AHISKA TÜRKLƏRİNİN XALQ SƏNƏTİ

XALQ  SƏNƏTİ

 

Dünya dolsa şərqiynən,
Türkük, türkü oxuyuruq,
Yol gedilməz qorxu ilən,
Türkük, türkü oxuyuruq.

 

 Türklərdir bizim atamız,
Yoxdur özgə bir qatımız,
Xalis türkük, qanı təmiz,
Türkük, türkü oxuyuruq.

 Aşıq Veysəl

 Axısqa yörəsi ən qədim vaxtlardan şer-sənət yurdu, ustad sənətkarların vətəni olmuşdur. Bu torpaqlarda Xəstə Hasan, Aşıq Öməriy, Aşıq Nuru, Aşıq Şenlik, Üzeyir Fəqiri, Zülali, Səfili, Əmrahi kimi böyük sənətkarlar saz çalıb söz söyləmişlər. Son illərdə ulu ustadların sənətini yeni nəsil davam etdirir. Məlik dədə, Kibar dədə, Əhməd dədə, Aşıq Ələddin, Aşıq Qafur, Aşıq Ömər, Gülcan nənə, Göyərçin nənə kimi söyləyicilərin, Mürtəz, Aslan, Fəhlül, Səkinə nənə, Cabir, Mehyar, İlyas, Zeynul, Şimşək, Şahismayıl, İlim, Musəddin təki el şairlərinin altun kəlmələri, davulçu Mərdalı, zurnaçı Mehri, zurnaçı Əmirşah, davulçu Şahbaz, zurnaçı Şəhmərdan, qavalçı Əhməd, Müdir, Nurəddin, Mikayıl, Yusif, Zülfüqar, Lətif, Osman kimi istedadlı müğənnilərin yanıqlı sədaları bütün xalqı birləşdirir və bir millət kimi yaşadır. Milli mətbuat, məktəb, ərazi birliyindən məhrum olan Axısqa elinin qəriblik həyatında folklor müstəsna rol oynayır, milli varlığı, etnik yaddaşı qoruyan ən önəmli qüvvə kimi inkişaf edir.

Axısqa türk folkloru çox zəngin və çeşidlidir. Sürgün, ayrılıq və əzablar içində bu zəngin xəzinənin necə qorunması adamı heyrətləndirir. Bunu yalnız türk ruhunun ölməzliyi və böyüklüyü kimi anlamaq olar.

Bu qədim türk ulusunun el sənəti min illərin yaddaşından gəlir. Nurani qocalar indiyədək şaman oxumalarına bənzər sirli duaları, Yunis İmrə, Qaracaoğlan, Dadaloğlu, Qurbani, Sümmani söyləmələrini unutmamışlar. Axısqa folklorunda bizim çağda, qəriblikdə yaranmış əsərlər də çoxdur. Bu çağdaş folklor nümunələri türk dünyasının ən faciəli günlərinin yadigarıdır, türk ruhunun əbədiliyinə böyük abidədir. Qəhrəman bir xalqın ağrıları, dəyanət və ümidləriylə dolu bu folklor ümumtürk mədəniyyətinin ən şanlı və mənalı səhifələrindən biridir.

Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın müxtəlif bölgələrində məskunlaşmış Axısqa türklərinin milli ruhunu, birliyini qoruyan, onları vətənə bağlayan əsas amillərdən biri xalq sənəti, forklordur. Janr etibarilə çox zəngin olan Axısqa türk folkloru bir çox cəhətdən diqqəti cəlb edir. 1944-cü il sürgünündən sonra bü soydaş­la­rı­mı­zın milli yazılı ədəbiyyatı inkişaf etdirməyə obyektiv imkanları olmadığından folklor mədəni həyatın əsas formalarından birinə çevrilmişdir. Buna görə Axısqa folkloru günümüzə qədər canlılığını qo­ruyub saxlamış və dinamik sosial-mədəni amilə çevrilmişdir. Axısqa türklərinin etnik şüurunda obyektiv tarixlə yanaşı, ideal poetik aləm, mif-folklor dünyası mühüm yer tutur. Xalq ən'ənəvi mərasim-folklor mühitini gündəlik həyatında, xəyal və düşüncəsində yaşadır və özü də bu mühit daxilində yaşayır. Axısqa folklorunda qədim motivlərlə bərabər müasir tarix, sürgün dövründəki mədəni əlaqələr, dil təmasları, yazılı ədəbiyyatın tə'sirləri də dərin iz buraxmışdır. Bütün bunlar Axısqa foklorunu tədqiqatçı üçün olduqca maraqlı bir estetik-mədəni fenomenə, Anadolu-Qafqaz-Türküstan regional əlaqələrini, türk-gürcü ilişgilərini əks etdirən zəngin mənbəyə çevirir. Lakin toplanmış material və sistemli tədqiqatlar hələlik olduqca azdır.  

Axısqa türk folkloru janr baxımından da çox əlvandır. El arasında müdrik kəlamlar, qədim dualar, incə manilər, deyimlər, ağılar, şaka-yerennüklər, türkülər, qoşmalar, nağıllar, mifik rəvayətlər, dastanlar, dəstənələr geniş yayılıb. Sanamalar, herslatmalar, tapmacalar, şaşırtmalar, nənnilər, oyunlardan ibarət çocuq folkloru da bir aləmdir. Axısqa elində qorunmuş bu folklor nümunələrinin böyük əksəriyyəti ümumtürk mədəniyyəti üçün tamamilə yeni və orijinaldır.

Əfsus ki, ümutürk və dünya mədəniyyətini belə zənginləşdirə biləcək Axısqa türk folkloru bu vaxta qədər sistemli şəkildə  öyrənilməmişdir.   

Axısqa yörəsinin tarixi, mədəniyyəti haqqında müxtəlif səpgili materiallar Türkiyə, Rusiya, Gürcüstan və Azərbaycan mənbələrində cəmləşib. Bunlar əsasən ümumi təsvir və müşahidə səciyyəsindədir. Axısqa elinin etnik mədəniyyəti haqqında dolaşıq, bə'zən qərəzli fikirlər də çoxdur. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün hərtərəfli araşdırmalar, Axısqa elinin əzəli və əbədi türk ruhunu əks etdirən obyektiv tədqiqatlar lazımdır.

İlk dəfə 1986-1990-cı və 1994-1997-ci illərdə topladığımız Ahıska türk folkloru nümunələrini və Axısqa elinin tarixi, coğrafiyası, etnoqrafik mədəniyyəti, mif və mərasimləri, tapınc və inanışları haqqında materiallar, müşahidə və araşdırmalarımızı məqalələr şəklində və ayrıca kitablarda ümumiləşdirərək dərc etdirmişdik (1).

Oxuculara təqdim etdiyimiz bu yeni kitabda intensiv şəkildə 1986-1990, 1994-1997-ci illərdə və epizodik olaraq 1998-2005-ci illərdə əsasən Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Şamaxı, Bakı və başqa yerlərdən toplanmış materiallar verilib. Kitaba bəzi mövcud nəşrlərdəki müəyyən maraqlı nümunələr də mənbəyi göstərilməklə daxil edilib (toplayıcılar haqqında mə'lumat axırda verilib).

Ekspedisiyalarımız zamanı bizə yardımını əsirgəməmiş cəfakeş türk ziyalıları Əli Səlimov, Cabir Xalidov, Faiq Azqurlu, İlim Şahzadayev, Rza Bayraqdarov, Nuriyyə Bayraqdarova, Əhməd Bayraqdarov, Təməl Aslanov və İbrahim müəllim, Güləhməd Şahin, Rüstəm, Lətif və bir çox başqalarına dərin minnətdarlığımızı bildiririk.

Axısqa elində Mürtəz dədə, Zarzimalı Aslan, Cabir Xalidov, İlim Şahzadayev, Fəhlül, Zeynul Yektay, Şimşək Sürgün Kaxaretli, Şahismayıl Adıgünlü, İlyas İdrisov, Mehyar Əhmədoğlu, Güləhməd Şahin, Məhəmməd Paşaliyev, Müsəddin kimi bir çox müasir şairlər, nasirlər vardır. Bu iste"dadlı sənətkarların yaradıcılığı ilə xüsusi məşğul olmaq, əsərlərini dərc etmək üçün uyğun təşkilatlar, nəşriyyat və redaksiyalar, Yazıçılar Birliyi müəyyən iş görməlidir.

Bir çox gənclərin tədqiqatçılıq qabiliyyəti var və bu qüvvələrdən də istifadə edilməlidir. Ahıska türklərinin qeyrətli vətənpərvərlərinin toplaşdığı "Vətən" cəmiyyətinin də dövlətimizin və ictimaiyyətimizin daha geniş qayğı və diqqətinə ehtiyacı var. Bütün bunlar qədim bir elimizin gələcək taleyi üçün əhəmiyyətli olan məsələlərdir.

İstəkli oxuculara təqdim etdiyimiz nümunələr çox zəngin sərvətin kiçik bir qatını əhatə edir. Axısqa türk folklorunun tam toplanması, tədqiqi və daha əhatəli nəşri müqəddəs borc kimi qarşımızda durur.

VATAN BİLGİSİ
 
Facebook beğen
 
Reklam
 
 
Bugün 5275 ziyaretçi (19822 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=