Elçin Qaliboğlu

Elçin Qaliboğlu
“Xalq Cəbhəsi”, 6-8 iyun 2009. S.14.

 

 

 Sürgün həyatı yaşamış Axısqa türkləri

 

Asif Hacılı: "Axısqa türkləri Türkiyə və Azərbaycan türkləri arasında keçid mövqeyində duran özünəməxsus etnoqrafik qrupdur"

 Türk Dünyasının ayrılmaz qollarından biri olan Axısqa türklərinin tarixi taleyi, başlarına gətirilən faciələr türkün yenilməzliyinə qarşı çoxsaylı antiinsani əməllərdən biridir. Filologiya elmləri doktoru, professor Asif Hacılı Axısqa Türklərinin tarixi taleyi, zəngin ruhu, mədəniyyəti, folklorunu araşdırıb. Deyir insanlar kimi, xalqların da öz taleyi, qisməti var. Sonsuz Türk Dünyasının ulu boylarından olan Axısqa türklərinin taleyi türk tarixinin ən faciəli, həm də şanlı səhifələrindən biridir: "Dünyanın cənnət guşələrindən sayılan Axısqa-Çıldır torpaqları ən əski çağlardan zəhmətkeş əməkçilərin və ustad sənətkarların yurdu olub. Türk ellərinin qovşağında, köç yollarının üstündə yerləşən bu obada müxtəlif türk bölgələrinin bir çox zənginlikləri cəmləşib. Axısqa mahalında qədimlərdən Anadolu və Qafqaz, Rumeli və Turan mədəniyyətləri çulğaşaraq orijinal etnoqrafik fenomen yaradıb. Bu obada həm uzaq İstanbul civarlarının, həm ulu Gəncə yörəsinin nəfəsi duyulur, həm Anadolu halayları, həm Borçalı gözəlləmələri səslənir. Müşahidələrimiz bizi bu qənaətə gətirib ki, Axısqa türkləri Türkiyə və Azərbaycan Türkləri arasında keçid mövqeyində duran özünəməxsus etnoqrafik qrupdur.

Şərti olaraq desək, əgər Borçalının qarapapaq elatı tarix meydanına osmanlılığa meylli Azərbaycan türkləri kimi çıxmışlarsa, Axısqa eli - Azərbaycanlılığa meylli osmanlı türkləri hesab oluna bilər. Qədim çağlardan qoca Qafqazın cənub-qərb torpaqlarında məskunlaşmış Axısqa türkləri 1944-cü ilin noyabrında amansız imperiya siyasətinin qurbanı olmuş, doğma vətənindən uzaqlara sürülmüş və bütün insani hüquqlardan məhrum edilmişdi. Axısqa, eləcə də Göyçə, Zəngəzur, Ağbaba, Borçalı, Qaraçay, Balkar, Krım türklərinin başına gətirilən faciələrin bütün dəhşətlərini təsvir etmək mümkün deyil. Əzablı yollarda, sürgün ağrılarından, xəstəlikdən, məhrumiyyətlərdən minlərlə türk həlak olur.

Türk dünyasının düşmənlərinin 1989-cu ildə Axısqa elinə qarşı törətdikləri ikinci cinayət bəlkə əvvəlkindən də dəhşətli oldu, çünki bu, iki qardaş xalqın faciəsi idi. Aldadılmış bir qardaşın kor qəzəbi o biri qardaşa qarşı yönəldildi".

A.Hacılı qeyd edir ki, Axısqa türkləri taleyin bu amansız sınaqlarından ləyaqətlə çıxmışlar: "Ən əsası, od-alovdan keçən türklər yalnız cismani varlıqlarının hayına qalmamış, həm də milli ruhu, mənəvi sərvətləri, türklüklərini qoruya bilmişlər. Qəriblikdə nurani dədələr, nənələr yaddaşlarını sanki daha da itiləşdirdilər, zamanın acığına ömürlərini bir az da uzatdılar və xalqın mənəviyyatını, mədəniyyətini yaşadan müdriklik xəzinəsini - əski sözləri, türkü və şarkıları, rəqs və adətləri, məişət və düşüncə tərzini, əxlaq və vərdişləri qorudular, yeni nəsillərə ötürdülər. Dünyanın ən böyük dərdi olan vətənsizlik dərdindən, azman Vətən həsrətindən yeni sözlər, türkülər, şarkılar doğdu. Qara həsrətin dərinliyilə adamın içini göynədən bu əsərlər müxtəlif ölkələrə səpələnmiş xalqı birləşdirdi, müqəddəs mənəvi çırağı sönməyə qoymadı! Həsrət və hiddət inam və məhəbbəti əzə bilmədi! Hələ 30-cu illərdə teatrlar yaratmış, məktəblər açmış, Ömər Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Əhməd bəy Pepinov, Məhəmməd Zəki kimi şəxsiyyətlər yetirmiş bir xalq öz varlığını qoruya bildi.

Son vaxtlar ağsaqqalların səsinə yeni nəsildən olan cəfakeş ziyalılar səs verir. Axısqa türklərini birləşdirən "Vətən" cəmiyyəti fəaliyyət göstərir. Həyatlarını doğma xalqının haqq işinə həsr etmiş vətən fədailərinin narahat, yanğılı və həm də inamlı söhbətlərini dinlədikcə, bu qorxmaz vətənpərvərlərin müdrik gücünə, dönməzliyinə və şücaətinə daldıqca, böyük türk oğlunun ölməz sətirləri yada düşür:

 

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, əgər uğrunda ölən varsa vatandır!..

 

Axısqa türklərinin qəriblik ovqatını, dərdini, ümid və arzularını el sənəti gözəl ifadə edir. "Gövlüm göyərçin oldi, durmiyer yad vətəndə" - deyən Axısqa türklərinin ən böyük arzusu bir xalq kimi doğma yurdlarına qayıtmaq, mədəniyyətlərini inkişaf etdirmək, milli maarif yaratmaq, folklor, dil, etnoqrafiyanı qorumaq və öyrənməkdir. Müasir dövrdə Axısqa türklərinin etnik-mədəni özünəməxsusluğu bir çox örnəklərdə qorunub yaşayır: məişət, dil, əxlaq, etiket, mərasim, folklor..."

A.Hacılı örnəklərin indiyə kimi yetərincə öyrənilməməsinin bu elin milli siması haqqında qərəzli uydurmaların ortaya atılmasına zəmin yaratdığını deyir: "Sürgün olunarkən sayı yüz mindən çox olan, indi yarım milyona çatmış Axısqa türkləri hazırda Azərbaycan, Türkiyə, Orta Asiya, Qazaxıstan, Şimali Qafqaz, Rusiya, ABŞ, Ukraynanın müxtəlif yerlərində yığcam toplumlar halında yaşayır. Axısqa türklərinin bir çox nümayəndələri respublikamızın Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Şamaxı, Şəmkir, Gəncə bölgələrində məskən salıb. Lakin Azərbaycan və Türkiyə türklərinin hər ikisinə eyni dərəcədə yaxın olan bu elin tarixi, özünəməxsus maddi-mənəvi mədəniyyəti hələ də dərindən araşdırılmayıb. Bütün bunlar Axısqa Türklərinin tarixinin, orijinal etnik mədəniyyətinin və folklorunun tədqiqini son dərəcə vacibləşdirir. Axısqa yörəsi ən qədim vaxtlardan şeir-sənət yurdu, ustad sənətkarların vətəni olub. Bu torpaqlarda Xəstə Hasan, Aşıq Öməriy, Aşıq Nuru, Aşıq Şenlik, Üzeyir Fəqiri, Zülali, Səfili, Əmrahi kimi böyük sənətkarlar saz çalıb söz söyləmişlər. Son illərdə ulu ustadların sənətini yeni nəsil davam etdirir. Məlik dədə, Kibar dədə, Əhməd dədə, Aşıq Ələddin, Aşıq Qafur, Aşıq Ömər, Gülcan nənə, Göyərçin nənə kimi söyləyicilərin, Mürtəz, Aslan, Fəhlül, Səkinə nənə, Cabir, Mehyar, İlyas, Zeynul, Şimşək, Şahismayıl, İlim, Musəddin təki el şairlərinin altun kəlmələri, davulçu Mərdalı, zurnaçı Mehri, Əmirşah, Şəhmərdan, davulçu Şahbaz, qavalçı Əhməd və Müdir, Nurəddin, Mikayıl, Yusif, Zülfüqar, Lətif, Osman kimi istedadlı müğənnilərin yanıqlı sədaları bütün xalqı birləşdirir, bir millət kimi yaşadır. Milli mətbuat, məktəb, ərazi birliyindən məhrum olan Axısqa elinin qəriblik həyatında folklor müstəsna rol oynayır, milli varlığı, etnik yaddaşı qoruyan ən önəmli qüvvə kimi inkişaf edir".

Asif Hacılı Axısqa folklorunun zənginliyindən də danışır: "Axısqa türk folkloru çox zəngin və çeşidlidir. Sürgün, ayrılıq və əzablar içində bu zəngin xəzinənin necə qorunması adamı heyrətləndirir. Bunu yalnız türk ruhunun ölməzliyi və böyüklüyü kimi anlamaq olar. Bu qədim türk ulusunun el sənəti minillərin yaddaşından gəlir. Nurani qocalar indiyədək şaman oxumalarına bənzər sirli duaları, Yunis İmrə, Qaracaoğlan, Dadaloğlu, Qurbani, Sümmani söyləmələrini unutmamışlar. Axısqa folklorunda bizim çağda, qəriblikdə yaranmış əsərlər də çoxdur. Bu çağdaş folklor nümunələri Türk Dünyasının ən faciəli günlərinin yadigarıdır, türk ruhunun əbədiliyinə böyük abidədir. Qəhrəman bir xalqın ağrıları, dəyanət və ümidləriylə dolu bu folklor ümumtürk mədəniyyətinin ən şanlı və mənalı səhifələrindən biridir. Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın müxtəlif bölgələrində məskunlaşmış Axısqa türklərinin milli ruhunu, birliyini qoruyan, onları vətənə bağlayan əsas amillərdən biri xalq sənəti, forklordur. Janr etibarilə çox zəngin olan Axısqa türk folkloru bir çox cəhətdən diqqəti cəlb edir. 1944-cü il sürgünündən sonra soydaşlarımızın milli yazılı ədəbiyyatı inkişaf etdirməyə obyektiv imkanları olmadığından folklor mədəni həyatın əsas formalarından birinə çevrilib. Buna görə Axısqa folkloru günümüzə qədər canlılığını qoruyub saxlayıb, dinamik sosial-mədəni amilə çevrilib. Axısqa türklərinin etnik şüurunda obyektiv tarixlə yanaşı, ideal poetik aləm, mif-folklor dünyası mühüm yer tutur. Xalq ənənəvi mərasim-folklor mühitini gündəlik həyatında, xəyal və düşüncəsində yaşadır və özü də bu mühit daxilində yaşayır".

 

 

 

 

 

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19741 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=