MƏNƏVİ DƏYƏRLƏR VƏ ƏXLAQ

MƏNƏVİ  DƏYƏRLƏR  VƏ  ƏXLAQ

 

 

Müasir dövrdə Axısqa türklərinin mə'nəvi dünyasının, düşüncə və arzularının çıxış nöqtəsi Vətən məhəbbəti, Ana Yurd həsrətidir. Vətənə dönmək – əsas milli ideya, xalqı yaşadan qüvvə, etnik birliyin təməlidir.

Lakin vətən həsrəti turklərdə özünəqapanmaya, təcridlənməyə, kor qəzəbə səbəb olmamışdır. Başqa xalqlara hörmət və məhəbbətlə yanaşan türklər vətən haqqında deyirlər ki, babalarının qəbri uyuyan, torpağa qul­luq edən bütün  insanlar  eyni  yurdda  qardaş  kimi yaşaya bilər. Baş­qa­larına münasibətdə türklər həzrət Məhəmmədin kəlamını əsas tuturlar:

– Allah insanlara acımayanlara rəhm etməz.

Ümumiyyətlə, türklərin insan taleyi, həyat, alın yazısı haqqında maraqlı düşüncələri var. Alın yazısının, qismətin, qədərin hökmü dərindən duyulur. Bu haqda belə sözlər var:  Qismətdən qaçmaq olmaz!, Alın yazısi başa gəlür!, Bir gələn bir daha gəlür, sabır et!..

Lakin alın yazısına inam türkləri fatalist etməmiş, taleyə acizanə boyun əydirməmişdir. Sürgün illəri onların özünə inamını xeyli gücləndirib. Fani dünyada insanın cılız əmanət kimi yaşaması, açizliyi haqqında əski fikirlər demək olar aradan çıxmışdır. Milli faciənin bütün dəhşətlərindən öz gücləri ilə qurtulmuş Axısqa türklərində özunə hörmət, şəxsi ləyaqət, haqlarını öz əlləriylə alacaqlarına inam, milli qürur hissi çox güclüdür.

Vətənin hər şeyi türklər uçun əzizdir. Axısqa ellərindən danışdıqda türklər belə söyləyir:

– Vətənimiz hər yerdən şirindir. O yerlərin hər şeyi iyidir – dağları, suları, meşələri, havası. Ən asası – orada babalarımızın məzarları var.

Türklər vətən uğrunda mübarizələrini də mərdanə, ləyaqətlə aparırlar. Bütün bu illər ərzində onlar heç bir xariçi səfirliyin qapısını döyməmiş, faciəni reklama çevirməmiş, kimsədən rəhm diləməmişlər. Bu nəciblik, mərdlik və qürur əsl türk xarakterinin bəlirtiləridir. Türk ruhunun bu ucalığından tarix boyu Çin xaqanlarından tutmuş, səhlsmbatlara, şöklü-məliklərə, poqosyanlara və qdlyanlara qədər nə qədər duşmən istifadə etmişdir...

Axısqa türklərinin qəlbindəki vətən hissi – xalq yolunda çarpışmış qəhrəmanlar, şəhidlər haqqında düşüncələrlə sıx bağlıdır.

Ən əski çağdan üzü bəri türklər döyüşçü-əsgər şucaətini el yolunda xidmətin ən şərəfli növlərindən biri hesab etmişlər. Analar oğullarını vətənin əsgərləri kimi böyütmüşlər, düşmənə arxa çevirmək ən böyük ləkə sayılıb, döyüşə gedəni «ya qazi ol, ya şəhid» deyə yola salmışlar.

Qəhrəman döyüşçülər, qazilər, şəhidlər, paşalar – bütövlükdə əsgər anlayışı ülviləşdirilmiş, şəhid məzarları müqəddəsləşdirilmişdir.

Tarix boyu döyüşçü kimi yaşamış türklərin folklorunda qəmli əsgər nəğmələri, əsgər xiffəti, əsgər yolu gözləyənlərin həsrəti də dərindən əks olunub.

Sonralar – rus imperiyası dövründə, təbii ki, xalqın əsgərliyə münasibəti dəyişmiş, çar soldatları düşmən kimi qavranılmışdır. Sürgün bu münasibəti dərinləşdirdi.  Və daxilən əski döyüşçü ruhunu saxlayan, on minlərlə oğlunu    II Dünya müharibəsində itirmiş, minlərlə orden-medallı qəhrəmanı olan Axısqa türklərinin  muasir folklorunda əsgərlik – ayrılıq, intizar, həsrət kimi mə'nalandırılır:

 

Sabağinən qalxdım, çantama baxdım,

Ağliya-ağliya boynuma taxdım.

Səvgülli anami əvdə buraxdım,

Qarışdım ordiya, ağlar gedərim.

 

Əsgərə gedəni gəlürmi zandım,

Kəsilən kəlləri qoyunmi zandım,

Çalınan səsləri davulmi zandım,

Qarışdım ordiya, ağlar gedərim.

 

Türk mənəviyyatında basılmaz el qəhrəmanlarının, qacaqların, pəhləvanların da ayrıca yeri var. Qocaların söylədiyinə görə, Xeveşenli Ali Sultan ədalətli, Qaçaq Nəbi kimi bir şəxs olmuş, bütün mahalda tanınıbmış. Ali Sultan o qədər ad çıxarıbmış ki, onun haqqında bir müd­dət Adıgündə maarif müdiri işləmiş Rza Şahvələd pyes yazıb. Saatlıda yaşayan Kikinetli Toromangillərdən Qafur Hüseynov danışardı ki, Xeveşenli Ali Sultan bütün kasıblara kağız verərmişağaya çatdırsın ki, öküz versin kasıba. Axırda Ali Sultanı tutub qandallayırlar, qapısı açıq pən­cərə olub, əsgərlər yeməyə gedəndə deyir ki, papirosumu çaxmaqla, pəncərədən soldatı boğur, tüfəngi alıb qaçır meşəyə, görür bir gürcü dəmirçisi gəlir, əllərinin qandalını kəsdirir, sonra ailəsini götürüb qaçır Türkiyəyə.

Sakunetli Məhəmməd, Varxanlı Nədim, Balabek, Niyaz, Sürlü Türən, Kikinetli Cavad, Qorqisimdalı Abbas, Entelli Bədəl ağa da çox məşhur pəhləvanlarmış.

Deyilənə görə, Entelli Bədəl ağanın sorağını eşidən bir Osmanlı pəhləvanı Entelə gəlib çıxır ki, onunla güləşsin. O, kəndə çatan vaxt Bədəl ağa tarlada yer şumlayırmış. Bədəl ağanı tanımayan Osmanlı pəhləvanı ona yanaşıb Bədəl pəhləvanın evini soruşur. Məsələdən duyuq düşən Bədəl ağa ağır kotanı yerdən qaldırıb onunla evi göstərir. Bunu görən pəhləvan geri dönürBir dəfə Bədəl ağa şəhərə gedib sel (böyük araba) sifariş edir, yüz kilo lazut (qarğıdalı) alır. Gəlir ki, araba kiçikdir, deyir, ola, bunu özüm götürrəm, bən sənə sel demişdim. O da deyir: götür, sənə bağışlarım. Bədəl ağa götürüb lazutla birgə arabanı aparır.

Qorqisimdalı Abbas meşəbəyi imiş. Bir dəfə gedir meşəyə, ova gediblərmiş, güclü qar yağır, evin damını basır, dirək qırılır. Abbas damı tutur, dizə qədər torpağa girir. Təzə dirək gətirib dayayana qədər damı saxlayır...

Sürlü kövündən Türən pəhləvanı toya aparmırlar, yola qaya qoyur, camaat qaldıra bilmir, pəhləvan qaldırır.

Axısqa türklərinin emosional səciyyəsinə gəldikdə, ilk növbədə onların təmkinliliyini göstərmək lazımdır. Ənənəvi ümumtürk əxlaqına şəriətə üyğun olaraq, Axısqa türkləri danışıqda, rəftarda, güzəranda təvazökar, sözü-söhbəti bütöv, ağırqanlı davranır, hər şeyi kəndli müdrikliyi ilə ölçüb-biçir, uğursuzluq onları ruhdan salmır, şaşırtmır.

Türklər Dədə Qorqud müdrikliyi ilə hər dərdə qatlaşmağı, səbrlə çətinliklərə qalib gəlməyi bacarırlar; səbri şadlığın, mutluluğun açarıSabır–şadlıx anaxtarıdır»), xeyirin təməli, qurtuluş yolu hesab edirlər. Lakin hər bir dərin çay kimi, türk xislətindəki bu təmkin səbrin o biri üzü var. Türkün çılğınlığı da çılğınlıqdır, qəzəbi qəzəbdir, hirsi hirsdiradi çığır-bağır deyil!..

Ümumiyyətlə, türk xarakterində bir-birini tamamlayan tarazlayan bir çox əks cəhətlərciddilik şakasevərlik, sərtlik kövrəklik, azsözlülük bəlağət, ağırqanlılıq çeviklik, işgüzarlıq həzinlik kimi təzadlar çulğaşmışdır.

Türklər əsl əkinçi səbatı inadı ilə seçilirlər. Türk kəndlisi işi aramla, yavaş-yavaş, amma əsaslı görur, iyi görülmüş əməkçi türkə böyük fərəh gətirir. Əvvəli namə'lum, şübhəli işdən yapışmırlar, bir başlanğıcın uyğun axırı olacağını belə bir ifadə ilə bildirirlər:

Pəncşənbənin gəlişi çərşənbədən bəllidür.

Haqsızlıq, əyrilik, e'tinasızlıq türklərdə həmişə fəal e'tiraz doğurur. Haram mal olduğunu türk bilmir, başqasının varına göz dikmir, aza qane olur, qismətinə şükür eləyirAzərbaycanda axısqalıların artıq otuz ildən çoxdur yaratmış olduğu kəndlərdə bu illər ərzində demək olar ki, heç kim məhkəməyə düşməyib, dilənçilik, sərxoşluq, boşanma yoxdur.

Türklər düşdükləri yerə dinclik, saflıq, təmizlik, bolluq gətirirlər. Bir el məsəlində belə deyilir:

Türk gedən yerə bərəkət gedir.

Türklər həyatlarını mudrik xalq adətlərinə uyğun qursalar da, rəsmi qayda-qanuna, dövlət quruluşuna da hörmətlə yanaşırlar; həmişə ciddi döyüşçü intizamı, böyüyə ehtiram ruhunda tərbiyələnmiş, qədim dövlətçilik ən'ənələri olan Axısqa türklərinə anarxist, pozucu, təcavüzkar meyllər yaddır.

Türklərin aliçənablığı da diqqəti xüsusi çəkirhətta Fərqanə faciəsindən sonra da hansısa bir türkün  maddi çətinlikdən şikayətləndiyini görmədim.

Ağır sınaqlar türklərin ayıqlığını, çevikliyini, işgüzarlığını da artırıb, ümumiyyətlə, türklər ləng, ağırqanlı, tənbəl lovğa adamı bəyənməzlər; cəmiyyətdən qaçan, xeyrə-şərə yaramaz adam haqqında belə deyərlər:

– Olan kəndini arslan biliyer, ama əvdən çıxmiyer, şenliyə qarışmiyer. Yatağan arslannan  gezegen tilki eydir.

Bütün ömrü boyu ailə, nəsil, el qarşısında borclu oğul kimi yaşayan türklərin mə'nəviyyatında qadın, ana mühüm yer tutur. Hələ Dədə Qorqud əyyamından üzü bəri türk «evinin dirəyi, erkəyinin urəyi» olan qadın axısqalıların nəzərində ana, bacı, gəlindir, yə'ni müqəddəsdir. Türkün anlamında qadın həm də igidin eşdaşıdır, yeri gəlsə, kişisiylə çiyin-çiyinə dayanan döyüşçüdür.

Türklərin dediyincə, qadının zahiri gözəlliyi əsas şərt deyil, qadın ilk növbədə namuslu, həyalı, vəfalı, çalışqan olmalıdır. Lakin el sənətində «kömür gözlü», «şirin sözlü» gözəllərin tə'rifi, onların naz-qəmzələrindan şikayət böyük yer tutur. Və bunlar onu göstərir ki, Axısqa türkləri də bütün türklər kimi incə dilbərlərə elə də dedikləri kimi biganə deyillər.

Sürgünün, qürbətin bütün çətinliklərinə qatlaşmış türk qadınları tarixdə az görünən bir qəhrəmanlıq göstərmişlər – bu ağır illərdə onlar ailəyə dayaq olmuş, qıtlıq içində minbir əziyyətlə oğul-uşaq böyüdüb millət tərbiyə etmişlər...

Ümumiyyətlə, türklərdə qadın, ocaq, çörək çox yuksək tutulur. Bir evdə çörək kəsmək o evə sədaqət deməkdir. Türk heç vaxt kəsdiyi çörəyi basmaz, qadına namərdlik etməz, isindiyi ocağı unutmaz... 


VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 6594 ziyaretçi (23913 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=