AHISKA TÜRKLERİ: VATAN BİLGİSİ
Asif HACILI

YURDA DÖNÜŞ MÜCADİLƏSİ

YURDA DÖNÜŞ MÜCADİLƏSİ

 

Əzablı sürgün illəri türklərin milli ruhunu əzə bilmir. Elə ilk günlərdən türk vətənpərvərləri Vətən uğrunda mübarizəyə başlayırlar.

1956-cı ilə qədər Lenin mavzoleyinə, partiya və dövlət rəhbərlərinə kütləvi şəkildə imzalanmış minlərlə müraciət göndərilir.

1956-cı ilin 28 aprelində SSRİ Ali Sovetinin Rəyasət heyətinin 135/142 saylı fərmanı ilə Axısqa türkləri komendant rejimindən və yerlərini dəyişməklə bağlı məhdudiyyətlərdən azad edilir. Lakin «nəşr hüququ olmadan» qrifli bu fərmanda axısqalıların Gürcüstana köçməsi yasaqlanır, onlara dəymiş maddi zərərin ödənməsi, ümumən bəraət nəzərdə tutulmurdu. Buna görə də bu fərmandan sonra Axısqa türklərinin doğma yurda dönüş mücadiləsi vüsətlənir. Sovet rejiminin daimi basqısı altında Axısqa türkləri bu mübarizəni qanuni, mövcud siyasi reallıqlara uyğun formalarda aparmağı qərarlaşdırırlar. Artıq fərmandan əvvəl, 1956-cı ilin martında Mövlud Bayraqdarov, Lətifşah Barataşvili, Zəkəriyyə Rəmizov və Mənsur Poladov Özbəkistanda vətən mücadiləsi ilə məşğul olan «kommunist» özəyi yaradırlar. Həmin ilin 22-30 martında Özbəkistanın Bulunqur rayonunda müxtəlif bölgələrdən gəlmiş axısqalıların toplantıları keçirilir və Moskvaya nümayəndə heyəti göndərmək qərarı alınır.

1957-ci ilin avqustunda Moskvada olan nümayəndə heyəti heç bir nəticə əldə edə bilmir, lakin Azərbaycanın Moskvadakı nümayəndəsi İslam İslamzadə ilə görüşürlər və o, axısqalılara Azərbaycana köçməyi təklif edir. Bu ərəfədə, 1957-ci il 31 oktyabrda SSRİ Ali Soveti Rəyasət Heyətinin K.Voroşilov və M.Georqadzenin imzasıyla «Mətbuatda çap hüququ olmadan» qrifli məxfi fərmanı təsdiq olunur. 2 bənddən ibarət bu fərmanda Gürcüstan SSR-in Acarıstan MSSR, Axılkələk, Adıgün, Aspindza, Borqanovka rayonlarından Qazaxıstan, Qırğızıstan və Özbəkistan sovet respublikalarına köçürülmüş azərbaycanlılardan bütün məhdudiyyətlərin götürülməsi göstərilir və Gürcüstan hökumətinin həmin rayonların artıq məskunlaşdığı, digər rayonlarda yerləşdirmək üçün imkan olmadığı haqda müraciətini nəzərə alaraq, həmin vətəndaşlara arzularına görə Azərbaycan SSR-yə daimi yaşayış üçün köçməyə icazə verilir. Göründüyü kimi, 1944-cü il qərarı ilə «türk, kürd, həmşin» kimi sürülənlər 1957-də azərbaycanlı adlandırılıb. Axısqa türklərinin Azərbaycana köçməyə razılığına baxmayaraq, bir çox siyasi dairələrin müqavimətinə görə bu proses uzanır və yalnız Azərbaycana rəhbərlik edən İ.Mustafayevin 1958-ci ilin iyulunda N.Xruşovla görüşündən sonra məsələ həll olunur. Axısqalıların ilk kiçik dəstəsi Azərbaycana 24 iyun 1958-ci ildə gəlir və Saatlı, Xaçmaz rayonlarında yerləşdirilir. Həmin ilin 18 sentyabırında Mövlud Bayraqdarovun rəhbərliyi ilə Saatlıda axısqalıların «Adıgün» kolxozu yaradılır. Sədri Mövlud Bayraqdarov, baş aqronomu Mühiddin Tahirzadə, partiya təşkilat katibi Lətifşah Barataşvili, mühəndis Rasim Bayraqdarov olan «Adıgün» kolxozu üçün 3.118 hektar torpaq sahəsi, hər bir ailəyə isə 0,25 hektar həyətyanı sahə ayrılır. Ev tikmək və mal-qara almaq üçün maliyyə vəsaiti, inşaat materialları verilir. Sonradan axısqalıların Mil-Muğan düzündə və Quba-Xaçmaz bölgəsində bir çox digər kolxoz və sovxozları yaradılır. Qeyd edək ki, həmişə halal zəhmətləri ilə yaşamış türklər boş torpaqları seçir və öz əlləriylə ev-eşik, təsərrüfat qururlar. Azərbaycan hökuməti axısqalılara Ermənistan köçkünləri üçün tikilmiş hazır evləri təklif etdikdə, M. Bayraqdarov xalqa belə demişdir: «Səbirli olun, başqası üçün tikilmiş yurd-yuvaya şərik olmaq olmaz, orada məskən salmaq kişi işi deyil, biz özümüz üçün ayrıca məskən salmalıyıq». 1961-ci ilə qədər 10 mindən çox türk Azərbaycana köçür və Mil-Muğan ərazisində məskunlaşır. Azərbaycan hökuməti dağlıq rayonları təklif etsə də, axısqalılar Orta Asiyada təsərrüfat baxımından uyğunlaşdıqları düzənlik ərazilərə üstünlük verirlər.

Axısqa türklərinin Azərbaycana köçməsi bu xalqın taleyində bütövlükdə müsbət rol oynadı. Onlar ilk dəfə olaraq milli mədəniyyətlərini qorumaq, ictimai-siyasi həyatda iştirak, əmin-əmanlıq və qardaş münasibəti şəraitində yaşamaq imkanı əldə etdilər.

1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev Axısqa türklərinin problemləri ilə yaxından maraqlanaraq, onların nümayəndələri ilə görüşür, sovet rejiminin imkanları daxilində axısqalılara hər cür qayğı göstərməyə çalışırdı.

1973-cü ildə Saatlının Varxan kəndində Heydər Əliyev axısqalılarla görüşəndən sonra onların xahişi ilə Axısqa türkləri gənclərinin ali məktəblərə müəyyən sayda müstəsna hal kimi imtahansız qəbul edilmələri barədə sərəncam verir və bu, axısqalıların maariflənməsində, sosial-mədəni tərəqqisində misilsiz tarixi rol oynayır. Sonrakı dövrlərdə də Azərbaycan hökuməti, ictimaiyyət axısqalıların vətəndaşlıq hüquqlarının tam ödənilməsinə, sosial rifahına, mədəni inkişafına daim qayğı göstərmişdir. Azərbaycanda Axısqa türklərinin «Vətən» cəmiyyəti, «Ahıska mədəniyyət mərkəzi» yaradılmış, müxtəlif milli özfəaliyyət qrupları, o cümlədən «Adıgün» musiqi kollektivi, «Ümid» ansamblı fəaliyyət göstərmiş, axısqalıların nümayəndələri dövlət qurumlarında, seçkili orqanlarda, yerli özünüidarəçilikdə təmsil olunmuşlar.

Axısqalıların ilk nümayəndələri hələ keçən əsrin əvvəllərindən Bakıda, ölkənin digər yerlərində yaşamışlar. Kütləvi məskunlaşma isə, dediyimiz kimi, 50-ci illərdən başlamış və 80-cı illərin axırlarına qədər Azərbaycanda, əsasən Saatlı, Sabirabad, Xaçmaz və Beyləqan rayonlarında 50 minə qədər Axısqa türkü yerləşmişdir. Fərqanə hadisələrindən sonra qaçqınların böyük hissəsi, 40 mindən çox Axısqa türkü Azərbaycana köçmüşdür. Əsasən Özbəkistandan gələn əhali axısqalıların ənənəvi olaraq yerləşdiyi bölgələrdən başqa, Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Ağsu, Qəbələ, Əsgəran, Xocalı və digər yerlərdə məskunlaşmışdı.

Ermənistandan 200 mindən çox, Qarabağdan 800 minədək qaçqının yerləşdirilməsi zərurəti ilə üzləşmiş Azərbaycan Özbəkistandan gəlmiş Axısqa türklərinə də eyni qardaş qayğısı ilə yanaşdı. Hələ ilk günlərdə, 1990-cı ilin fevralında Azərbaycan SSR Nazirlər Sovetində xüsusi olaraq keçirilmiş müşavirədə Azərbaycanda Özbəkistandan gəlmiş 30 min köçkün, 5.300-dən çox ailə olduğu, Axısqa türklərinin köçməsi prosesinin hələ də davam etdiyi bildirilmişdir. Axısqa türklərinin ən çox Saatlı, Sabirabad, Qazax, Quba, Xaçmaz, Şamaxı və Ağsu rayonlarında qərar tutduğu, 750-dən çox ailənin yerbəyer edildiyi, 400 ailəyə torpaq sahələri ayrıldığı, qalanlarının müvəqqəti yerləşdiyi və onlar üçün də «lazımi həyat, məişət və əmək şəraiti yaradılması ilə bağlı bütün problemlərin kompleks şəkildə həll edilməsini nəzərdə tutan xüsusi proqram hazırlandığı» göstərilmişdir (Azərbaycan SSR Nazirlər Sovetində müşavirə // Azərinform, 15 fevral 1990). Sonrakı dövrlərdə Azərbaycan hökuməti axısqalılara yardım üçün əlindən gələni etmişdir.

Lakin axısqalıların Azərbaycana köçməsi heç də onların milli mücadiləsini zəiflətmir.Əllinci illərin axırlarında Axısqa türklərinin milli hərəkatı xeyli güclənir, ancaq bu dövrdə iki istiqamətə – türk və gürcü meyllərinə parçalanma baş verir. Artıq 1962-ci ildə bu meyllər siyasi cəhətdən formalaşır və həmin ildə Özbəkistanda və Gürcüstanda iki gizli təşkilat yaranır. Əhalinin böyük əksəriyyətinin dəstəklədiyi türk meyli Ənvər Odabaşovun başçılıq etdiyi «Azadlıq müvəqqəti təşkilat komitəsi», gürcü təmayülü isə Lətifşah Barataşvilinin rəhbəri olduğu «Vətənə qayıdış komitəsi» ətrafında birləşir. Hər iki komitə Vətənə dönüşü əsas məqsəd kimi qarşısına qoyur və bu amalla mübarizəyə başlayır. Lakin Ə.Odabaşov bir türk milləti olaraq, L.Barataşvili isə «mesxlər», əslində gürcü kimi. Qeyd edək ki, 60-cı illərdə formalaşmış bu meyllər indiyədək qalmaqdadır: «Vətən» cəmiyyəti kompakt şəkildə Axısqada, «Xsna» – bütün Gürcüstan ərazisində, bir qədər sonra yaranmış «Ümid» təşkilatı isə Türkiyədə yerləşməyin tərəfdarıdır.

Axısqa türklərinin milli hərəkatı bu dövrdə son dərəcə vüsətlənmiş, müxtəlif icmalar arasında əlaqələr güclənmiş, Ə.Odabaşovun başçılıq etdiyi təşkilatın nüfuzu artmış və bu təşkilat milli maraqların əsas ifadəçisinə çevrilmişdir. 1964-cü il 15 fevralda Özbəkistanın Buka qəsəbəsində müxtəlif bölgələrdən 600 nümayəndənin iştirakı ilə geniş xalq toplantısı, axısqalıların I qurultay adlandırdığı böyük yığıncaq keçirilmiş, bu qurultayda Ə.Odabaşov ümumxalq lideri kimi qəbul edilmişdir. Türk meyli Azərbaycanda daha da fəallaşmış, Ə.Odabaşov 1965-ci ildə Azərbaycana köçərək təşkilata buradan rəhbərlik etməyə başlamışdır. Sonrakı illərdə «Azadlıq müvəqqəti təşkilat komitəsi»nin qurultaylarının əksəri Azərbaycanda keçirilmişdir. Bu təşkilat, əsas məqsəd olan Vətənə dönüş uğrunda ardıcıl mübarizə aparmış, xalqın etnik mənsubiyyətinin, soyadlarının dəyişdirilməsi tələblərini qəti rədd etmiş, türk mənliyinin, ana dilinin qorunmasına çalışmışdır.

1967-ci ilin 14 sentyabrında Azadlıq müvəqqəti təşkilat komitəsinin Azərbaycan bölməsi yaradılmış, Alıxan Rəhimov sədr seçilmişdir. Həmin ilin 18 dekabrında isə daha geniş tərkibli iclasda təşkilatın Zaqafqaziya bölməsinin yeni rəhbərliyi və sədri Qazi Müftiyev seçilmişdir.

 Mübarizə nəticəsində 30 may 1968-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə axısqalılara ölkənin istənilən yerində yaşamaq hüququ verilsə də, Gürcüstana qayıtmaq mümkün olmamışdır.

Gürcüstan hökumətinin yerinə yetməyən vədləri, hətta yanılaraq gürcülüyü qəbul etmiş tək-türk axısqalının belə vətənə buraxılmaması milli hərəkatdakı gürcü meylini iflasa uğratmış, hamı bu yanlış yolun puçluğunu dərk etmişdir. Nəticədə, 1966-cı ilin 12 dekabrında Tiflisdəki azsaylı yığıncaqda (cəmi 10 nümayəndə) Vətənə qayıdış komitəsinin sədri L.Barataşvili istefa vermiş və təşkilatın ləğvini təklif etmişdir.

Azadlıq müvəqqəti təşkilat komitəsinin fəallığı, xalqın ona inamı isə artmaqda davam etmişdir. 1968-ci ilin 24 iyulunda min nəfərə qədər türk Tiflisə toplaşmış, Ə.Odabaşovun başçılıq etdiyi heyət Gürcüstan Kommunist partiyasının rəhbəri V.Mjavanadze ilə, həmin ilin 8 dekabrında isə Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.Podqornı ilə görüşərək tələblərini çatdırmışdı. Real nəticə görməyən axısqalıların liderləri mübarizə formalarını genişləndirərək beynəlxalq səviyyəyə çıxmağa çalışmış, Gürcüstana qayıtmağa icazə verilməsə Türkiyəyə köçmək tələbi irəli sürülmüşdür. Bu fəaliyyət sovet rejimini narahat etdiyindən Moskva Axısqa türkləri liderlərini təqibə başlamışdır, 1971-ci ildə Ə.Odabaşov, Ə.İzzətov, M.Niyazov, İ.Kərimov saxta ittihamlarla həbs edilmişlər.

70-ci illərdə türklərin, hətta gürcülüyü, «mesx» adını qəbul edən tək-tük adamların Vətənə qayıdış cəhdləri uğursuzluqla nəticələnmişdir. 1979-cu ildə uzun müzakirələrdən sonra cəmi 3 ailənin Maxaradze rayonunda yerləşməsinə icazə verilmişdir.

80-ci illərin ortalarında Axısqa türklərinin milli hərəkatı yenidən təşkilatlanmış və fəallaşmışdır. Xeyli zəifləmiş Azadlıq müvəqqəti təşkilatı 1986-cı ilin fevralında Kabarda-Balkarın Nartan kəndində keçirilən toplantıda buraxılmış, Xalq nümayəndəliyi komitəsi yaradılmış, 1987-ci ilin 12 aprelində isə bu komitə də buraxılaraq «Qayıdış» Müvəqqəti təşkilat komitəsi təsis edilmiş və Yusif Sərvərov sədr seçilmişdir. Bu Komitənin nümayəndələri 1988-ci ilin mayında nəhayət ki, sürgündən sonra ilk dəfə vətənlərinə rəsmi səfərə gedə bilmiş, 90 yaşayış məntəqəsində vəziyyətlə tanış olmuşlar. Türklərin təkidi ilə 1988-ci ilin iyununda Moskvada S.S.Slobodnyukun sədrliyi ilə Gürcüstanda vəziyyəti araşdırmaq üçün xüsusi hökumət komissiyası yaradılmış və bu komissiya Gürcüstan hökumətinin Axısqada demoqrafik gərginliklə bağlı əsas bəhanəsini alt-üst edən rəsmi məlumat hazırlamışdır: Axısqa bölgəsində 220 kənddən 84-ü boşdur, kənd təsərrüfatı məhsulları 1944-cü illə müqayisədə 5 dəfə azalıb, həmin illə müqayisədə 70 % torpaqdan istifadə olunmur, region əhalisi cəmi 191 min nəfərdir, yəni 1944-cü illə müqayisədə 59 min nəfər azalıb.

1939 və 1989-cu illərdə kəndlərin və əhalinin müqayisəsi belədir: Axısqada 1939-da 83 kənd, 59.500 əhali, 1989-da müvafiq olaraq 47 və 51.400; Adıgündə müvafiq olaraq 71/36.600 və 55/20.400; Aspindzada 62/29.400 və 20/12.100; üç rayonda cəmi 216/125.500 və 122/83.900.

Ümumiyyətlə, Gürcüstanın «dağlıq rayonlarında əhalinin sayının azalması, sakinlərin qocalması və gənclərin köçməsi ilə əlaqədar miqrasiyaların çıxış məntəqələrində təbii artımın aşağı düşməsi, dağlılar arasında uşaq doğumunun sürətlə azalması» izlənilir (N.Q. Volkova. Gtniçeskie proüessı v Qruzinskoy SSR // Gtniçeskie i kulğturno-bıtovıe proüessı na Kavkaze. M., 1978, s. 5).

1959-cu ilin göstəricilərinə görə, ölkə əhalisinin 9/10 hissəsi dəniz səviyyəsindən 1000 m. aşağıda (ümumi ərazinin 46,1 %) yaşayıb, 1000 m. aşağıda orta sıxlıq 112 nəfər, yuxarıda isə 12 nəfər olub (Sovetskiy Soöz. Qeoqrafiçeskoe opisanie v 22 tomax. Qruziə. Otv. red. F.F. Davitaə. M., 1967, s. 89). Bu rəqəmlər, görəcəyiniz kimi, sonralar daha da azalıb. Ümumən, Axısqa-Axılkələkdə normal demoqrafik vəziyyət türklər orada yaşayanda olub: 1926-1939-cu illərdə burada əhali 31,3 % artıb. Türklər sürüldükdən sonra isə əhali xeyli azalıb, 1966-cı ildə Cənubi Gürcüstanın əhalisi cəmi 196.500 nəfər olub, bunlardan 47,2 % dəniz səviyyəsindən 1600-2000 m. yüksəklikdə, 42 % isə 800-1400 m. yüksəklikdə yaşayıb, orta sıxlıq 1 kv. km-ə 35 nəfər olub (Yenə orada, s. 193). 1972-ci ilin məlumatına görə isə, Gürcüstanın ümumən dağlıq hissəsində, yəni ölkə ərazisinin 36 %-də əhalinin cəmi 4,6 %-i yaşayır. Aran rayonlarda əhalinin sıxlığı 1 kv. km-ə 100 nəfərdir, dağlıq hissədə 5 nəfərdən azdır (A.N. Kaüadze. Soüioloqiçeskaə gkspediüiə v Svaneti // Nauçnaə sessiə v Üaqeri, posvəhennaə 50-letiö obrazovaniə SSSR. Tbilisi, 1979, s. 181-182 (gürcü dilində)). Deyildiyi kimi, 1828-ci ildə 50.000 əhalisi olan Axısqa şəhərində 1939-cu ildə 12,2 min, 1959-cu ildə 16,9 min, 1966-cı ildə 17,8 min nəfər yaşayıb (Sovetskiy Soöz, s. 298). Bütün bu göstəricilər türklərin Axısqa-Axılkələyə qayıtması üçün nəinki heç bir demoqrafik maneə olmadığını, əksinə onların yurda dönməsilə Mesxet və Cavaxetin iqtisadi həyatında böyük inkişaf olacağını göstərir.

Gürcüstanda əhalinin yüksəklik zonaları üzrə 1926 və 1959-cu illərdə yerləşməsini göstərən aşağıdakı cədvəl (Yenə orada, s. 299) yaşayış məs­kənlərinin əsasən dəniz səviyyəsindən 1000 m. yuxarıda olduğu Axısqa-Axılkələkdə heç bir demoqrafik gərginlik olmadığını, əksinə burada əhali azlığı probleminin yaşandığını təsdiqləyir (qeyd edək ki, 1959-cu ildən sonra miqrasiya nəticəsində buralarda əhali daha da azalıb):               

Dəniz səviyyəsindən yüksəklik, m.

Yüksəklik zonasının ümumi əraziyə

nisbəti, %

Əhalinin sayı, %

Əhalinin
1 kv.km-ə

orta sıxlığı

  1926

 1959

1926

   1959

0 – 200

200 – 500

500 – 1000

1000 – 1500

1500 – 2000

2000 – 2400

2400-dən yuxarı

11,4

13,0

21,7

18,2

16,3

9,8

9,6

27,2

29,6

27,5

9,5

5,6

0,6

-

30,9

35,5

22,5

6,5

4,2

0,4

-

91,4

88,1

48,7

20,1

13,3

2,4

-

157,0

159,3

60,4

20,8

15,0

2,2

-

        Cəmi

           100,0

100,0

100,0

38,5

58,2

80-ci illərin axırlarına doğru milli hərəkatın xeyli güclənməsi, ölkədə gedən yenidənqurma prosesləri bu problemin həllinə ümidləri artırmış türk təmayülünün mövqelərini möhkəmləndirmişdi. Bu dövrdə Axısqa türklərinin Şimali Qafqazda, Orta Asiyada Azərbaycanda bir çox ­ğıncaqları, qurultayları keçirilir, qızğın müzakirələr aparılır, təşkilatlanma güclənir, siyasi meyllər aydınlaşır. 1988-ci ilin 28 iyulunda Kabarda-Balkarın May rayonunun Psıko kəndində keçirilən 9-cu qurultayda «gürcü» (Xəlil Omarov) «türk» (Ənvər Odabaşov) meyllərinin kəskin diskussiyası oldu, əksəriyyət «türk» mövqeyinə üstünlük verdi. 1989-cu ilin sentyabrında 10-cu qurultayda bu mövqe bir daha təsdiqləndi.

1987-ci ildən bir neçə il həftənin beş günü qarda-yağışda, istidə-soyuqda Moskvanın ali dövlət-partiya orqanları qarşısında türklərin piketləri dayanıb. Artıq SSRİ Gürcüstan rəhbərliyi, mətbuat televiziya, ictimaiyyət bu məsələyə göz yuma bilmirdi. 1988-ci ilə qədər az da olsa türk (müxtəlif məlumatlara görə, min nəfərə qədər) Gürcüstanın müxtəlif yerlərində məskunlaşa bilmişdi.

 Türklərin milli hərəkatını sarsıtmaq məqsədilə 1989-1990- illərdə  növbəti qanlı cinayət törədilir: 23-25 may 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətinin Kuvasa şəhərində, 3-12 iyunda Fərqanə, Margilan digər şəhər qəsəbələrdə, 19-21 fevral 1990- ildə Buka rayonunda, 2-3 martda Parkənddə türklərə qarşı açıq-aşkar təşkil olunmuş idarə olunan amansız qətliamlar törədilir. Axısqa türkləri  türk düşməni Qorbaçovun riyakar siyasətinin ilk qurbanlarından olur. Türklər Özbəkistanı tərk edir, Azərbaycan, Qazaxıstan, Rusiya digər yerlərə üz tutur. Gürcüstan hətta Fərqanə faciəsindən sonra da türkləri qəbul etmir nəinki qəbul etmir, 1989-1991- illərdə «demokrat»  Zviad Qamsaxurdiyanın başçılığı ilə gürcü şovinistləri  tək-tük türk ailəsini, hətta özünü «mesx» adlandıranları da yenidən yurdlarından, ölkədən çıxarır. Beləliklə, yarım əsr sonra Özbəkistan Gürcüstanda axısqalılar ikinci sürgünə məruz qalırlar.

Fərqanə faciəsindən sonra Axısqa türklərinin milli hərəkatı xeyli vüsətlənir: 1989-cu ilin 2 sentyabrında Azərbaycanda Saatlı rayonunun Adıgün kəndində 10-cu qurultay keçirilir, vətənə dönüş məsələsi tam kəskinliyi ilə qoyulur; həmin ilin 23 sentyabrında Moskvada İzmaylov parkında müxtəlif respublikalardan gəlmiş 526 nümayəndənin iştirakı ilə türklərin ümumittifaq konfransı keçirilir. 1990- ilin fevralında Moskvada Axısqa türklərinin sovet xarici jurnalistlər üçün mətbuat konfransı olur. Konfransda Qayıdış Müvəqqəti Komitəsinin sədri Y. Sərvərov xalqın qurtuluşunun yalnız Vətənə qayıtmaqda olduğunu bir daha bəyan edir, bununla faciələrin qarşısının alına biləcəyini bildirir. Müvəqqəti Komitənin katibi T. Aslanov Özbəkistan qaçqınlarının müxtəlif yerlərə səpələndiyini, ağır şəraitdə yaşadığını söyləyərək, bəzi rəqəmləri iştirakçılara çatdırır: Smolenskdə –2.311, Kurskda –2.236, Oryolda –3.152, Voronejdə –2.111, Krasnodar, Stavropolda minlərlə türk qaçqını yaşayır, hətta Komi MSSR- köçkünlər var. Bu insanlar normal yaşayış şəraitindən, yeri s.-dən məhrumdur. SSRİ Ali Soveti Mesxet türkləri komissiyasının işçi qrupunun sədri E.Pain türklərin sovetlərdə yaşaya biləcəyi yeganə yerin onların tarixi vətəni olduğunu bildirir (G.Valerğev. Press-konferenüiə mesxetinskix turok // «İzvestiə», 21 fevralə, 1990).

1990- ilin 8 mayında Müvəqqəti təşkilat komitəsinin sədri Y. Sərvərov katib Ş. Fəzliyevin imzasıyla gürcü xalqına müraciət qəbul edilirVatan aşkı» qəzeti, 1990, №3). Türklərin fəallığı, müraciətləri nəticəsində deputat L.A.Qorşkovun sədrliyilə türk-mesxet əhalisi problemləri üzrə komissiya yaradılır, SSRİ Ali Soveti 45 ildən sonra nəhayət, 1989-cu ilin 14 noyabrında deklarasiya, 1991-ci ilin 7 martında isə sürgün olunmuş xalqlara qarşı repressiyaların qanunsuzluğu cinayətkarlığı, onların hüquqlarının bərpası haqqında qərar qəbul edərək Axısqa türklərinə hüquqi bəraət verir.

Yurda dönüş mücadiləsinin genişlənməsi yeni təşkilati formaların yaradılmasını tələb edirdi. Buna görə 18 may 1990- ildə Moskvada 207 seçilmiş nümayəndədən 178-nin iştirakı ilə yeni təsis konfransı keçirilir «Qayıdış» komitəsinin əsasında türklərin ümumittifaq «Vətən» cəmiyyəti yaradılır, Yusif Sərvərov sədr, Taşdan Aslanov müavin seçilir. Cəmiyyətin  27 nəfərlik Şurası, Nizamnaməsi Proqramı qəbul edilir (bax: «Vətən eşqi», aprel, 1991, №2). Səhəri gün, 19 mayda Botanika bağında 1200 nəfərin iştirak etdiyi toplantıda bütün Şura üzvləri həyatlarını xalq işinə həsr edəcəklərinə Qurana and içirlər. Bu təşkilat 25 fevral 1991-ci ildə SSRİ Ədliyyə Nazirliyində qeydə alınır. SSRİ dağıldıqdan sonra 1992-ci il 20-21 noyabrda Moskvada «Vətən» cəmiyyətinin 1-ci qurultayı keçirilir, cəmiyyət beynəlxalq təşkilata çevrilir, sədr yenidən Yusif Sərvərov seçilir. Beynəlxalq «Vətən» cəmiyyəti 17 yanvar 1994- ildə artıq Rusiya Ədliyyə Nazirliyi tərəfindən qeydə alınır.

Ənənəvi siyasətinə sadiq qalan Rusiya hökuməti eyni zamanda axısqalıların «gürcü» meylini dəstəkləyir – 1991-ci ilin axırlarında  Rusiyada, 1992-ci ilin martında isə Gürcüstanda özlərini «müsəlman mesxlər» adlandıranların «Qurtuluş» – «Xsna» cəmiyyəti qeydə alınır.

Xalq arasında heç bir nüfuzu olmayan, heç bir real nəticəyə çatmayan, qondarma «Xsna» cəmiyyəti faktiki süqut edir bir qədər sonra xalqın dəstəkləmədiyi «gürcü» meylli «Gürcü repatriantları ittifaqı» (1995), «Lətifşah Barataşvili fondu» (1997), «Deportasiya olunmuş mesxlərin «Mesxeti» gənclər ittifaqı» (1997) yaradılır.

«Vətən» cəmiyyətinin fəallığı isə daha da artır: müxtəlif yığıncaqlar keçirilir, müraciətlər göndərilir, beynəlxalq təşkilatlarla, Gürcüstan hökuməti ilə intensiv aparılır. 1990- ilin 20 aprelində Moskvada xalq nümayəndələri vətənə dinc yürüş etməyi qərara alırlar. Həmin ilin 5 avqustunda Moskvada Lujniki stadionunda mitinqdə yürüşün mahiyyəti, məqsədi açıqlanır.  1990- ilin 10 avqustuna türklərin Adlerə toplanmış çoxsaylı nümayəndələri, 3.000-ə qədər əhali öz problemlərinə diqqəti cəlb etmək üçün Soçi-Xaşur-Tiflis marşrutuyla Gürcüstana dinc yürüş etməyə toplaşır. Gürcü «demokratlarının» nümayəndələri artıq avqustun 5-dən Adlerdə türklərlə görüşərək, hakimiyyətə gələn kimi Axısqa türklərinin problemini həll edəcəklərinə söz verir yürüşü keçirməməyi xahiş edirlər. Adlerin məkəzi stadionunda türklərin mitinqi keçirilir, mitinqi aparan Rəsəddin Rəsulov, «Vətən» cəmiyyətinin sədri Yusif Sərvərov çıxış edərək, gürcü «demokratları» (qeyri-formallar) rəsmilərlə aparılan danışıqlar, Gürcüstandakı gərgin vəziyyət barədə məlumat verir, bir çox digər çıxışlar olur. Avqustun 11-i gecə səhərədək davam edən danışıqlarda gürcü nümayəndələr vəziyyəti gərginləşdirməmək, parlament seçkilərini pozmamaq üçün təkidlə yürüşü təxirə salmağı xahiş edirlər. Gürcüstan ictimai təşkilatlarının «Azad GürcüstanDəyirmi masa»sının nümayəndələri yeni parlamentin ilk iclasında türklərin probleminə baxılacağı həll ediləcəyi barədə rəsmi zəmanət məktubu verirlər. Bu məsələ səhəri gün, avqustun 11- mitinqdə müzakirə edilir, müxtəlif fikirlər səslənir, nəhayət, sülh yürüşü noyabrın 14- təxirə salınır. Axısqalıların milli mücadiləsində, xalqın fəallaşmasında bu hadisə müsbət rol oynayır. Mitinqin iştirakçısı, milli hərəkatın liderlərindən olmuş Seyfəddin Buntürk redaktoru olduğu «Vatan aşkı (Sovetlər Birliyi Meshet (Ahıska) türklərinin «Vatan» kurumunun qazetesiqazetində (1990, № 3) yazırdı: « vaxtsa Axısxa türklərinin tarixi taleyini araşdıranlar yazacaqlar: «SoçiyəAdler stadionuna yığılan türklər Axısxaya doğru iri bir addım atdılar». Lakin sonradan gürcülər verdikləri vədə nəinki əməl etmədilər, əksinə Gürcüstanda yaşayan tək-tük türk ailəsi hakimiyyətə gəlmiş  Zviad Qamsaxurdiyanın başçılıq etdiyi həmin «demokratlar» tərəfindən vəhşicəsinə yurdlarından çıxarıldı.

1990-cı ilin noyabrında Repressiya Olunmuş Xalqlar Konfederasiyasının təsis qurultayında Axısqa türklərinin vəziyyətilə bağlı Gürcüstan rəhbərliyinə, deputatlara və gürcü xalqına müraciət qəbul edilir (Konfederaüiə repressirovannıx narodov Rossiyskoy Federaüii. 1990-1992. Dokumentı, materialı. M., 1993).

90-cı illərin əvvəllərindən Axısqa türklərinin milli hərəkatının ən fəal mərkəzi Azərbaycanda formalaşır. Respublika rəhbərliyinin, ictimaiyyətin və xalqın axısqalılara qarşı doğma münasibəti buna şərait yaradır. 1993-cü ilin 13 oktyabrında Azərbaycanda Axısqa türklərinin «Vətən» cəmiyyəti qeydə alınır (ilk sədr az bir müddətdə Qoçəli Lətifov olur), 1994-cü ilin 27 oktyabrından türklərin «Ziyalılar» komitəsinin rəhbəri Xalid Taştanov cəmiyyətin sədri seçilir. Xalid Taştanovun rəhbərliyi ilə «Vətən» cəmiyyətinin fəaliyyəti genişlənir, beynəlxalq səviyyəyə çatır. 2002-ci ildən cəmiyyətə Bəkir Mamoyev, 2003-cü ildən isə İbrahim Burxanov sədrlik edir. Qeyd edək ki, Azərbaycandakı «Vətən» cəmiyyəti fəal işləyən qurum, əslində MDB ərazisində Axısqa türklərinin ən güclü təşkilatıdır. Bu qurum Azərbaycan və Gürcüstan hökumətləri, beynəlxalq təşkilatlar, ictimaiyyətlə, axısqalıların digər ölkələrdəki dərnəkləri ilə sıx əlaqə saxlayır, bir çox vacib ictimai, mədəni, xeyriyyəçilik tədbirləri görür, hər il müxtəlif müzakirələr, xüsusən sürgün ildönümlərinə həsr olunmuş konfranslar keçirir. Hazırda Azərbaycandakı «Vətən» cəmiyyətini Axısqa türklərinin beynəlxalq koordinasiya mərkəzi hesab etmək olar. Azərbaycan rəhbərliyi, xüsusən prezidentin müşaviri Hidayət Orucovun bu təşkilata gündəlik yardımı da xüsusi qeyd olunmalıdır.

Axısqa türklərinin yaşadıqları digər ölkələrdə də müxtəlif təş­ki­lat­ları fəaliyyət göstərir.

1990-cı illərin əvvəllərindən başlayaraq Qazaxıstanda,  Qırğızıs­tan­da, Ukraynada, Rusiyada, Azərbaycanda, Türkiyədə  Axısqa türk­lə­ri­nin müxtəlif ictimai cəmyyətləri və mədəniyyət mərkəzləri yaradılır. Öz im­kanları daxilində müəyyən işlər görmüş və görməkdə olan bu qu­rum­la­rın fəaliyyətini qeyd etməklə bərabər, «Vətən» cəmiyyətinin bu gün də beynəlxalq səviyyədə milli hərəkatın önündə getdiyini bildirmək istərdik.

 

*  *  *

 

Milli hərəkatın vüsətlənməsi nəticəsində beynəlxalq təşkilatlar Axısqa türklərinin taleyinə keçən əsrin 80-cı illərinin axırlarından, xüsusən Fərqanə hadisələrindən sonra diqqət yetirməyə başlasalar da, real fəaliyyət 90-cı illərin ortalarından izlənir. Hələ 1970-ci illərin əvvəllərində (1970-1972) axısqalıların beynəlxalq təşkilatlara, bir-neçə dəfə (1970-in aprelində, 1971-in mart və mayında) isə Türkiyə səfirliyinə müraciətləri olmuşdu (T. Kukulov. Axısqa türklərinin tarixinə bir nəzər. B., 1999, s. 73-74).

 1992-ci ildə Axısqa türklərinin «Vətən» cəmiyyəti beynəlxalq status alır və 1996-cı ilin mayında Avropa Milli Azlıqlar Federal İttifaqına kollektiv üzv seçilir.

1997-ci ilin iyununda Rusiya Milli və Regional Siyasət Nazirliyinin dəvəti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Moskva nümayəndəliyi Krasnodar vilayətində yaşayan axısqalıların vəziyyətini öyrənərək, onlara müəyyən sosial yardım göstərməyə başlayır.

1998-ci ilin 27 yanvarında Rusiya Federasiyası Prezidenti yanında Siyasi Məşvərət Şurasına daxil olan insan haqları üzrə Daimi Palatada «Memorial» hüquq müdafiəsi mərkəzinin təşəbbüsü ilə Axısqa türk­lə­ri­nin hüquqlarının Krasnodar diyarında pozulmasına dair dinləmələr keçirilmiş, dəhşətli faktları aşkarlayan «Krasnodar vilayətində məcburi miqrantların hüquqlarının pozulması və etnik diskriminasiya (Mesxet türk­lərinin vəziyyəti)» adlı məruzə dərc edilmişdir (Naruşenie prav vı­nujdennıx miqrantov i gtniçeskaə diskriminaüiə v Krasnodars­kom krae (Polojenie mesxetinskix turok). M., 1998).

1998-ci ilin 6-7 iyununda «Vətən» cəmiyyətinin Rostov vilayəti Bolşaya Orlovka kəndində keçirdiyi beynəlxalq səviyyəli – MDB-də yaşa­yan Axısqa türklərinin ümumxalq toplantısı milli hərəkatın in­ki­şa­fın­da əhəmiyyətli hadisə oldu. Mövcud vəziyyətin müzakirəsi əsasında real mücadilə perspektivlərini dəqiqləşdirən qətnamə qəbul edildi. Qət­na­mədə vətənə qayıdışın milli və mədəni özünüiden­tifika­si­ya­dan inkarla, dini inancın dəyişməsi ilə bağlanmasının qəbuledilməzliyi, türklərin bütün dövrlərdə mesxlərə, acarlara və bütün gürcülərə böyük hörmət və məhəbbətlə yanaşması, onlarla tale birliyi, insan ləyaqətinin qorunması zərurəti və vicdan azadlığının vacibliyi göstərilir. Şərtsiz reabilitasiya və reallıqları nəzərə alaraq, yurda şərtsiz tədricən qayıdış tələbi bildirilir. Gürcüstana dərin qayıdış arzusu, yeni Gürcüstanın konstitusiyasına, dövlət dilinə və ölkənin quruluşuna hörmət edən sadiq vətəndaş olmaq istəyi bəyan edilir, Gürcüstanda inzibati və ya siyasi muxtariyyətə iddia etmədikləri, kompensasiya, evlərin və əmlakın qaytarılmasını, repa­triasiyanın maliyyə təminatını tələb etmədikləri bildirilir, Gürcüstan rəhbərliyindən Vətənə qayıtmaq üçün yalnız siyasi qərar və Parla­mentdən cinayətkar deportasiyanı pisləyən qanun qəbul edilməsi xahiş edilir.

1998-ci ilin 21-23 mayında Praqada  Avropa Milli Azlıqlar Federal İttifaqının 43-cü konqresində Axısqa türklərinin məsələsi də müzakirə edilmiş, «Vətən» cəmiyyətinin rəhbərlərindən olan Fuad Pepinovun məruzəsi dinlənilmiş, Rusiya və Gürcüstanın parlamentlərindən və hökumətlərindən axısqalılara qarşı diskriminasiyaya son qoyulmasını tələb edən qətnamə qəbul edilmişdir.

Axısqa türklərinin yaşadıqları ölkələrdə və Gürcüstanda hüquqi statuslarının tənzimlənilməsinə dair ilk xüsusi beynəlxalq müşavirə isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ATƏT Milli Azlıqlar üzrə Ali Komissarlığı və Açıq Cəmiyyət İnstitutunun təşkilatçılığı ilə 1998-ci ilin 7-10 sentyabrında Haaqada keçirilmişdir. Azərbaycan, Gürcüstan, Rusiya hökumətlərinin, «Vətən» cəmiyyəti nümayəndələrinin iştirak etdiyi müşavirədə «Mesxet türklərinə aid məsələlərə dair Haaqa görüşünün sənədi» qəbul edilmişdir. Bu görüşün nəticəsi olaraq həmin ilin 15-21 dekabrında Rusiyanın axısqalıların kompakt yaşadığı bölgələrində Haaqa görüşünün təşəbbüskarları olmuş beynəlxalq təşkilatların nümayəndələri vəziyyəti öyrənərək məruzə hazırlamışlar.

1998-ci ilin noyabr ayında Avropa Milli Azlıqlar Federal İttifaqının R.Arkvint, H.Hansen, İ.Bux, S.Çervonnayadan ibarət xüsusi missiyası fəaliyyətə başlamış, 9-11 noyabrda Gürcüstanda vəziyyəti öyrənərək Axısqa türklərinin hüquqlarının tapdanması, o cümlədən Gürcüstandakı erməni icmasının türklərin hüququnun bərpasına qarşı anlaşılmaz, qeyri-insani müqaviməti haqda 12 noyabrda Moskvada hesabat vermişlər. Bu hesabat həm də 1999-cu ilin yanvarında Strasburqda Gürcüstanın Avropa Şurasına qəbulu müzakirə edilərkən AŞ Parlament Assambleyasının nümayəndələrinə təqdim olunmuşdur.

Milli Azlıqlar üzrə Ali Komissarlığın, BMT Qaçqınlar üzrə Ali Ko­mis­sarlığı və  Açıq Cəmiyyət İnstitutunun təşkilatçılığı və Azərbay­can, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiyanın hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, «Vətən» cəmiyyəti liderlərinin iştirakı ilə 14-17 mart 1999-cu ildə Vyanada Axısqa türkləri probleminə dair ikinci beynəlxalq müşavirə keçirilmişdir. Müşavirədə bir çox hüquqi, sosial məsələlərlə yanaşı, ciddi terminoloji, əslində siyasi-etnik problem – Axısqa türklərinin necə adlanması da qızğın müzakirə edilmişdir. Gürcü tərəfinin «mesxlər», «Mesxetdən deportasiya olunmuş əhali» anla­yışlarına etiraz edən «Vətən» cəmiyyəti liderlərindən Bəkir Mamo­yev 1944-cü ildə mücərrəd Mesxet əhalisi deyil, məhz türklərin, kürd­lərin və həmşinlərin  köçürüldüyünü demişdir. Müşavirədə Azərba­ycan nüma­yəndə heyətinin başçısı, Azərbaycan Respublikası Preziden­tinin milli məsələlər üzrə müşaviri Hidayət Orucovun təkidi ilə bey­nəlxalq təcrübədə ilk dəfə «türk» sözü rəsmi sənədlərə daxil edilmiş və kompromis variant olan «mesxet türkləri» adı qəbul edilmişdir. Müşavirədə repatriasiya üçün gürcü hökumətinin 12 il vaxt istəməsi də etirazla qarşılanmışdır. Həmin görüşdə verilən «Sədrin bəyanatı»nda növbəti müşavirənin Bakıda keçirilməsi üçün Azərbaycan Prezidenti Heydər Əliyevin göndərdiyi dəvət minnətdarlıqla qəbul edilmişdir.

Gürcüstanla müttəfiqlik siyasəti yürüdən Türkiyə hökuməti bu məsələyə təmkinlə yanaşaraq, Gürcüstan hökumətinin müraciəti olacağı təqdirdə Axısqa türklərinin vətənlərinə qayıtmasına kömək edəcəyini bildirmişdir. Qeyd edək ki, Axısqa türkləri ilə bağlı 1992-ci il 2 iyulda Türkiyə Böyük Millət Məclisi qərar qəbul etmişdir («Ahıska türkleri'nin Türkiye'ye kabulu və iskanına dair» 3538 saylı Qanun). Lakin bu qanun əsasında dövlət tərəfindən rəsmən 1993-cü ildə yalnız 178 axısqalı ailə İqdırda yerləşlirildi. Türkiyəyə sərbəst  köçmüş minlərlə axısqalı isə dövlət tərəfindən əhəmiyyətli yardım görmədiklərindən zor durumda qalır, yeni şəraitə uyğunlaşmaqda çətinliklər çəkirlər (Saadin Ahıska. Türk-Rus Savaşları ve Ahıska felaketi // «Ahıskalılar», Tarih ve Kültür Dergisi, sayı: 4, Ekim, 2003, s.24-25). Ümumən, axısqalıların böyük qismi Türkiyəyə, başqa ölkələrə köçməyə can atmır. Onların əsas və ali məqsədi doğma yurda, Axısqa, Axılkələk obalarına qayıtmaqdır. Axısqa ziyalıları Rasim Bayraqdarov, Xalid Taşdanov, Məhəmməd Cəlilov, Seyfəddin Buntürk, Xalid Xəlilov, Ənvər Əmrahovun 1995-ci ilin 10 iyulunda Türkiyə Prezidenti Tansu Çillərlə görüşündə doğma yurda dönüş məsələsi və erməni təcavüzünə qarşı Azərbaycanla birlik fikri səslənmişdir (bax: «Azərbaycan gəncləri», 11 iyul 1995). İgid Axısqa oğlu İsgəndər Aznaur («Qrad İsgəndər») Qarabağ döyüşlərində şücaətlər göstərmiş, qəhrəman kimi şəhid olmuş və ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Son dövrdə Gürcüstanın yeni prezidenti M.Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan arasında danışıqlarda da bu məsələ müzakirə olunub və həlli üçün addımlar atılacağı bəyan edilib.

Axısqa türklərinin problemi Avropa Milli Azlıqlar Federal İttifaqının 1999-cu ilin mayında keçirilən 44-cü konqresində də əsas məsələlərdən olmuş və 15 mayda bu problem xüsusi müzakirə edilmişdir. Bu konqresdən sonra AMAFİ-nin xüsusi missiyası həmin ilin 9-17 noyabrında əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda olmuş, rəsmi şəxslər və axısqalılarla görüşərək vəziyyəti öyrənmişdir.

Vyana görüşündəki razılığa uyğun olaraq, 1999-cu ilin iyulunda Avropa Şurası, ATƏT və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı «1944-cü ildə Mesxet regionundan deportasiya olunmuş əhali ilə bağlı məsələlərə dair» Gürcüstana müştərək ekspert missiyası göndərib. Elə həmin ildə Gürcüstan Respublikası Avropa Şurasına qəbul edildikdə «sovet rejimi tərəfindən deportasiya olunmuş mesxet əhalisinə repatriasiya və inteqrasiya, o cümlədən gürcü vətəndaşlığı hüququna imkan verən hüquqi çərçivənin hazırlanması… (və) repatriasiya və inteqrasiyanı başlamaq» barədə rəsmi öhdəlik götürüb.

2001-ci ilin 19 dekabrında «Mamulişvili» qeyri-hökumət təşkilatı axısqalıların məsələlərinə həsr olunmuş konfrans keçirib, konfransda ATƏT-in Gürcüstandakı missiyasının nümayəndəsi Anna Vesterholm bu məsələyə dair çıxış edərək, problemin tezliklə ədalətli həlli vacibliyini göstərib. Həmin ildə BMT Qaçqınlar üzrə Ali Komissarlığının və Avropa Şurasının eskpertləri gürcü hökumətinin dəvətilə Gürcüstan gənc hüquqşünaslar assosiasiyasının hazırladığı reabilitasiya qanunu layihəsini şərh etmək üçün Gürcüstana gəlmiş və bu layihəyə prinsipial iradlar bildirmişlər. Bu qanunun 1951-ci il apatridlərin statusu, yəni vətəndaşlığı olmayan hər bir şəxsin həmin dövlətdə yaşamaq və ictimai həyata töhfə vermək hüququ haqda sənədə, 1954, 1961 və 1964-cü illərin vətəndaşlığı olmayan şəxslər və vətəndaşsızlığın azaldılması haqda konvensiyalara, nəhayət, Avropa Şurasının 1997-ci il vətəndaşlıq haqda Konvensiyasına uyğunsuzluğu  göstərilmişdir.

2004-cü ilin iyulunda Bakıda Azərbaycan və Türkiyənin rəsmi dövlət və hökumət nümayəndələrinin, ictimaiyyətin iştirakı ilə Axısqa türk dərnəkləri federasiyasının təşkil etdiyi I Beynəlxalq Axısqa türkləri qurultayı keçirilmiş,  bir çox  məsələlər müzakirə edilmişdir.

Son illərdə Krasnodarda yaşayan Axısqa türklərinin ABŞ-a emiqrasiyası məsələsi ortaya çıxmışdır. Bu haqda ilk dəfə 2002-ci ildə xəbərlər yayılmış, lakin Moskvadakı Amerika səfirliyi təkzib vermişdir. Bir il sonra isə prezident Corc Buş Axısqa türklərinə sığınacaq vermək qərarı haqqında bəyanat vermiş, demişdir ki, türklər «terrorizmlə bağlı deyillər və ABŞ-a təhlükə törətmirlər, kifayət qədər sivildirlər və 60 ildir hakimiyyətdən əzab çəkirlər» (http: // www. garetasng.ru).

Bu qərarla türklər ABŞ-da qaçqın statusu, mənzil, yardım, iş, pulsuz ingilis dili dərsləri, 5 ildən sonra isə vətəndaşlıq alırlar. 2004-cü ilin martında ABŞ-ın Rusiyadakı səfirliyi axısqalıların Amerikaya köçürülməsi proqramının açılmasını rəsmən elan etmişdir. Artıq iyulda ilk ailələr köçmüşlər. İlk mərhələdə beş min, sonradan on və on beş min nəfərin qəbul ediləcəyi bildirilmişdir. 1989-cu il Özbəkistan hadisələri zamanı Krasnodara köçmüş, burada müvəqqəti qeydiyyata düşmüş və Rusiya vətəndaşlığı olmayan türklər köçürülmə hüququna malikdir. Qeyd edək ki, axısqalıların sərt təqib olunduğu Krasnodarda Amerika hökumətinin bu qərarı məlum olan kimi, artıq 2004-cü ilin yanvarından türklərə sürətlə Rusiya pasportları verilməyə başlanmışdır. Rusiya həm insan haqları sahəsində beynəlxalq reytinqindən, həm də zəhmətkeş əməkçilərin bölgəni kütləvi tərk etməsindən narahat olmuşdur. Axısqa türklərinin böyük əksəriyyəti isə indi də okeanın o tayına köçəcəkləri təqdirdə Vətən məsələsinin unudulacağından narahatdır. Hər halda müəyyən qism adam Amerikaya köçsə belə, 300.000-dən çox türkün problemi bununla həll olunmayacaq. Axısqa türkləri probleminin gerçək həlli yalnız onlara Vətənə qayıdış hüququ verilməsi ilə baş tuta bilər.

 

* * *

Türklər sürgünün ilk günlərindən vətənə dönməyə cəhdlər etmişlər. Rəsmi məlümatlara görə, 1945-ci ilin yanvarından 1948-ci ilə qədər 2.310 türk sürgün yerindən qaçmış, lakin tutularaq ağır cəzalandırılmışdır. Onların əksəri vətənə qayıtmış, lakin elə həmin illərdə Gürcüstan ərazisində 608 nəfər həbs edilmişdir.

 H a ş i y ə: Ataları, böyük qardaşları müharibədə həlak olmuş, sürgünün ilk ilində analarını, bacılarını itirmiş, dayılarından, əmilərindən itkin düşmüş Aspindza rayonu Panaket kəndi sakinləri Əliyev Əlixan və Müdir qardaşlarının sürgündən sonra Vətənə aparan yollarda başlarına gələnlər: «1944-cü sənədə bizi Orta Asiyaya sürgün etdilər. Dayımızdan, əmimizdən itkin düşdük. Ağır vəziyyətli, soyuq, şaxtalı günlər gəlib çıxdıq Özbəkistanın Səmərqənd vilayətinin Gijak rayonunun Çkalov kəndinə. Anam ağır xəstələndi. Bizi yanına çağırıb tapşırdı ki, «Mənə bir şey olub-eləsə, darıxmayın, əminizi, dayınızı tapa bilməzsiniz, ancaq Batuma gedərsiniz, orada sizə acarlar kömək edərlər, onlar bizi yaxşı tanıyır, bizə olan hörmətləri çoxdur» -  dedi. Aradan çox keçmədi, anam dünyasını dəyişdi... Üç sənədən sonra qardaşımın yaşı on üçə, mənim isə doqquza çatanda anamızın dediyiylə istədik Batuma gedək. Necə gedək? Nə ilə gedək? Kimdən pul alaq? Heç bir sənədimiz də yoxdur. Ancaq çantamızı dilənə-dilənə doldurmuşuq. Bir gün bizə bir türk rast gəldi, dərdimizi ona söylədik. O, bizim Batuma getməyimizə razılıq vermədi. «Yolda həlak olarsınız, heç bir sənədiniz də yoxdur», - dedi. Ancaq Batuma necə getmək yolunu bizə öyrətdi. İstədi yazıb verə, kağız-qələm tapmadıq, təkcə yaddaşımızda saxladıq. Səmərqənd-Daşkənd qatarına mindik, tamburdan-tambura, dilənə-dilənə Daşkənd şəhərinə gəlib çatdıq. Ordan Daşkənd-Moskva qatarına mindik. Bu qatarda da adam çox, bilet almağa pulumuz yox, yenə də tamburdan-tambura gəzdik. Yoxlama zamanı qatarın üstünə çıxardıq ki, bizi qatardan düşürməsinlər. Bəxtimizdən hava çox isti, qatarın üstündə üşüyə bilməzdik. Qatar Moskvaya yaxınlaşdıqda yoxlama tez-tez olardı, ona görə qatarın üstündən düşməzdik, gecələri qatarın üstündə yatardıq. Mən yuxuya gedəndə qatardan aşmayım deyə qardaşım belindəki kəndir ipi mənim belimdəki kəndirə bağlar bir ucunu qatarın borusuna bağlardı, belə daha ehtiyatlı, qorxusuz idi.  Qatar stansiyalarda dayananda Müdir aşağı enər, dilənərdi. Kim nə verər, ona təşəkkürünü bildirər, gətirib mənimlə bir yeyərdi. Qatarın üstündə isti olmaqla yanaşı, külək gözümüzü tutardı. Get-gedə qardaşımın gözü tutuldu. Biz Astraxana çatan kimi nəzarətçilər bizi tutdular. Uşaq evinə apardılar. Təkcə ikimizi ayrı otaqda saxladılar, müalicə etdilər. Qardaşımın gözü açıldıqdan sonra buradan qaçıb Maxaçqalaya gedən qatara mindik. Biletimiz olmadığına görə tamburdan-tambura, dilənə-dilənə, yataq yerimiz qatarın üstü. Maxaçqala yaxınlığında yenə də bizi yaxaladılar. Dayanacaqda bizi vağzalın bir otağına saldılar. Gecə yarısı olanda pəncərəni açıb buradan da qaçdıq. Qorxumuzdan daha qatara minə bilmədik. Gündüz orman ilə, gecə isə qatar yolu ilə ac-susuz gedərdik. Bir günü gecə bir yerdən işıq göründü. İşığa tərəf getdik. İtlər hürə-hürə üstümüzə cumdu. Qorxumuzdan qışqırıb ağladıq. Ev sahibi bizi ağlayan görüb itləri geri çağırdı. Bizə yaxınlaşıb, kim olduğumuzu soruşdu. Biz də qorxumuzdan tezdən ayağımızdan axan qanı göstərdik və başımızdan keçən əhvalatı danışdıq. Biz yaxınlaşan yer qoyun ferması imiş. Çoban bizi içəri gətirib ayağımızdan axan qanı dayandırmaq üçün yaramıza kül tökdü. Çoban milliyətcə ləzgi olduğuna görə biz Gürcüstandan Özbəkistana sürgün olunduğumuzu və yetim olduğumuzu, hətta qohum-əqrəbamızı itirdiyimizi də zorla başa saldıq. Ləzgi istəmədi bizi buraxsın. Bir neçə vaxt çobanın evində qaldıq, yaramız da sağaldı, cırılan şalvarlarımızı da yamadıq, qarnımız da ətməklə doydu, çobana da kömək etdik. Çobanın adı Maqamed idi. O, bizi yola salanda çantamızı pendir-çörəklə doldurdu, 500 manat pul verib, bizi razılıqla yola saldı. İki-üç saat yol getdikdən sonra qatarın dayanacağına çatdıq. Hava soyuq idi, bərk yağış yağırdı, üstümüzdə heç bir sənədimiz olmadığına görə vağzala girmək bizim üçün çox qorxulu idi. Ona görə qatar gələnə qədər ayaqyolundan çıxmazdıq, orda gizlənərdik. Beləliklə gəlib Maxaçqalaya çatdıq, gecədən sübhə qədər yağış yağdı. Biz yenə də üşüməyək deyə ayaqyolunda gizləndik. Səhər açılanda Bakıya gedən qatara mindik. Bizim yerimiz yenə də tambur, qatarın üstü, buxarın dibi oldu. Bakıya çatdıqda ac olduğumuza görə dilənirdik, bizi yenə də nəzarətçilər tutub uşaq evinə gətirdilər. Üst-başımız kirli olduğuna görə bizi bura qəbul etmədilər. Bizi başqa bir yerə aparıb, orda üç gün saxladılar. Ordan yenə də uşaq evinə gətirdilər. Uşaq evində bizi işlədirdilər. İmkan tapıb buradan da qaçdıq. Bizim məqsədimiz Batuma çatmaq idi. Tiflisə qədər qatarda gəldik. Bizi Tiflisə çatanda yenə də yaxaladılar. Bizlə sorğu-sual apardıqdan sonra bizi kimsəsiz uşaqlar koloniyasına apardılar. Biz ordan da qaçdıq, ancaq bizi tez yaxalayıb geri, koloniyaya gətirdilər, bizə burada çox əzab-əziyyət verirdilər. Bizə görə nəzarətçi də çoxaldı. Qərara gəldik ki, daha qatara minməyək, bizi tutarlar. Piyada, dilənə-dilənə Çakviyaya çatdıq. Burda əvvəlki ev sahibi Minəvər xalanı tapdıq. Minəvər xala bizi tanıdı. O, bizim başımıza gələn əhvalata ağlaya-ağlaya qulaq asırdı. Bizi oğlu kimi qəbul elədi. Biz ona kömək edərdik, işini görərdik. Keçən ağrılı-acılı günləri artıq unutmuşduq. Bir gün bizi kənd sovetinə çağırdılar, sənədlə­rimizin olmadığına görə bizə gürcü sənədini verməyi təklif etdilər. Biz ona sevinərək razılaşdıq. Yaşımız əsgər yaşına çatana qədər Minəvər xalanın evində olduq. Əsgərə getdik. Əsgərdən qayıdanda Minəvər xalanın dünyasını dəyişdiyini eşidəndə yenə də sahibsiz, tək qaldıq. Axtarıb Çimkənd şəhərində dayımızı, Alma-Atadan əmimizi tapdıq. Ata-ana, kiçik bacımızdan xəbər olmadı. Bizim günahımız nə idi? İlahi elə bizəmi yazmışdı ağır günləri?» (A. Piriyev, S. Piriyeva, s. 64-66).

1956-cı il fərmanından rühlanmış türklərin kiçik bir hissəsi (cəmi 242 ailə, 1.030 nəfər) elə həmin il Gürcüstana köçür və Batum, Xaşur, Kobulet rayonlarında yerləşir. Gürcü hökuməti bunu narazılıqla qarşılayır. 1957-ci ilin sentyabrında Gürcüstan KP MK bu məsələyə etirazını bildirir və əhali yenidən yurdundan çıxarılır. Bir neçə il sonra, 1960-cı ilin mayında ikinci, 1961-ci ilin martında üçüncü və sonradan yeni sürgünlər baş verir. Faciə təkrar olunur…

1968, 1974, 1980, 1987, 1989 və 1990-cı illərdə də türklərin Vətən məsələsi haqqında yeni rəsmi qərarlar qəbul edilir. 70-80-cı illərdə türklərin tək-tük ailələri bu qərarlara inanıb yenidən Gürcüstana qayıdır, ev-eşik qurur.

70-ci illərə qədər türklərin Gürcüstana qayıtmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnmişdi: 1969-cu ildə 400-ə qədər türk ailəsi Gürcüstanın Qal rayonunun Açiqvara sovxozunda yerləşir, lakin hökumət orqanlarının təzyiqi nəticəsində tezliklə Gürcüstanı tərk edirlər. 1977-ci ilin aprelində Maxaradze rayonu Nasakiralı çay sovxozunun direktorunun 100-ə qədər ailəni daimi işə qəbul edərək, evlə təmin edəcəkləri barədə arayışına əsasən cəmi 9 türk ailəsi həmin sovxoza gəlir. Onların türk olduğunu biləndə böyük qalmaqal düşür, sovxoz sədri işdən çıxarılır, türklərə hakimiyyətin güclü təzyiqi başlayır. 6 ailə geri qayıdır, 3 ailənin məsələsi ilə bağlı mütərəqqi gürcü ziyalıları respublika və SSRİ rəhbərliyinə, ictimaiyyətə müraciət edirlər. Yalnız E.Şevardnadze ilə ziyalıların görüşündən sonra 1979-cu ilin 4 aprelində Gürcüstan KP MK və Nazirlər Sovetinin axısqalıların qəbulu haqda qərarı çıxır və bu üç ailəni qeydiyyata alırlar . Bu qərardan sonra müəyyən sayda axısqalı Gür­cüs­tana gələrək qərb rayonlarında yerləşir – beləliklə, türklərin Samtret rayonunda Kopitnari, Sulukidze rayonunda Axalşeni kəndləri yaranır, Çxoroskur rayonu Leseçine kəndində, Gegeçkör rayonu Bandza sovxo­zun­da, Zuqdidi rayonu Narzane və Xese sovxozlarında, Maxaradze rayo­nu Nasarikali və Naruci sovxozlarında, Sxakaya rayonu Qecet sovxozun­da, Xaşur rayonu Sxramuxa və Sromi kəndələrində, Karel rayonu Breta kəndində kiçik türk məskənləri əmələ gəlir (M.Barataşvili, s.16-17).

80-ci illərdə Gürcüstanda ictimai rəydə axısqalılara qarşı, nəhayət ki, müsbət meyllər izlənilir. 1987-ci il 8 dekabrda respublika Nazirlər Sove­ti­nin «Başqa respublikalardan Gürcüstan SSR-ə daimi yaşayış üçün köç­mək istəyən mesxetlərin ailələrinin 1987-1988-ci illərdə mütəşəkkil kö­çü­rülməsi üzrə tapşırıqların təsdiqi haqqında» 600 saylı qərarı çıxır. La­kin bu qərar da yerinə yetirilmir. Sonra isə Fərqanə hadisələri baş verir.

                                         ***           

Türk xalqlarını parçalamaq və axısqalıları diz çökdürmək üçün 1989-cu ilin yazında məlum rəsmi dairənin təşkil etdiyi Fərqanə faciəsindən sonra türklərin Vətən məsələsi son dərəcə kəskinləşir, dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Hadisələr göstərir ki, Fərqanə faciəsi siyasi məqsədlər üçün təşkil olunmuşdu və həm də Gürcüstana qarşı yönəlmişdi.

Sovet imperiyasının xüsusi xidmət orqanlarının törətdiyi bu qırğınlar, əslində bir-neçə məqsəd daşıyırdı – birincisi, Axısqa türklərinin qanuni formalarda aparılan milli mübarizəsini sarsıtmaq; ikincisi, Özbəkistanda milli şüurun, türklük şüurunun inkişafını ləngitmək və bəhanə əldə edərək respublikanı tam nəzarətə götürmək; üçüncüsü, Gürcüstandakı milli hərəkatı əsas məqsəddən – azadlıq ideyasından uzaqlaşdırmaq, bunun üçün Özbəkistandan türklərin idarəolunmaz kütləvi axınını Gürcüstana yönəltmək, türklər və gürcülər arasında qanlı toqquşmalar salmaq və Gürcüstanı diz çökdürərək tam nəzarətə götürmək.

Hadisələrin mərkəzdən təşkil olunduğunu real faktlar da təsdiq edir. Bir çox şahidlərin sübutları Fərqanə hadisələrində də türk düşməni ermənilərin rolunu aşkarlayır. Bu hadisələr ərəfəsində Özbəkistanda 37-ci il üslubunda istintaq aparan Qdlyan-İvanov cütlüyü hər vasitə ilə özbəkləri və türkləri qarşı-qarşıya qoymuş, köhnə NKVD üsulları ilə bu iki qardaş xalq arasında düşmənçilik salmış, şantajlarla bir çox cinayətkarı təlimatlandırmış, təxribatların və qırğınların əsas təşkilatçıları olmuşlar. Həmin ərəfədə təxribata bəhanə tapmaq üçün Axısqa türklərinə ruslara qarşı qalxmaq və onları vilayətdən çıxarmaq kimi təxribatçı təklif də edilmiş, lakin türklər KQB-nin qurduğu məkrli oyuna getməmişlər.       

1989-cu ilin 22 iyununda SSRİ DİN qərargahının mətbuat mərkəzinin Fərqanədə bu vaxta qədər həlak olanların sayı haqqında məlumatı dərc olunur: cəmi 99 nəfər, 69 – türk, 20 – özbək, 10 başqa millətlərdən («Ferqanskaə pravda», 22.06.1989). Şahidlərin dediyinə görə, əksər yerdə, deyək ki, Taşlak rayonunda ixtişaşları və türklərə təcavüzü təşkil edənlər arasında yerli əhalidən heç kim olmayıb («Ferqanskaə pravda», 19.06.1989). Fərqanə vilayət DTK İdarəsinin rəisi N.Peskov da təsdiq edib ki, qırğınlardan əvvəl RSFSR-dən xüsusilə təhlükəli cinayətkarların gəlməsi qeyd olunub və qırğınlar planlı xarakter daşıyıb («Moə Rodina – Qruziə». Tbilisi, noəbrğ 2001, № 4, s.13). Şahidlərin söylədiyi kimi bir çox cinayətkarlar, o cümlədən Axmedcan Adilovun dəstəsi xüsusi olaraq  həbsxanadan buraxılıb.

1989-cu ilin 23 may-8 iyun müddətində davam edən qırğın və qarətlər nəticəsində elə iyun ayının ortalarına Özbəkistanın Fərqanə, Səmərqənd, Sır-Dərya, Daşkənd, Əndican, Namanqan vilayətlərindən 5.792 türk ailəsi köçür. Sonradan yüzlərlə insan qətl edilir, şikəst olur, işgəncələrə məruz qalır, qarət edilir və didərgin düşür (rəsmi məlumata görə 99 nəfər öldürülüb, 752 ev yandırılıb, mindən çox adam yaralanıb). Köç sonradan daha sürətlə davam edir. Köçgünlər əsasən Azərbaycan, Qazaxıstan,  Rusiya və Ukraynada müxtəlif bölgələrdə yerləşdirilir.

İmperiya mərkəzinin bu işdə birbaşa iştirakını həmin dövrdə hadisələrə Moskvanın münasibəti də sübut edir. Fərqanə faciəsinin baş verdiyi 17 gün ərzində (23 may-8 iyun 1989) sovet hökuməti türkləri xilas etmək üçün dövlət səviyyəsində heç bir ciddi tədbir görmədi, nə fövqəladə vəziyyət, nə xüsusi rejim tətbiq olundu. Həmin günlərdə SSRİ xalq deputatları qurultayı sakit tərzdə öz iclaslarını keçirir, «demokra­ti­ya», «perestroyka» oyunu oynanırdı. Özbəkistanın rəhbəri olmuş ermə­ni­pərəst Rafik Nişanov qurultay tribunasından Fərqanədə heç nə olmadığı, istehza ilə «bazarda bir vedrə çiyələk üstə dava düşdüyünü» deyirdi. 

Hüquq müdafiəçisi Svetlana Çervonnayanın Avropa Milli Azlıqlar Federal İttifaqının nümayəndə heyətində Gürcüstan və Rusiyaya səfərindən sonra hazırladığı hesabatda yazdığı kimi, «demokratlar» da susurdu və müəllifin dediyi kimi, «demokratlar seçimlə yalnız onları müdafiə edirlər ki, kim bilavasitə və ya bilvasitə bu müdafiənin xərcini ödəyir, necə ki, güclü erməni ticarət-maliyyə lobbisi Dağlıq Qarabağ və Sumqayıt ətrafında şişirdilən təbliğat kampaniyasını ödəyir».

Sovet hökuməti gözləyərək, faciə baş verdikdən sonra formal qərarlar qəbul edir. 1989-cu il 20 iyunda SSRİ Ali Soveti Rəyasət heyəti «Türk-mesxet əhalisinin problemləri üzrə deputat Komissiyasının yaradılması haqqında» qərar çıxarır. Qərarda Fərqanə hadisələrindən sonra yaranmış çətin vəziyyət qeyd olunur. Həmin ilin 14 noyabrında SSRİ Ali Soveti «Zorakılıqla köçürülməyə məruz qalmış xalqlara qarşı repressiv aktların qanunsuz və cinayətkar hesab edilməsi və onların hüquqlarının təminatı haqqında» deklarasiya, 7 mart 1991-ci ildə isə bu cinayətkar zorakı sürgünlər barədə bütün keçmiş qanunvericilik aktlarının ləğvi haqqında qərar qəbul edir. Lakin bu kimi qərar və fərmanların konkret nəticəsi demək olar ki, olmur. Həmin qanunlar ziddiyyətli, bəhanələrə imkan yaradan şərtlərlə dolu olduğundan reallıqda heç nəyi dəyişmir. Ümumiyyətlə, sovet dövründə qəbul edilmiş müvafiq sənədlərin heç biri Axısqa türklərinin probleminin həllinə şərait yaratmır. Bu problemin qalmasında maraqlı olan imperiya dövründə türklərə aid bir çox qərar və qanunlar məqsədli olaraq məxfi verilir, əslində xalqdan gizlədilir və kağız üzərində qalırdı. Əvvəllər Gürcüstan SSR Axısqa, Adıgün, Aspindza, Axılkələk və Boqdanovka rayonlarında yaşamış türklərə – SSRİ vətəndaşlarına ümumi əsaslarla ölkədə məskunlaşmaq və hərəkət etmək hüququ verməsi haqqında SSRİ İctimai Asayişin Qorunması Nazirinin 12 iyun 1968-ci il əmri, SSRİ Ali Soveti Rəyasət Heyətinin «Yaşayış yerinin seçilməsində əvvəllər ayrı-ayrı kateqoriya vətəndaşlar üçün nəzərdə tutulmuş məhdudyyətlərin götürülməsi haqqında» 3 noyabr 1972-ci il 3521-VIII saylı Fərmanı belə mənasız sənədlərdən oldu. Uzun illər heç bir real səmərəsi olmamış bu kimi gizli sənədlər yalnız son dövrlərdə nəşr olunmuşdur (bax: N.F.Buqay. Turki iz Mesxetii: dolqiy putğ k reabilitaüii. M., 1994, s.96-101).

Gürcüstan hökuməti də belə qərarların icrasına hər vəchlə mane olmuş, bu məqsədlə hər cür bəhanələrə əl atılmışdır. Gürcüstan SSR Nazirlər Sovetinin SSRİ Ali Sovetinə «Türk-mesxetlərin köçürülməsi məsələsinə dair» 15 sentyabr 1989-cu il tarixli məktubunda hər cür iqtisadi, sosial, psixoloji amillərlə yanaşı, hətta geoloji əngəllərdən – zəlzələ, sürüşmə, sel, uçqun, qar, boran, Qafqaz dağlarının geoloji cəhətdən gənc olması, dağların formalaşması prosesinin davam etdiyindən danışılır və bütün bunların axısqalıların qayıtmasına mane olduğu kimi əcaib dəlillər gətirilir (bax: N.F.Buqay. Turki iz Mesxetii: dolqiy putğ k reabilitaüii. M., 1994, s.117-120).

Lakin min illərin müdrikliyini daşıyan Axısqa türkləri Fərqanə hadisələrində çəkdikləri sonsuz iztirablara baxmayaraq, Gürcüstanın gələcək taleyi üçün bu həlledici məqamda böyük ləyaqət və mərdlik göstərdilər, Gürcüstanın çətin vəziyyətindən istifadə etmədilər, imperiyanın onların doğma vətənlərinə qarşı oyunlarına qoşulmadılar. Bunu vicdanlı gürcü ziyalıları belə qiymətləndirir: «Gürcüstanı qürur və azadlıqsevərliyinə görə cəzalandırmaq vaxtı gələndə xüsusi xidmətlərin Gürcüstana qarşı gizli müharibəsinin əsasında duran, ustalıqla hazırlanmış bir sıra senarilər işə salındı. Bu müharibənin aktlarından biri –  qurbanları 1944-cü ildə bura deportasiya olunmuş mesxetlər olan 1989-cu ilin Fərqanə qırğını oldu. Bu, müəlliflərin fikrincə, dəqiq hesab idi: artıq Suxumi və Sxinvalidə hadisələr yetişirdi, Özbəkistandan qovulmuş mesxetlər isə Gürcüstana qayıtmaq istəyirdilər… Fərqanədəki qanlı aksiyanı hazırlayarkən xüsusi xidmətlər geniş ideoloji vasitələrdən və kriminal strukturlardan istifadə etdilər… Lakin mesxetlər müdriklik göstərdilər, həmin vaxt onlar kütləvi şəkildə Gürcüstana hərəkət etmədilər. Bir tərəfdən, onlar gürcü hakimiyyətinin qərarını tələb edir və səbrlə gözləyirdilər (anadangəlmə qanunatabeçilik), digər tərəfdən – hiss edirdilər ki, bu, vətənə qayıtmaq üçün elə də uyğun vaxt deyil. Kim bilir, onlar o vaxt öz nostalji hisslərini  cilovlaya bilməsəydilər, indi Gürcüstan müstəqil olardımı? Əlbəttə, bizim siyasətçilər bu haqda danışmırlar. Bəs xatırlayırlarmı? Sonra mesxeti kartından Gürcüstana qarşı daha bir istifadə cəhdi oldu, hər yerdən qovulan deportasiya olunmuş mesxetilərin inciklik və çıxılmazlığından abxaz müharibəsində istifadə etmək istədilər. Bundan ötrü bir vaxt dağlı xalqlarının konfederasiyası işə qatıldı. Ancaq mesxetilər məhv olarlar, nəinki kiminsə tərəfində əldə silah Ana-Gürcüstana qarşı çıxarlar. Hər şeylərini itirmiş, ancaq Gürcüstanı sonsuz sevən mesxetlər onu hər cür qoruyurdular, kənardan da olsa. Buna görə də çoxları təəccüblənir, - başqalarının buradan köçdüyü bir vaxtda mesxetilər nədən Gürcüstana can atırlar?.. Bəzi gənc mesxetilərsə başqa ölkələrdən gələrək və de-yure Gürcüstan vətəndaşı olmadan gürcü ordusu sıralarında öz vətənlərinin ərazi bütövlüyü uğrunda vuruşdular (müxtəlif yerlərdən gələrək Gürcüstan vətəndaşı olmadan könüllü olaraq Gürcüstan ordusunun Kutais qarnizonunda 2 il nümunəvi xidmət etmiş 25 türk gəncinin şücaətini ölkə prezidenti E.Şevardnadze də öz çıxışlarında qeyd etmişdir – A.H.)… Mesxetilər Gürcüstanın zərərinə heç vaxt heç nə etməyiblər və etməyəcəklər. Bizim siyasətçilər bunu yadda saxlayırlarmı?» (Mesxofobiə – boleznğ nravstvennosti// «Moə rodina – Qruziə», Tbilisi, noəbrğ, 2001, №4, s.13).

Bu suala cavab olaraq bildirməliyik ki, təəssüf, yadda saxlamırlar. Hətta Fərqanədən sonra da Axısqa türkləri siyasi oyunların qurbanları olaraq qaldılar.

Milli dirçəlişi yanlış başa düşən və öz xalqlarının qonşular arasında gələcək yaşayış perspektivlərini aydın qavramayan erməni və gürcü şovinist dairələrinin təzyiqi nəticəsində Özbəkistan faciəsindən sonra da türklərin vətənə qayıtmasına imkan verilmədi. Şahidlərin təsdiqlədiyi kimi, Qdlyan-İvanov cütlüyünün əsas təşkilatçısı olduğu  Fərqanə hadisələrindən sonra türklərin öz vətənlərinə köçürülməsinə qarşı ermənilərin mətbuatda əks təbliğatı fəallaşdı, şantaj və fitnələr artdı.

1989-1990-cı illərdə əvvəllər Gürcüstana köçmüş tək-tük türk ailəsi də yenidən öz yurdlarından çıxarıldı… Fərqanə hadisələrindən sonra gürcü hakimiyyət nümayəndələrinin və «qeyri-formallar»ın qaçqınların Gürcüstanda yerləşdirilməsinə həsr olunmuş «dəyirmi masa»sı keçirilir. Lakin elə bu dövrdə şovinist-millətçi hərəkatın rəhbəri Zviad Qamsaxur­diya tərəfdarlarının Axısqa türklərinə qarşı çılğın anti təbliğatı və real fəaliyyəti – qarətlər, işgəncələr, təhqirlər, qətllər, deportasiya başlayır. Mətbuatda və ictimaiyyətdə heç bir insani normalara sığmayan antitürk fikirlər səslənir (G.Şaradze, A.Bakradze, Z.Başaruli, A.Mekvabişvili), Ş.Lomsadzenin «Mesxlərin tarixinə dair oçerklər» kitabı kütləvi yandırılır, axısqalıların tərəfdarları olan gürcü ziyalıları təqib olunur.

«Literaturili Sakartvelo», «Soplis sxovreba», «Kommunisti», «Axalqazrda kommunisti», «Molodyoj Qruzii», «Sosialisturi Rustavi», «Narodnoe obrazovanie», «Ciqnis samğaro», «Svobodnaya Qruziya» kimi qəzetlərin anti-azərbaycan və anti-türk təbliğatı şiddətlənir. Prezident Z.K.Qamsaxurdiyanın 16 iyul 1991-ci il tarixli «Gürcüstan Respublikasında köçmə proseslərinin tənzimlənməsi haqqında» fərmanı milli azlıqların, ilk növbədə azərbaycanlıların və Gürcüstanda olan çox az saylı Axısqa türkünün köçürülməsinə heç bir qanuna sığmayan «hüquqi» baza yaradır, türk yer adları kütləvi şəkildə gürcüləşdirilir, axısqalıların tək-tük məskənlərinə basqınlar başlanır.

Axısqalıların vətənə dönməsinin zəruriyliyini, onların tarixi haqlarını anlayan gürcü ziyalılarına qarşı bu dövrdə kəskin basqılar baş verir. 1990-cı ilin fevralında Gürcüstan Elmlər Akademiyasının Rəyasət Heyətində Tiflis ictimaiyyəti ilə axısqalıların görüşü   Zviad Qamsaxurdiya, onun əlaltısı Avtandil Ruxiladze («Medole» ləqəbli), Roin Taktakidze olmaqla cinayətkarlardan ibarət qaragüruh tərəfindən dağıdılır. Etiraz edənlər, o cümlədən Axısqalıların Hüquqlarını Müdafiə Liqasının sədri Zurab Mamaladze təhqir olunur və bir-neçə gün sonra evi tarmar edilir. Tanınmış alim və ictimai xadim G.Ananiaşvili axısqalılara qarşı oxlokratiyanın (qaragüruh) törətdiyi psixoz və özbaşınalığın məhz xüsusi xidmətlərdən qaynaqlandığını düşünür (M.Barataşvili, s.20-21). Zviad Qamsaxurdiya qaragüruhu Gürcüstanda bir-neçə ildir yaşayan və Fərqanədən sonra gələn türkləri, eləcə də Başkeçid və Bolnisdən azərbaycanlıların müəyyən hissəsini vəhşicəsinə çıxardır, evlər qarət olunur, yurdlar boş qalır və ya erməni və gürcülər tərəfindən tutulur. Tək Axalşen kəndindən 62 ailə, 329 adam çıxarılır, əksəriyyəti qohum-əqrəba olan bu binəsiblər Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Ukraynaya, Özbəkistana, Rusiyanın Vladimir, Krasnodar və digər vilayətlərinə, Kabarda-Balkara səpələnirlər (M.Barataşvili, s.18-36; «Molodejğ Qruzii», 17 avqusta 1990 q.). M.Barataşvilinin məlumatına görə, 1992-ci ilin 1 yanvarına Gürcüstanın yalnız 4 kəndində, Nasakirali və Naruci (Ozurget, köhnə Maxaradze rayonu), Kopitnari (Samtred rayonu), Sxramuxa (Xaşur rayonu) kəndlərində cəmi 60 axısqalı qalır. Türklərin yaratdığı kompakt məskənlər ləğv edilir!

Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra vəziyyətin qismən mülayimləşməsini görən az saylı Axısqa türkü yenidən vətənə qayıtmağa cəhd edir. Utqusuban, Dersel, Səirmə kəndlərindən olan cəmi 6 ailənin orada yaşayan gürcü və acarların razılığı ilə məskunlaşmasına Gürcüstanın baş naziri O.Pasasiya 7 sentyabr 1995-ci ildə 641 saylı sərəncamla rəsmi razılıq  verir. Bu sərəncamı almış həmin ailələr Şimali Qafqazdakı evlərini, əşyalarını satıb vətənə gəlirlər, lakin bütün cəhdlərə, müzakirələrə, ziyalıların dəstəyinə, qonşuların razılığına baxmayaraq yerli orqanlar onların yurdlarında yerləşməsinə imkan vermir, evsiz-eşiksiz qalmış türklər geri dönməli olur.

 

                                         ***   

Axısqa-Axılkələkdə yerli orqanlarda xeyli sayda erməninin olması da bu məsələdə əsas amillərdən biri olur.

Ümumiyyətlə, axısqalıların taleyində bütün dövrlərdə erməni fitnələri xüsusilə faciəli rol oynayıb. Yüz illərlə xilaskarları və himayədarları olmuş türklərə qarşı avropalıları heyrətləndirən erməni nankorluğu bu xalqın tarixi xislətidir və XIX-XX əsrlərdə həm də yeni himayədarları olan ruslara və onlara yer vermiş gürcülərə qarşı da yönəlmişdir. Bu dövrlərdə erməniləri qanadı altına almış rusların bir çox vicdanlı ziyalıları da erməni riyakarlığı və nankorluğundan heyrətlənmişlər. Yalnız 1828-1830-cu illərdə Cənubi Qafqazda «qırx mindən artıq İran və səksən dörd mindən artıq Türkiyə erməniləri gətirilərək Gəncə və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirilmiş, bu ermənilər Gəncə quberniyasının dağlıq hissəsi və Göycə gölü sahillərində müsəlmanların şəxsi torpaqlarında məskunlaşdırılmışdır. Eləcə də,  yalan şəhadətlə torpaqsız gəlmə ermənilər nəhəng dövlət torpaqlarını tutmuşlar» yazan N.İ.Şavrovu, V.Veliçkonu, İ.Çavçavadzeni, hətta ilk dövrlərdən A.S.Puşkini, A.S.Qriboyedovu  (A.Qriboyedovun ölümünə erməni şərəfsizliyinin səbəb olmasını S.N.Beqiçev, İ.O.Simonin, N.N.Muravyov kimi rus şahidlər özləri təsdiqləyir; Dve versii odnoy traqedii // Za stenoy Kavkaza. M, 1989, s.468-479) təəccübləndirən erməni saxtakarlığı daim türk mədəniyyətinə, abidələrimizə, məzarlarımıza, musiqimizə, folklorumuza da tətbiq olunub.

Türk torpaqlarına yerikləyən erməni xislətinə xas sərsəmlik bəzən o həddə çatır ki, hətta türk qəhrəmanı, böyük türk-islam xanədanının banisi, uzaq Türküstandan yürüşə başlamış fateh Teymur da erməni (?!) elan edilir (M.Poqosov. Teymurləng (Cavanşir ermənilərinin söhbəti əsasında) // SMOMPK, 1889, 7-ci buraxılış, s.64-68).

Ermənilərin hər vəchlə yiyələnməyə çalışdığı Van-Urartu yazılarının da ermənilərə heç bir aidiyyatı olmadığı barədə elmi dəlillər çoxdan mövcuddur (bax: A.K.Qleye. Van (Urartu) məsələsinin həlli təcrübəsindən // SMOMPK, 1907, 37-ci buraxılış, s.18-48). Hətta müasir bəstəkarlarımızın klassik əsərlərinin ermənilər tərəfindən «özününküləşdirilməsi» də bu ənənənin davamıdır.

Ermənilər onlar üçün fövqəladə xidmətlər göstərmiş rusları, V.L. Veliçkonun yazdığı kimi, bir qədər sonra, ayaqları yenicə yer alan kimi, hələ XIX əsrin ortalarında Tərtərdə susuz qoymuşlar, vəhşiliklər törədib xəstəliyə yoluxdurmuş, məhv etmiş, qovmuşlar. Ermənilərə xidmət etmiş A.S.Qriboyedov, G.Mayevski, N.İ.Şavrov və bir çox başqaları onların riyakarlığından heyrətlənmişdir. Hazırda Ermənistan Respublikasından azərbaycanlılarla bərabər, ruslar, ukraynalılar, digər millətlərin nümayəndələri də çıxarılmışdır.

Lakin erməni intriqalarının və terrorunun əsas hədəfi türklər və ümumən müsəlmanlar, o cümlədən Axısqa türkləri olmuşdur. Hələ 1886-cı ildə Cenevrədə yaradılmış «Qnçak» erməni terror təşkilatının proqramında «türkləri və kürdləri hər bir şəraitdə öldürmək» vəzifə kimi qoyulmuş, bu təşkilat yalnız 1890-1892-ci illərdə 65.000 silahsız türk və kürdü qətlə yetirmişdir; 1890-cı ildə Tiflisdə yaradılmış «Daşnaksütyun»un əsas şüarı «istənilən kənar şəraitdən asılı olmayaraq türklərin güllələnməsi və məhv edilməsi» olmuşdur. Bu və digər erməni terror təşkilatlarının insanlığa və ağla sığmayan vəhşilikləri yüz minlərlə insanın qətlinə, şikəstliyinə, didərginliyinə, əzablara, dəhşətli faciələrə səbəb olmuşdur (bu haqda bax: Prestupleniə armənskix terroristiçeskix i banditskix formirovaniy protiv çeloveçestva (XIX-XXI vv.). Kratkaə xronoloqiçeskaə gnüiklopediə. Avtor idei i nauçnıy rukovoditelğ Rovşan Mustafaev. B., 2002). Axısqa-Axılkələkdə erməni terrorçuları və quldur dəstələri bu torpaqlara gəldikləri günlərdən qanlı qırğınlar törətmiş, türkləri və gürcüləri, kürdləri – dinc insanları, uşaqları, qadınları, qocaları, silahsız sadə əməkçiləri namərdcəsinə qətl etmişlər.

Yuxarıda qeyd etdiyimiz ensiklopediyadan yalnız bəzi faktları sadalayaq: 5 yanvar 1918. Axılkələk. Erməni bandaları Açaraça, Danqal, Mulanis, Murçaxet, Radızka, Gavur, Gümriz kəndlərinə hücum etmişlər. Həmin kəndlərin sakinləri vəhşicəsnə öldürülmüşdür (s.60); 21 may 1918. Axılkələk. Rus hərbi həkimi Xoroşenkonun məlumatına görə, Axılkələkdə və ətraf kəndlərdə erməni terror təşkilatı «Daşnaksütyun»un peşəkar qatilləri bir-neçə yüz azərbaycanlını qətlə yetirmişlər (s.88); may 1918. Axısqa. Erməni bandaları tərəfindən erməni terror təşkilatı «Daşnaksütyun»un proqramına görə «əzəli erməni» torpağı sayılan Axısqa tutulmuşdur. Vəhşicəsinə öldürülən dinc əhali əsasən gürcülərdir. Və bir qayda olaraq, erməni qətlinin qurbanları – qadınlar, qocalar, uşaqlardır (s.89); 31 avqust 1918. Xəlil paşanın erməni terroruna son qoyacağı barədə bəyanatından qorxuya düşən qondarma erməni hökuməti rəsmi üzr istəyir, rəqəmləri xeyli azaltsa da, rəsmən etiraf edir ki, 1918-ci ildə erməni terror təşkilatları və quldur birləşmələri 400.000 azərbaycanlı, 120.000 gürcü, 22.000 ləzgi, 15.000 kürd qətlə yetirmişlər (s.93-94); 1919-cu ilin baharı. Paris. «Daşnaksütyun»un liderlərindən Ov.Kaçaznuni proqram xarakterli çıxış edərək, erməni respublikası və milli nümayəndə heyətinin sülh konfransına verdiyi Böyük Ermənistan haqqında sərsəm Memorandum barədə, bu Memoranduma görə erməni dövlətinə daxil olacaq Türkiyə, Azərbaycan, Gürcüstan əraziləri haqqında danışır, bu plana Axısqa-Axılkələk və Borçalı da daxil edilir      ( s.121-127); 1920. Tiflis. Quldur Dronun dəstələri Tiflisə hücum edərək şəhər ətrafında dinc kəndliləri qırır (s.144); fevral-mart 1921. Daşnak S.Vrasyanın başçılıq etdiyi quldur dəstələri dinc azərbaycanlıları kütləvi şəkildə qırır, 1926-cı ildə xaricə qaçan və ABŞ Dövlət departamentinin Yaxın Şərq üzrə gizli müşaviri olan Simon Vrasyan daşnak həmkarı, SSRİ-nin böyüklərindən olan A.Mikoyana erməni agenturası vasitəsilə Axısqa türklərinin, Krım tatarlarının, çeçen və inquşların, azərbaycanlıların sürülməsi barədə təlimatlar verir (s.147); aprel-iyun 1945. Moskva. «Daşnaksütyun» və erməni kilsəsi Türkiyə, Azərbaycan  torpaqlarını tutmaq üçün Stalinlə danışıqlar aparır; Axısqa türkləri sürüldükdən 3 il sonra, 23 dekabr 1947-ci ildə və 10 mart 1948-ci ildə SSRİ Nazrlər Sovetinin azərbaycanlıların Ermənistan SSR-dən köçürülməsi haqqında qərarları çıxır və həyata keçirilir (s.154-164).

Aşağıdakı hadisələr də erməni terrorunun yeni nümunələridir: 27-29 fevral 1988. Sumqayıt. Erməni agenturası şəhərdə qanlı təxribat törədərək, azərbaycanlıların yeni deportasiyası üçün bəhanə yaratmağa çalışır; 1988-1993. Azərbaycan. Erməni terrorçuları Ermənistanın rəsmi orqanları və silahlı qüvvələri ilə birlikdə Qərbi Azərbaycandan və Qarabağdan azərbaycanlıları tamamilə çıxarır, on minlərlə insanı öldürür, şikəst edir, girov götürür, əmlakını mənimsəyir, abidələri məhv edirlər; 1989-1990. Axısqa türklərinə qarşı Özbəkistanda Qdlyanın başçılığıyla ermənilərin  təşkilatçısı və iştirakçısı olduğu qətllər baş verir; 25-26 fevral 1992. Xocalı. Ermənilərin 366-cı rus alayının köməyi ilə törətdiyi soyqırım zamanı 1989-cu il Fərqanə faciəsindən sonra bura yerləşmiş Axısqa türklərinin onlarla övladı da azərbaycanlı qardaşları ilə bərabər şəhid olur, bir çox insanlar yaralanır, girov götürülür; Xocalıda Axısqa bölgəsinin Xeveşen, Kikinet, Orpola, Bennara, Saxan, Cağısman, Kılde, Unsal, Zazola, Nakurdev, Xarcam, Xero, Tatanis, Bolanzan kəndlərindən 300-dən çox türk yerləşmişdi. Axısqalılar da yerli əhali ilə birlikdə Xocalını qoruyub. Axısqa türkü, Orpolalı Sərvər Məmmədov öz kiçik dəstəsi ilə Xocalı uğrunda ermənilərə qarşı şücaətlə vuruşub. Ermənilər Sərfiqaz Əhməd qızını evləri qarışıq yandırıb, Kıldeli Zeynallı kişinin qollarını bağlayıb güllələyib, Xarcamlı Allahverdi, Bolanlı Həmid kişi öldürülüb, Xeveşenli Alişer və Cabbar Gülalı oğulları Binəliyevlər, Xeveşenli Əhməd Məmməd oğlu İlyasov, Bennaralı Alı Rəis oğlu Bədişev, Xarcamlı Osman Həmid oğlu Həmdiyev, Xarcamlı Qədim Fəzli oğlu Fəzliyev əsir götürülüb, onlardan indiyədək xəbər yoxdur, bir çox Axısqa türkü yaralanıb, girovluqda qalıb sonradan dəyişdirilərək azad olub. 1944-cü il sürgününü, Fərqanə faciəsini yaşamış bu insanlar üçüncü dəfə erməni-rus zülmünün qurbanları oldu; sentyabr 1996. Axılkələk.  Cavaxetdə «Daşnaksütyun» əlaltıları olan «Fədailər» və «Cavax» təşkilatları üzvləri Axılkələk meri Sergey Darbinyanı demokratikliyinə görə vəhşicəsinə döyür, bu bölgənin Gürcüstandan təcridlənməsi və qoparılması uğrunda separatçı-terrorçu hərəkat güclənir; noyabr 1998. Tbilisi.   Köçəryan Gürcüstanın daxili işlərinə kobudcasına qarışaraq türklərin vətənlərinə qayıtmasına etiraz edir və qonşu ölkəni konflikt ilə hədələyir; 5 sentyabr 2004. Axısqa. Samsxe – Cavaxet administra­si­ya­sı­nın binasında Gürcüstan prezidentinin bölgə üzrə səlahiyyətli dövlət nümayəndəsi Gelya Kvarsxelianiyə sui-qəsd məqsədilə, gürcü mətbuatının («Alia» və digər qəzetlər) yazdığı kimi, erməni terrorçuları tərəfindən partlayış törədilir; 2000-2005. Axılkələk. Ermənilər Gürcüstan üçün təhlükə törədən Rusiya hərbi hissəsinin rayondan çıxarılmasına imkan vermir, Gürcüstan dövlətinin bura təsiri formal xarakterlidir. 

Bu kimi faktlar yüzlərlədir, onlar haqqında yazılıb, rəsmi kürsülərdən danışılıb, ancaq yırtıcı erməni terrorizmi, bədnam erməni təbliğatı və ma­fioz erməni lobbisi yenə də bütün bəşər üçün təhlükə və o cümlədən Axıs­qa türklərinin vətənə qayıdışı yolunda əngəllərdən biri olaraq qalmaqdadır.

Ermənilərn türklərə qarşı insanlıqdan uzaq çılğın düşmənçiliyi, məntiqsiz qara-qışqırığı, hədyan və həyasızlığı Avropa Milli Azlıqlar Federal İttifaqı nümayəndələrini 10 noyabr 1998-ci ildə Tiflisdə Erməni Dövlət teatrında erməni ictimaiyyəti ilə görüşdə dəhşətə salmışdır. Axısqa türklərinin vəziyyətini öyrənmək üçün Tiflisdə olan S.Çervonnaya bu görüşü hesabatında təsvir edib. «Ümumiyyətlə türklərə, bütövlükdə türklüyə qarşı fanatik dözümsüzlüklə fərqlənən, gürcü dövlətini erməni ərazi iddialarının irəli sürülməsi mümkünlüyü ilə daim şantaj edən Gürcüstandakı təşkilatlanmış erməni diasporunun mövqeyi də öz əlavə təxribatçı rolunu oynayıb» deyə erməni diasporu və rəsmi Yerevanın mövqeyini səciyyələndirən məşhur hüquq müdafiəçisi Svetlana Çervonnaya 1998-ci il 8-13 noyabrda Avropa Milli Azlıqlar Federal İttifaqının nümayəndə heyətinin tərkibində Rusiya və Gürcüstana səfəri zamanı Tiflisdə ermənilərlə görüşünü vahiməli yuxu kimi  hiddətlə xatırlayır.

Qəzəbli türkofobiya ilə alışıb-yanan ermənilərin türklərə absurd ittihamları, tərbiyəsiz təhqirləri, söyüşləri, uydurmaları, xəbisliyi və riyakarlığı bütün dünyanı gəzib belə şey görməmiş avropalı hüquq müdafiəçilərini şaşırtmışdır. Svetlana Çervonnaya yazır ki, türkləri olmazın «günahlarda» suçlayan ermənilər hətta «70 min Axısqa türkünün Azərbaycanda yaşamasını» belə söyləmişlər və müəllif heyrətlənir: «Sanki Azərbaycanda  yaşamaq özü şəksiz günah»dır! Erməni «intelligensiyası» ilə ermənilərin Tiflisdə necə qayğı ilə əhatə olunmasını («öz teatrları, qəzetləri, Pedaqoji universitetdə erməni dili kafedrası, radio və televiziyada ermənicə verilişlər, erməni artist və yazıçılarına fəxri adlar və mükafatlar və s. və i.») nümayiş etdirməli olan bu görüş əslində yalnız türklərə qarşı biabırçı nifrət yığıncağına çevrildi. S.Çervonnaya yazır ki, «ermənilərdən bir adam da tapılmadı ki, antitürk isterikasına qarşı vicdan səsini qaldırsın, nümayəndə heyətinin  üzvü AMA Federal İttifaqının vitse-prezidenti H.Hansenin sualına cavab versin: «Niyə bir (erməni) milli azlıq Gürcüstanda bütün hüquqlara malikdir, eyni zamanda digər azlıq (türk-mesxetlər) bütün bu hüquqlardan məhrumdur?». S.Çervonnaya vahiməylə soruşur ki, «güya intelligent adlanan bu çevrədən kənarda və avropalı qonaqlara qarşı heç olmasa zahiri hörmətlə məhdudlaşmayan erməni auditoriyalarında aqressiv türkofobiya hansı formalar alır, erməni səlahiyyətliləri türklərə necə yanaşır!» Avropalı (Rusiyalı) mütəxəssis yazır ki, son vaxtlar gürcü müstəqilliyinə yeni imperiya, rus təcavüzü təhlükəsi qarşısında həmişə düşmən «beşinci kolon» imkanını saxlayan erməni diasporu həm Moskvanın gizli dəstəyindən, həm də türk-mesxetlərin qayıtması məsələsində Gürcüstana utanmaz siyasi təzyiq göstərən Ermənistan rəhbərliyinin himayəsindən istifadə edir. S.Çervonnaya Ermənistan prezidenti Köçəryanın E.Şevardnadze ilə söhbətdə qonşu ölkənin daxili işlərinə qarışaraq türklərin qayıtması ilə bağlı əslində Gürcüstanı təhdid etdiyini və gürcü prezidentinin bu məsələnin mərhələlərlə keçiriləcəyini bildirdiyindən və Köçəryanı Cavaxetə dəvət etdikdən sonra sakitləşdiyini xatırladır (bax: Fact-Finding-Mission of FUEN-delegation to Georgia. November, 1998. – Flensburg, 1998; Novosti FSNE. – Flensburq, 1998, №65; Svetlana Çervonnaə. Problema repatriaüii turok-mesxetinüev. K otçetu deleqaüii FSNE o poezdke v Qruziö i Rossiö 8-13 noəbrə 1998 q., Razdel «Poziüiə armənskoy diasporı i ofiüialğnoqo Erevana»; M.Voronin. Koçerən posetil Tbilisi. Prezidentı Armenii i Qruzii osoboe vnimanie udelili probleme Djavaxeti // Nezavisimaə qazeta, 25 noəbrə 1998 q.).

Gürcüstanın dövlət rəhbərləri erməni faktorunu eitraf edirlər.

Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin sədri rəsmi olaraq elan edir ki, əvvəl türklər yaşayan yerləri tutmuş ermənilər «türklərin qayıtmasının mümkünlüyünü qəti rədd edirlər» ( «Novoe vremə», №7, 1989, s.27)! Gürcüstan Prezidentinin Millətlərarası münasibət məsələləri üzrə müşaviri Aleksey Gerasimov da Axısqa türklərinin vətənə qayıdışını əngəlləyən əsas bir səbəb kimi həmin ərazilərin «erməni millətindən olan vətəndaşlar» tərəfindən tutulmasını göstərir. (Bölletenğ  «Ubejihe»  Assoüiaüii  OON i  UVKB  OON.  2001, № 3-4). 

 

***

Lakin erməni təxribatı ilə bərabər, Gürcüstanın rəsmi orqanlarının qətiyyətsizliyi, real addımlar atmaq üçün yetərli siyasi iradənin və istəyin olmaması, məsələnin süni şəkildə uzadılması əsas səbəb hesab olunmalıdır.

İndiyədək axısqalıların Gürcüstana qayıtmasına bir sıra siyasi, hüquqi və ictimai-psixoloji amillər mane olmuşdur. 70-80-ci illərdən başlayaraq, müxtəlif şərtlər, xüsusən onların gürcülüyü qəbul etməsi, iqtisadi vəziyyətin ağırlığı, güya Axısqada boş yerlərin qalmaması və axısqalıların kompakt deyil, ölkənin müxtəlif ərazilərində yerləşdirilməsi mümkünlüyü kimi tamamilə əsassız dəlillər gətirilirdi. Düzdür, 1992-ci ildən sonra çox az sayda Axısqa türkü Gürcüstana qayıda bilmişdir, lakin onlar da çox az bir miqdarda Axısqa rayonunda, 2 nəfər Muqaretdə), qalanları isə öz tarixi yurdlarından kənarda Samtred, Ozurget, Xaşur, Kobulet, Xelvaçaur rayonlarında yerləşdirilmişlər.

 Axısqalılara vətəndaşlıq verilməsinə də həm hüquqi və maliyyə, həm də bürokratik əngəllər qalmaqdadır. Gürcüstan hökuməti Axısqa türklərinin məsələsinin həlli üçün formal olaraq bir sıra tədbirlər görmüş və görməkdədir. Hələ 1992-ci ilin martında E.Şevardnadzenin sərəncamı ilə «1944-cü ildə Cənubi Gürcüstandan deportasiya olunmuş əhalinin problemləri üzrə komissiya» yaradılmış, komissiyanın rəhbəri Q.Mamulia Rusiya Federasiyası Krasnodar diyarının rəhbərliyi ilə danışıqlar aparmış və müştərək «1944-cü ildə Gürcüstan SSR Mesxetiya və Cavaxetiyadan deportasiya olunmuş əhalinin repatriasiyası haqqında konseptual plan» hazırlanmış, lakin bu plan kağız üzərində qalmışdır. 1993-cü il 18 mayda Gürcüstan dövlət başçısının 106 saylı sərəncamı, 16 avqust 1994-cü ildə Gürcüstan və Rusiya arasında Samsxe-Cavaxetdən sürülmüş və Rusiya Federasiyasında yaşayan əhalinin Gürcüstana qaytarılması üzrə əməkdaşlıq barədə niyyət protokolu imzalanmış, Nazirlər Kabinetinin «Samsxe-Cavaxetdən deportasiya olunmuş şəxslərin repatriasiyası haqqında» 23 avqust 1994-cü il tarixli 589 saylı qərarı verilmiş, deportasiya olunmuşların və onların nəslinin hüquqlarının bərpası haqqında Gürcüstan və Rusiya arasında 1994-cü ilin dekabrında razılıq sənədi təsdiqlənmiş, 9 dekabr 1996-cı ildə Prezidentin «Gürcüstana deportasiya və repatriasiya olunmuş mesxlərin hüquqi və sosial problemlərinin həlli üzrə dövlət proqramı» haqqında 802 saylı fərmanı qəbul edilmişdir. Bu fərmanla Qaçqınlarla iş və Məskunlaşma naziri V.Vaşakidzenin sədrliyi ilə 20 nəfərdən ibarət hökumət komssiyası yaradılmış, müvafiq qanun layihəsi, repatriasiya üzrə qərar layihəsinin hazırlıq işlərinin görülməsi və «milliyyətin və soyadların» bərpası tələbi ilə 1997-2000-ci illərdə 5.000 axısqalının repatriasiyası nəzərdə tutulmuşdur.

Lakin prezidentin qərarı ilə qanun layihəsi hazırlanana qədər parlament hüquq komitəsinin hazırladığı «Gürcüstan vətəndaşlarının siyasi repressiya qurbanları sayılması və repressiya olunmuşların sosial müdafiəsi haqqında» qanun 5 oktyabr 1997-də parlament müzakirəsinə çıxarılır və 28 noyabr 1997-də 3-cü oxunuşda qəbul edilir. Ölkə Konstitusiyasının 14-cü maddəsinə və beynəlxalq hüquqa zidd olan bu qanun 25 fevral 1921 – 20 oktyabr 1990-da Gürcüstandan deportasiya olmuşlara şamil edilmir və axısqalıların repatriasiyasını mümkünsüz edir. Axısqa türkləri onların vətənə yolunu bağlayan etnosid səciyyəli bu qanuna qarşı 1997-ci ilin 2-4 dekabrında izdihamlı etiraz aksiyaları keçirir. Hökumət və parlament nümayəndələri nümayişçilərlə görüşərək növbəti dəfə vədlər verir, yeni qanun qəbul ediləcəyini söyləyirlər.

Əslində Gürcüstanda qəbul edilmiş bütün bu qərarlar müvafiq hüquqi baza və dövlət orqanlarının səmimi və qətiyyətli münasibəti olma­dı­ğın­dan heç bir real nəticə verməmişdir ( Quram Mamuliə. S pravovoy toç­ki zreniə vse gto visit v vozduxe // mesxi. Ejemesəçnıy in­for­maüionnıy bölletenğ, 1997, № 1).

Dediyimiz kimi 1997-ci ilin 12 dekabrında təsdiq edilmiş siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında qanunda məhz axısqalılara qarşı olan qeyd var: «Bu qanun 25 fevral 1921-ci ildən 20 oktyabr 1990- ilə qədər deportasiya olunmuş etnik qruplara aid şəxslərə şamil olunmur». İnsan hüquqları ilə məşğul olan bir çox təşkilatlar, o cümlədən Gürcüstanın Memorila cəmiyyəti 12 dekabr 1997-ci il qanunununGürcüstan vətəndaşlarının repressiya qurbanları kimi tanınması repressiya olunmuşların sosial müdafiəsi») sovet repressiyaları qurbanlarından bir qrupunu etnik əlamətə görə ayıran birinci maddəsinin 3- bəndini diskriminasion hesab etmişlər. Hüquqi bazanın xeyirxah münasibətin olmaması Gürcüstanda yerləşmiş Axısqa türklərini, hətta gürcü tərəfinin tələblərini qəbul edənləri dözülməz şəraitə salmış, real vətəndaş hüquqlarından məhrum etmişdir (Marat Barataşvili. Pravovoe polojenie mesxov-repatriantov  v Qruzii. Tbilisi, 1998).  Gürcüstanın 1993-  ilin 27 martında qəbul edilmiş Vətəndaşlıq haqqında qanununda da sovet dövründə ölkədən deportasiya olunmuş əhali barədə heç bir müddəa yoxdur. 1998-ci ilə qədər axısqalılar yalnız qaçqın statusu alaraq Gürcüstanda leqal yaşamaq imkanı əldə edə bilərdilər. Lakin bunun da qarşısı həmin ildə qanunvericiliklə alındı. 1998-ci ilin 12 martında qüvvəyə minmiş Qaçqınlar haqqında qanunda da xüsusi antiaxısqa qeydi verilmişdir: «Mənşəyi Gürcüstan olan şəxs qaçqın sayıla bilməz». Hətta bir çox gürcü ziyalıları, gürcü mətbuatı da belə müddəaların məhz axısqalılara qarşı qəbul edildiyini etiraf etmişdir: «Başqa ölkələrdə qaçqınlar haqqında qanun var: Litva (1995), Ukrayna (1993), Belarus (1995), Azərbaycan (1992)…  Ancaq Gürcüstandakı kimi qaçqınlar haqqında qanun dünyanın heç yerində mövcud deyil. Bu, xüsusi olaraq mesxetlərə qarşı edilmişdir bu da mesxofobiyanın təzahürüdür» (Mesxofobiəboleznğ nravstvennosti // «Moə RodinaQruziə». Ejemesəçnaə qazeta, № 4, noəbrğ, 2001, s.14).

Əslində Gürcüstanın gələcək təhlükəsizliyində, ərazi bütövlüyünün qorunmasında, yəni Axısqa Cavaxet regionunda separatçı əhvallı ermənilərin neytrallaşdırılmasında  Axısqa türkləri probleminin həlli böyük rol oynaya bilər. Dediyimiz kimi, Ermənistan prezidenti Robert Köçəryan Gürcüstanın daxili işlərinə qarışaraq 1998-ci ilin 21 noyabrında mətbuat konfransında erməni ərazisi hesab etdiyi Cənubi Gürcüstana türklərin qaytarılmasına kəskin reaksiya vermiş bunun «labüd konfliktə gətirəcəyini» söyləmişdir. Gürcüstanın demokratik dəyərlərə yiyələnməsində, Avropaya inteqrasiyasında, sovet dövrünün cinayətlərindən, günahlarından üzülüşməsində, yeni azad cəmiyyət qurulmasında da bu problemin həlli böyük əhəmiyyət daşıyır. Gürcü yazıçısı, Qafqaz Evinin direktoru Naira Gelaşvilinin yazdığı kimi: «Bununla gürcü dövlətçiliyi məsələsi həll olunur. Biz quracağıq? Sivil demokratik dövlət ya biz faşizmə yuvarlanacağıq?» (Marat Barataşvili. Pravovoe polojenie mesxev-repatriantov  v Qruzii. Tbilisi, 1998, s.61).

Təbii ki, bir sıra tarixi-psixoloji stereotiplər, Gürcüstanın bir-neçə regionunda separatçılıq problemi, erməni lobbisinin təxribatları, dövlətçiliyin kifayət qədər güclü olmaması kənardan müdaxilələr təhlükəsi, ziddiyyətli siyasi meyllərin mövcudluğu bu problemin həllində çətinliklər yaradır.

Lakin bunlar məsələnin həllini yubatmamalıdır. Qədim tarixi zəngin mədəniyyəti, əsrlərdən gələn müdrikliyi humanistliyi olan gürcü xalqının vicdan səsini ifadə edən bir çox görkəmli  ziyalıların (E.Şengeliya, Q.Mamulia, D.Salaridze, N.Gelaşvili, C.Cakeli b.) mövqeyini hüquq müdafiəçisi Paata Zakariaşvilinin aşağıdakı fikirləri yaxşı açıqlayr: «Gürcüstandan onlar yalnız qayıtmaq hüququ istəyirlərOnlar bizdən kompensasiya istəmirlərbizim vicdansız siyasətçilərin bizim vicdansız (utanmaz) deputatların dediyinin bununla əhalini qorxutduğunun əksinə olaraq, onlar istəmirlər ki, həmin ərazilərdə yaşayan gürcülər oradan köçürülsünlərDövlət qorxmuş strausa bənzəməməlidirMöhürlənmiş qapılar problemi həll etməz» (Paata Zakariaşvili. Qosudarstvo ne doljno bıtğ poxoje na ispuqannoqo strausa // Obhekavkazskaə qazeta, 11-17 noəbrə, 1998, № 3, s.7).

***

Qədim böyük bir xalq hələ bütün dünyanın gözü qarşısında sürgündə, hüquqsuz, imkansız bir vəziyyətdədir. 1959-cu ilin siyahıyaalınmasında Sovet İttifaqında 35.000, 1970-ci ildə isə 79.000 türk göstərilmişdir. Ölkə əhalisi bu dövrdə cəmi 15,75 % artdığı halda (208.827 min – 241.720 min), türklərin 125,7 % artımının olması məhz onu göstərir ki, 1970-ci ildə rəsmi sənədlərdə milliyyətin türk göstərilməsinə nisbətən çox imkan verilmişdir (SSSR v üifrax v 1971 qodu. Kratkiy statistiçeskiy sbornik. M., 1972, s. 18-20). Rəsmi sovet statistikasına görə, 1989-cu ilin yanvarında SSRİ- 207,5 min türk yaşayıb: Özbəkistanda – 106,3 min, Qazaxıstanda – 49,6 min, Qırğızıstanda – 21,3 min, Azərbaycanda – 17,7 min, Rusiyada – 9,9 min, Ukrayna Gürcüstanda – 3 minə qədər. Təbii ki, bu rəqəmlərə başqa millətlər kimi qeyd olunmuş Axısqa türkləri daxil edilməyib. Eləcə Türkiyədə doğma yurda dönmək istəyən, yurd eşqiylə yaşayan minlərlə axısqalı-axılkələkli var. Diqqətəlayiqdir ki, 1989-cu ilin rəsmi siyahıya almasında göstərilmiş həmin türklərin 188,9 min nəfəri, yəni 91 % (!) ana dili kimi türk dilini göstərib. Bu rəqəm sürgünlərdə didərgin həyatı yaşayan xalqın milli dilini deməli, mənliyini qəhrəmancasına qorumasının ən böyük sübutudur!

Fərqanə hadisələrinə qədər əsasən Özbəkistanda, Qazaxstanda, Qırğızıstanda, Azərbaycanda, Kabarda-Balkarda başqa yerlərdə yaşayan Axısqa türklərinin hazırda MDB- sayı yarım milyonu haqlamaq üzrədir (Bu saya XIX əsrdə XX əsrin 20-ci illərinə qədər Türkiyəyə, Azərbaycana köçmüş əhali daxil deyil): Azərbaycanda 100 minə qədər, Qazaxıstanda 100 minə qədər, Qırğızıstanda 30 min, Özbəkistanda 10 min, Rusiyada 70 minə, Türkiyədə 30 minə, Ukraynada 10 minə qədər türk yaşayır. Gürcüstan, Belarus digər ölkələrdə axısqalıların  icmaları mövcuddur.

Son illərin müşahidələri göstərir ki, Gürcüstanın mütərəqqi ziyalıları, din xadimləri, alimləri, yaradıcı şəxsləri, rəsmiləri, sadə insanların çoxu Axısqa türkləri məsələsində obyektiv mövqe tutur, bu problemin həllinin müstəqil Gürcüstanın strateji maraqlarına uyğunluğunu, erməni separatçılığını saxlamağa imkan verəcəyini, ölkənin iqtisadiyyatına xeyir gətirəcəyini, cəmiyyəti narahat edən 65 illik bir problemi aradan götürəcəyini anlayır, xoş niyyət nümayiş etdirərək konkret nəticə əldə etməyə çalışırlar.

2007-ci il 11 iyulda Gürcüstan Prezidenti M.Saakaşvili tərəfindən “XX əsrin 40-cı illərində  Gürcüstan SSR-dən keçmiş SSRİ tərəfindən zorla köçürülmüş şəxslərin renatriasiyası haqqında” Gürcüstan Qanunu təsdiq edilmişdir.

Axıskalılar vətən qayıtması üçün  hüquqi əsas yaradan bu Qanunun icrası ilə bağlı  müəyyən işlər başlamışdır. «Vətən» cəmiyyəti xəttilə 2007-ci il 17 oktyabrda Tbilisidə xüsusi konfrans, 18 oktyabrda isə Beynəlxalq «Vətən» cəmiyyətinin Tbilisidə hesabat-seçki qurultayı keçirilmiş, Suleyman Barbakadze yenidən sədr seçilmişdir, 19-24 oktyabrda 40 nəfərlik heyət Axıska regionunda olmuşdur.    

Qeyd edək ki, Axıska türkləri problemi regionda ciddi geopolitik məzmun qazanmışdır. Güney Qafqazdakı siyasi durum bir çox cəhətdən Axıska türkləri probleminin həllindən asılıdır. Bölgədə Türkiyə-Gürcüstan-Azərbaycan münasibətlərinin normal inkişafı bu problem həll olunmadan mümkün deyil. Bu gün sayı 300 minə çatmış Ahıska türklərinin sürgündə yaşamasına, bütün insani, milli hüquqlarından məhrum edilməsinə göz yummaq mümkün deyil. Regionda barış, sülh, dialoq, tərəqqi üçün, Türkiyə, Gürcüstan, Azərbaycan  arasında normal əməkdaşlığın inkişafı üçün bu problem tezliklə həll olunmalıdır.

Problemin mühüm aspektlərindən biri də ekonomik məsələlərdir. Qeyd etdiyimiz kimi, Ahıska ərazilərində demoqrafik, iqtisadi durum son dərəcə aşağı  səviyyədədir. Zəhmətkeş insanlar olan Ahıska türklərinin doğma yurdlarına qayıtması Gürcüstanın iqtisadiyyatına müsbət təsir edər, Azərbaycan-Gürcüstan-Türkiyə iqtisadi, ticari əlaqələrinin inkişafına təkan verir. Eyni zamanda, tarix boyu gürcülərlə barış içində yaşamış, Gürcüstanın sadiq vətəndaşları olmuş və indi də vətəndaşlığı tam qəbul etməyə hazır olan Ahıska türklərinin doğma yurda qayıtması regionda demoqrafik vəziyyətə də müsbət təsir edər, yəni Gürcüstana qarşı çıxan erməni separatizmini neytrallaşdırar.

Təbii ki, 65 ildən sonra yurda dönöş mörəkkəb prosesdir və bunun geçrəkləşməsi bir sıra amillərdən asılıdır. Bu məsələdə dövlət orqanları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, ictimaiyyətin aşağıdakı məsələlərdə axısqalılara yardımına ehtiyac var: 

     1. Maliyyə məsələləri: Vətənə dönüş böyük  maliyyə  resursları tələb edir və xüsusi fond yaradıla bilər;

          2.Təşkilati məsələlər: Axısqalıların texniki, hüquqi, metodik yardıma və yerlərdəki fəalların treninqinə ciddi ehtiyac var

          3.Təhsil  məsələləri: müxtəlif  bölgələrdən  olan  uşaqlar  üçün  Yaz məktəbləri; axıskalıların toplum yaşadığı yerlərdəki məktəblərə yardım; istedadlı uşaqlara yardım, onlar üçün xüsusi projelər;

          4.Mədəniyyət  məsələləri: axıskalı  şair,  yazar və alimlərin kitablarının nəşri; etnoqrafik muzeylərin təşkili; mahnı və rəqs qruplarına yardım və s. ;

          5.Sosial-ekonomik məsələlər:   əkinçilik,  bağçılıq,  sənətkarlıq,  yerli ənənəyə uyğun istehsal və digər sahələrin yaradılması və inkişafı; doğma yurdla əlaqələrin güclənməsi və dönüşə hazırlıq üçün imkansız ailələrin Vətənə səfərlərinin təşkili; Sosial yardımlaşma Fondunun yaradılması;

          6.Təbliğat işi:   sorğu  kitablarının,  bukletlərin,  bölletenlərin  nəşri, höquqi maarifçilik işi.

Hazırda həm Gürcüstan rəsmilərinin, həm ölkə ictimaiyyətinin, həm «Vətən» cəmiyyətinin fəaliyyəti bu prosesin uğurla gedəcəyinə inam verir. Eyni zamanda, Türkiyə Cömhuriyyəti və 100 minə qədər Axıskalının yaşadığı Azərbaycan Respublikası rəhbərliyinin mövqeyi, xeyirxah və qayğıkeş münasibəti də böyük rol oynayacaq. Axıskalıların yaşadığı digər ölkələrin də belə mövqe tutacağına ümid edirik.

 

 


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol