qeyri-türk müşahidəçilərin və alimlərin fikirlərinin toplanaraq öyrənilməsi vacib məsələlərdəndir.
Türklər Avropa və Asiyanın, o cümlədən Qafqazın tarixində ən qədim çağlardan müstəsna rol oynamış, sonsuz ərazilərdə nəhəng imperiyalar qurmuş, böyük mədəniyyətə sahib olmuş, bir çox digər xalqların dövlətçilik ənənəsini yaratmışlar. Tədqiqatçıların göstərdiyi kimi, Baykal gölündən Baltik dənizinə qədərki ərazilərdə türklərin özəyini təşkil etdiyi Ural-Altay dil ailəsinə mənsub xalqların əcdadları artıq buz dövrünün sona yetməsindən sümükdən alətlər və balıqçı-ovçu həyat tərzi ilə seçilən mədəniyyət yaratdılar. Əmək alətlərinin və təsərrüfatın inkişafı ilə müxtəlif mərhələlərdən keçən bu mədəniyyət totemizm və şamanizmlə zənginləşmiş və bir çox qövmlərdən çox əvvəl tək Tanrıya, Göy Tanrısına tapınan yüksək səviyyəyə çatmışdır. Görkəmli macar türkoloqu Laslo Rasonyinin yazdığı kimi, bununla «nomadizmin yüksək dərəcəsi olan at bəsləyən atlı köçəbə və ondan savaşçı çoban bozkır kültürü gəlişdi. Eyni zamanda bu kültürün bəzi əsaslı ünsürlərini İndogermanlar və Sami qövmləri də almaqla bərabər, ən tipik şəkli Altaylı qövmlər arasında təşəkkül etmişdir» (Laszlo Rasonyi. Tarihte türklük. Ankara, 1988, s.4).
V.V.Radlov, N.Trubetskoy, O.Mengin, N.Koppers, P.V.Şmidt, A.Toynbi, L.Qumilyov və digər alimlər Ural-Altay xalqlarının, türklərin ənənəvi həyat tərzindən qaynaqlanan mənəvi xüsusiyyətlərini səciyyələndirərkən, fövqəladə dövlət qurma qabiliyyəti, görüş dairəsi genişliyi, cəsarət, oymağa bağlılıq şüuru, hökmetmə qüruru, təşkilatçılıq qabiliyyəti, digər mədəniyyətlərə tolerantlıq, xülasə, mükəmməl dövlət qurmaq üçün bütün xüsusiyyətlərə sahibliyi qeyd etmişlər. Köçəbəliyi bir çox baxımlardan ciftçilikdən üstün sayan məşhur etnoloq-tarixçi A.Toynbi irəliyi görüş, sorumluluq duyğusu, fiziki və əxlaqi dayanıqlıqla seçilən «köçəbənin həyatı, heç şübhəsiz, insan məharətinin bir zəfəridir» yazır. N.Koppers atlı nomad mədəniyyətinin yaranmasını «atı ilk əhliləşdirən» prototürklər və ya pretürklərlə bağlayır və indogermanların bu kültürün yaradıcısı olmayıb, ancaq ilk alıcısı olduqlarını təsdiqləyir. Türk mədəniyyəti, türk dili, türk elmi də tarix boyu ən öncül mövqedə olmuş, bir çox xalqların mədəniyyətinə təsir edərək dərin iz buraxmışdır.
Türk qövmlərinin Yaxın Şərq, Şərqi Avropa, Balkanlar, antik mədəniyyətlə ən azı iki-üç min illik təmaslarını təsdiq edən faktlar çoxdur. Türk-yunan əlaqələri üzrə sanballı tədqiqatlar müəllifi görkəmli türkoloq G.Moravçik qədim yunan mənbələrində Apollonun rahibi kimi verilən Abaris adının avar-abar qovmü, yəni qədim türklərlə bağlılığını, eləcə də oxa minərək Altay dağlarından Yunanıstana gələn qutsal quğular və oxuyan quşlar haqda əfsanənin türk şamanlığı ilə əlaqəsini, «Ripey dağları»nın Altay dağları olmasını təsdiq edir. Bu faktların ən azı 2600 il əvvəl türk-yunan əlaqələrini təsbitlədiyinə diqqəti cəlb edir.
Laufer, Nemet, Riçtofen, Noldeks, Rasonyi, Veysner kimi görkəmli alimlər iskitlərin (skiflərin) türklərə aidliyini, Turani, Ural-Altay xalqı ol0duğunu təsdiqləyir. Herodotun Skifiyanın şimalında yerləşdirdiyi, qızıl mühafizə edən qrifonların qonşuları olub qızıl təmin etməyə çalışan tək gözlü Arimasp qövmü moqollardakı eyni əfsanə və äram-däk (tək gözlü) anlamı ilə əlaqələnir. Eləcə də, Herodota görə iskitcə askü (yabanı albalı içkisi) və karthasis (iskit kralının qardaşı) adlarını tədqiqatçılar türk dili ilə bağlayır.
Qədim iskitləri 3 qrupa (çar iskitlər, köçəbə iskitlər, çiftçi iskitlər) və bəzi xırda qəbilələrə, o cümlədən alazonlara bölən Herodotun məlumatına əsaslanan (bax: A.A.Neyxardt. Skifskiy rasskaz Qerodota v oteçestvennoy istorioqrafii. L., 1982) bir çox alimlər, o cümlədən L.Niderle bunların heç də hamısının İran kökənli olmadığını təsdiqləyir. Hippokratın iskit təsvirinə əsaslanan (bu təsvir, L.Niderlenin dediyi kimi, asanlıqla müasir qırğızlara və kalmıklara aid edilə bilər) bir çox tədqiqatçılar iskitləri türk-moqol qövmü hesab edir. Eləcə də iskitlərdən əvvəl bu ərazilərdə yaşayan qimirlərin (Gimirrai), budinlərin (Boυδîvoı), androfaqların (Avδroφáγa) mənşəyi mübahisəlidir.
Budinlərin, gelonların, melanxlenlərin Volqa, Don, Dnepr boyu yaşadığı barədə ehtimallar olsa da, Qərbi Qafqaz və ya Xəzər sahillərində yaşadıqları barədə mənbələrə əsaslanan fikirlər daha çox yayılıb (L.A.Elğniükiy. Skifskie leqendı kak kulğturno-istoriçeskiy material. // SA, 1970, № 2, s.70; A.A.Neyxardt, s.124, 135; P.D.Liberov. Problema budinov i qelonov v svete novıx arxeoloqiçeskix dannıx. // MİA, 1969, № 151, s.261; Ö.S.Qaqloyti. Alanı i voprosı gtnoqeneza osetin. Tbilisi, 1966, s.236…).
Herodotun təsvir etdiyi melanxlen, androfaq, aqafirs, savromat, alizon, tissaget qəbilələrinin də etno-coğrafi mənsubluğu mübahisəli qalmaqdadır. İlk hökmdarları Tarqitaydan törəmiş skiflər, Herodotun məlumatına görə, Asiyadan massagetlər və hunlar tərəfindən sıxışdırılaraq Arazı keçmiş və qimirlərin ölkəsini tutmuşlar; qimirlərin skiflərdən qaçarkən dəniz boyu getdiyi, skiflər onları təqib edərkən Qafqazın sağda olduğu və yolu azaraq Midiyaya girdikləri bildirilir.
İskit mədəniyyəti parlaq çağına miladdan öncə VII yüzildə Qafqazda və Qara dənizin şimal bölgələrində çatır. Türk etnomədəni tipologiyasına uyğun olan iskit mədəniyyəti cənubi Qafqaz, Axısqa-Axılkələk ərazisində də iz buraxmışdır. İskitləri təqib edən sarmat, massaget, hun, avar, sabir, onoqur, bulqar qövmləri, orta çağların türk soyları da eyni mədəni ənənənin daşıyıcıları olmuşlar.
Bu və bir çox digər faktlar türklərin antik dövrlərdən Yaxın Şərq, Anadolu və Qafqazda məskunlaşdığını və zəmanələrinin üstün mədəniyyətə sahib xalqlarından olduğunu təsbitləyir. Macar tədqiqatçısı yazır: «Avropanın böyük ulusları daha ortada yöxkən və Slavların tarixsiz və məchul yığınları arasında, Ruslar daxil, tək bir qövm daha sivrilməmiş ikən, Türk uluslarının çox əski çağlardan etibarən has isimlərini təqib etmək mümkündür. İngilis, rus və s. zəkası daha ortaya heç bir əsər vermədiyi və bu millətlərin kəndilərinə gələrək şüurlarına sahib olmadıqları bir çağda, Türk əsilli Mahmud əl-Qaşqari ensiklopedi dəyəri daşıyan müəzzəm bir sözlük meydana gətirmişdir. Mahmud Qaşqari milli elmin, Türkolojinin qurucusu sayıla bilər» (L.Rasonyi, c.13-14).
Sonsuz Avrasiya çöllərinə hökm edən türk uluslarının mədəniyyətində daim əlaqədə olduqları Çin, Hind, Mesopotamiya, Yunan mədəniyyətləri ünsürləri də çulğaşmışdı. Lakin türk qövmlərini təmasda olduqları xalqlardan seçdirən əsas xüsusiyyət yüksək mənəvi dəyərlərlə, mənəvi mədəniyyət nümunələri ilə müstəsna dövlətçilik iradəsi və qabiliyyəti, savaş mədəniyyəti, döyüş sənətinin birləşməsi idi. Məhz buna görə az saylı türklər özlərindən yüz dəfələrlə çox xalqlara hökm edə, intəhasız coğrafi ərazilərdə mükəmməl, nizamlı dövlət qurub idarə edə bilirdilər.
Türklərin hərb sənəti, əsgəri qüdrəti, dövlətçilik əzmi, böyük ərazilərə ahəng və barış, tərəqqi gətirməsi, milli xarakterlərindəki ali mənəvi keyfiyyətlər, ləyaqət, mərdlik, ərdəmlik haqqında tarix boyu çinlilərdən tutmuş, farslara, ərəblərə, yunanlara, slavyanlara, gürcülərə, qərbi avropalılara qədər bir çox xalqların nümayəndələri böyük heyranlıq və pərəstişlə yazmışlar.
Macar alimi L.Rasonyinin türklərin mənəvi-əsgəri qüdrəti haqda təqdim etdiyi aşağıdakı xülasəni toxunmadan veririk: «Onlarda, milli tesanüd duygusu, milli gurur ve milli gururun icabı kahramanlık çok erken gelişti. Bütün bunları Gök-Türk yazıtları çok iyi aksettirir. Bu kavimlerin olağan üstü başarılarının sırrını anlayabilmek için, çok eski veya nisbeten yeni ve bir birinden dil, coğrafi saha, zaman bakımlarından ayrı kaynakların yukardaki görüşü teyit eden haberlerini zikretmeden geçemeyiz.
Türk kavimlerini fatih yapan bu kahramanlık ve askerlik ruhu Hiunq-nu'lara müteallik Çin kaynaklarında da inikas eder. M.Ö. 36 da savaşta ölen Hun hükümdarı Çi-çi'nin muazzam ve kendisini imha edecek Çin hücumunu beklerken aşağıdaki hitabede bulunduğu rivayet edilir:
„Boyun eğmeyeceğiz. Zira ötedenberi Hiunq-nu'lar kuvveti takdir eder, tabi olmayı hakir görürler. Savaşçı süvari hayatımız sayesinde adı yabancıları titreten bir ulus olduk. Zira bilirler ki, savaşta muhariplerinin kaderi ölümdür. Biz ölsek de, kahramanlığımızın şöhreti kalacak, çocuklarımız ve torunlarımız diğer kavimlerin efendisi olacaklardır”.
Daha sonrakı Çin kronika'ları Gök-Türkler hakkında şunları yazarlar: „Savaşta ölmeyi şeref sayarlar, hastalanarak ölmekten utanırlar”.
Türklerin mukavimliği, kanaatkârlığı ve savaş araçlarını kullanmaktaki maharet ve idmanlı bulunuşları çok eski çağlardan itibaren batılı komşuları arasında da ün salmıştır. Bizans'lı P r o k o p i o s V. yüzyılda Sabir'ler hakkında şunları söyler: „Yerin sırtında insanlar yaşamaya başlayalıdan beri ne Yunan'ların ve ne de İran'lıların kafasından, Sabir'lerin kullandığı silâhlar çıkmadı” der.
Müasir Arap ve Farslar, Türklerin gittikçe artan tarihî rolleri kendilerini gölgelendirmesine rağmen, onların bir çok üstünlüklerini tanımaya mecbur oldular. Basralı C â h i z (vefatı 864) IX. yüzyıl ortalarında kaleme aldığı meşhur Risale'sinde Türklerden sitayişle bahseder. Bundan birkaç cümleyi zikredelim:
„Eğer üstünde dayanmaya gelince, sınır eri, postacı, muhafiz, mutaassip bir harici (mezhep mensubu) bütün meziyetlerini bir araya getirseler bile alelâde bir Türk ile boy ölçüşemezler.
Ahlâki vasıfları ise maddî değerlerini de aşar: enerjik, canlı, fâal ve zekidirler, kanaati miskinlik, savaştan feragati tereddi sayarlar.
Yer yüzünde, harpte sorumluluk lâ'netine uğramayan tek kavimdirler. Yurtseverlik, her kavmin takdir ettiği, bütün insanlığa şamil bir meziyettir. Bilhassa bu duygu Türk'lerde çok kuvvetlidir”.
XI. yüzyılda diğer bir Arap müellif İ b n H a s s u l Türk'ler hakkında ayrı bir risale yazmıştır. Diğer konular arasında aşağıdaki satırlara rastlanır:
„Bütün kavimler arasında şecaat, cesaret bakımından Türk'lerden üstün, büyük hedeflere ulaşmak için onlardan daha dirayetli hiç biri yoktur. Cenab-ı Hak onları arslan sıfatında yarattı.
Onlar bozkırlara, otsuz ve ocaksız çöllere de alışıktırlar. Zaruret halinde, pek aza kanaat getirerek gün geçirecek derecede dayanıklıdırlar. Göbeği kesildiği andan itibaren Türk, askerin başbuğu, bölgenin emiri olmaktan ve kendini zahmetli duruma sokmaktan başka bir şey düşünmez”.
Bir Fars yazarından da iktibas etmeden geçemeyiz: 1206'da yazılan Tarih-i Mübarekşah’a göre, yabancı bir ülkeye giden garibi fena akibet bekler. Bunun aksine Türkler: ”Müslüman bir ülkeye ulaştıkları zaman, orada saygı ve takdir görürler. Emir ve orduya kumandan olurlar.
Hazreti Adem'den beri bugüne kadar, para ile satın alınan esirlerin sultan olduğu hiç bir yerde görülmemiştir. Türk'ler müstesna.
Türk'ler denizin derinliğinde midye kabuğu içinde saklı inciye benzerler. Değerinin takdir edilmesi için denizi birakarak kralların tacını, gelinlerin kulağını süslemesi gerekir”» (L.Rasonyi, s.62-64).
Türklərin tarixi yaradan qüvvə kimi varlığını təsbitləyən təfərrüatlı xəbər miladdan öncə VIII yüzilə aid olsa da, hələ yazılı məlumatlardan çox əvvəl, min illərlə öncə böyük türk soyunun qüdrətini bildirən faktlar, qaynaqlar mövcuddur.
İlk gerçək Çin sülaləsi Çouların (m.ö. 1150-259) tarixini araşdıran tədqiqatçı R. Vilhelm, böyük filosof Menq-tseyə əsaslanaraq, Çin və bütün şərqi üç min ildən bəri ideal olaraq vahid dövlətdə ehtiva edən bu sülaləni quranların türklər olduğunu və beləliklə, türklərin məlum siyasi tarixinin ən azı miladdan öncə XXIV-XII əsrlərdən başladığını təsbitləyir (R.Wilhelm. Histoire de la civilisation Chiroise.
Mənbələrdə adı keçən ən qədim türk qövmü hunlardır (çin qaynaqlarında Hiunq-nu, eləcə də Tik, Conq şəklində). Moqol, tunqus və digər oymaqlara da öndərlik edən hunların hərbi qüdrəti, döyüş qabiliyyəti elə bir səviyyədə olur ki, Çin hökmdarları onlara qarşı artıq m.ö. IV əsrdən nəhəng müdafiə sədləri qurur, türk hərb sənətini öyrənməyə çalışırlar. Silahları yay, ox, mizraq, qılınc olan hun süvariləri uzaq doğudan başlayaraq bütün Asiyaya min illərlə hökm etmiş, m.ö. son yüzillərdən – eramızın ilk yüzilindən Avropaya, o cümlədən Qafqaza yürüşlər etmişlər. Artıq Ptolomey qərbdəki hunlardan danışır. III əsrdə cənubi Rusiyada qotların spal (rus dilində «ispolin» - nəhəng sözü bundandır) qəbiləsi ilə qarşılaşması barədə məlumat var; (L.Niderle. Slavənskie drevnosti. Moskva, 2001, s.141; V.V.Mavrodin. Obrazovanie drevnerusskoqo qosudarstva L.1945,s.38,50). Bu dövrlərdən hunların əsas qüvvəsi qərbdə cəmləşir, Mərkəzi Avropaya, Anadolu və Qafqaza yürüşləri güclənir. Xorenli Musa 376-cı ildə hunların həmlə etdiyi qotların 25 slavyan qəbiləsini Dakiyadan Dunayın digər sahilinə sıxışdırdığını bildirir. 359-373-cü illərdə Anadolunu fəth edən hunların misilsiz şücaətini Edessalı (indiki
IV əsrdə Xəzər dənizi və Volqa çevrəsinə hökm edən hunlar Qafqazı da nüfuzlarına alırlar. Elə bu dövrdə Germanarixi yenərək, qot, slavyan, litov və digər xalqları tabe edirlər. Bu çağda hunların hökmdarı şərqdə Karaton, qərbdə isə Uldin idi. Sonralar hun hegemonluğu altında 30-a qədər qövmə (türk, german, frakiyalı, iranlı) başçılıq edən Atilla dövründə türk qüdrəti Danimarkadan Altaylara və Çinə qədər bütün Avrasiyanı sarır, bütün qitəyə sabitlik gətirir.
Dahi sərkərdə və dövlət adamı, müttəfiqlərinə, andına daim sadiq qalan, sənətə, mədəniyyətə sevgisiylə seçilən Atilla Romanın önündən papa Leonun xahişi ilə alicənablıqla geri çəkilir, müqəddəs şəhərə toxunmur.
Bu dövrdə türk dili və mədəniyyəti bütün Avropaya yayılır. Ritor Prisk 448-ci ildə imperator Feodosi tərəfindən Maksiminin başçılığı ilə Macarıstana, Atillaya göndərilən elçilikdən danışarkən, yolda elçilərin rastlaşdığı, hun, qot, latın (auzon) dilində danışan, onları buğda çörəyinə və bal içkisinə qonaq edən iskitlərdən söz açır. Digər salnaməçi İordan Atillanın qədim türk yuğlarına uyğun gələn dəfn mərasimini təsvir edir.
Sonradan digər türk uluslarına qarışan, başqa adlarla ortaya çıxan hunlar bütün Avrasiyada dərin izlər, xatirələr qoymuşlar. Min illərlə qüdrətli dövlətlər qurmuş hunlar bir çox sülalələri tarix səhnəsinə çıxarıb: Dunay bulqarlarının hakim sülaləsi, Tuğrul oymağından, Atillanın oğlu İrnikdən törəyən Arpad macar milli sülaləsi...
Hunların böyük qrupu olan ağ hunların (eftalitlər, abdallar) əsas qüvvələri Hyonlar (latın mənbələrində khionita, bizanslılarda Leükoy Hunnoy) və Uarlar (avarlar, varlar) olmuşdur. Avarlar və ağ hunlar bizanslıların Uarhon (varhon) adlandırdıqları Uar-hyon (varhon, avar-hun) birliyini əmələ gətirmişdir. 563-cü ildə göy-türklər ağ hunların dövlətini yıxsalar da, yüz il sonra da eftalitlər qüdrətli hərbi güc olmuş, ərəblərə qarşı döyüşmüş, yeni sülalələr qurmuşlar.
V əsr Suriya mənbəsinə görə, hunlar Gürcüstanda da qədimdən güclü hərbi-siyasi amil olmuşlar. Bizans imperatoru Arkadinin (395-408) sarayında qulluq edən iver Farsman vətəninə gələrək «iverlərin qonşusu olan ağ hunların» köməyilə hakimiyyəti alıb (N. Piqulevskaə. Siriyskie istoçniki po istorii narodov SSSR. M.-L., 1941, s. 37).
VI əsr müəllifi Zaxari Ritor isə gürcülərin qonşusu olan türk qövmlərindən ağ hunların, sirurqurların (saraqur), avqarların (oqur), kurtaqurların (kuturqur), sabirlərin, xəzərlərin, dilmarların, kulasların və b. adını çəkir (Yenə orada, s. 165). 481-ci ildə Kartli çarı Vaxtanq Qorqasal İrana qarşı üsyan edəndə ilk növbədə hun birliyinə daxil olan sabirlərin köməyinə arxalanıb.
Yustinian dövründə (527-ci ildən) hunların Avropa yürüşləri haqqında məlumat verilir (Prokopiy Kesariyskiy. Qotskaə voyna // Vestnik drevney istorii, t.V. M., 1941, s.236, 241; İordan, Efesli İoan, Menandr da hunlardan söz açır).
Hətta hunların əsas qüvvələrinin qərbdə mərkəzləşdiyi dövrlərdə belə türklüyün Ana Yurdunda Hiunq-nuların, yəni həmin hunların yardımçı əskəri qüvvə saxlayan bəzi oymaqları Böyük Çin səddini aşaraq Şimali Çində II əsrin sonlarından hökmranlıq edirlər. 304-cü ildə hun mənşəli Liu-yu qüdrətli Tsien Çao sülaləsini qurur, 311-ci ildə Liu-yunun oğlu Liu- tsinq Çinin paytaxtı Loyanqı alır. Bir qədər sonra türk mənşəli imperator Fu-kien bütün şimali Çini birləşdirir, ölkədə böyük mədəni yüksəliş başlayır, türklərin sayəsində buralarda daha mutərəqqi din olan buddizm yayılır.
IV əsrin sonlarından hun yurdlarında To-palar ulusu güclənir və böyük iqtidar sahibi olur. Müxtəlif qövmləri birləşdirən To-palar sonradan türkcə Tabğaç, yunanca Tauqast adıyla məşhurlaşır. 386-cı ildən xüsusilə qüvvətlənən To-palar 534-cü ilə qədər şimali Çinin və ətraf bölgələrin hakimi olurlar.
Dövrlərinin böyük buddist mədəniyyətini və sənətini yaratmaqla yanaşı, To-palar ticarətin, geniş xarici əlaqələrin inkişafına, yəni həm də mədəni təmaslara şərait yaratmışlar. Digər türklər kimi dövlətçilik, başçılıq, hökmetmə və liderlik istedadı olan To-palar Çində uzun illər hökmranlıq etmiş Su (580-618) və T'anq (618-907) sülalələrinin də əsasını qoymuşlar (V. Eberhard).
Bütün Qafqazda olduğu kimi, Axısqa-Axılkələkdə də rast gəlinən Toba, Tobaxçı, Qurutuban (Axısqa rayonu), Qaratuban, Qortuban kəndlərinin (Adıgün rayonu) adları da qədim To-palarla bağlı (toba, tuba, tubo, tuva, tofalar) türk etnotoponimləridir.
Bu dövrlərdə, V əsrin ortalarında Turfan vahəsindən hun birliyinə daxil digər bir türk qövmü – sabirlərin qərbə yürüşü başlayır. Yüksək əsgəri bacarıqları olan sabirlər, oqur və onoqur türklərini, macarları sıxışdırıb çıxarırlar. Beləliklə, həmin qövmlər Uralı keçərək batıya doğru hərəkət edirlər. Sabirlərin hərbi şücaəti günümüzə qədər Altay, Sibir, Ural qəhrəmanlıq dastanlarında, Sibirin və digər məskənlərin adında yaşamaqdadır. V əsrin axırları VI əsrin əvvəllərindən sabirlər Uralı keçərək Volqa-Don-Qafqaz çevrəsində yerləşir və fəal siyasi-hərbi amilə çevrilirlər.
Dediyimiz kimi, Kartli çarı Vaxtanq Qarqasal hələ 481-ci ildə İrana qarşı döyüşlərdə sabirlərin köməyinə arxalanıb.
Sabirlər elə bu dövrlərdən Qafqazdan Anadoluya yürüş edirlər. 527-ci ildə Bizans imperatoru I Yustinian şimali Qafqazda yüz minlik orduya hökm edən sabir hökmdarı Voa (Boa, Boariks) ilə müqavilə bağlayaraq, sabirlərlə birlikdə farslara qarşı çıxır. VI əsr Bizans mənbələri Qərbi Gürcüstanda Boas çayının hökmdar xanım Voanın adını daşıdığını qeyd edir. 558-ci ilə qədər sabirlər Bizans-Fars müharibəsində iştirak edirlər. Bu dövrdə batıya yürüş edən digər türk qövmü avarlar, sabirlərin iqtidarına son qoyur, sabirlər əvvəl onlara tabe olmuş macarlara və eləcə də avarlara, xəzərlərə qarışırlar.
N.Y.Marr savirləri «sav», «sev», «se» - qara bildirən, hələ iskit dilindən gələn relikt sözə görə qara bulqarlara bağlayır (qədim kabar, avarlara qohum olan müasir balkarların da «savr», «sav» adını daşıdığını göstərir, qeyd edək ki, Konstantin Baqryanarodnı kabarların Macarıstanda «savartiasfal» adlandığını bildirir), prof. V.V.Mavrodin də «qara bulqarlar»ın qədimdə sabirlər, indi isə balkarlar olduğunu güman edir (V.V.Mavrodin, s.186). Tasitin «Germaniya» əsərində də «svevlər ölkəsi»ndən danışılır (Taüit. Qermaniə. M., 1941, s.230).
Sabirlərin adı, bu qüdrətli ulusdan qalmış bir çox sözlər (İliger, Akkağan, Bağhan, Boğarık, Balak və s.) müxtəlif örnəklərdə, o cümlədən uzun müddət hegemon olduqları cənubi Qafqazda, Axısqa-Axılkələkdə, Borçalıda günümüzə qədər qalmaqdadır.
Bu sıradan bütün Avropada, o cümlədən Qafqazda yeni tarixi proseslərə təkan vermiş türk soyu avarların batıya doğru böyük hərəkatı 552-ci ildə Tümən xaqanın başçılığı ilə digər türk qövmü tukyuların (göy-türklər, türklər, çincə tu-kin) Juan-juan dövlətini yıxmasından sonra başlayır. Avarlar bundan çox əvvəl də Avropada olmuşdular, Konstantin Boqryanorodnı avarların 449-cu ildə Salona hücumunu qeyd edir. 463-cü ildə avarların əsas kütləsi türk soyu hesab edilən juan-juanların həmləsi ilə Şərqdən çıxaraq indiki Alma-Ata və İssık-kul bölgəsindəki sabirləri sıxışdırmış, sabirlər də oqurların qərbə hərəkətinə təkan vermişdilər. N.Qumilyova görə, əsasən oqurlardan, varhon (Uar-Hun) toplumundan ibarət olan avarların böyük köçləri bir çox digər qövmləri, o cümlədən moqolları və macarları da öz axınına aldı. Artıq 558-ci ildə Qafqaza çatan avarlar burada ixtiyar sahibi olur, həmin ildə Bayan xaqanın elçiləri Konstantinopolda Bizans imperatoru Yustinianla görüşür. Bizanslılar da avarları Uar və Hunni zümrəsinə bölürlər. Bizanslılardan hər il xərac alan avarlar bir qədər sonra şərqdən onları sıxışdıran digər türklərin (tukyu) təsiri ilə bulqarları, oqurları və macarları da öz birliklərinə qataraq VI əsrin ortalarında antları və digər qövmləri əzirlər. Mənbələrdə antların səfiri Mejamir İdar oğlunun avarlara elçiliyi, burada həm də avarlara qohum olan kuturqurlarla görüşdüyü, avar hökmdarı Macaka bütün slavyanların və digər çarların tabe olması haqqında məlumat verilir (Menandr. İstoriə // Vestnik drevney istorii, t.1, M., 1941, s.247; Povestğ vremennıx let po Lavrentğevskomu spisku. SPb, 1910, s.11; A.Ə.Qarkavi. Skazaniə musulğmanskix pisateley o slavənax i russkix // Problemı istorii. dokapitalistiçeskix obhestv. M., 1935, №9-10, s.127-138). 562-ci illərdə avarlar aşağı Dunayda yerləşərək onlara xəyanət etmiş bizanslılara (avarlarla müttəfiqlik edən imperator Yustinian onlara qarşı slavyan antları dəvət etmişdi) qonşu olurlar. Avarlar 568-ci ildə mərkəzi Pannoniyada olan dövlət qururlar. II Yustinian (565-578), Tiberi (578-582), Mavriki (582-602), Foka (602-610), İrakli (610-641) dövrlərində avarlar Balkanların xeyli hissəsini fəth edir, Roma imperiyasını daim vahimədə saxlayırlar. Lakin bütün tarix boyu olduğu kimi, indi də düşmən hiyləsi ilə türk qüdrətini türk sarsıdır – 635-641-ci illərdə bulqar hökmdarı Kubrat avarlara ilk zərbə endirir…. Lakin bundan xeyli sonralar da Balkan yarımadası, eləcə də Karpatlar, Pannoniya, Dunay və Tissa arası, Vyana meşələri və Blaton gölü çevrələri avar-hun nüfuzu altında qalır. Qalliyaya, şimali İtaliyaya qədər yürüşlər edən avarlar az bir müddətdə Macarıstanı, Pannoniyanı alır, frankları əzir, Bizansın şimal şəhərlərini tutur və beləliklə Dondan Qalliyaya, uzaq şimaldan İtaliyaya qədər böyük əraziyə, əslində bütün Avropaya sahib olan iki yüz illik dövlət qururlar. Avarlar 250 ildən çox itaətdə saxladıqları slavyanların tarixində, onların hərb sənətinə yiyələnməsində, qərbdəki ərazilərdə məskunlaşmasında, tarix səhnəsinə çıxmasında da müstəsna rol oynadılar. IV əsrə qədər qotlara, sonra hunlara tabe olan balıqçı və ovçu slavyanlar ciftçiliyi də qotlardan və oqurlardan öyrənmiş, təkmil heyvandarlığı da türklərdən götürmüşdülər. Slavyanlarda işlənən boər, bolvan (büt) sözlərinin (buna uyğun olaraq, macarlarda vali bildirən ban, slavyanlarda jupan, pan sözləri avarca boğan, göytürkcə boğa, bulqarca boğan sözündəndir. Ümumən Avropada avarlarla bağlı yer adları, titullar, abidələr və s. çoxdur, tək Macarıstanda 20.000 avar məzarı incələnmişdir) avar mənşəli olması dövlətçilik ünsürlərinin və dini şüurun da türklərdən təsirləndiyini göstərir. Hərb sənətini də slavyanlar ilk dəfə türklərdən – avarlardan (slavyanlarda obor) öyrəndilər. K.Yireçek 584-cü ildə Efes yepiskopu Suriyalı Yohannesin belə bir qeydini verir: «əskidən ormanların içindən çıxmağa cəsarət edəməyən slavlar artıq avarlarla birlikdə savaşa qatılırlar, altunları, gümüşləri və at sürüləri var». Qeyd edək ki, Bizans imperatoru Heraklios da VII əsrdə ordusunu avar nümunəsi üzərində qurmuşdu.
Avar xaqanlığı VIII əsrin axırlarında zəifləyir və yenə də digər türk qövmü, bulqar xanı Kurum (Krum) avar hakimiyyətinə son verir. Lakin avar izləri bütün Asiya və Avropada günümüzədək qalmaqdadır. VII-VIII əsrlərdə Mərkəzi Avropanın geniş əraziləri Avaria, terra Avarorum (eləcə də Hunnia, regnum Hunnorum) adlandırılıb. Avarların qüdrəti slavyanları elə təsirləndirib ki, indiyədək slavyan dillərində «obra» - güclü fövqəlinsan sözü qalıb. 791-799-cu illərdə Böyük Karlın ordusu və Kurumun bulqar qoşunu birləşərək avar dövlətini sarsıtdıqdan, avarların bir qismi başqa yerlərə çəkildikdən sonra da, hətta IX-X əsrlərdə bu yerlərə avarların xatirəsiylə solitudines Avarorum – avar səhrası deyilib. Avropada avarların rəsmi elçiliyi son dəfə 822-ci ildə Frankfurtda seymdə iştirak edib, 873-cü ildə Aşağı Pannoniyada avar məskənləri qalıb, sonradan avarlar digər türk soylarına, macarlara, slavyanlara və başqa xalqlara qarışıblar. Avar köklü sülalələr isə Avropanın bir çox ölkələrində yüz illərlə hakim olub.
Daxili toqquşmalara baxmayaraq, türklər Avropanın siyasi xəritəsini çəkməkdə, dövlətlər qurmaqda, millətlər yaratmaqda, inkişafa təkan verməkdə davam edirlər. Bulqarlar (ərəb mənbələrində burcanlar) da hun və avarlar kimi belə böyük türk qövmü oldu. Hun-oqur mənşəli bulqarlar oqur, onoqur, saraqur, uturqur, kuturqur və hun birliyinə daxil qövmlərin birləşməsi (bulqamaq sözündən) nəticəsində tarix səhnəsinə çıxan türk toplumu idi. V əsrin ortalarında İdil sahillərindən Mərkəzi Avropaya gəlmiş bulqarları 482-ci ildə imperator Zenon qotlara qarşı yardım üçün dəvət etmişdi.
Artıq 499-cu ildə bulqarlar Balkanlara yürüş edirlər. Bu dairədə güclü amilə çevrilən bulqarlar 626-cı ildə Konstantinopola həmlə edir, 635-641-ci illərdə isə, deyildiyi kimi, Kubrat xanın başçılığı ilə avarlara zərbə endirirlər. VII əsrin axırıncı qərinəsində Asparux xaqanın başçılığıyla cənuba hərəkət edir, 679-cu ildə Dunayı keçərək qədim Meziyanı fəth edir, indiki Dobruca çevrəsində mərkəzləşirlər. Yeni bir dövlətin – Bolqar dövlətinin əsasını qoyan bu fəth müqavimətsiz baş verdi, fateh bulqarları xilaskar kimi qarşılayan slavyanların (Feofanın məlumatına görə, 7 slavyan qəbiləsi) böyük sevinci və razılığı ilə müşayiət olundu. Qəhrəman türk-bulqarlar çox tezliklə Balkanlarda müstəqil güclü dövlət yaratdılar, bulqar hökmdarları Kurum (803-814), Presiam (845-852), Boris (855-888), Simeon (893-927) dövründə Alban sahillərindən Fessaliyaya, Mərkəzi Macarıstana qədər böyük ərazini özlərinə tabe etdilər. Öz adları altında dağınıq slavyan qəbilələrini birləşdirib millətə çevirdilər. Sonradan slavyanlaşan qədim bulqarların izləri Dəliorman qocalları və qaqauzlar arasında, eləcə də Balkanlara sonralar gəlmiş peçeneq, poloves, uzların törəmələrində qalmışdır. Bulqarların Balkanlardan şimalda qalmış digər hissələri isə IX əsrin axırına X əsrin əvvəllərinə qədər həmin ərazilərdə hökmran olmuş, sonralar türk qövmlərinə və digər xalqlara qarışmışlar. Xəzərlərin təzyiqiylə qərbə hərəkət edən bulqarların bir hissəsi isə cənubi İdildən şimala dönərək, Kama üzərində mərkəzi indiki Kazan yaxınlığındakı Bulqar şəhəri olan Gümüş Bulqar dövlətini yaratdılar. 922-ci ildə islamı qəbul edən İdil-Volqa bulqarları Rusa dəstək olur, aclıq vaxtı taxılla təmin edirlər.
Tarixin gedişatı bu böyük türk ulusunu parçalasa da fitri qüdrət bulqarlara eyni zamanda iki böyük dövlət yaratmağa imkan verdi.
Qafqazda xüsusi iz qoymuş qədim türk ulusu xəzərlər artıq VI əsrdən Avropada (Pannoniya) görünməyə başlayır. Göy-türk dövlətinin bir hissəsini təşkil etmiş xəzərlər sabirlərin xələfləri olaraq etnik cəhətdən xəzərlərin üstünlüyü ilə oqur, onoqur, kabar, kaliz, macarların birliyi kimi ortaya çıxmışlar. 627-628-ci illərdə farslara qalib gələn xəzərlər Qafqazı alır, Tiflisi tuturlar. Şimali Qafqaz, Volqa, Don sahilləri, Krım (Krımdakı məlum son xəzər xristian hökmdarı Georgios – Çur rütbəsi daşıyıb) uzun müddət xəzərlərdə olur. İlk paytaxtları Bələncər, sonra Sarışın (Ağ şəhər) olan xəzərlər Səməndər kimi böyük şəhərlərə sahib olur, 837-ci ildə peçeneqlərdən qorunmaq üçün Sarkel qalasını tikirlər. Məsihiliyi, yəhudiliyi qəbul etmiş xəzərlərdə sonradan müsəlmanlıq yayılmışdır. X əsrə qədər Şərqi slavyanlar xəzərlərə xərac vermişlər. Rusların, şərqi slavyanların formalaşmasında xəzərlərin böyük rolu olub. Qafqazla sıx əlaqələri olan xəzərlər peçeneqlərin zərbələri altında zəifləyərək XI əsrdən süqut etsələr də, qüvvələrini uzun müddət saxlayırlar. Bu dövrlərdə Cənubi Qafqazda xəzərlərə qarşı dayana bilən qüvvə də məhz türklər olur. 1170-ci ildə şimaldakı xəzərlər ruslarla birlikdə qurudan və dənizdən Şirvana hücum edir, lakin şirvanşah Axsitan onları saxlayır, donanmalarını dağıdır və Xaqaninin yazdığı kimi, şirvanşah Rusu dəhşətə salır. Səlcuqlu tarixçi Rəvəndi də Rus (eləcə də, Ərəbistan, Əcəm, Rum) üzərində qılıncın türklərin əlində olduğunu yazır (A.E.Krımskiy. Nizami i eqo sovremenniki. B., 1981, s.168-169).
Artıq IX əsrdən qərbə yürüşə başlayan peçeneqlər haqqında 915-ci ildə Kiyev salnaməsi məlumat verir. X əsr Şərqi Avropada peçeneq hökmranlığı dövrüdür. Sonradan peçeneqlər onlara qohum olan digər türk qövmü uzlar (torklar) tərəfindən həmləyə məruz qalır. Qədim qövm olan torklar haqqında Plini, Pomponi, Mela, VI əsrdə Efesli Yan məlumat verir, 985-ci ildə Kiyev knyazı Vladimir torklarla birlikdə bulqarlara hücum edir. X əsrin axırları, XI əsrin əvvəllərində torkların-uzların Şərqi və Mərkəzi Avropaya böyük axını baş verir, bu böyük ərazi onların adıyla Quziya adlanır. Lakin peçeneqləri sıxışdıran, 1036-cı ildə Kiyev yaxınlığında onları böyük məğlubiyyətə uğradan torklar özləri kumanların-polovsların (sarışın olduqlarına görə slavyan dillərində saman bildirən «polova» sözündən) zərbələri altında cənub-qərbə yönəlir və 1064-cü ildə onların xeyli hissəsi peçeneqlər kimi Balkanlara, Bolqarıstana keçir. Tork-uzların bir hissəsi olan qaraqalpaqlar (qarapapaqlar, «çornıe klobuki») isə polovslar-kumanlarla Avrasiya çöllərində qalır. XI-XII əsrlər kəsiyi Avrasiyada, Avropanın xeyli hissəsində kumanların (qıpçaqların) hegemonluq dövrü olur və bu çöllərin Quziya adı dəyişərək Dəşti Qıpçaqa çevrilir.
XII əsrdən başlayaraq yeni türk qövmünün, Çingizxanın yetişdirdiyi tatar-moqol ordularının ulduzu parlayır, bu toplum bir-neçə əsr Mərkəzi Avropadan Uzaq Şərqə qədər böyük ərazilərdə, demək olar ki, bütün Asiyada, Avropanın yarısında hökmranlıq edir və tatarların Qızıl Ordası da türk qüvvəsi – Teymurləngin həmlələri ilə süqut edir.
Elə təxminən tatar-moqollar dövrlərində, bir qədər əvvəldən Türküstanda, Qafqazda, İranda, Anadoluda əvvəlcə səlcuqların bir neçə yüzillik hökmranlığı sürür və tədricən böyük türk sülaləsinin – osmanlıların 650 illik parlaq dövrü başlayır… Bütün bu dövrlərdə Qafqaz, o cümlədən Axısqa-Çıldır əraziləri böyük türk dünyası içində, türk nüfuzu altında olur…
Avropa ərazilərində türklərin min illərlə xüsusilə təmasda olduqları və indiyədək də əlaqəli yaşadıqları xalqlardan başlıcası slavyanlardır. Buna görə də bir çox çağdaş prosesləri anlamaqçün türk-slavyan, xüsusən türk-rus əlaqələrinə ayrıca diqqət yetirmək lazımdır.
Qeyd edək ki, hələ Atilladan xeyli əvvəllər iskitlər və hunlar digər xalqlar – sarmatlar (azıqlar), daklar, illiriyalılar və slavyanlarla təmasda idilər. Görkəmli çex slavyanşünası L.Niderle Avropada slavyanların türklərlə əlaqələrinin tarixini avarlardan-hunlardan çox öncə başlayır: «neolit dövründə, eramızdan bir-neçə min il əvvəl Orta Asiyadan çıxmış qarabuğdayı braxisefalların Avropaya dolması çağlarından. Ancaq həmin zamanda slavyanlar hələ yox idi: prahindavropa xalqı hardasa Mərkəzi Avropada təzə formalaşmışdı və bu kütlədən ayrılmamışdı» (L.Niderle. Slavənskie drevnosti. Moskva, 2001, s.33). Məşhur tədqiqatçılar Y.Peysker və F.Korş da eramızdan minlərcə il əvvəl türklərin Avropada məskunlaşdığını, inkişaf etmiş təsərrüfata, heyvandarlığa və əkinçiliyə sahib olduqlarını təsdiq edirlər (Yenə orada, s. 472-475). Bu alimlər slavyanların hələ ana yurdlarında miladdan öncə ən qədim çağlardan eramızın XI əsrinə qədər türklərin və ya germanların sərt əsarətində olduğunu, bu əsarətin onların gələcək həyatlarına və inkişafına xüsusi cizgilər verdiyini, primitiv səviyyədə olan slavyanların atlardan, mal-qaradan və müvafiq təsərrüfatdan məhrum olduqlarını, qədim slavyan dilində mühüm təsərrüfat, ərzaq anlamları bildirən bıkğ, volğ, koza, tvoroqğ kimi sözlərin türklərdən, mleko, skotğ, nuta (skot) və s. isə germanlardan götürüldüyünü qeyd edirlər. Y.Peysker slavyanların əsarətə düşməsi səbəbkarının e.ə. VIII əsrdə iskitlər olduğunu hesab edir.
Slavyanşünasların göstərdiyi kimi, «hun birliyi slavyanlığın birləşməsinə kömək etdi» (V.V.Mavrodin, s.25).
Qeyd etməliyik ki, bütün tarixləri boyu türklərlə birlikdə yaşamış rusların etnik kökü – «norman» və «slavyan» mənşəyi haqda mübahisələr günümüzədək qalmaqdadır. Hətta slavyanpərəst alim L.Niderle də rusların istənilən halda qeyri-slavyan mənşəli olmasını, german-varyaq kökənli olaraq üç nəsil sonra slavyanlaşdığını düşünür (bax: L.Niderle, s.158-164). Bununla bağlı, türk-german əlaqələrinin qədimliyini və 839-cu ildə imperator Feofilin Lüdoviq Blaqoçestiviyə göndərdiyi elçiliyin tərkibində rus «xaqan»ı tərəfindən bir-neçə rosun olmasını və bunun türklərdən (bolqar-xəzər) qaynaqlandığı barədə fikirləri xatırlatmaq istərdik. L.Qumilyov da «Kiyev xaqanlığı», «Norman xaqanı», V.V.Mavrodin «Rus xaqanı» anlayışlarını qeyd edir. 882-ci ildə Oleqin o dövrdə Sambatas adlanan Kiyevdə yerləşərək qurduğu vahid rus dövləti, sonrakı Moskva dövləti də xaqanlıq tipində idi. Qeyd edək ki, Samkel, Səməndər kimi, Kiyevin qədim adı Sambatas (Samvatas, Samvat) da türk-xəzər mənşəli olub: «sam» - məskən, «bat» - bərk sözlərindən yaranıb; Sambatda xəzər qarnizonu da yerləşib (V.V.Mavrodin, s.148-149,191). Ümumən, xəzərlərin əmin-amanlıq gətirdikləri Rusun tarixində, mədəni, iqitsadi inkişafında, Şərqin nailiyyətlərinə yiyələnməsində müstəsna rolunu bir çox alimlər təsdiqləyir (V.V.Mavrodin, s.177-179). İbn Xordadbeh, Əl-İstəhri, İbn Haukal, Əl-Bəlxi, Məsudi, İbn Rust, Qardizi, Müqəddəsi kimi ərəb tarixçiləri də rusların məhz xəzərlər sayəsində Şərqlə əlaqələr qurduğunu, türklərlə, Yaxın Şərqlə sərbəst ticarət etdiklərini qeyd etmişlər.
Türk-rus, türk-slavyan əlaqələrinin tədqiqi baxımından keçən əsrin 20-ci illərində rus mühacirət mühitində formalaşmış avrasiyaçılıq olduqca diqqətəlayiq və dəyərli təlimdir.
Şərqi Avropa, Sibir və Türküstan ərazilərində Turan (türk, monqol, uqro-fin) və slavyan etnoslarının yaratdıqları özünəməxsus mədəni sistemin nüvəsinin məhz türk etnosu, Turan psixoloji tipi olduğunu təsbitləyən avrasiyaçılar bu etnosun tarixi çarpışmalardan sarsılan Avrasiyaya ahəng və sabitlik, sülh və tərəqqi gətirmək siqlətini təsdiqləmişlər. Daxili tamlıq və səbat, idraki aydınlıq və simmetriya, ruhsal-psixoloji tarazlıq, xüsusi «şüuraltı fəlsəfi sistem»lə seçilən türk insanının Avrasiya tarixində həlledici rol oynadığını, rus dövlətçiliyinin, rus milli şüurunun və etnik simasının yaradıcısı olduğunu, türk təsirinin slavyan-rusların qanına, etnik yaddaşına keçdiyini və Turan qardaşlarıyla ortaqlığın dərkinin hər bir rus üçün zəruriliyini, bununla fəxr etməyin gərəkliyini söyləmişlər. Avrasiyaçılığın görkəmli nümayəndəsi N.Trubetskoy yazır: «Müasir Rusiyanın, demək olar ki, bütün ərazisinin bir dövlətin hakimiyyəti altında birləşdirilməsi ilk dəfə rus-slavyanlar deyil, turanlılar-monqollar tərəfindən həyata keçirilmişdi… Rusların turanlılarla birgə yaşayışı bütün rus tarixindən qırmızı xətlə keçir. Əgər şərqi slavyanların turanlılarla bağlılığı rus tarixinin əsas faktıdırsa, əgər damarlarında Turan qanı axmayan velikoros tapmaq çətindirsə, əgər həmin Turan qanı (qədim çöl köçərilərindən gələn) əhəmiyyətli dərəcədə malorosların da damarlarında axırsa, - onda tamamilə aydındır ki, gerçək milli özünüdərk üçün bizə, ruslara, özümüzdə Turan elementinin varlığını nəzərə almaq, öz turanlı qardaşlarımızı öyrənmək lazımdır… Turan psixikası millətə mədəni səbat və güc aşılayır, mədəni-tarixi varisliyi təsbitləyir və milli qüvvənin qənaətinə, bununla da istənilən quruculuğa münbit şərait yaradır… Moskva dövləti tatar əsarəti sayəsində yarandı… Rus çarı monqol xanının varisi oldu. Rus dövlətçiliyinin qaynaqlarından biri tatar dövlətçiliyi oldu və buna göz yuman və ya əhəmiyyətini azaltmaq istəyən tarixçilər haqlı deyillər» (Avrasiyaçılıq və N.Trubetskoyun «Rus mədəniyyətində Turan elementi haqqında» adlı məqaləsinə bax: A.Hacılı. Avrasiyaçılıqda türklər; N.Trubetskoy. Rus mədəniyyətində Turan elementi haqqında (tərc. A.Hacılı) «Mütərcim» jurnalı, № 1-2, 2004).
Görkəmli çex alimi L.Niderle də slavyan dövlətlərinin türk-tatar nümunəsi əsasında, əslində türklər tərəfindən yaradıldığını təsdiqləyir (L.Niderle, s.340).
Ümumən, slavyanların, rusların, Avropanın bir çox digər xalqlarının qədim tarixi (eləcə də yeni dövrləri) türklərdən ayrılmazdır. Qeyd etdiyimiz kimi, qədim çağların prototürklərindən və türk-moqol qövmlərini ehtiva edən iskitlərdən, hunlardan, to-palardan, sabirlərdən sonra Rusiyaya, bütövlükdə Avropaya avarlar, bulqarlar, xəzərlər, peçeneqlər, uzlar (oğuzlar), torklar, qaraqalpaqlar, polovslar (kumanlar, qıpçaqlar), tatarlar, türkmənlər və digər türk ulusları yürüş etmiş, Rusiyanın və Şərqi Avropada bir çox dövlətlərin – xüsusən Polşa, Litva, Ukrayna və s. yaranmasında və inkişafında böyük rol oynamışlar.
Türklər Litvaya hələ hun dövründən gəlsələr də, 1263-cü ildəki yürüşləri haqqında «Litov və jmoyt salnaməsi»ndə dəqiq məlumat verilir. Batının nəvəsi, İdil tatarlarının xanı Qaytanın baskakları həmin ildə Litvaya gələrək xərac tələb etmişlər. Sonradan Belarusda bu xanın xatirəsi Mozır yaxınlığında Qoytanovo məntəqəsinin adında qalmışdır. XIII əsrdə türklərin Litvaya yürüşləri kütləviləşir. XIV-XV əsrlərin qovşağında iki böyük türk ordası Litva və Polşada yerləşir və bu dövlətlərin güclənməsində böyük rol oynayır. Burada tatarların mövqeyi xeyli artır, 1395-ci ildə Teymurun Qızıl Ordaya həmləsindən qaçmış Toxtamış 1396-1399-cu illərdə öz ulanları və mirzələriylə Litvada Lidsk qəsrində qalır. Böyük knyaz Vitovt tatarların köməyilə bir çox qələbələr qazanır və hətta onlara arxalanaraq Fateh Teymura qalib gəlmək istəyir. Lakin tatar-litov orduları Vorskl yaxınlığında Teymurun sərkərdəsi Yedigey tərəfindən darmadağın edilir. Yedigey Kiyevə, ordan qərbə həmlə edir, ancaq Teymurləngin ölümüylə geri dönür. Digər tatar xanı, Krımın Gəraylar sülaləsinin banisi Dövlət Hacı Gəray da 1434-1443-cü illərdə Litvada Lidsk qəsrində yerləşib. İndiyədək Litvada milli varlıqlarını saxlayan tatarlar bütün orta əsrlərdə ordunun başında durmuş, sarayları, qəsrləri qorumuş, sadiq döyüşçülər kimi dövlətə xidmət etmiş, səlibçilərə qarşı Qrünvald döyüşündə məhz tatar süvariləri qələbəni təmin edərək Litvanı xilas etmişlər. Böyük rus yazıçısı F.M.Dostoyevskinin 1389-cu ildə otuz atlı ilə Qızıl Ordadan Moskvaya köçmüş tatar əsilzadəsi Aslan Çələbi Mirzədən törəyən ulu babası Danilo İvanoviç Rtişevin sahib olduğu Dostoyevo kəndindən Dostoyevski famili yaranıb. Sonradan onun nəvəsi Fyodr tatarların çox olduğu Volına köçüb və yazıçı F.Dostoyevski də Aslan Çələbidən gələn bu nəslin birbaşa nümayəndəsidir (Alesğ Kojedub. Litva i tatarı // «Literaturnaə qazeta», 26 ənvarə – 1 fevralə 2005 q.).
Artıq 600 ildir Polşada məskunlaşmış və indiyədək milli varlıqlarını qorumuş tatarlar müasir dövrdə Polşa Respublikasının Müsəlman Dini İttifaqında birləşmiş və müharibədən sonra beş ildə bir öz qurultaylarını keçirirlər. Polşa və Litva tatarlarının nümayəndələri general Matsey Sulkeviç Krım tatarları dövlətinin rəhbərliyində, Olqerd və Leon Mayman Mirzə Krıçinskilər Krım və Azərbaycan rəhbərliyində, qədim tatar nəslindən Kuxarski Türküstan dövlətinin, digər Polşa tatarları İdel-Ural respublikasının başçılarından olmuşlar. Polşa tatarı Aleksandr Axmatoviç 1918-1939-cu illərdə Polşa Xalq Məclisinin deputatı seçilmiş, 1918-də Krım-tatar Respublikasının Ədliyyə Naziri işləmişdir. Axısqa türklərinə bəziləri tərəfindən qərəzli olaraq «müsəlman gürcülər» deyildiyi kimi, Polşa tatarlarını da sosialist dönəmində «polyak müsəlmanları», «tatar mənşəli polyaklar» adlandırmış, onların nəsil gerblərini (damğalar) yasaqlamışlar. Lakin axısqalılar kimi, Polşa tatarları da nəinki milli-dini mənliklərini qorumuşlar, həm də islam-türk birliyini əsas məqsəd kimi irəli sürmüşlər (bax: Selim Mirza Xazbieviç. Edinstvennıy şans – vozrojdenie kulğturı // jurnal «İdel», 1991, № 4, s.56-57 ).
Türklərin çox dərin iz qoyduğu Rumıniya ərazilərindəki bir çox örnəklərə toxunmayaraq, yalnız bir maraqlı faktı qeyd edək: Tök-Temir nəslindən şahzadə Basarabın (Basar-Aba, Basar oğlu, İl-Basar) adından Rumın milli sülaləsi Basaraba və Bessarabiya toponimi qalmışdır.
Ukraynada da sadə xalq türkləri müttəfiq olaraq qəbul etmişdir. Ukrayna xalqının, xüsusən kazakların, Zaporojye Seçinin təşəkkülündə türk etnosu böyük rol oynamış və bu, xüsusən türk köklü kazakların milli-genetik yaddaşından silinməmişdir. Görkəmli slavyanşünas alim M.İ.Kostomarov kazakların türklərlə yaxınlığı, Krım xanlığına səmimi meyli və rəğbəti, əsas düşmən hesab etdikləri «moskallara» (Moskva dövlətinə; qeyd edək ki, Moskoviya dövlət adı kimi XVI-XVII əsrdən ortaya çıxıb) qarşı Krım türklərini müttəfiq gördükləri barədə olduqca maraqlı faktlar gətirir. Malorossiyanın kazak folklorundan malorusların həvəslə Krım xanına qulluq etdikləri məlum olur. Kazaklar türklərlə elə yaxınlaşır ki, Zaporojye Seçinin süqutundan sonra türklərə üz tuturlar:
Stali naşi zaporojüi pid turka vtikati,
«Bizim zaporojyelilər türkə qaçdılar, qırx min adam türk tabeliyində yaşamağa yazıldı,
(M.İ.Kostomarov. Ob istoriçeskom znaçenii russkoy narodnoy pogzii // M.İ.Kostomarov. Slov' ənsğka mıfoloqıə. Kiiv, 1994, s.181-182).
Avrasiyanın ən qədim hegemon xalqlarından olan türklərin Axısqa-Axılkələk bölgəsində məskunlaşması, qonşularıyla müttəfiqlik münasibətləri tarixi də minlərcə il öncəyə gedib çıxır. Türk dünyasının bir hissəsi olan Axısqa türklüyünün tarixini şərti olaraq qədim dövr, atabəylik və paşalıq, rus istilası və paşalığın süqutu, oyanış, sürgün, yurda dönüş mücadiləsi mərhələlərinə bölə bilərik.