AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

ETİKET

ETİKET

 

Türklərin milli xarakteri həm də onların davranış və danışıq etiketində təzahür edir. Axısqa elində etiket, ədəb və nəzakət qaydaları ilk növbədə yaş və çins amillərindən doğur;  sosial    fərqlər  sürgündən sonra elə də ciddi rol oynamır – qürbət sanki hamını bərabərləşdirmiş, sosial təzadları hamarlamışdır. Adi danışıqda türklər ən'ənəvi əfəndi (əfəndim), bəy, bəy əfəndi, xanım, ağa, baba, ata, ana (anne), dədə, dada, kardeş, amca, dayi, oğul, kız, baci, abla,can kimi ifadələr, eləcə də «müəllim» tipli yeni müraciət formaları işlədirlər.

Bir-birinə çox vaxt adla  yox, məhz belə ifadələr və ləqəblərlə muraciət etmələri yəqin ki, qədim  təsəvvürlərin, sosial quruluşun və insanı şərdən qorumağa   yönəlmiş  ad yasağının qalığıdır.

Axısqa türkləri arasında yayılmış  ləqəb nümunələri bunlardır: Aprak (tənbəl), Beç-səmə (yelbeyin), Verasiya (avara, səfil), Qabaquyrux (yekəbaş,  lovğa), Şoşi (acgöz), Hoyrat (eybəcər), Quduz böcek (əsəbi, çılğın), Nakubal (balacaboy), Poşa (səfil, veyil), Peçxat (hərfi   mə'nası – köhnə süpürgə, məcazi – əl-ayağa dolaşan adam), Palabuyrux (enli-bığ, lovğa), Sürünti (gəzəyən, veyil), Sünəfə (acgöz, qarınqulu), Soxax süpür­gəsi (gəzəyən  adam), Əgri (uyuşmaz, yovuşmaz adam), Gecrəvi (dəcəl, zəhlətökən), Xınzır (kobud, qaba adam), Çibil (fağır), Manqurt (tənha, yad), Fetil  (zəif), Tazlax, Sırıx, Filiç boyli (uzun, nazik adam)... Bundan başqa, fərdi ləqəblər də var: Ağzıqara Rəhim, Zarxoş Qafur, Qanli Osman, Qurd Cələm, Dınbıl Xəlil, Tilos Xəlil, Atqafa Məcid, Zıbıl Məhlüd...

Ad  yasağından əlavə, türklərin etnik etiketində danışıq yasağına da rast gəlinir. Kiçik böyüyün yanında birinci dinməz, gəlin bir neçə il qaynatası, özündən böyük kişi qohumları ilə və onların hüzurunda danışmaz. Saatlının Varxan kəndində yaşayan 62 yaşlı kikinetli Şamil Əzizov söyləyirdi ki (1990), əmisi oğlunun arvadı artığ 45 ildir onunla danışmağa utanır. Gəlin adətən qohumların yanında ərinin adını çəkmir, qaynatasına baba (ata), qaynanasına ana (aba), qayınlarına dada deyə müraçiət edir.

Görkəmli alim N.Y.Marr Axısqa türkləri arasında yayılmış bir etno-mədəni hadisədən –  «əl dili»ndən bəhs edir. Əsasən qadınlar arasında yayılmış bu ünsiyyət üsulunun mərasimi səciyyə daşıdığını deyən alim onun çox qədimlərə, arxaik çağlara gedib çıxdığını, üç aləm – üst («günəş»), aşağı («yer») və alt («su») aləmləri ilə bağlı kosmik dünya baxışını əks etdirdiyini göstərir. Alimin qeyd etdiyi kimi, dilin və təfəkkürün inkişafında böyük rol oynamış bu nitq üsulu ilə «həyat», «isti», «sevinc», «gülüş», «təbəssüm», «ölüm», «soyuq», «dərd» və digər anlamlar bildirilir. Qədimdə Avropada, indi az-az hallarda Amerika, Afrika, Avstraliyada izlənən bu dilin Qafqazda dialekt və funksional fərqlərlə seçildiyini göstərən N.Marr onu Qafqaz xalqlarının, ilk növbədə Axısqa və Azərbaycan türklərinin məişəti ilə bağlayır. Axısqada və Cənubi Azərbaycanda toplanmış materiallara əsaslanaraq, N.Marr belə qənaətə gəlir ki, türklərdə «əl dili»nin fəal işlənməsi daha çox onunla bağlıdır ki, onlarda gəlin uzun müddət qaynata və qaynanası ilə adi nitqlə danışmır və buna görə də ünsiyyət üçün «əl dili»ndən istifadə edir. N.Marr Axısqada türk kəndlərində 30 il əvvəl «əl dili»nin 75 % çox işləndiyini, yəni gəlinin 10-15 il bu dillə danışdığını, hazırda isə bu müddətin bir-iki ilə düşdüyünü bildirir. Cənubi Azərbaycanda «əl dili» ilə xüsusi ustalıqla danışan xanımlar olduğu da qeyd olunur. (Bax: N.Ə.Marr. Əzık i obhestvo. Moskva – Leninqrad, 1934, s. 108-109; N.Ə.Marr. Ruçnoy əzık // N.Ə.Marr. Voprosı əzıka v osvehenii əfetiçeskoy teorii. L., 1933, s. 191-214).

Axısqalılarda «əl dili»nə xas olan belə jestlər, məsələn razılıq əlaməti olaraq əli sinəyə və gözə qoymaq və s. indiyədək qalıb.

Axısqa türklərinin dədə (baba), nənə, kardaş, bacı, emi, dayı, eniştə (yeznə), görüm (baldız), abla (böyük baçı, qardaş arvadı), dada (böyük qardaş), xala, bibi, cici (dayı arvadı), düngür (quda) kimi qohumluq terminləri də ümumoğuz ifadələridir.

Türklər aramla, sakit, müsahibinə diqqətlə danışır, sözlərini ölçüb-biçirlər.

Ən'ənəvi sufrə etiketi, qonaq ağırlama qaydaları da saxlanmışdır. Evə gəlmiş adamı türklər nəyəsə qonaq etməmiş buraxmazlar. Süfrə başında ən'ənəvi «bismillah», «bərəkətli olsun», «Allah bol eləsin», «afiyətlə», «nuş olsun», «buyurun» kimi ifadələr səslənir, əski sufrə duaları oxunur.

Əski təsəvvürlərin, magik dünya duyumunun izlərinə ən çox «allah»ın anıldığı ifadələrdə rast gəlinir: İnşallah! Maşallah!, Allahım!, Allah-əkbər!, Allah səbr versin!, Allah razı olsun!..

Belə ifadələr əksər vəziyyətlərdə işlənir, o çümlədən  tə'nə  anlamında; Allah qəhr etsin!, Allah cəzanı versin!, Allahın  bəlası!, Allah bəlanı versin!..

Allah   adına   and   (yemin),  dilək,   qeyri-sakral təyinlər də türklərin danışığında böyük yer tutur: Vallah!, Billah! Allah haqqı!, Allahın cəzasına gələyim!, Allahın qəzəbinə tuş olayım!, Allahı səvərsin!, Allah etməsin!.

Ümumiyyətlə, türklərin danışıq etiketinə daxil olan paremik və aforistik ifadələr, məsəl, kəlam, and, qarğış, alqış və sairə türk mə'nəviyyatının dərkində mühüm mənbədir.

Alqış, xeyir-dua, tə'rif səciyyəli deyimlərdən ən çox işlənənləri bunlardır: Ataşın alem!, Ataşın bənə gəlsin!, Bərəkətli olsun!, Dərdin alem!, Dərdi-belan bənə gəlsin!, Dilən alem!, Kadan alem!, Kurban olem!, Kismet olmasın!, Gözün yiyem!, Haxlan ölem!, Ölem sana!, Ölem canan!, Ölümün alem!, Uzaq olsun! Uğurlu olsun!, Uğurlu kademli olsun!, Seni min budax olasın!, Seni dünya durduxca durasan!, Çorun alem!, Xeyirə ulaşasun!, Xeyirli olsun! Şadlıqlara ulaşasun!…

Qarğış (bediva) və tə'nə səciyyəli ibarələr isə əsasən aşağıdakı formalarda qurulur: Adın unidem!, Aqibətin şaşurmiş!, Ağzın tütüni solsun!, Ağzın-dilin kurusun!, Allah vuracax!, Ağular kurasın!, Bəxtin karaya gəlsin!, Bəxti kara!, Başında otlar bitəcax!, Vərəm sıxacax!, Qəhr olacax!, Qarnan dərd düşsün!, Qismətin niyyət olsun!, Qara yerə gedəsin!, Deşilacax!, Duvağın karaya gəlsin!, Dərdə düşsin!, Dumanı başından çıxacax!, Yilan vuracax!, Yurdu viran olsun!, Yilan yavrusi!, Yanacax!. Yüzün kara olsun!, Əqrəb vuracax!, Ellerin kırılacax!, Evin dağılsın!, Kan kusacax!, Kül başşan!, Karibler mezarına gedesin!, Kor olasın!, Kirəclənəsin!, Kormisin?!, Lalmisin?!, Muradına yetməsin!,. Müqəriz olacax!, Muradı solacax!, Ocağın sönsün!, Ommiyacax!, Ölə­cax!, Ömmiyacığın domüzi!, Gözü kor olacax!, Sanci tutsun!, Suyun isi­dem!, Sağır!,  Solacax  iki  işıği!, Səsi kəsiləcax!, Sürün-sürün sürünəsin!, Solacax!, Tənəşürə uzadem!, Toprax başşan!, Cani çıxsın!, Cəhənnəmlux olsun!..


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol