Mürsəl Həkimov

Prof.Dr.Mürsəl Həkimov

1992

 

 

Asif Hacıyevin “Qəribəm bu vətəndə: Axısqa

                           türklərinin etnik mədəniyyəti” adlı kitabı haqqında

 

 

Rəy

 

         A.Hacıyevin bu publisistk-elmi səpkili əsəri Axısqa/Mesxet/ türkləri haqqında ilk kitabdır. Zəngin arxiv sənədləri, müəllifin özünün fərdi ekspedisiyalar zamanı topladığı tamamilə yeni folklor və etnoqrafya materialları əsasında yazılmış bu kitab Axısqa türklərinin milli mədəniyyəti, mənəviyyatı haqqında aydın təsəvvür yaradır. Ciddi ictimai-mədəni və filoloji əhəmiyyət daşıyan kitabda Axısqa elinin çoxəsrlik xalq yaradıclığının demək olar ki, bütün janrları və mövzu sahələri əhatə olunub, verilmiş nümunələrin böyük əksəriyyəti ilk dəfə çap olunur, qalanları isə variant özünəməxsusluğu ilə seçilir. Elmi ictimaiyyət, geniş oxucu kütləsi üçün tamamilə yeni olan əsərləri heç vaxt dərc olunmamış bir çox klassik və müasir türk aşıqları, şairlərinin yaradıcılığı haqqında məlumat, əsərlərindən nümunələr də xüsusi maraq doğurur. Bütün bunlar ümumtürk folklorşünaslığında tapıntı hesab oluna bilər. Axısqa – türk folklorunun məzmunu, bədii xüsusiyyətləri, bu xalqın adət və mərasimləri, tapıncları, inancları haqqında müəllifin mülahizələri, ümumiləşdirmələri də ictimai-tərbiyəvi və elmi əhəmiyyəti ilə seçilir.

         Müəllif Axısqa türklərinin yalnız şifahi söz sənəti ilə kifayətlənməmişdir. Tarix, musiqi folkloru, əkinçilik mədəniyyəti, milli mətbəx, geyim, evtikmə sənəti, coğrafi adlarla bağlı maraqlı materiallar da verilmişdir. Sosial həyat, xüsusən, toy, yas, dəfn, bayramlar, o cümlədən dini bayramlar, əyləncələr də əhatə olunmuşdur. Bütün bu mənəvi-mədəni örnəklər xalq mənəviyyatı, milli tale, ilk növbədə sürgün, müasir problemlərlə bağlı təsvir və şərh olunmuşdur.

         Kitab oxunaqlı, emosional dillə, publisistik-elmi üslubda yazılmışdır.

         “Qəribəm bu vətəndə. Axısqa türklərinin etnik mədəniyyəti” kitabı gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, milli şüurun tarixi özünüdərkin inkişafında türk mədəniyyətinin zənginləşməsində böyük rol oynaya bilər. İlk növbədə isə sayı yarım milyona çatmış, sürgün şəraitində yaşayan, haqqında heç yerdə heç bir araşdırma aparılmayan, milli məktəbdən, mətbuatdan məhrum olan bu acı taleli xalqın, Axısqa türklərinin milli mədəniyyətinin, xalq sənətinin, etnik varlığının qorunmasında kitab müstəsna rol oynayacaq. Şübhəsiz, bu əsər hər bir Axısqa türkünün “stolüstü” kitabına çevriləcək.

         Filologiya elmləri namizədi Asif Abbas oğlu Hacıyevin yazdığı, gərgin əməyin bəhrəsi olan “Qəribəm bu vətəndə: Axısqa türklərinin tarixi, etnoqrafiyası və folkloru” kitabının geniş tirajla nəşrini vacib hesab edirəm.

 

 


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6594 ziyaretçi (23928 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=