AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

XALQ TƏBABƏTİ

XALQ TƏBABƏTİ

 

Axısqada xalq təbabətinin səviyyəsi çox yüksək olmuşdur, şəfalı çərmüklər, otlar, çiçəklər, meyvələr bir çox dərdlərin əlacı kimi ad çıxarıbmış. El arasında xalq təbibləri, əsl loğmanlar da varmış – Aşıq Molla Məhəmməd, Misli əmi, Sınıxçı Əhməd əmi…

Türk xalq təbabətində çox müxtəlif üsullardan istifadə edilir.

Zığablinin (kirpi) dərisi yelə, əti qarın ağrısına dərman kimi işlədilir.

Ankara adlanan qızıl kərtənkələnin başını ocaq istisində qurudur, əzib suya qatır, sancılı uşağa verirdilər. Ankara Abastumanda, Xeçeçalada çox olardı.

İkrahlanmadan  qaşıntı  olanda   xəlbirə  qırx  qaşıq qoyar, ikrah­lan­mış adamın üstünə qapı astanasında həmin xəlbirdən su tökərdilər.

Böyrək xəstəliyinə qarşı qarğıdalı saçağını (lazut füskülü) qaynadıb xəs­təyə içirdərlər.

Sancılı uşağa fındıq ağacının çöpünü ya yarpağını nanə köküylə qaynadıb içirdərlər. Bu məhlulda uşağı çimizdirərlər.

Çincar (gicitkən) qaynadıb suyu ilə baş yuyarlar ki, saç tökülməsin.

Göz qızarıb yaşaranda və qulaq ağrıyanda qara qabağı küldə bişirib soyudar və ağrılı yerə bağlarlar.

Göz ağrısında fəsəli yarpağını ayaza baxan vaxtda dərib gözə bağlarlar.

Yel, ayaq ağrısında ceviz, qızılcuq (zoğal), palıd parçalarını qaynadıb ayağı suyuna qoyarlar.

Çibana bağayarpağı, peçək (ağ gül açan sarmaşıq) qoyarlar.

Ayaq burxulanda sarı otu yağda qovurub ayağa bağlardılar.

Sabın və  yumurta  ağını qarışdırıb  çibana qoyarlar.

Dəri şor atanda (ağaranda) bəyaz tut suyunu sürtərlər.

Bal və yumurta sarısının qarışığı da çibana kömək edir.

Zəhərlənəndə yoğurt içərlər.

Qara ciyər xəstəliyini dağlarda bitən yabanı qara kirəz (gilas) sağaldardı.

Zökəm, boğaz ağrısı, öskürəkdə, atəşdə (qızdırma) alma, heyva bişirib yeyərdilər.

Öskürəyə heyva yarpağının suyü da xeyirlidir.

Bişmiş heyva iştah açır.

Uşağın dişi çıxanda hədik bişirərlər.

Alçadan (temal) düzəldilən pəstil (lavaş) çorbası qan təzyiqinə, heyvan dabağına dərmandır. Yıxılıb əziləndə də pəstili isladıb üstə duz tökər, əziyə qoyarlar.         

İslanmış pəstili boğaz  ağrısı vaxtı boğaza bağlayarlar.

Yeldən ağrıyan yerə əncir yarpağını əzib qoyarlar.

Ürək ağrıyanda al rəngli «Yürək taşı»nı xəstənin boynundan asırlar.          

Yanıq yerinə yumurta ağı və yoğurt surtərlər.

Qarın ağrıyanda nanə suyu, küllü su içərlər.

İrinli yara və çiban üstünə pörtlədilmiş soğan və əməköməci yarpağı qoyulur.

Axısqa ellərində sadaladıqlarımızdan əlavə neqo gülü, saleka otu, qalo otu, pampara, gəlinbarmağı, telpəncəri kimi müalicə otlarından da istifadə olunurmuş.

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol