TƏQVİM VƏ ÖLÇÜLƏR
TƏQVİM VƏ ÖLÇÜLƏR
Hər bir xalqın dünya duyumu həm də etnik təqvim və ölçü meyarlarından ibarətdir.
Xalq təqvimi türklərin etnik şüurunun ən maraqlı qatlarındandır. Günlər, aylar, fəsillər haqqında Axısqa türklərinin təsəvvürləri son dərəcə orijinaldır.
Aylar: zəmhəri (yanvar), gücük (fevral), mart, abrel, mayıs, kirəz (iyun), orağ-biçin (iyul), xarman (avqust), bögrüm (sentyabr), şarab (oktyabr), qoç (noyabr), qaraqış (dekabr).
Həftənin günləri: bazar ertəsi, sali, çərşənbə, pəncşənbə, cuma, cuma ertəsi, bazar.
Həftənin ən yaxşı (eyi) günləri cümə və bazardır. Nişan, elçilik cumə günləri olar. Sali – ağır gündür. Ən ağır gunsə çərşənbədir. Sali, çərşənbədə xeyirli iş görməzlər. Cümə günü, Xıdırəlləz günü, başqa bayramlarda isə ağır işlər görülməz, camaşır yapılmaz.
Ramazanla Qurban bayramları arasındakı 70 gündə və məhərrəmlikdə toy edilməz.
İlin ayları da müxtəlif inamlarla bağlıdır. «Qaraqış – qaraynan, zəmhəri – paraynan» deyərlər. Zəmhəri (yanvar) ayının 14-ü Yılbaşına düşür, həmin gün puvardan evə su gətirər, evə erkək heyvan salarlar ki, il ruzulu olsun. Evə kim girsə, qarğıdalı, buğda üstə oturdarlar. Həmin adamın gəlişi uğurlu olsa, gələn il də birinci onu evə çağırarlar. Yılbaşında səbətə ip bağlayıb bacadan evə atırlar.
Zəmhəri – mart aylarında havalar soyuq keçir, qasırğalar olur, bu qasırğalar vaxtı «avi (ayı) çilədə totuni yalar» deyərlər.
Gücükdə (fevral) Xıdırəlləz atlanır, kimə yetişsə allah-taala ona yardım edir. Xıdırəlləz yoldakıları, çöldəkiləri daha çox himayə edir.
Martın altısında «Yerə izin oliyer» - yer qızır, əkinə başlamaq olar. Martda Haftahombax və Bəldərəcüz (7-8 mart) fırtınaları cövlan edir.
Martda altı günlük Qoca nənə fırtınası da başlayır. Deyilənə görə, martın əvvəllərində bir qoca nənə qoyun-quzusunu yığıb dağa gedirmiş, biri deyir, ay nənə, nerə gedirsən, martın bu soyuğunda bu nə dağa getməkdir? Qoca nənə cavab verir:
- Martı vecimə almadım, cığ-cığ oynar oylağım!
Mart bundan hirslənir, gücükdən (fevraldan) bir həftə borc istəyir, fırtına başlayır, nənənin qoyun-quzusu qırılır.
Apreldə Kukul fırtınası baş qaldırır.
Mayısın 7-15-i Comuşqıran fırtınasına təsadüf edir.
Kirəz ayı – gilaslar dəyən aydır. Bu vaxt el-oba dağlara, yaylaqlara yığnağa – seyrə qalxar, bir ay şənlik, istirahət edərlərmiş.
Orax və ya biçin ayı məhsul biçilər, xarman ayında taxıl döyülər.
Bögrümdə mal-qara böyürə-böyürə dağlardan enər.
Şarab – toy, şənlik ayıdır.
Qoç ayında qoyunlar qoça gələr.
Qaraqışın axırlarından qırx günlük soyuqlar başlayır, gücükün ortalarına qədər davam edən bu çillə soyuqlarına «Qahredən savuqlar» deyilir.
Kirəzin axırlarından isə qırx günlük sicaqlar qızışır…
* * *
Türklərin qədim çəki və ölçü adları da doğmadır: misqal, xalvar, pud, girvənkə, hoqqa (3 girvənkə), kodi, batman, toxar, arşın.
Para, dirhəm, lirə, okka, altun kimi sözlər də doğma etnik nişanələrdir.